AZE | RUS | ENG |

Yayı sevirsənsə, istisinə də dözməlisən

Yayı sevirsənsə, istisinə də dözməlisən
Havanın kəskin istiləşməsi turizmçiləri sevindirir, təsərrüfatçıları isə narahat edir

Son günlər hava şəraitində baş verən dəyişikliklər birmənalı qarşılanmır. Demək olar ki, hər kəs qışdan birbaşa yaya keçildiyini qeyd edir. Xüsusilə, sosial şəbəkədə insanların paylaşımlarına əsasən deyə bilərik ki, onlar hələ bu cür kəskin iqlim dəyişikliyinə hazır deyillər. Bu cür hava şəraiti insanların həm fiziki, həm də psixoloji sağlamlığına mənfi təsir edir. İnsanlar demək olar ki, yaz fəslini hiss etmədən yaya daxil olurlar. Təbii, belə durum insan sağlamlığı üçün də fəsadların yaranmasına şərait yaradır. İnsan orqanizmi tədricən fəsillərə adaptasiya olunmalıdır. Bu cür kəskin temperatur dəyişikliyi də müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Əslində, yaydan qışa keçid ərəfəsində də belə hal yaşanır. Sanki payız fəsli olmur,  isti havanı mülayim hava yox, soyuqlar əvəz edir. Hazırda ölkəmizdə iki fəslin - qış və yayın olduğu iddia olunur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva da məlumat verib. O, qeyd edib ki, iyundakı isti hava daha çox iyul, avqust ayları üçün səciyyəvidir: "Müqayisə aparsaq, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq 5-7 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur.  İyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul, avqust ayları üçün səciyyəvidir. İyun ayı üçün verilən aylıq proqnozda qeyd edilmişdi ki, bu ay həmişəkindən isti olacaq. Yüksək temperatur qonşu ölkələrdə də müşahidə edilir. İyun ayının ilk günlərindən dayanıqlı cənub axınları ölkənin yerləşdiyi regionda temperaturun yüksəlməsinə səbəb olub. Son illərdə hər il yüksək temperatur göstəriciləri iyul, avqust aylarında müşahidə olunub. Ona görə də, həm iyul, həm avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40 dərəcədən yüksək olacağı da gözlənilir".
O, həmçinin isti havaya görə dəniz suyunun temperaturu barədə məlumatların vaxtından əvvəl verildiyini də qeyd edib: "Adətən, çimərlik mövsümü ilə bağlı dəniz suyunun temperaturu barədə məlumat iyunun 15-dən verilir. Lakin anomal isti hava şəraiti ilə əlaqədar dəniz suyu ilə bağlı açıqlama iyunun ilk gününə təsadüf etdi. Çünki bu il insanlar çimərliklərə vaxtından əvvəl üz tutur".
Departament direktoru isti hava şəraiti ilə bağlı dənizə üz tutanlara tövsiyə də verib: "Ən yüksək temperatur saat 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq, xüsusilə, uşaqlar üçün təhlükəlidir. Ona görə, insanları, xüsusilə də yaşlıları ehtiyatlı olmağa çağırırıq".
Maraqlıdır, bu fəsil dəyişikliyi insan orqanizminə, kənd təsərrüfatına və turizm sahəsinə necə təsir göstərir?
Tibb üzrə ekspert Adil Qeybulla belə havaların insan sağlamlığı üçün zərərli ola biləcəyini qeyd etdi: "Son dönəmlər fəsil dəyişiklikləri çox qəribə gedir. Hazırda iyun ayında belə istilərin olması gözlənilən deyil. Bu cür istilər əsasən iyuldan başlayırdı. Bu, təbiətdir və onun şıltaqlarına dözməliyik. Amma onu da qeyd etmək lazımdır ki, 30 dərəcədən artıq temperatur insan sağlamlığı üçün zərərlidir. Belə kəskin istilər dəri səthindən suyun buxarlanmasına, damarlarda qanın laxtalanmasına, immun sisteminin zəifləməsinə gətirib çıxarda bilər. İsti havalarda çox diqqətli olmaq lazımdır. Geyim formasına, qidalanmağa xüsusi fikir verməliyik. Yağlı, kalorisi yüksək olan yeməklərdən uzaq durmalıyıq. Yaxşı olar ki, günəş altında uzun müddətli dayanmasınlar. Xüsusilə də səhər saat 11:00-17:00 arası günün altında olmasınlar. Bu zaman günvurma hadisəsi baş verər. Həmin saatlarda qapalı məkanlarda olmağa üstünlük versinlər. Bacardıqları qədər daha çox mayə qəbul etsinlər. Çünki istidən buxarlanma çox olduğu üçün bədənin itirdiyi suyu geri qaytarmaq lazımdır”.
Kənd Təsərrüfatı üzrə ekspert Qadir Bayramlı ilin başlanğıcından hava şəraitinin kənd təsərrüfatı üçün elə də əlverişli olmadığını deyir: "Kənd təsərrüfatı sahəsi nəqliyyat, sənaye kimi deyil. Birbaşa olaraq iqlim şəraitindən asılıdır. Belə kəskin iqlim dəyişikliyi bəzi bölgələrimizdə həm məhsulun həcminə, həm də keyfiyyətinə mənfi təsir edir. İqlim dəyişiklikləri zamanı kənd təsərrüfatı məhsullarını qorumaq üçün xüsusi aqro texniki tədbirlər görmək lazımdır. Belə kəskin istilərin olması sahələrdə quraqlığın olmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün isə bölgələrdə su təminatını, suvarma sistemini yaxşılaşdırmaq lazımdır. Müasir texnikalardan istifadə etməklə iqlim şəraitinin yaradacağı quraqlığın məhsula zərər verməməyi üçün müəyyən işlər görülməlidir. Əgər effektiv sulama tətbiq olunarsa, məhsulun çeşidi və həcmi artar”.
Ekspert iqlim şəraitindəki dəyişikliklə əlaqədar fermerlərə ziyan dəydiyi təqdirdə, onun qarşılığının ödənilməsinin optimal yol olduğunu qeyd edir: "Hava şəraitlərindən asılır olaraq fermerlərə dəyən ziyanı ödəmək, onlara bu işdə dəstək olmaq lazımdır. Bu, onların işə olan marağını da artırar. Bunu ya sığorta, ya da dövlət dəstəyi ilə etmək olar. Belə bir addım bütövlükdə kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir edər”.
Turizm üzrə ekspert Əhməd Qurbanov havaların istiləşməsinin turizm sahəsinə müsbət təsir göstərdiyini bildirir: "Çünki havalar istiləşəndə insanın ağlına ilk növbədə dəniz, qum, istirahət gəlir. Bu da insanların turizm sahəsinə maliyyə xərcləməsinə şərait yaradır. Xüsusilə də çimərlik turizmi bu havalarda daha çox inkişaf edir. İstər yerli, istər xarici turistlər istirahət üçün çimərliklərə üz tuturlar. Ona görə, həmin çimərliklərin ətrafında olan digər turizm obyektləri də gəlir götürürlər. Havaların isti keçməsi yerli turizmin də inkişafına təkan verir. Belə ki, qışda insanlar Şahdağ və Tufandağ kimi komplekslərə getməklə kifayətlənirlər. Amma yayda alternativlər çox olur. Yayda Qəbələ, Şəki, Lerik, İsmayıllı, Masallı və digər səfalı guşələrimizə gedib istirahət edə bilirlər”.  

Günel Azadə
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967