• şənbə, 20 Aprel, 07:13
  • Baku Bakı 14°C

Yeni ilin baha tətili - ARAŞDIRMA

30.12.21 10:30 567
Yeni ilin baha tətili - ARAŞDIRMA
Ekspertlər deyir ki, insanlar beşulduzlu standartlara uyğun yerə getmək istəyirlərsə, qış turizm mərkəzlərinə üz tuta bilərlər. Amma daha az büdcə ilə istirahət etmək üçün də alternativ variantlar tapa bilərlər.
Yeni il tətili yavaş-yavaş yaxınlaşır. Tətili bir çox insanlar evdə keçirir, bəziləri isə istirahət mərkəzlərinə və ya xarici ölkələrə üz tutur. Ölkəmizdə də geniş turizm imkanları mövcuddur. Amma iki ildir davam edən pandemiya turizm sektoruna da təsirsiz ötüşməyib. Pandemiya ilə əlaqədar hava yolları bağlı olduğu üçün nə lazımi qədər turist qəbul edə bilirik, nə də xaricə səfər edirik. Ancaq bəzi məhdudiyyətlərin aradan qalxması insanları ümidləndirir.
"Pandemiya olsa da, turistlər gələcək”
Turizm eksperti Ramin Zamanov deyir ki, pandemiya ilə əlaqədar məhdudiyyətlər qismən yumşaldıldığı üçün bu qış ölkəmizə turistlər gələcək: "Qış aylarında ölkəmizə turistlərin gəlməsi gözlənilir. Çünki bəzi ölkələrin vətəndaşları üçün məhdudiyyət aradan qalxıb. Həm Avropa, həm də Ərəb ölkələri vətəndaşlarının səfər etməsi gözləniləndir. Pandemiya olsa da, turistlər gələcək. Azərbaycanın qış turizmi ilə bağlı böyük potensial imkanları - Şahdağ, Tufandağ kimi qış-yay istirahət mərkəzləri var”.
Qiymətlərdə artım yoxdur
R.Zamanov bildirir ki, istirahət mərkəzlərinin qiymətlərində xüsusi artım mövcud deyil: "Pandemiya ilə əlaqədar qiymətlərdə artım yox, endirimlər müşahidə olunur. Mövsümi olaraq Yeni illə bağlı müəyyən rayonlarda, otellərdə qiymətlər stabil qalsa da, ümumi baxışda endirimlər daha çoxdur”.
"Xaricə gedənlərin sayı kifayət qədərdir”
R.Zamanovun sözlərinə görə, ölkə vətəndaşlarından da xarici ölkələrdə bayram keçirməyə gedənlər olacaq: "Ölkəmizdən Türkiyəyə və vətəndaşlarımıza məhdudiyyət tətbiq etməyən digər ölkələrə səyahət edənlər olacaq. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərində də hava isti olduğuna görə oraya qış mövsümündə gedənlərin sayı daha çox olur”.
Sərbəstliyin yaratdığı fürsətlər
Turizm üzrə ekspert Ceyhun Aşurov deyir ki, pandemiya davam etsə də, keçən ilə nisbətən bu il sərhədlərdə artıq mərhələli şəkildə sərbəstlik qeydə alınmaqdadır: "Əvvəllər sərhədlər tam şəkildə bağlı idisə, artıq bəzi ölkələrlə hava əlaqələri qurulub və birbaşa reyslər mövcuddur. Turistlər hava sərhədi ilə Azərbaycana gələ bilirlər. Keçən illə müqayisədə bu, yaxşı haldır. Qarşıdan qış, qar mövsümü gəlir. Bu da qış turizm elementlərini aktivləşdirir”.
"Bu il də rayonlara səfərlər edəcəklər”
C.Aşurov bildirir ki, əsl qışı yaşamaq istəyən həm əcnəbi turistlər, həm də yerli vətəndaşlarımız rayonlara üz tuturlar: "Həm təbiət qoynunda istirahət edə, həm də xizəklə sürüşmə kimi aktiv idman növlərindən də faydalana bilərlər. Bu il də qeyri-iş günləri, həftə sonları insanlar rayonlara səfərlər edəcəklər. Xüsusən də böyük komplekslərinə - Şahdağ, Tufandağ yay-qış turizm mərkəzlərinə axın olacaq. Bu yaxınlarda Naxçıvanda yerləşən Ağbulaq istirahət mərkəzində qış turizmi imkanları artırılıb, kanatlar qurulub, xizək sürmək üçün süni qar aparatları quraşdırılıb”.
Əvvəlki illərlə müqayisədə…
C.Aşurovun sözlərinə görə, bu ili 2019-cu illə müqayisə edə bilmərik: "Çünki həmin dövrdə statistika artan istiqamətdə idi və ciddi artımlar qeydə alınırdı. Xüsusən xaricdən Azərbaycana 3 milyondan çox xarici vətəndaş gəlmişdi. Nəzərə alaq ki, həmin dövrdə xeyli Azərbaycan vətəndaşı da xaricə üz tutmuşdu. Qiymətlər də əvvəlki dövrlərə nisbətən elə də ucuz deyil”.
Həftə ərzində dəyişən qiymət
C.Aşurov deyir ki, qiymətlər bəzi günlər aşağı, bəzi günlər isə yuxarı olur: "Qiymətlərin tənzimlənməsi bazar qaydalarına əsasən tələb və təkliflə müəyyən olunur. Xüsusən də həftə sonu, bayram günlərində qiymətlər nisbətən yuxarı olur. Həftə içi, iş günlərində qiymətlər daha ucuzdur və daha güzəştli təkliflər əldə etmək olur. Yeni illə bağlı bəzi otellərimiz təklif paketləri ilə çıxış edirlər. Qeyri-iş günlərində güzəşt əldə etmək mümkün olur”.
Qiymətlər niyə bahadır?
C.Aşurov bildirir ki, istirahətin keyfiyyətinə görə qiymətlər artıb-azalır: "Ümumiyyətlə, otellər tələb və təklifə görə qiyməti elə tənzimləyirlər ki, boş olan günləri də kompensasiya edə bilsinlər. İnsanları narahat edən faktor qiymətlərin bahalığı və keyfiyyətin uyğunluğu ilə bərabər, seçimlərin nisbətən az olmasıdır. İnsanlar xizək sürmək, 5 ulduz standartlarına uyğun yerə getmək istəyirlərsə, bunun üçün onlar qış turizm mərkəzlərinə üz tuta bilərlər. Amma qış mövsümündə təbiətdə dincəlmək, qar görmək, daha sadə şəkildə istirahət etmək istəyirlərsə, alternativ yerlər tapa bilərlər. Dağda xizəklə sürüşmək və ya kanatdan istifadə əlavə xidmət olaraq hesablandığı üçün qiymətlər heç də ucuz olmur. Seçimlər beşulduzlu standartda daha yüksək kateqoriyalı təkliflərdir deyə, qiymətlər yüksəkdir”.
"Xaricə gedənlər azalıb”
C.Aşurovun sözlərinə görə, indi xaricdə istirahət etmək nisbətən daha baha başa gəlir: "Əlavə xərclər yaranır deyə, daxili turistlərin də bir hissəsi xaricdə yox, məhz ölkə daxilində istirahət etməyi üstün tuturlar. Ona görə də, daxili bazarda müəyyən aktivliyin müşahidə olunacağı gözlənilir”.
Xaricdəki məhdudiyyətlər
C.Aşurov deyir ki, xaricdə qiymətlərin baha olmasının bir sıra səbəbləri var: "Təyyarə biletlərinin, PCR analizlərinin qiymətləri heç də ucuz deyil. Eyni zamanda, turizm destinasiyalarında otellərin qiymətlərini sıxlıq olmaması üçün qaldırıblar. Bütün bunları nəzərə alsaq, görərik ki, xaricə getmək baha başa gəlir. O cümlədən, bəzi ölkələrə, xüsusən Avropaya gedən vətəndaşlar üçün müəyyən məhdudiyyətlər var. Bəzi ölkələr hava sərhədlərini hələ də bağlı saxlayır. Bu kimi məhdudiyyətlər insanların harada istirahət etmək qərarlarına da təsir edir”.
Zərif Salmanlı
banner

Oxşar Xəbərlər