• çərşənbə axşamı, 19 mart, 06:44
  • Baku Bakı 8°C

Yeni dövrün millət vəkili necə olmalıdır?

12.02.20 19:07 8071
Yeni dövrün millət vəkili necə olmalıdır?
Ekspertlər hesab edir ki, deputat seçildiyi regionun problemlərini üzə çıxarmalı, hökumətə və ictimaiyyətə çatdırmalı, onların həllinə kömək etməlidir

Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ölkəmizdə keçirilən növbədənkənar parlament seçkisinin önəmindən söhbət açıb. Bildirib ki, bu seçki Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin məhz növbədənkənar keçirilməsinin əsas məqsədi də vaxt itirmədən islahatların davam etdirilməsi olub. O qeyd edib ki, bu seçki Azərbaycanın gələcək inkişafında çox önəmli rol oynayacaq.
Prezident İlham Əliyev bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb. Dövlətimizin başçısı fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də Azərbaycanda keçirilən parlament seçkisinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, ümumilikdə, 1300-dən çox namizədin olması seçkiyə etimadın göstəricisidir. Onun sözlərinə görə, gözlənilməz çətin hava şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşları səs veriblər, seçki fəallığı yaxşı olub. Prezident İlham Əliyev xalqın seçəcəyi insanların üzərinə düşən məsuliyyətdən də söhbət açıb. Deyib ki, əgər onlar yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar. Ölkə başçısının fikrincə, bu, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri olacaq. Prezident qeyd edib ki, bütün ölkənin dayanıqlı inkişafının təmin edilməsi üçün deputat korpusu regionların problemlərini dərk etməli, onları üzə çıxarmalı, hökumətə və ictimaiyyətə çatdırmaqla sözügedən çatışmazlıqların aradan qaldırılmasına kömək etməlidir.Başqa sözlə desək, dövlət başçısı yeni dövrün millət vəkilinin portretini cızıb, kriteriyalarını müəyyənləşdirib.


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir RüstəmxanlıPrezident İlham Əliyevin yanaşmasını doğru hesab edib. O qəzetimizə açıqlamasında bildirib ki, bu fikir xalq arasında da tez-tez səsləndirilir. VHP sədri təəssüflə qeyd edib ki, bəzi hallarda deputat statusu aşağı salınıb, icra hakimiyyəti başçıları, nazirlər və sair məmurlar millət vəkilinin rəyini nəzərə almır, onunla hesablaşmırlar: "Millət vəkili hansı rayondan seçilibsə, o ərazinin problemlərini icra başçısı istisna olmaqla, nazirdən və sair məmurdan daha yaxşı bilir. Əgər deputat statusu daşıyan şəxs millət vəkili seçildiyi ərazinin problemlərini öyrənib ictimailəşdirsə, bunu dövlət başçısına çatdırsa, o zaman həmin rayonun, şəhərin mövcud çatışmazlıqları həllini tapa bilər. Camaatın işsizliyi, regionların inkişafı, qaz, su, işıq və sairlə bağlı problemlər Bakıdan baxanda görünməyə bilər. Amma hər bir rayonun deputatı bunu görməli, bilməlidir. Bu baxımdan Prezident İlham Əliyevin yanaşmasını doğru hesab edirəm. Bu yanaşma xalq arasında tez-tez səsləndirilən fikirlərdən qaynaqlanır”.

9 fevral növbədənkənar parlament seçkisində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən ən çox səs toplayan Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Müşfiq Cəfərov"Kaspi” qəzetinə açıqlamasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri birmənalı olaraq dəstəklədiyini söyləyib: "Hakim Yeni Azərbaycan Partiyası tərəfindən ilk dəfə olaraq namizədliyimin irəli sürülməsi, seçicilərin dəstək verməsi, cənab Prezidentin qeyd olunan fikirləri mənim üçün böyük etimad olmaqla yanaşı, eyni zamanda üzərimizdə olan böyük məsuliyyətin göstəricisidir. Biz çalışmalıyıq ki, həm partiya rəhbərliyi, həm də seçicilər qarşısında bu etimadı doğrulda bilək. Bunun üçün ilk növbədə əhalinin içində olmalı, seçicilərlə mütəmadi görüşlər keçirməli, onlarla davamlı ünsiyyət saxlamalı, problemlərinə şərik olmalıyıq. Bu problemlərin həlli üçün səylərimizi əsirgəməməliyik. Bu, ilk növbədə bizim işimizdir. Milli Məclisdə də yeni təşəbbüslərlə, ideya və fikirlərlə çıxış etməliyik. Uğurlu təcrübələri bölüşməli, yeni layihələr ortaya qoymalı, son nəticə olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə onun siyasi kursuna, həyata keçirdiyi islahatlara dəstək olmalıyıq”.


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlıbizimlə söhbətində bildirib ki, ümumilikdə seçki prosesini, o cümlədən bu seçkidə müşahidəçilik edənlərin fəaliyyətini, həmçinin Prezident İlham Əliyevin seçki barədə fikirlərini izləmək imkanı olub. Onun sözlərinə görə, Azərbaycanda yeni parlament əsasən ölkə rəhbərinin islahatlar kursunu dəstəkləmək üçün formalaşır: "Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, növbədənkənar parlament seçkiləri Azərbaycanda aparılan islahatlara dəstək verməlidir. Dövlət başçısı açıq şəkildə qeyd etdi ki, seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi vaxt itirmədən islahatların davam etdirilməsi idi. Çünki buna qədər ölkədə həm struktur islahatları aparılıb, həm də hökumət və Prezident Administrasiyası yenidən formalaşdırılıb. Belə olan halda Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Yəni, əvvəlki parlament məlum tələblərə cavab vermədiyi üçün deputatların özünün təşəbbüsü ilə buraxılıb. Yeni formalaşan parlament Azərbaycanda dövlətçiliyin inkişafına yaxından dəstək verməlidir. Əgər fəaliyyətləri qənaətbəxş olmasa, gələcəkdə parlamentin işinə yenidən baxıla bilər. Yaxud, parlament növbəti dəfə buraxılıb yenidən təşkil oluna bilər. Hər halda yeni formalaşan parlamentin 30 faizdən çox tərkibi yeni simalardır. Onların fəaliyyəti ciddi ictimai nəzarətdə olacaq. Məhz buna görə də yeni deputatlar ciddi məsuliyyət hiss etməli, əvvəlkilərdən daha fəal olmalıdırlar”.


Deputatlar tərəfindən regionların problemlərinin öyrənilməsinə, bu problemlərin ictimailəşdirilməsinə və həllinə gəlincə, AVCİYA təmsilçisi hesab edir ki, Milli Məclis qanunverici orqandır və burada qəbul edilən qanunlar, qaldırılan məsələlər ölkənin hər yerində, o cümlədən regionlarda keçərlidir, qüvvədədir: "Bununla yanaşı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi var. Bu Komitə və onun üzvü olan millət vəkilləri işğalçı Ermənistan istisna olmaqla, dünya ölkələri ilə münasibətlərin formalaşmasında, inkişafında özünəməxsus rol oynayır. Məsələyə bu aspektdən də yanaşsaq, yeni parlament üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Onların bu məsuliyyətin altından necə çıxacağını, etimadı necə doğruldacağını isə zaman göstərəcək. Sadəcə, Azərbaycanın regionlarındakı məsələlərə, eləcə də problemlərin həllinə gəlincə, bilirsiniz ki, seçki ərəfəsində namizədlər seçicilərlə görüşüblər, hər kəs öz platformasını elan edib, müəyyən vədlər veriblər. Kimlər ki, seçilib onların necə fəaliyyət göstərəcəyini, verilən vədlərin hansı səviyyədə yerinə yetiriləcəyini də zaman göstərəcək. Hər halda yeni formalaşacaq parlamentin üzvləri də gördülər ki, bəzi deputatlar yerlərdə necə təpki ilə qarşılandılar. Məhz buna görə də yeni deputatlar nəzərə lamalıdırlar ki, fəaliyyət ortaya qoymasalar gələcəkdə olan-qalan hörmətlərini itirəcəklər. Ona görə də hər bir millət vəkili seçildiyi ərazinin problemləri, onların həlli ilə maraqlanmalı, seçicilərlə mütəmadi görüşlər keçirməlidir. Yalnız belə olan halda onlar gələcəkdə uğur qazana biləcəklər”.
9 fevral növbədənkənar parlament seçkisində109 saylı Balakən seçki dairəsindən ən çox səs toplayan Yeni Azərbaycan Partiyasının (YAP) üzvüNəsib Məhəməliyev də bildirib ki, Prezident İlham Əliyev MDB müşahidə missiyasının nümayəndələrini qəbul edərkən, haqlı olaraq bir neçə məqamı qonaqların diqqətinə çatdırıb. Onun fikrincə, ilk dəfə 1300-dən yuxarı namizədin qeydə alınması, 20 siyasi partiyanın iştirakı, seçkiyə olan etimadın göstəricisidir: "Həm beynəlxalq təşkilatlardan, həm də rekord sayda yerli müşahidəçilərin iştirakı xalqın seçkilərə olan münasibətinin nəticəsidir. Qəflətən seçki günü hava şəraitinin kəskin dəyişməsinə, rayonlarda qalın qarın yağmasına baxmayaraq, insanlar kütləvi şəkildə məntəqələrə gələrək, Prezidentin başlatdığı dərin, köklü islahatlara dəstək verdiklərini əyani şəkildə sübut etdilər. Səmimi şəkildə etiraf edirəm ki, seçki günü səhər tezdən yerimdən qalxanda, qarlı havaya görə müəyyən narahatlıq hissi keçirdim. Seçkinin başlamasından bir müddət keçdikdən sonra 109 saylı Balakən seçki dairəsinin ərazisini gəzərkən olduqca xoş bir mənzərə ilə qarşılaşırdım. Demək olar ki, əksər məntəqələrin qarşısında növbə dayanmışdı. Cənab Prezident Milli Məclisə seçilmiş insanların gələcək fəaliyyətləri barədə kifayət qədər açıq şəkildə konkret mesajlarını da cəmiyyətə çatdırdı. Düşünürəm ki, hər bir deputat bu barədə ciddi düşünəcək. Prezident bu sahədə gözəl nümunə göstərdi. Lazımdır ki, digər məmurlar da, millət vəkillərinin qaldırdıqları məsələlərə ciddi yanaşsınlar. Vahid bir komanda olaraq, yorulmadan cənab Prezidentin apardığı islahatların daha da sürətlənməsinə, əhalini narahat edən problemlərin həll olunmasına köməklərini əsirgəməsinlər. 15 ildən artıq bir müddətdə icra başçısı vəzifəsini icra edən bir şəxs kimi deməliyəm ki, regionların problemləri barədə kifayət qədər məlumatlıyam. Elə bir problem olmayacaqdır ki, onları Milli Məclisdə və yaxud aidiyyəti icra orqanları qarşısında qaldırmayım. Düşünürəm ki, hər bir məmur və yaxud deputat birgə fəaliyyət göstərməklə Prezidentin apardığı islahatlara daha effektiv dəstək verə bilər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər