XX əsrin adamı, XXI əsrin qonağı - Fotolar
"Bakı şəhəri vaxtılə məni xilas edib.
Bunu heç vaxt unutmaram. Həyatımın müəyyən dövründə heç bir kinostudiyada mənə
rol vermək istəmirdilər. Belə bir vaxtda məni işlə təmin edən yeganə
kinostudiya "Azərbaycanfilm” oldu. Bu kinostudiyada çəkildiyim ilk ekran əsəri
"Dərviş Parisi partladır” filmi oldu”. 84 yaşında dünyasını dəyişən məşhur rus
və sovet aktyoru Sergey Yurski bu sözləri bütün müsahibələrində xatırlayırdı.
O, artıq azərbaycanlılar üçün doğma aktyora çevrilmişdi. "Dərviş Parisi
partladır” filmi onu bütün ittifaqda tanıtdı. Səmimi yumorla dolu film bütün ittifaqda
tamaşaçıların rəğbətini qazandı. Ən xoşa gələn cəhət o idi ki, həmin film
Azərbaycan dilinə dublyaj ediləndə S.Yurski öz qəhrəmanının rolunu özü
səsləndirib. O, fransız ləhcəsi ilə Azərbaycan dilində yaxşı danışırdı. Bu
filmin uğurundan sonra "Azərbaycanfilm” qapılarını bu istedadlı və səmimi
aktyorun üzünə taybatay açdı: "Qorxma, mən səninləyəm”, "Günlərin bir günü” (1976, epizod), "Şir evdən getdi” (1977, ovçu),
"Bir ailəlik bağ evi” (pristav), "Qara qağayı” filmlərində aktyora rollar
verildi. O, həmçinin Azərbaycanın şəhərlərində qastrol səfərlərində,
tamaşalarda, solo konsertlərdə iştirak edirdi. Aktyor teatr truppasının
tərkibində ümummilli lider Heydər Əliyevin qəbulunda da olmuşdu. Sergey Yurski
həmin görüşü həmişə səmimiyyətlə xatırlayırdı.
Qadağalara
məruz qalanda
Sergey Yurski maraqlı və çətin
keçən həyat yaşayıb. Leninqrad (indikiSankt-Peterburq) şəhərində anadan
olan Sergeyin atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası
Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində
Sergeyin atasının idi. Onların əsl soyadı Jixaryovdur.Uşaq yaşlarında
incəsənətə sevgisi olan Sergeyi valideynləri bu həvəsindən çəkindirməyə
çalışıblar.
O, valideynlərinin təsiri ilə A.Jdanov adına Leninqrad Dövlət Universitetinin
hüquq fakültəsində təhsil alır. Gələcək aktyor həmçinin universitetin dram
dərnəyində də məşğul olmağa vaxt tapır.Universitet səhnəsində hazırlanan
tamaşalarda Sergeyə bir-birinin ardınca müxtəlif rollar verilirdi.Nəticədə,
o, bu ali məktəbdəki təhsilini yarımçıq qoyur. Tez-tez teatr dərnəklərinə gedən
Sergey bu sənətdən ayrı qala bilməyəcəyini başa düşür. Sergey 3-cü kursda hüquq
fakültəsini tərk edərək Ostrovski adına Leninqrad Teatr İnstitutuna daxil olur.
1959-cu ildə isə bu ali məktəbi bitirir.
Elə gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayır və
tezliklə də tamaşaçılar tərəfindən tanınır.
O, 1957-ci ildən 1979-cu ilədək Leninqraddakı Maksim Qorki adına Böyük Dram
Teatrının aktyoru olub. Burada çalışdığı zaman aktyor bəzi qadağalara məruz
qalıb. Məşhur dissident Aleksandr Soljenitsenlə dostluq etməsi ona baha başa
gəlib. Nəticədə SSRİ Mədəniyyət Nazirliyi Sergey Yurskiyə bir müddət televiziya
ekranlarında görünməyi qadağan edib, rejissorlara isə ona rol verməmək
tapşırılıb.O zaman gənc aktyorun harayına Bakının kino mühiti çatıb.
Qadağalarla üzləşdiyi günləri Yurski beləxatırlayırdı: "Demək
olar,beşil mən bağlı qapılar arxasında yaşadım.Nəhayət,
Moskvaya köçməyi qərara aldım. Moskva teatrında məni vəxanımım Natalya
Tenyakovanı qəbul edirdilər, ancaq sonra nazirlik səviyyəsində deyirdilər: «Belə
fikir var ki, sizin gəlişiniz arzuolunmazdır.Yəqin ki, hər şeyi başa
düşürsüz».Bu münasibətdən sonra Yurski ona əziz olan rolları və
tamaşaları buraxıb, birestradaproqramı hazırlayır.Bir qədər
qorxu və risk qarşısında qalan aktyor tək-tənha Maqnitoqrsk, Kamçatka, Çukotka
və Sarapulyevə «səyahətə» çıxır.Babel, Pasternak, Mandelştam, Bunin,
Şukşin və Şekspirin əsərlərindən ibarət proqram hazırlayıb zəhmətkeşlər
qarşısında çıxış edir."Müxtəlif şəhərlərdə olmağıma baxmayaraq, qorxu məni
tərk etmirdi.Mən yalnız səhnədə bu qorxunu unudurdum”- deyə aktyor qeyd dəftərçəsində
yazırdı.
Yurski Leninqrad şəhərini tərk edərək,
Moskvaya köçür və Mossovet adına Teatrda çıxış etməyə başlayır. Bütün
çətinliklərə və maneələrə baxmayaraq, o, Rusiyanın qabaqcıl teatr və kinoxadimlərindən
biri kimi tanına bilir.
Rahatlıq incəsənətdə ziyanlı şeydir
Aktyor özünü 20-ci əsrin adamı və 21-ci əsrin
qonağı adlandırırdı. "Keçmişə qayıtmaq istərdinizmi?” sualına belə cavab
verirdi: "Sosializm qurtarıb. Bizdə
kapitalizm var və onu müzakirə etmək lazımdır. Biz elə bil ki, həmişə keçid
dövründə yaşayırıq. Siz məndən soruşa bilərsiniz ki, mən nə vaxt daha rahat
yaşamışam? Rahatlıq incəsənətdə insan üçün ən ziyanlı şeydir. Rahatlıq – bu o
deməkdir ki, sən incəsənətlə yox, alverlə məşğulsan. Məsələn, sözün daha dəqiq
mənasında özünlə alverlə. Necə etmək lazımdır ki, daha çox az qüvvə sərf
etməklə iş görəsən? İncəsənət hazırda həqiqətin axtarışı adlanır. Ancaq indi
ticarət münasibətləri incəsənətə də gəlib. Bu gün zalları fasiləsiz doldurmağa
ehtiyac yaranıb”. Baxmayaraq ki, aktyorun öz tamaşaçısı vardı, səhnəsinə
çıxdığı və ya tamaşasına quruluş verdiyi teatrların salonu boş olmurdu, onun
işində sovet dövrü incəsənətinin nostaljisi yaşayırdı: "Mən bu yaxınlarda doğma Piter teatrının Moskvada
qastrol tamaşasına baxdım. Köhnə dostlarım Oleq Basilaşvilini və Alisa
Frendlixi gördüm. Mənim düşüncəmdə əsil teatr bu idi. Ancaq bu, elə Piter
teatrının özündə də çox nadir hallarda baş verir. Bu cür hərəkətlər insanı
ovsunlayır. Mən yalnız belə teatrla yaşayıram, yalnız belə teatrla məşğul
oluram və yalnız belə teatrı qiymətləndirirəm”.
Sergey Yurskiaktyor olmaqla
yanaşı, həm də rejissor və ssenarist idi. O, ömrünün axırına qədər Mossovet
adına Teatrı ilə yanaşı, həm də Çexov adına Moskva Akademik Teatrı və "Müasir
pyes məktəbi”ndə çalışırdı.Bir sıra teatr tamaşasının
rejissoru idi.
Rusiyanın
Xalq artistinin ölümü sənətsevərləri xeyli məyus edib. Hələ keçən ilin
sonlarında onun xəstəxanada yerləşdirilməsi haqqında məlumatlar yayılmışdı.
"Onun əsas
xüsusiyyəti - unikallıq idi. Bu xüsusiyyətinə görə o, bəzən əziyyət çəkirdi, amma
bəzən də elə bu unikallığına görə xalqın sevimlisi idi. Yurskinin teatrda da,
kinoda da öz taleyi vardı. Onun filmoqrafiyasında təsadüfi rollar tapmaq
çətindir”- deyə Rusiya mətbuatı sevimli aktyorun ölümünə həsr edilən məqalələrdə
yazır: "Onun konsertləri xüsusi hadisə idi. Rejissoru, aktyoru, müəllifi olduğu
və özünü oynadığı "Bir aktyorun teatrı”. O səhnəyə çıxanda insanların üzündə
yaranan maraq və sevgini görmək lazım idi”.
"Sizdə bu gün
üçün nəsə yaratmaq arzusu baş qaldırmırmı?” sualına aktyor belə cavab verirdi:
"Bu arzu təkcə məndə baş qaldırmır. Mən hərdən yüngül vodevillər qoyduğuna görə
çalışdığım teatrı və başqa teatrları qınayıram. Bunlar xırda şeylərdir,
insanları yalnız əyləndirir. Əxlaqa sığmayan bu qəbil tamaşaları səhnədə görmək
insana əzab verir. Bəlkə də bütün bunlara hazırda heç birimizdə olmayan boş
vaxtlarda baxmaq olar. Mən indi nə etmək istərdim? Zarafatlaşmaq. Ona görə ki,
ətrafda bu qədər mənfiliklərin olduğu vaxtda ciddiliklə dərs keçmək mənasız
işdir. Yeganə çarə bütün bunları zarafatla əvəzləməkdir. Bu ruhda çoxlu
hekayələr yazmışam”.
Sovet
kinosunun "Görüş yerini dəyişmək olmaz”, Məhəbbət və göyərçinlər”, "Qızıl
buzov”, "Əlibaba və qırx quldur”, "ŞKİD Respublikası”, "Müdaxilə” və s. filmlərinin
sevilən aktyoru həm də hökumətə qarşı sərt fikirləri ilə tanınırdı. İnsanlar onu asılı olmayan adam kimi
sevirdilər. "Siz ölkəyə aid həqiqətləri deməkdən çəkinmirsiniz. Bu, həyatınıza
mane olmurmu”- deyə maraqlanan jurnalistlərə aktyor belə cavab verirdi: "Televizorda bəzən dəhşətli şeylər göstərirlər: Ac
ailələr, insanlıqdan uzaq şəraitdə yaşayan adamlar. Hələ üstəlik müzakirələr
gedir ki, onlara kömək etmək lazımdır, yoxsa yox? Müəllimlərin maaşına 15 faiz
əlavə etmək lazımdır, yoxsa yox? İnsanlar həmişə alçalma şəraitində yaşayırlar.
Analıq kapitalı – bu, yalan söhbətdir: «Pulu filan şeyə xərcləməyin, boş yerə
məsrəf etməyin». Kömək etmək istəyirsinizsə, bu pulu verin, qurtarsın getsin.
Mənim ailəmdə ikinci uşaq var. Biz analıq kapitalı olmadan da bütün zəhmətkeş
insanlar kimi yaşaya bilirik. Amma təhqiredici odur ki, kapital var, sənsə ona
çata bilmirsən. Bax bu, pulun "qələbəsi”dir. Biri az pul ödəmək üçün özünə
çoxlu kölə istəyir. Amma digəri isə özünün qalan həyatını sığorta etməyə
çalışır. Bunlar həqiqətdir. Mən də bunları deməkdən çəkinmirəm. Nədən
qorxacağam? Məni həbsxanaya salacaqlar?”
Sergey Yurski
iki dəfə ailə həyatı qurub. 1961-ci ildə Zinaida Şarko adlı aktrisa ilə evlənən
aktyor bu xanımla cəmi 7 il birgə yaşayıb. İkinci həyat yoldaşı da aktrisa
olub.
"Həyat gözəldirmi?” sualı üçün aktyorun optimist cavabı vardı: "Çox
gözəldir. Mən həyatın gözəllikləri haqqında keçmiş zamanda danışmağı sevmirəm.
Çünki bu gün yaşadığımız hər dəqiqə də keçmişə dönəcək...”
Təranə
Məhərrəmova