• şənbə, 27 Aprel, 09:06
  • Baku Bakı 12°C

Xüsusi tarixi missiya - FOTOLAR

04.09.21 09:30 730
Xüsusi tarixi missiya - FOTOLAR
Tezliklə işğaldan azad edilmiş torpaqlarımız gözəl məkana çevriləcək, soydaşlarımız ata-baba yurdlarına qayıdacaq, Qarabağ xoşbəxtlik və firavanlıq diyarı olacaq
Azərbaycan işğaldan azad olunmuş ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsini həyata keçirməklə paralel olaraq genişmiqyaslı bərpa, quruculuq işlərinə də start verib. Yüzlərlə kilometr uzunluğunda yeni yolların, o cümlədən hərbi təyinatlı layihələrin icrası sürətlə gedir. Bu günə qədər Zəngilanın Ağalı kəndində "ağıllı kənd” layihəsinin də icrasına başlanılıb, Ağdam şəhərinin yeni hazırlanmış baş planına uyğun olaraq müvafiq addımlar atılıb. Zəngilan və Laçında beynəlxalq aeroportların təməli qoyulub. Füzulidə inşa edilən yeni hava limanı isə tamamlanmaq üzrədir. Prezident İlham Əliyevin avqustun 29-da Şuşaya səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda görülən işlərlə tanış olması onu deməyə əsas verir ki, iki-üç hərəkət zolaqlı, 101 kilometr uzunluğu olan bu yol da yaxın vaxtlarda tam istifadəyə veriləcək.

Azərbaycanın Mədəniyyət Paytaxtı
Xüsusilə qeyd etmək yerinə düşər ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Şuşada işlər daha sürətlə gedir. İndiyə qədər bu qədim şəhərimizdəki bir sıra obyektlərdə, o cümlədən məscidlərdə təmir-bərpa işləri aparılıb, "Xarı-bülbül Oteli”nin açılışı olub. Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilən Şuşada Xarı Bülbül Musiqi festivalı keçirilib. Prezident İlham Əliyevin budəfəki Şuşa səfərində "Qarabağ” otelinin açılışı olub, Şuşadakı Xüsusi Nümayəndəliyin yerləşəcəyi inzibati binanın, bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpasına başlanılıb. Eyni zamanda Molla Pənah Vaqifin muzey-məqbərəsinin və büstünün, Xalq artisti Bülbülün ev-muzeyinin, bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub. Şuşa şəhərinin baş planı təqdim edilməklə bərabər, yeni otel və konfrans mərkəzinin, 3, 4 və 5 mərtəbəli yaşayış binalarından ibarət olacaq ilk məhəllənin təməlqoyma mərasimləri olub. Elə həmin gün Şuşa şəhərində Vaqif Poeziya Günü, Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri keçirilib.

Milli maraqların qətiyyətli müdafiəçisi
Bütün bu sadalananlar bir daha onu deməyə əsas verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyü məsələsində prinsipiallıq nümayiş etdirir, tarixi torpaqlarımızın hər qarışı uğrunda mübarizə aparır, doğma yurd yerlərimizin yenidən dirçəlməsinə, Böyük Qayıdışa bütün resursları səfərbər edir. Dünyanın güc mərkəzlərinin, erməni havadarı qismində çıxış edən böyük dövlətlərin təzyiq və təsir siyasətinə əhəmiyyət verməyən Azərbaycan Prezidenti yalnız xalqın iradəsinə söykənərək milli-dövlətçilik maraqlarını qətiyyətlə müdafiə edir. Ölkə rəhbərinin Şuşaya və işğaldan azad olunan digər ərazilərə səfərləri çərçivəsində istifadəyə verilən, yaxud təməli qoyulan obyektlər, böyük ruh yüksəkliyi ilə icra edilən layihələr Azərbaycanın öz yolundan dönməyəcəyinə dair dünyaya verilən mesajdır.

Onların başqa çıxış yolu yoxdur
Eyni zamanda bu addımlar, həmçinin Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar iqtisadi tənəzzül yaşayan, xaricdəki diaspor təşkilatların girovuna çevrilən Ermənistana, Qarabağ ermənilərinə də açıq mesajlar verir. Haqq yolundan sapmış ermənilər ya kasıb Ermənistanın, xaricdəki bəzi təşkilatların əlində alətə çevrilməyə davam edərək, heç bir hüquqi status daşımadan, bir qarın ac, bir qarın tox şəkildə, it damına bənzər şəraitdə yaşamağa davam etməlidirlər, ya da Azərbaycan vətəndaşlığını, dövlətimizin qayda-qanunlarını qəbul etməklə bu ərazilərdə normal həyat tərzi keçirməli, hamı ilə normal münasibət qurmalıdırlar. Onların başqa çıxış yolu yoxdur.

Mədəni inkişafda da yeni dövr
Milli Məclisin deputatı Müşfiq Cəfərovmövzu ilə bağlı "Kaspi” qəzetinə bildirib ki, dövlət başçısı işğal edilmiş ərazilərin bərpası, yenidən qurulması ilə bağlı bütün ideya və planların sürətlə reallaşdırılmasını tam nəzarətində saxlayır. Millət vəkilinin sözlərinə görə, Ali Baş Komandan qətiyyəti və yenilməz sərkərdə əzmi ilə Müzəffər Ordumuzun gücünə, xalq-iqtidar birliyinə söykənərək düşməni necə məğlub edibsə, o cür də yenilməz ruhla işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinə, yüksək texnologiyaların tətbiqinə başlayıb: "İndi hər kəs həmin ərazilərdə bərpa-quruculuq işlərinin birinci mərhələsinin necə geniş və əhatəli şəkildə vüsət almasına şahidlik edir. Azərbaycan üçün azad edilmiş ərazilərin dirçəldilməsi xüsusi tarixi bir missiyadır. Torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında da yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın əyani sübutudur. Müharibədən sonra Qarabağda aparılan tikinti-abadlıq işləri göz önündədir. Şuşanın yenidən qurulması, Kəlbəcərə çəkilən elektrik xətti, Füzulidə Hava Limanı və bu kimi digər işlər cəmi 9 aya görülüb”.

Xoşbəxtlik və firavanlıq diyarı
Deputat qeyd edib ki, ölkə başçısının Qarabağa hər səfəri yeni layihələrin reallaşması ilə yadda qalır: "Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış” istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Düşünürəm ki, tezliklə işğaldan azad edilmiş torpaqlarımız gözəl məkana çevriləcək, soydaşlarımız ata-baba yurdlarına qayıdacaq, Qarabağ xoşbəxtlik və firavanlıq diyarı olacaq”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər