Yeni geosiyasi balansı formalaşdıran üçlük - TƏHLİL
Türkiyə Cənubi Qafqaza daxil olmasaydı, regionda
xaos hökm sürərdi. Bu mənada Türkiyənin proseslərə qoşulması Rusiyanın da işinə
yarayır. İndi Moskva və Ankara bizim regiondan gələn çağırışlara birgə reaksiya
verir.
İkinci Qarabağ savaşının Azərbaycanın qələbəsi ilə
bitməsi Cənubi Qafqazda yeni reallıq yaradıb. İndi bu regionun taleyini Türkiyə,
Azərbaycan və Rusiya həll edir. Vətən müharibəsindən sonra hər üç ölkə başçısı
arasında keçirilən görüşlər, intensiv telefon danışıqları, Cənubi Qafqazın yeni
geosiyasi balansının formalaşdırılması, həmçinin gələcəyə hesablanan layihələrin
icrası istiqamətində müzakirələr buna əyani misaldır.
Ankara-Bakı-Moskva üçbucağı
Xatırlatmaq yerinə düşər ki, İkinci Qarabağ
savaşından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda 3 dəfə səfərdə
olub, iki ölkə arasında əlaqələrin daha da inkişafını nəzərdə tutan Şuşa bəyannaməsi
imzalanıb, dünyaya mühüm mesajlar verilib. Türkiyə Prezidentinin cari il
sentyabrın 29-da Moskvada işgüzar səfərdə olması, rusiyalı həmkarı Vladimir
Putinlə 3 saata yaxın təkbətək görüş keçirməsi, Suriya, Liviya, Əfqanıstan və Cənubi
Qafqazdakı vəziyyəti müzakirə etməsi də diqqət çəkir. Bütün bunlar açıq şəkildə
göstərir ki, regionun taleyini Türkiyə, Azərbaycan və Rusiya liderləri müəyyən
edirlər. İran isə bu proseslərdə hər hansı müsbət rol oynamır. Əksinə, rəsmi
Tehran effektsiz, cığal uşaq davranışları nümayiş etdirir, regionda cərəyan edən
proseslərdən narazılığını ortaya qoyur. Ancaq proseslərə hər hansı şəkildə
müdaxilə edə bilmir. Gürcüstana gəldikdə, rəsmi Tbilisi Azərbaycan və Türkiyənin
təşəbbüsü olan "3+3” formatında əməkdaşlığa meyl göstərsə də, himayədarlarının
sərt təpkisi ilə qarşılaşaraq geriyə addım atıb. ABŞ Müdafiə nazirinin bu
yaxınlarda Gürcüstana səfəri, paytaxt Tbilisidə səsləndirilən bəyanatlar, iki
ölkə arasında imzalanan sənədlər bunun sübutudur. Ermənistanın fikri isə heç
kim üçün maraqlı deyil. Onun yola gətirilməsi ilə Rusiya məşğuldur. Ankara və
Bakının iştirakı ilə Moskvada qəbul edilən qərarlar İrəvanda qeyd-şərtsiz yerinə
yetirilir.
Regionun söz sahibləri
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən
politoloq Əlimusa İbrahimov bildirib ki, Vətən müharibəsindən sonra regionda yaranan reallıq hər
keçən gün qüvvətlənir, yeni şərtlər diktə edir, Türkiyə və Azərbaycanın mövqeyi
Cənubi Qafqazda daha da möhkəmlənir. Onun sözlərinə görə, yeni reallıqdan irəli
gələn nəticələri ötən bir il müddətində hər kəs müşahidə etməyə başlayıb: "Azərbaycan,
Türkiyə və Rusiya hazırda Cənubi Qafqazda söz sahibləridir. Regionda cərəyan edən
prosesləri bu üç ölkə istiqamətləndirir. Rusiya Cənubi Qafqazdakı hadisələrin
öhdəsindən heç bir halda təkbaşına gələ bilməzdi. Bu mənada Türkiyənin prosesə
qoşulması Rusiyanın işini bir qədər asanlaşdırıb. Son dövrlər regiondakı
çağırışların qarşısında Kreml hər hansı adekvat tədbirlər görə bilməyəcəkdi.
Onu da nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı beynəlxalq aləmdə, xüsusən də Qərbdə,
Avropada sanksiyalar tətbiq olunur. Belə bir mühitdə Türkiyə Cənubi Qafqaza
daxil olmasaydı, regionda xaos hökm sürərdi. Bu mənada Türkiyənin proseslərə
qoşulması Rusiyanın da işinə yarayır. İndi Moskva və Ankara bizim regiondan gələn
çağırışlara birgə reaksiya verir. Amma İran bu proseslərdə iştirak edə bilmir.
Bunun səbəbi rəsmi Tehranın uzun müddət gedən yeniliyə, islahatlara, yenidənqurmaya
öyrəşə bilməməsidir”.
Oyundankənar vəziyyətdə qalan İran
Politoloq vurğulayıb ki, beynəlxalq siyasətə
adekvat reaksiya vermək baxımdan İran "elastik” deyil: "SSRİ-nin dağılması, Xəzər
dənizinin hüquqi statusunun müəyyən edilməsi, İkinci Qarabağ müharibəsi və sair
proseslər sanki İrana sonradan çatır. Tehran bütün hadisələrə əvvəlki prizmadan
yanaşır, yeni reallıqlara uyğunlaşa bilmir. İndi də belədir. İran hələ də yeni
reallıqda öz yerini və rolunu müəyyən edə bilmir, tez-tələsik nəticələr
çıxarır. Bu isə İran xarici siyasətinin uğursuz yekunlaşmasına səbəb olur. Rəsmi
Tehranın son dövrlər Azərbaycanla bağlı siyasətinə də məhz bu prizmadan
yanaşmaq lazımdır. İran qəbul etmək istəmir ki, Azərbaycan regionun fəal
oyunçusuna çevrilib. Buna qısqanclıqla yanaşdı, ölkəmizə, həmçinin Türkiyəyə təsir
və təzyiq etmək üçün müxtəlif addımlar atdı. Lakin düzgün qiymətləndirmə apara
bilmədiyi üçün oyundankənar vəziyyətdə qaldı. İran nə qədər çalışsa da, Cənubi
Qafqazın əsas oyunçusuna çevrilə bilməyəcək”.
Gürcüstan da proseslərə qoşulacaq?
Ə.İbrahimov söyləyib ki, ABŞ Gürcüstanın proseslərə
qoşulmasını və Cənubi Qafqazda müəyyən rol almasını əngəlləyir: "Gürcüstanın
ABŞ və Avropa İttifaqı ilə münasibətləri imkan vermir ki, regiondakı proseslərdə
mühüm rol ala bilsin. Rəsmi Tbilisi cərəyan edən proseslərə adekvat cavab verə
bilmir. Fikrimcə, yaxın gələcəkdə Gürcüstan da proseslərə qoşulacaq. Ermənistana
gəldikdə isə bu dövlət Rusiyanın təsiri və boyunduruğu altındadır. Kreml istədiyi
şəkildə İrəvana istiqamət verir. Zənnimcə, bu da müvəqqətidir. Bəlli bir zaman
keçdikdən, müəyyən razılaşmalar əldə edildikdən sonra Ermənistan müəyyən
rollarla mükafatlandırılacaq. İrəvan regiondakı prosesləri obyektiv qiymətləndirə,
müəyyən kart-blanş ala bilər. Xüsusən də, nəqliyyat dəhlizi açıldıqdan, Azərbaycan
və Türkiyə ilə münasibətləri yaxşılaşdırdıqdan
sonra Ermənistanın rolu bir qədər yüksələ bilər”.
Rufik İSMAYILOV