• şənbə, 03 May, 22:55
  • Baku Bakı 16°C

“Onun yolunu layiqli davam etdirmək istəyirdik” - DOĞMALAR

03.05.25 03:34 264
“Onun yolunu layiqli davam etdirmək istəyirdik” - DOĞMALAR

Görkəmli aktyor Fuad Poladovun qızı Fəridə Poladova: “Atam özü ilə vaxt keçirməyi sevən insan idi. Öz fikirləri, düşüncələri ilə baş-başa qalmağı xoşlayırdı. Onun sənət həyatı o qədər zəngin idi ki, hətta şəxsi həyatında da bu barədə fikirləşməklə məşğul olurdu”.

Tamaşaçıların sevimlisi olan mərhum aktyorumuz, Xalq artisti Fuad Poladovun ölümündən sonra ailə üzvləri mətbuata müsahibə verməyiblər. Aktyorun mətbuatla “məsafəsi” sanki ailəsinə də sirayət edib. Nəhayət, Fuad Poladovun qızı - Fəridə Poladova “Kaspi”yə müsahibə verməyə, atasının pərdəarxası həyatından danışmağa razı oldu. Görkəmli aktyorun necə övladlarını sevən bir ata, necə bir ailə başçısı olmasından, həyatını yarıda qoyan xəstəliyindən danışdı.

“İşlər çoxdur, sonraya qalsın...”

- Fəridə xanım, sizinlə görüşməkdən çox məmnunam.  Demək olarmı, müsahibəyə razılığınızla uzun illərin buzunu qırdınız? Bəlkə nəhayət, düşündünüz ki, Fuad Poladov kimi sənətkarlar həqiqətən də xalqın artistidir və onun kimi aktyorların şəxsi həyatı ilə bağlı məlumatlar həm də onu sevən oxucular, tamaşaçılar üçündür...

- İlk dəfə müsahibə olmasa da, atam haqqında kitab yazıldı. Ondan sonra kitabın əsasında bir müsahibə də hazırlandı və saytlardan birində dərc olundu. Bunun insanlarda böyük maraq doğurduğunu gördüm. Əslində, mən bunun əleyhinə deyiləm, ata da heç vaxt bunun əleyhinə olmayıb. Sadəcə, kimə müsahibə verirsən? Nə barədə danışırsan? Bu, bizim üçün həmişə çox əhəmiyyətli olub. Yəni danışmaq xətrinə danışmaq yox, söylədiklərinin mənası, insanlar üçün maraqlı olması baxımından danışırsansa nə mən, nə qardaşım, nə də anam bunun əleyhinəyik.  

- Hələ orta məktəbdə oxuyanda Fuad Poladovu televiziya tamaşalarından, filmlərdən xoşlayırdım. Tale elə gətirdi ki, jurnalist kimi çalışanda müsahibə üçün zəng etdim. İşinin çoxluğunu, vaxtının azlığını nəzakətlə bəhanə etdi, “sonra zəngləşərik” dedi. Tanıyanlar da deyirdi ki, o bir az qapalı, kaprizli adamdır, müsahibə verməyi sevmir. Bunun xüsusi bir səbəbi vardımı, ya xarakteri elə idi?

- Xüsusi səbəbini bilmirəm, amma sizin dediklərinizin şahidi olmuşam. Doğrudan da, ata çox nəzakətli insan idi, xüsusilə qadınlara qarşı. Ona zəng edəndə, hər hansı təklifi kobudluqla rədd etməzdi. Həmişə “işlər çoxdur”, “çəkilişlər var, sonraya qalsın” deyərdi. Bilmirəm, bəlkə də o zaman çəkilişlər vardı, amma mən hiss edirdim ki, müsahibə verməyi sevmir. Məncə, çox adamlar bunu təsdiq edərlər. Fikirləşmirəm ki, bu, kaprizli olmağın, ya özünü əlçatmaz göstərmək istəməyinin əlaməti idi. Onun hər bir addımının arxasında öz fikirləri, düşüncələri vardı. Yəqin ki, mütləq bunun bir səbəbi vardı. Mən bunu bilməyəcəyəm, amma bir ifadəsi yadıma düşərdi: adam eyni şeyi nə qədər danışar? Yəni belə bir fikir onun ağlından keçərdi: “Mənim deməyə sözüm olanda müsahibə verməyə həmişə açığam”. Bəlkə doğrudan da dalbadal müsahibə təklifləri gəlirdi və bir müsahibədən sonra digər müsahibə ona maraqlı görünmürdü. Və yaxud “sonuncu müsahibəni verəndən sonra mənim karyeramda və yaxud həyatımda nələr baş verib ki, bunları cəmiyyətlə bölüşmək istəyim?” fikirləri ürəyindən keçə bilərdi. Yəqin içində eyni suallara cavab vermək qorxusu vardı. Eyni şeyləri bölüşmək ona bir az mənasız gələ bilərdi. O elə bir insan idi ki, hər addımını düşünülmüş halda atırdı. Hərdən qıraqdan ona baxanda mənə elə gəlirdi ki, bütün taleyini özü cızıb və həmin ssenari üzərindən  gedir. 

“Rolları haqqında danışmağı xoşlamırdı” 

- Sonuncu dəfə “Azdrama”nın səhnəsində Fuad Poladovun baş rolda oynadığı “Şah Qacar” tamaşasına baxmışdım. Hətta həmin tamaşaya baxmağa, daha dəqiq desəm, məhz ona baxmağa bir neçə dəfə getdim. Zahiri amiranəliyi rolunu necə də tamamlayırdı. Özü nə deyirdi bu rol haqda? 

- Proaktiv olaraq rolları haqqında danışmağı xoşlamırdı. Hətta tamaşadan sonra evə gələndə, hamımız eyni vaxta gəlsəydik belə, çox vaxt susardı. Qardaşım Ağarəhim onu tənqid etməyi xoşlayırdı. Ancaq hiss edirdim ki, bu söhbətlər atanın xoşuna gəlir. 

Şah Qacar rolunu mən də çox sevirəm. O tamaşaya bir neçə dəfə baxmışam. Yaxşı ki, həmin tamaşa mənim bir az böyüdüyüm vaxtlara təsadüf etdi. Onun çox rollarını uşaq kimi izləmişəm, kiçik olmuşam. Hamleti oynayanda beşinci sinifdə oxuyurdum. Napoleonu oynayanda da kiçik idim. O tamaşalara bir az daha anlayan, daha duyan vaxtlarda baxsaydım, təbii ki, başqa cür təsir göstərərdi. Atamın oynadığı tamaşalarda monoloqlarını daha çox xoşlayırdım. “Şah Qaçar”da çox təsirli monoloqlar vardı. Məncə, onun ən böyük bacarıqlarından biri də monoloq vasitəsilə tamaşaçılara təsir etmək, oynadığı qəhrəmanı hərtərəfli göstərmək idi. Monoloqların birində həm nəhəngliyini, həm qorxusunu və cılızlığını necə göstərmişdisə, mənə çox təsir etmişdi. Atamın oynadığı premyeralara gedirdik. Sonra da dost və yaxınlarımızla birlikdə həmin tamaşalara baxmağı xoşlayırdıq. 

- Heç rejissorların təklif etdiyi rollardan imtina etməsi olurdumu?

- Bildiyimə görə, dəfələrlə olub... Detallarını bilməsəm də və yaxud yadımda qalmasa da, bilirəm ki, olub. Çünki pyesi qabaqcadan diqqətlə oxuyurdu. Heç vaxt gözübağlı nəyəsə razılıq verməzdi.

- Vaxtilə rol aldığı, ölümündən sonra dublyorunun oynadığı bir tamaşaya heç getdinizmi?

- Yox (başını bulayır -T.M).

- Sənətşünaslar da deyir ki, Fuad Poladovun  təsadüfi rolları yox idi - həm kinoda, həm də teatrda. Sizcə, ona daha çox hansı yaxın idi - kino, yoxsa teatr?

 - Birmənalı olaraq: teatr! İnanmıram, bu sualla bağlı anam və ya qardaşım başqa fikir bölüşsünlər. Kinoya çəkilən vaxtı bəlkə heç biz bilməzdik ki, hansı filmə çəkilir. Yalnız film nümayiş olunanda xəbər tutardıq. Amma teatrda tamaşa olanda biz həmişə bilirdik. Onun əhvalı, hazırlaşmağı, rolunu mənimsəməyi, teatra olan sevgisi - bunu ailə olaraq həmişə aydın hiss edirdik. 

- Yadıma “Atayevlər ailəsi” teletamaşası düşür. O tamaşadakı rolu mənfi obraz idi, amma necə sevilirdi...

- Atamı ən çox tanıdan tamaşalardan biri idi. Düzdür, o tamaşada mənfi rola çəkilmişdi, amma eyni anda ona qarşı həm sevgi, həm də nifrət hissləri yaşayırdın. O qarışıq hissləri tamaşaçıda yaratmaq hər aktyorun işi deyil.

“Özü ilə vaxt keçirməyi sevən insan idi” 

- Fuad Poladov unikal aktyor idi. Bunu şərh etməyə heç ehtiyac da yoxdur. Amma şəxsi həyatında necə bir adam, ailədə necə bir insan olması çoxuna maraqlıdır...

- Hamı deyir ki, qapalı idi. Əslində elə idi. Çox danışan, çox bölüşən insan deyildi. Məncə, o, özü ilə vaxt keçirməyi sevən insan idi. Öz fikirləri, düşüncələri ilə baş-başa qalmağı xoşlayırdı. Onun sənət həyatı o qədər zəngin idi ki, hətta şəxsi həyatında da bu barədə fikirləşməklə məşğul olurdu. Böyük rollarına  hazırlaşması da onun həyatının mühüm bir hissəsi idi. Uşaq olanda görürdüm ki, ata üzünü qırxır, amma öz-özünə danışır, hansısa jestlər edir, balkonda nəsə bir həyat yaşanır. Bilirdim ki, rolunu məşq edir. Yəni sənət evin içində də həyatının bir hissəsi idi. Fiziki olaraq evdə olmağı çox xoşlayırdı. Evdə olanda ünsiyyətdə çox olmaya bilərdi, amma evinə çox bağlı idi. Bizim yaşadığımız evləri çox sevirdi. Axşam vaxtında evə gəlməyi xoşlayırdı. Ən sevdiyi otaq mətbəx idi. Orda oturub çay içərdi, balaca televizoru vardı, ona baxardı, bizlə söhbət edərdi. Onu qapalı - daha çox öz aləmində, səssiz kimi təsvir edərdim, amma içində bir dünya vardı. O dünyanın içində nələr yaşayırdı- bunu bir Allah bilir. Uşaqlarına çox bağlı idi. Çox yaxşı ata olub. İndiki müasir ailələrdən bir az fərqli idi. Deyə bilmərəm ki, bizimlə saatlarla söhbət edirdi, oyun oynayırdı, amma bizim həyatımızda baş verənlər onu çox narahat edirdi. Çox ailəcanlı idi. Biz xəstələnəndə ağlı başından çıxırdı. Sağlamlığımıza qarşı çox həssas idi. Onun bizim hər şeyimizin olması uçun çalışmağı aydın görünürdü. Biz kiçik olanda bunun dəyərini bəlkə o qədər də sezə bilmirdik. Yetkinlik yaşına çatanda görürdük ki, çalışıb vuruşur ki, bizim təhsilimiz olsun, həyatda nəsə etməyə şansımız yaransın.  

“Anam həmişə çalışırdı ki, nə qədər bacarırsa, atama dəstək olsun”

- Yeri gəlmişkən, tanınmış və sevilən bir insanın qadını olmaq da asan məsələ deyil. Bunun bir fəxr tərəfi ilə yanaşı, qısqanclıq tərəfi də olur. Ananız bunu hiss etdirirdimi? 

- Maraqlı sualdır, amma bu suala anam cavab versəydi daha yaxşı olardı... Onlar qısqanclıq tərəfini bizə hiss etdirməyiblər. Yəqin ki, uşaq olduğumuz üçün düz də ediblər. Məncə, bu, anam tərəfindən böyük bir qayğı, böyük bir anlayış olub. Qadın tərəfindən bu anlayışı və dəstəyi görmək atam üçün çox vacib idi. Bilirdi ki, evə qayıdanda onu qayğı, anlayışla gözləyirlər. Əlbəttə, bu, anamdan qurbanlar tələb elədi. Anam işləmirdi, evdar xanım idi. Bu, atamın böyük istəyi idi ki, uşaqları bağçaya getməsin, məktəbə qədər evdə tərbiyə alsınlar, ev yeməyi yesinlər. Anam həmişə çalışırdı ki, nə qədər bacarırsa atama dəstək olsun. Çünki bilirdi ki, o, böyük bir missiya daşıyır.

- Orta məktəbdə və ya institutda oxuyanda ətrafında Fuad Poladovun qızı olduğunu bilirdilər. Münasibət necə, dəyişirdi?

- Mənim yaşıdlarım arasında atam çox da tanınmırdı. Onu daha çox yaşlı və orta nəsil tanıyırdı. Hətta həyat yoldaşım belə, atamın tanınmış aktyor olduğunu bilmirdi. Yalnız valideynlərindən soruşandan sonra xəbər tutmuşdu. Düşünsəm ki, həyatda Fuad Poladovun qızı olmaq bizə nə verib, ağlıma çox aydın olaraq gələn bir söz var: məsuliyyət. Mənim atamın övladı olmaq özü-özlüyündə məsuliyyət idi. Həmçinin fəxr hissi - bunlar yanbayan gedirdi. Onun nüfuzunu nəzərə almaq, müəyyənləşdirdiyi standartlara uyğun hərəkət etmək bir məsuliyyət idi. Bizdə həmişə belə bir hiss vardı ki, həyatda onun uşaqları olduğumuza görə nəyəsə nail olmayaq, yalnız öz bilik və bacarıqlarımıza görə seçilək. Həmişə çalışırdıq ki, Fuad Poladovun övladı olduğumuzu gizlədək. Biləndə də istəmirdik ki, buna görə bizə hansısa hörmət olunsun. Biz onun yolunu layiqli davam etdirmək istəyirdik. İstəyirdik ki, heç kəs Fuad Poladovun övladları haqqında pis fikir eşitməsin.

“Yol gedərkən sanki ətrafda heç kəsi görmürdü”

- Heç keçmişindən danışırdımı? Onun uşaqlığı haqqında haradan bilirdiniz?

- Müsahibələrdən... Onun haqqında bir çox məlumatı müsahibələrdən almışam. İsmayıllıda uşaq vaxtı nənəsinin yanına necə getməsi haqqında oxumuşdum. Mən də oxuyandan sonra ona suallar verirdim. Oxumuşdum ki, uşaqlıqda xəngəli çox xoşlayıb. Mən də başa düşdüm ki, xəngəli niyə xoşlayıram. Ümumiyyətlə, bizdən əvvəl olan həyatı barədə çox az danışırdı.  

- Ev işləri ilə necə, məşğul olurdu?

- Yox, ancaq çay dəmləyirdi. Məncə, bu ondan irəli gəlirdi ki, o, öz dəmlədiyi çayı çox sevirdi. Başqa gördüyü işi görməmişəm, ancaq hərdən nümayişkaranə şəkildə yerdən hansısa qırıntını və ya tozu qaldıra bilərdi ki, nəsə tapıb (gülür - T.M.). 

- Sənət dostları ilə münasibəti necə idi? Evinizə qonaq gələnlər olurdumu?    

- Evimizə heç vaxt heç bir sənət dostu gəlməyib. Ümumiyyətlə, evimizdə böyük qonaqlıqlar olmurdu, bu, yalnız ad günlərimizdə baş verərdi. Bir-iki yaxın dostu vardı, bir də qohumlar yığışardı. Aktyorlar, rejissorlar evimizə gəlmirdi. Mən onları ata rəhmətə gedəndən sonra evimizdə gördüm. Atamın yeddi və qırx mərasimində onlarla ünsiyyətdə olmaq, onun haqqında danışdıqlarına qulaq asmaq maraqlı idi. Çünki atanın evdən kənar həyatı, həmkarları ilə ünsiyyəti, yığıncaqlarda cavanlığı haqqında söhbətləri barədə heç nə bilmirdik, həmişə kənardan eşidirdik. 

- Şöhrəti necə yaşayırdı? Yəqin ki, küçədə ona yaxınlaşanlar olurdu...

- Çox olurdu... Yaxınlaşırdılar, sənəti, tamaşaları haqqında fikir bildirirdilər, ya da başlarını yelləyir, sadəcə gülümsəyirdilər. Maraqlısı odur ki, buna daha çox biz fikir verirdik, nəinki özü. Ancaq kimsə ayaq saxlayıb yaxınlaşanda, ona xoş olurdu, danışırdı, gülümsəyirdi. Piyada gəzməyi çox xoşlayırdı, ya da metro ilə hərəkət edirdi. Yol gedərkən sanki ətrafda heç kəsi görmürdü, öz dünyasında olurdu. Ona görə Aygün Aslanlının kitabının adı çox yerində seçilib: “Skafandrlı adam”. Yəni atam bayırda gedəndə tamamilə bir skafandrın içində idi. Kosmosda olan kimi yolda öz skafandrında davam edirdi. Bir neçə dəfə gülməli hal olub ki, atamla yolda rastlaşanda bizi də görməyib, yanımızdan keçib. Biz üz-üzə gəlib ona salam vermişik (gülür - T.M.). Bu, çox zarafatlara səbəb olub. Ona görə biz bunu artıq normal qarşılayırdıq. 

“Xəstəlik onun ən həssas yerini vurmuşdu” 

- Sizin sənət seçiminizə qarışırdımı?

- Sənət seçimimizlə bağlı hər hansı fikir bölüşmürdü. Sadəcə, bizim təhsilli olmağımızın tərəfdarı idi. “Təhsiliniz olsa, sonra hansı peşə ilə məşğul olsanız, bu, öz seçiminizdir” deyirdi. Bizim uğurlarımızla fəxr edirdi, sevinirdi. Mən universitetə daxil olanda iqtisadi sahəni seçmişdim. İndi isə insan resursları departamentində işləyirəm. bp-də tələbələr üçün yay təcrübəsi proqramına qoşuldum. O vaxt insan resursları ölkəmizdə böyük bir sahə deyildi. Özümü sınamaq istədim. Testləri keçdim və şirkətdə iki aylıq işə düzəldim. Orada təcrübə keçəndə atamın qoltuğuna qarpız sığmırdı. Evə ilk dəfə maaş gətirəndə yadımdadır ki, çox fəxr edirdi. Sonra da ora işə düzəldim və bu gün də davam edirəm. Həyat yoldaşım da orada işləyir, qazma mühəndisidir.

- Bilirəm ki, bu sual ağrılıdır: xəstə olanda optimizmini qoruyub saxlaya bilirdimi? 

- Təəssüf ki, yox... Optimizmini qoruya bilmədi. Bizim ailə üçün ən ağrılı olanı da bu idi ki, xəstəlik onun ən həssas yerini vurmuşdu: atam xəstə olan kimi səsini itirdi. Bir aktyor üçün səsini itirmək onun karyerası üçün son deməkdir. Diaqnozu bilənə qədər səsinin qayıdacağına ümidi vardı. Amma biləndən sonra aydın oldu ki, səs qayıtmayacaq. Xəstəlik onun sənətinə dərhal təsir etməsəydi, bu bir il bəlkə də başqa cür keçərdi. Ona görə həm onun üçün, həm bizim üçün çox çətin bir il oldu...  

“Gəl, Humaya bax, gör necə qızdır” 

- Yəqin ona məktublar da yazırdılar?

- Yazırdılar... Rəhmətə gedəndən sonra bizi Rus Dram Teatrına - onun qrim otağına dəvət etdilər. Orada atamın pərəstişkarlarından çoxlu məktublar və fotolar vardı. Biz onların hamısını Teatr Muzeyinə verdik. Əşyalarından isə hərəmiz özümüzə nəsə saxlamışıq. 

- Ən çox sizə dediyi hansı sözü yadınızda qalıb?

- Mənə “qızım-duzum” deyirdi. Qardaşım da əsəbiləşirdi: yox bir, istiotum. Qısqanclıq elementləri vardı (gülür - T.M.). Atamla bizim böyük bağlılığımız vardı. 

- Həyat indi atanızın yoxluğunu sizə necə hiss etdirir? 

- İndi onun yoxluğunu çox aydın hiss edirəm. Hətta o hissin mənə ilk dəfə gəlməsi də aydın yadımdadır. O günü heç vaxt unutmayacağam: onda ata sağ idi, amma xəstəliyinin ən ağır vaxtlarını yaşayırdı. Mən də pnevmoniya oldum, hospitala düşdüm. Həmişə xəstələnəndə, həkimin yanında birinci atam olurdu, sonra mən gəlirdim. Mənə qədər o, hər şeyi həll edirdi. Gəlirdim və bilirdim ki, mənə ən yaxşı qayğı göstəriləcək və xəstəlikdən qorxmurdum. O gün mən xəstəxanaya gəldim, yoldaşım evdə idi, bilirdim ki, uşağa baxacaq. Amma atam artıq çölə çıxacaq vəziyyətdə deyildi. Özümü orada çox gücsüz və yalnız hiss etdim. İlk dəfə atasız qaldığımı orada, hələ atam sağ olanda hiss etdim.  

- Bu gün atanız sizi eşitsəydi, ona nə deyərdiniz?

- Çox sadə, bəsit bir şeydir: o, mənim oğlumu gördü. Oğlumun iki yaşı olanda rəhmətə getdi, amma qızımı görmədi. İndi oğlumun doqquz, qızımın beş yaşı var.  Deyərdim ki, “gəl, Humaya bax, gör necə qızdır” (ağlayır - T.M.). 

- Fuad Poladovun doğum gününü adətən necə qeyd edirsiniz? 

- Mən şəxsən atamın ölüm gününü (4 may) qeyd etməyin tərəfdarı deyiləm və qeyd etmirəm. Anamla qardaşım qəbir üstünə gedirlər. Mən isə çox nadir hallarda gedirəm. Mən adətən ad günlərini - mayın 24-ünü qeyd etməyi xoşlayıram. Ata sağ olanda həmin gün zənglər dayanmırdı. Həmin gün ata çox şad olurdu. Ya da ailə daxilində - mən, anam, yoldaşım və uşaqlar yığışırıq. Keçən il arzum idi - atamın sevdiyi insanları - bibimi, əmisi oğlunun və qardaşı oğlunun ailəsini bağımızda başıma yığmışdım. Həmin gün gülüb danışaraq atamın doğum gününü qeyd elədik...

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər