“Xoşbəxt gələcəyə olan ümidlər ilk növbədə gənclərə bağlıdır” - Fotolar

“Xoşbəxt gələcəyə olan ümidlər ilk növbədə gənclərə bağlıdır” - Fotolar

Müsahibə
05 Avqust 2019, 15:30 14197
Avropa İttifaqının Statistika Xidməti – "Eurostat”ın son hesabatına görə, Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin ən çox olduğu ölkədir. Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir. Gənc nəslin daha çox olduğu ölkələr arasında həmçinin Malta (8,4 faiz), Albaniya (8,2 faiz) və İslandiya (8 faiz) yer alıb. 25-29 yaşlı gənclərin ən aşağı faizi İspaniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə gənc nəsil əhalinin 5,4 faizini təşkil edir. Bundan başqa, Almaniyada əhalinin 6,4 faizi, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir. Statistikadan da göründüyü kimi, Azərbaycanda gənclər böyük qüvvədir. Məhz buna görə də Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsini təşkil edir, gənclərə böyük diqqət və qayğı göstərilir. Azərbaycan gəncliyi, onun sayının Avropa ölkələri ilə müqayisədə yüksək faiz təşkil etməsi, bunun üstünlüyü və sair məsələlərlə bağlı "Kaspi” qəzetinin suallarını Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin və Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev cavablandırır.
 
 

"Ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır”

- Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir. Sizcə, gənclər faizinin çox olması bir ölkəyə hansı üstünlüklər qazandırır?
- Avropa İttifaqının statistika agentliyi "Eurostat”ın hesabatına görə Azərbaycan Avropada gənclərin faizinə görə lider ölkə olub. Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir. Hər hansı bir ölkənin xoşbəxt gələcəyə olan ümidləri ilk növbədə gənclərə bağlıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Azərbaycanın da gənclər ölkəsi olması, əhalinin yarıdan çoxunu gənclərin təşkil etməsi qürurverici haldır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycanın qazandığı ən böyük uğurlardan biri də hər cür innovasiyalara açıq, ideyalarla dolu zəngin gənclik potensialına malik olmasıdır. Gündən-günə çiçəklən, inkişaf edən müstəqil Azərbaycanda dövlətin və xalqın gələcəyinə istiqamətlənmiş siyasət və strategiya bu günün gənclərinin qarşısında böyük imkanlar, şəraitlər açıb. Sabahını, parlaq gəcəyini düşünən Azərbaycan dövlətinin gənclər siyasəti ilə bağlı məqsədyönlü fəaliyyət proqramı həmişə olub, indi də var. Bu gün ölkə Başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük, vətənpərvər gənclər ordusu yaranıb. Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclər dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.
 


"Gənclər Azərbaycanın gələcəyidir”

- Avropa ölkələri ilə müqayisədə Azərbaycanda gənclərin faizinin ən çox olması ölkəmiz üçün nə deməkdir?
- Müstəqilliyinin 28 yaşını qeyd edən Azərbaycan kimi bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humantiar həyatında gənclər mühüm rola malik potensial qüvvə kimi mühüm yer tuturlar. Güclü aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, tərəqqi və modernləşmə strategiyasının təməl sütünları deməkdir. 
 
 

"Azərbaycan gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər”

- Say etibarilə çox olan Azərbaycan gəncləri ölkəni inkişaf etdirmək üçün lazım olan bilik və bacarığa malikdirlərmi? 
- Dövlətin və cəmiyyətin birgə fəaliyyət göstərdiyi müstəqil ölkəmizin bütün sahələrində - dövlət strukturlarında, təhsildə, səhiyyədə, orduda, sənayenin, kənd təsərrüfatının bütün sahələrində aparıcı qüvvə kimi gənclər öndə dayanırlar. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər, həyata keçirilən coxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamı kimi uğurla həyata keçirilir. Qürurverici haldır ki, bu günün gəncləri Azərbaycanın ictimai-siyasi  həyatında daim fəallıqları ilə seçilir, öz düşüncə və baxışları ilə  dünyada, ölkədə baş verən hadisələrə münasibətlərini bildirir, cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.
 


"Gənclər nailiyyətləri ilə xalqımızın əsl qürur və iftixarına çevriliblər”

- Gənclərin ölkəmizin inkişafında rolunu necə qiymətləndirirsiniz?
- Bugünkü gənclərin ən böyük xoşbəxtliyi ondadır ki, onlar müstəqil ölkədə yaşayırlar. Müstəqillik Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açdı, onların çoxşaxəli inkişafına, azad və dinamik düşüncə tərzinin formalaşmasına təkan verdi. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Ulu öndər Heydər Əliyev "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…” - deyərək, həmişə gənclərə güvənib,onlara böyük etimad göstərib. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu əvəzsizdir. Gənclik cəmiyyətin aparıcı qüvvəsi olmaqla yanaşı daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşıb. Bu günün gəncləri daha müstəqildirlər, daha bilikli və bacarıqlıdırlar. Azərbaycan gəncləri müxtəlif sahələrdə qazandıqları uğurları ilə ölkəmizi möhtəbər tribunalardan yüksək səviyyədə təmsil edirlər. Onlar siyasi, ictimai, mədəni və idman sahələrindəki nailiyyətləri ilə xalqımızın əsl qürur və iftixarına çevriliblər. Bir gəncin uğuru isə müstəqil Azərbaycan dövlətinin uğuru, bir gəncin güclənməsi, müstəqil Azərbaycanın güclənməsi deməkdir.

Aygün