Yayda təhsil, yoxsa tətil?
Təhsil Nazirliyinin "Yay məktəbi” layihəsi ilə bağlı təkliflər
var
Ümumtəhsil
müəssisələrində "Yay məktəb”i təşkil olunacaq. Buna Təhsil Nazirliyinin "Yay məktəbi”nin
keçirilməsi ilə bağlı start verdiyi sorğunun nəticəsindən sonra qərar verilib.
Belə ki, pandemiya səbəbi ilə 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsinin
distant (məsafədən) formada təşkili nəzərə alınaraq, şagirdlərin zəruri bilik və
bacarıqlarının möhkəmləndirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən
iki həftə müddətinə ümumtəhsil müəssisələrində "Yay məktəbi”nin təşkili nəzərdə
tutulur. Nazirliyin verdiyi məlumata görə, "Yay məktəbi” ödənişsiz və könüllü əsaslarla
təşkil olunacaq. "Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş
xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək”.
Yay məktəbi (Summer school) ümumiyyətlə,
2 həftə və ya daha çox davam edən bir proqramdır. Bu müddətdə iştirakçılara müəyyən
fənlər üzrə sinifdənkənar fəaliyyətlərlə birlikdə intensiv təhsil təklif olunur.
Adından da göründüyü kimi, bu kurslar ənənəvi olaraq yayda məktəb və ya
universitetlərin şərtləri əsasında təşkil edilir.
Yay məktəbləri və yay düşərgələri
şagirdlərdə ünsiyyətin yüksək səviyyədə inkişafı, təhsil prosesindən kənar düşməməsi,
tədris ili müddətində öyrəndikləri sinifdənxaric oxu materiallarını daha dərindən
öyrənmək, istehsalat və peşə fəaliyyəti ilə yaxından tanış olmaq üçün fəaliyyət
göstərir. Bu, bütün dünyada mövcud olan prosesdir.
"Təhsil haqqında” qanunda da
şagirdlərin asudə vaxtlarının dəyərləndirilməsi və ondan səmərəli istifadəsi
üçün dərs olmayan zamanda məktəbdənkənar təşkilat və müəssisələrdə müəyyən tədbirlər
və əlavə dərslərin təşkil edilə biləcəyi qeyd edilir. Ekspertlər də təcrübə
kimi yay məktəblərində təhsil bacarıqlarının inkişafı üçün münbit şərait
olduğunu qeyd edirlər. Belə ki, yay məktəbinə qəbul olmaq əlavə dərslərlə
şagirdin məktəbdə öyrəndiyi bilikləri möhkəmləndirməyə və yeni biliklər əldə
etməsinə kömək edə bilir. Bu tip məktəblər dünyanın hər yerində sırf istirahət
və praktik cəhətdən öyrənmək məqsədi daşıyır. İstirahət, əyləncə, ekskursiyalar
vasitəsilə şagirdlərin sosiallaşmasına kömək edir. Şagirdlər bir növ tədris
prosesində öyrəndikləri nəzəri məlumatları praktiki olaraq həyata keçirir, əlavə
biliklər qazanırlar.
Təhsil
Nazirliyi Yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov hesab
edir ki, yay məktəbinin təşkili ilə bağlı keçirilən sorğunun nəticələrindən
asılı olmayaraq, belə məktəbin təşkili nəinki lazımdır, hətta vacibdir: "Uzun
müddətli pandemiya belə bir addımın atılmasını xüsusilə zəruri edib. Məktəbin
ödənişsiz və könüllü əsasda təşkil olunması isə yəqin ki, çoxlarının ürəyincə
olacaq. Kim istəməz ki, belə bir imkanın yaradılmasından lazımınca
yararlanmasın və ya kim istəyər ki, pandemiyanın fəsadları üzündən bilik və
bacarıqlarında yaranan boşluqları bərpa etmək fürsətini əldən versin.
Pandemiyanı bir kənara qoyub, həyatın normal axarına düşsək belə, yay məktəblərinin
daha geniş spektrdə əhatə olunması barədə düşünməli, bir vaxtlar, o qədər də
uzaq olmayan keçmişdə fəaliyyət göstərən və pioner düşərgələri adlandırılan məktəblilərin
yay toplantılarının yeni formatda təşkili ilə bağlı əməli işlər görməliyik”.
Ekspertin fikrincə, məktəbin vəzifəsi öz yetirmələrinə təkcə bir ovuc bilik
verməkdən ibarət deyil. İl boyu davam edən gərgin tədris prosesindən sonra hər
bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ
var: "Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə, bu kimi düşərgələrin
uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən
uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və
müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə
dost tapırdılar, qayıdandan sonra öz təəssüratları barədə inşa yazırdılar,
idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama
alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə
şəhər tipli düşərgələr təşkil olunurdu. İstirahət, kollektivçilik, təşkilatçılıq,
birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, təhsilin səmərəliliyinə və
keyfiyyətinə müsbət təsir göstərən amillərdir. Təhsil Nazirliyinin yay məktəbinin
təşkili ilə bağlı təşəbbüsü yaxın gələcəkdə bu istiqamətdə işlərin daha geniş
miqyasda davamı və inkişaf etdirilməsi üçün stimul ola bilər”.
2020-ci ilin mart ayından ölkəmizdə
pandemiyanın hökm sürməsinin xüsusən orta təhsil müəssisələrinin ibtidai siniflərinin
zəruri bilik və bacarıqlarının formalaşmasına mənfi təsir göstərdiyini deyən təhsil eksperti Kamran Əsədovun fikrincə,
həm onlayn qaydada tədrisin həyata keçirilməsi, həm internetdəki məhdudiyyətlər
onların müəyyən bilikləri əldə etmələrinə mane olub: "Nəzərə alsaq ki,
pandemiya bir ildən çox sürdü və tədris prosesində məsafələr yarandı, xüsusən də
ara məsafənin olması, onlayn rejimdə müəyyən fənlərin tədrisinin mümkünsüzlüyü,
kimya-fizika, təbiət elmləri, ibtidai siniflərdə şagirdlərə oxuma və yazma vərdişlərinin
formalaşdırılması mümkün deyildi. Ona görə zəruri biliklərin adaptasiya olması
üçün mütləq şəkildə şagirdlər əlavə tədrisə cəlb edilməlidirlər. Bunun üçün
yeganə üsul əlavə tədris həftəsinin həyata keçirilməsidir. Yəni normal tədris
başa çatdıqdan sonra şagirdlər arasında monitorinq imtahanları həyata keçirilməlidir
ki, onlar tədris ili ərzində hansı mövzuları zəif mənimsəyiblərsə, o bilikləri əldə
etmək üçün imkan əldə etsinlər. Bunun üçün onlar əlavə yay məktəblərinə cəlb
edilməlidirlər. Bunu nəzərə alsaq, nazirliyin təşkil etmək istədiyi yay məktəbləri
müsbət addımdır”. K.Əsədovin fikrincə, yay məktəbi dövründə şagirdlər əldə etməli
olduqları bilikləri yenidən öyrəncəklər. Belə ki, onlar bir ildən çox vaxt ərzində
proqramdan tam kənarda qalıblar: "Şagirdlər mövzu mənimsəmə baxımından çətinlik
çəkiblər. Yay məktəbi dövründə keçirilməyən mövzuların dərinləşdirilmiş
proqramla öyrənilməsinə ehtiyac var. Əgər
şagirdlər bu sinifdə zəruri bilikləri əldə etməsələr, yuxarı siniflərdə
bu, onlar üçün ciddi problem yaradacaq. Özəl məktəblər tərəfindən yay məktəbləri
ödənişli həyata keçirilir və sosial vəziyyəti aşağı olan valideynlər bundan
yararlana bilmirlər. İndi isə nazirlik bu məktəbləri özü təşkil edəcək. Bu da
şagirdlər üçün təhsilin əlçatanlığına, eyni zamanda, keyfiyyətin artmasına müsbət
təsir göstərəcək. Bu baxımdan, Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yay məktəbini
müsbət qiymətləndirirəm”.
İş elanları
Təhsil
eksperti Qoşqar Məhərrəmov da həmkarları kimi yay
məktəblərinin fəaliyyətini vacib hesab edir. "Dünyanın bir çox yerində 3 ay
müddətində yay tətilinin olması müzakirə mövzusudur. Bu tətil müddəti əslində dərsdən
qopma, şagirdin bir il ərzində öyrəndiklərinin bir çoxunu unutması deməkdir. Əgər
valideynlər yay tətilində uşaqları ilə məşğul olmayıb, onları sərbəst
buraxıblarsa, öyrənilən bilgilərin çoxu həmin müddətdə itir. Yay tətilində iki
həftəlik yay məktəbinin olması isə təqdirəlayiq haldır. Proqramda ümumi təkrar,
öyrənilən məzmunun təkrarlannması üçün suallar, kuiz tapşırıqları, iş dəftəri və
iş kitablarının yazılması ola bilər. Bu, dünyada olan təcrübədir. Sadəcə, yay məktəbidirsə,
bunu yalnız yay məktəbi formatında etmək lazımdır”. Ekspert hesab edir ki,
mümkün səviyyədə, proqramda əyləncə də olmalıdır. Dövlətin ayırdığı büdcəyə
uyğun yay məktəblərinin keçirildiyi məkanlar yemək və içməklə təmin edilməli, oyunlar
təşkil olunmalıdır. Yalnız belə olarsa, bu ideya nəticə verər”. Q.Məhərrəmov məktəblərin
soyutma sistemlərinin nəzərə alınmasını da vacib hesab edir: ”Bu, məktəblərdə problemdir.
Xüsusən aran zonasında buna ehtiyac var. Əgər iki həftə boyunca dərslər yalnız
sinif otaqlarında keçiriləcəksə, soyutma sistemi, şagirdlərin əylənmələri üçün əlavə
tədbirlər olmayacaqsa, bu, xeyirdən daha çox ziyan gətirər. Şagirdləri bir az
da dərsdən soyudar. Hesab edirəm ki, bu təhsil formasını sərbəst etmək olar. Müəllimlərə
icazə vermək olar ki, məktəblərin həyətyanı sahəsində, təbiətin qoynunda dərslər
keçirilsin, şagirdlər üçün ekskursiyalar təşkil olunsun və s”.
Yay məktəblərinin əsas məqsədi təhsil
müddətində olan çatışmazlıqları aradan qaldırmaqdır. Sadəcə, prosesi genişləndirməyə,
əhatəliliyi artırmağa ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda 4500-ə yaxın məktəb
var, yay məktəbinin bütün ümumtəhsil müəssisələrini əhatə etməsi də mümkünsüz
görünür. Yəni əvvəlki illərdəki kimi, bir neçə məktəbi və müəyyən sayda şagirdləri
əhatə edə bilər. Artıq prosesə start verilib. Vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil
aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə
(idarələrinə) müraciət edə bilərlər. "Yay məktəbi”nin
hansı regionları və nə qədər şagirdi əhatə edəcəyi müraciətlərin sayından asılı
olacaq. Çox güman ki, əlavə tədrisdən yararlanmaq istəyənlər az olmayacaq.
Təranə
Məhərrəmova
Foto
Tapdıq Abdullayev / Global Media Group