Yaponiyada telekommunikasiya şirkətində çalışan azərbaycanlı - MÜSAHİBƏ
5002
18 sentyabr 2021 | 10:30
Ziya
Axundov: "Risk etmək lazımdır. Mən birinci dəfə ehtiyat edib xaricdə iş
təklifinə "yox” demişdim. Böyük şirkətlərdə işləyənlərin texnoloji savadları,
dünyagörüşləri bizim insanların texniki savadından, dünyagörüşündən çox deyil”
İlk dəfə
xarici ölkədən iş təklifi alanda tərəddüd edir. Düşünür ki, beynəlxalq təcrübəsi
yoxdur, birdən gedər, idarə edə bilməz və s. İndi təcrübəli şəxs olaraq
yanaşanda deyir ki, ovaxtkı təcrübəsi o işi görməyə tam qadir idi. Ancaq ikinci
təklifdən imtina etmir və ondan sonra artıq karyerasına xarici şirkətlərdə
davam edir. Söhbət Yaponiyanın texnoloji yeniliklərin tətbiqi cəhətdən öndə gedən
4-cü böyük mobil operatoru "Rakuten Mobile”da "Ağıllı Şəbəkə Təminatı” bölməsinin
meneceri vəzifəsində çalışan azərbaycanlı Ziya Axundovdan gedir.
Qeyd edək
ki, Z.Axundov 1984-cü ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub və
orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində fizika üzrə təhsil
alıb.Karyerasına
"Bakcell” şirkətində texniki mühəndis olaraq başlayıb və şirkətdə baş mühəndis
vəzifəsinə qədər gəlib. Daha sonralar "T-Mobile”, "Vodafone”, "Huawei”,
"Nokia”, "MCI” kimi dünyanın bir çox nəhəng innovativ telekom şirkətlərində işləyib.
Seçimim təsadüfi
oldu
- Ziya bəy,
telekom hazırda tələb olan sahələrdəndir. Sizin iş həyatına başladığınız dövrdə
tələb necə idi? Seçiminizi nəyə əsasən etmişdiniz?
- Düzü, həmin
dövrdə tələbin necə olması haqqında heç bir məlumatım yox idi. Bakalavr təhsilini
başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr təhsili
qazandım. Həmin ərəfədə təxminən 20-dən çox şirkətə iş üçün müraciət etsəm də,
heç birindən müsbət cavab ala bilmirdim. Elə oldu ki, bir neçə ay sonra
"Bakcell”də işə düzəlmə şansım oldu. İşə qəbul olduqdan sonra artıq seçim
qarşısında idim, ya magistr təhsilimi davam etdirməli, ya da işə başlamalı
idim. Seçimim iş oldu, magistraturanı dayandırdım. Çünki maliyyə çətinliyim var
idi. Fizikada isə qiyabi təhsil yox idi, əgər olsaydı, paralel apara bilərdim.
Sahə seçiminə gəlincə, planlı olaraq telekommunikasiyaya yönəlmədim. Sadəcə,
özümə uyğun gördüyüm iş yerlərinə müraciət edirdim və ilk olaraq telekom şirkətindən
qəbul aldım və bu sahədə də davam etdim.
"İşə bələd
olduqca sevməyə başladım”
- İlk iş təcrübəniz
bu idi?
- Tələbə
vaxtı müxtəlif işlərdə çalışmışam. İnternet klubda texniki işlərdə və s.
İxtisaslı iş olaraq ilk telekomda başladım.
- Yəqin ki,
telekomu bəyənməsəydiniz, qalmazdınız.
- Düzdür,
telekom əvvəldən məqsədli çalışmaq istədiyim sahə deyildi. İşlədikcə, işə bələd
olduqca sevməyə başladım. Çünki telekomda iş rutin deyil. Test mühəndisindən
optimallaşdırma mühəndisinə qədər gəldim. 7 il orda çalışdım, həmin müddətdə
4-5 vəzifə dəyişmişdim, amma gördüyüm heç bir işdə rutinlik olmadı. Mobil
texnologiya hər gün yenilənir. Texnologiyanı izləmək də çətindir. Çox dəyişkənlik
var. Aylar, illər sərf etdiyin texnologiya bir ildən sonra sıradan çıxa bilər.
İnsanı özünə cəlb edir, çətindir, amma maraqlıdır.
"Əvvəl bir
az risk etmədim”
- Sonrakı
iş yerləriniz ancaq xarici şirkətlər olub?
- Əslində,
mobil operatordan sonra Azərbaycanda telekom sahəsində başqa bir şirkətə
keçdim, çox qısa müddət orda çalışdım. Artıq mobil operatorda işləyəndə müxtəlif
ölkələrdən gələn mütəxəssislərlə tanışlığım yaranmışdı və eyni zamanda xarici
şirkətlərdə açıq olan vakansiyalara da müraciət etməyə başlamışdım. Beləliklə,
başqa ölkədəki ilk işim Hollandiyanın "T-Mobile” operatoru oldu. Əvvəl bir az
risk etmədim, tərəddüdlərim var idi, amma sonra risk edib, getdim. Bu bir layihə
idi. 6 ay orda işlədim.
- Niyə tərəddüd
edirdiniz?
- Yəqin
ki, komfort zonada idim və bunu tərk etməyə risk edə bilmirdim. Təxminən
2010-cu ildə Rusiyadan - "Huawei” şirkətindən iş təklifi gəlmişdi. O zaman getməyə
risk etmədim. Sonralar Türkiyədən bir tanışımın təklif olunan yerə getdiyini
eşitdim. Bununla da başa düşdüm ki, şans insana çox verilmir və vaxtında dəyərləndirmək
lazım idi. Bu, mənim üçün təcrübə oldu. 2013-cü ildə Hollandiyada iş imkanı
yarananda artıq risk etdim. Həmin işdən sonra artıq klassik iş rejimindən
çıxıb, dəyişkən iş rejiminə keçdim, daha uzun müddət heç bir yerdə komfort
zonada qalmadım.
8-ci iş
yeri
- Hazırda
isə Yaponiyanın 4-cü böyük mobil operatorunda işləyirsiniz. Dünyada ən son
texnologiyaların tətbiq olunduğu bir şirkətdir. Bu şirkəti əvvəllər
çalışdığınız iş yerləri ilə müqayisə etsək, işdə, iş mühitində hansı fərqlər
var?
- "Rakuten
Mobile” artıq 8-ci iş yerimdir. Əvvəlki iş yerlərimlə müqayisə etsək, ortaq cəhətləri
də var, fərqlilikləri də. İş mühitinin, çalışma metodlarının yüzdəyüz fərqli
olduğunu deyə bilmərəm. 50-60 faiz oxşardır. Ancaq təkcə mənim çalışdığım şirkətlər
yox, elə Yaponiya daxilində fəaliyyət göstərən şirkətlərdən də fərqlənir. Bu
şirkət texnoloji yeniliklərlə doludur. Şirkətin sahibi onu dünya bazarına
çıxarmaq istəyir. Bacardığı qədər ən son texnologiyaları tətbiq edir. Müxtəlif
ölkələrdən burda çalışanların sayı çoxdur. Çox savadlı olanı da var, orta
savadlı olanı da. Tam fərqli mühitdir, başqa şirkətlərdə bu mühiti görə
bilmirsiniz.
- Bu cür
şirkətdə kadrlar yeniliklərə ayaq uydurmaq cəhətdən problem yaşamırlar ki?
- Risk etmək
lazımdır. Mən birinci dəfə ehtiyat edib xaricdə iş təklifinə "yox” demişdim.
Böyük şirkətlərdə işləyənlərin texnoloji savadları, dünyagörüşləri bizim
insanların texniki savadından, dünyagörüşündən çox deyil. Fərd olaraq kimləsə
kimisə müqayisə etmirəm. Əgər qarşımıza məqsəd qoyuruqsa, bir az risk ediriksə,
özümüzü o sahəyə uyğunlaşdırmağa çalışırıqsa, öz üzərimizdə işləyiriksə, niyə də
alınmasın? Xarici şirkətin böyük olduğunu düşünüb gözünü qorxutmaq lazım deyil.
Dünyanın bir çox böyük şirkətlərində işləyən azərbaycanlılar var. Gənclər
düzgün seçilmiş təhsilin və zəhmətin bəhrəsinə inansınlar. Hər ikisi varsa, məqsədlərinə
çatacaqlar. Azərbaycanlı valideynlərə demək istərdim ki, uşaqlarına sərbəst
düşünməyi, sərbəst qərar verməyi aşılamağa çalışsınlar. Bu, çox vacibdir. Başqa
ölkələrdə çalışanda bunu hiss edirsən.
Uşaqlar sərbəst
düşünməyi öyrənməlidirlər
- Məsələn,
təcrübədə nə kimi problem yaşaya bilirlər?
- Mən özüm problem yaşamamışam. Ancaq müşahidələrimi
deyə bilərəm. Hansısa gənc xaricdə işləmək, təhsil almaq adı ilə gedəndə çox
hallarda valideynlər bundan narahat olurlar. İndi müəyyən qədər dəyişiklik olsa
da, əksər hallarda deyirlər ki, gedərsən, başına nəsə iş gələr, bacarmazsan və
s. O uşaqlar böyüyüb gənc olanda düşünürlər ki, mən bunu istəyirəm, etmək qərarı
versəm, görəsən, düzgün seçim etmiş olaram? Yaxınlarım bu qərarımı bəyənəcək,
yoxsa yox? Bu kimi tərəddüdlər edib ölkə xaricində işləməyə risk edə bilməyənlər
çox olur. Bacarıq var, amma sərbəst qərar verib gedə bilmir. Bunlara görə
valideynlər övladlarına sərbəst düşünməyi, qərar verməyi uşaq yaşlarından öyrətsələr,
gənclər problem yaşamazlar.
- Bizdə
çalışan xarici əməkdaşların maaşları yerli kadrlardan daha yüksək olur.
Yaponiyada aldığınız maaş necədir? Yaponlardan çox maaş verilirmi?
- Əvvəllər
biz də düşünürdük ki, xaricilər niyə gəlib bizdən artıq maaş alırlar və s. Ölkə
xaricinə çıxdıqca görürsən ki, bu, tək bizə xas deyil, çox yerdə belədir. Səbəbləri
də müxtəlifdir. Yaponiyanı götürsək, müqavilə ilə gəlmək var, bir də yerli
işçilər kimi çalışmaq. Müqavilə ilə gəlirsənsə, bu zaman yaponlardan çox maaş
verilir. Mən ilk olaraq müqavilə ilə gəldim, "Nokia”da işlədim. Bu zaman verilən
maaş daha çox idi. Bu, tək mənə yox, müqavilə ilə gələn bütün işçilərə aid
olur. Çünki müqavilə ilə getmək riskdir. Müqavilə bağlayırsan, amma o layihə
istənilən vaxt uğursuzluqla nəticələnə bilər və siz işinizi itirərsiniz. Bütün
bunları nəzərə alaraq kompensasiya kimi daha çox maaş verilir. Ancaq yerli
işçilər kimi işləyirsinizsə, maaşınız yaponlarla eyni olur. İndi "Rakuten
Mobile”nin öz işçisiyəm. Ona görə yaponlarla eyni maaşı alıram. Əgər bəzi
qanunları nəzərə alsaq, çox olma şansı da azdır.
Aygün
Asimqızı