AZE | RUS | ENG |

Xaricdəki azərbaycanlılar çəkici eyni nöqtəyə vurmalıdır

Xaricdəki azərbaycanlılar çəkici eyni nöqtəyə vurmalıdır
İsveçrədə yaşayan diaspor fəalı Qasım Nəsirov: “Avropalılara bir məlumatı çatdırmaq istəyiriksə, bunu onların düşüncə tərzinə uyğun təqdim etməliyik”

"Hər kəs özünə «Mən xalqım üçün nə etmişəm» sualını verməyi bacarmalıdır. Hər kəs öz fikrini, gücünü Azərbaycanın mədəniyyətini, tarixini yaşadığı ölkədə tanıtmağa yönəltmək haqda düşünməlidir”. İsveçrədə - paytaxt Bern yaxınlığında yaşayan diaspor fəalı Qasım Nəsirov belə deyir. İsveçrə Miqrasiya İdarəsinin İnteqrasiya bölümündə çalışır. İsveçrəli məktəblilərə, gimnaziya və universitet tələbələrinə dərs keçir, həmçinin Polis Akademiyasında, Federal Polis Qurumunda tədrislə məşğuldur. Eyni zamanda, Azərbaycan Mədəniyyət Mərkəzinin prezidentidir. Azərbaycan Diaspor Komitəsi tərəfindən yaradılan Azərbaycanlıların Avropadakı Şurasının İsveçrə üzrə əlaqələndiricisidir. Bakıda olarkən redaksiyamızda qonaq olan Qasım Nəsirov gələcək planlarından da söhbət açdı. 
 
Fərqli təqdimatlar

- Rəhbərlik etdiyiniz Mədəniyyət Mərkəzi İsveçrədə ölkəmizin mədəniyyətinin tanıdılması istiqamətində hansı işləri görür?
- 15 ildir ki, İsveçrədə yaşayıram. Mədəniyyət Mərkəzi 2006-cı ildə rəsmi qeydiyyatdan keçib. Bu mərkəzi yaratmaqda məqsədimiz Azərbaycan mədəniyyətini, musiqisini və Azərbaycan həqiqətlərini İsveçrədə yaşayan insanlara çatdırmaqdır. Bir az da geniş götürsək, məqsədimiz isveçrəlilərə Azərbaycanı daha yaxından tanıtmaqdır. Qoy onlar Azərbaycanın nə qədər qədim və zəngin tarixə malik olduğunu, qədim mədəniyyəti, musiqisi, rəngarəng və çeşidli mətbəxinin olduğunu bilsinlər. Əlbəttə ki, ilk növbədə Qarabağ problemi, Xocalı soyqırımı, 20 Yanvar faciələri haqqında da məlumatlı olsunlar. Həmçinin gələcəkdə bu problemlərin həllində bizə dəstək olsunlar. Bu, bizim əsas məqsədimizdir. 
 
 

- Sirr deyil ki, Qərb cəmiyyəti bir qədər öz qayğıları ilə yaşayan, ilk baxışda başqalarının qayğılarına laqeyd görünən cəmiyyətdir. Belə olan tərzdə, siz Azərbaycanla bağlı məlumatları onlara nə qədər anlada bilirsiniz?
- Düz deyirsiniz, Avropada yaşayan insanlar daha çox öz problemləri və qayğıları ilə məşğuldurlar. Başqa insanları da asanlıqla qəbul etmirlər. Ancaq onlar başqa ölkələrin mədəniyyəti ilə maraqlanmaq istəyirlər. Bu, onlara informasiyanı hansı formada çatdırmaqdan çox asılıdır. Həm də informasiyanın kim tərəfindən verilməsi önəmlidir. Biz İsveçrədə yaşayan azərbaycanlılar, ölkənin gündəlik həyatı, mədəniyyəti, insanları haqqında məlumatlıyıq. Məqsədimiz də odur ki, öz həqiqətlərimizi onlara qəbul etdikləri şəkildə çatdıraq. Bəzən azərbaycanlılar fikirləşir ki, özümüzün başa düşdüyümüz kimi, öz mentalitetimizə uyğun olan informasiyanı versək, o zaman avropalılar qəbul edəcək. Bu, yanlış fikirdir. Çünki avropalıların informasiyanı qəbul etmə və qavrama tərzi başqadır. Bir bilgini onlara anlatmaq üçün onların qəbul etdiyi tərzdə vermək lazımdır. Yəni bu, dil məsələsi deyil, təqdimat məsələsidir. Təqdimatı düzgün qurduğun zaman isveçrəlilər həmin informasiyanı başa düşüb qəbul edirlər. Yox, əgər informasiya düzgün şəkildə onlara təqdim olunmursa, nə qədər əhəmiyyətli olsa belə onlar bunu qəbul etmir və inanmırlar. 
 
Kağız üzərindəki təşkilatlar

- İsveçrədə çoxmu azərbaycanlı yaşayır? 
- Ən son məlumatlara görə, İsveçrədə azərbaycanlıların sayı 2000-ə yaxındır. Bu ölkədəki azərbaycanlıların əsas qismini 3 qrupa ayıra bilərik. Birinci qrup ya xanımları, ya da ərləri isveçrəli olan azərbaycanlılardır. İş və ya oxumaq üçün gələn insanlar da var. Orda bir neçə il yaşamalarına və işləmələrinə baxmayaraq, onlar diaspor işində o qədər də fəal deyillər. Digər bir kateqoriya isə Azərbaycandan qaçqın şəkildə gələnlərdir ki, müxtəlif səbəblərdən Avropaya üz tutublar. Bu kateqoriyaların bəziləri çox, bəziləri də az halda diasporumuzun özülünü yaradır. 

- Bir çox ölkələrdə diaspor təşkilatları arasında müəyyən soyuqluğun olduğu faktdır. Bu baxımdan İsveçrədə vəziyyət necədir?
- Bu çox vacib məsələdir. İsveçrədə fəaliyyət göstərən diaspor təşkilatlarının sayı bəlkə də çox görünə bilər. Ancaq o təşkilatların çoxunun kağız üzərində olması üzücü bir haldır. Onlar Azərbaycan diasporu ilə bağlı heç bir işlə məşğul olmayan insanlar və ya qruplar tərəfindən yaradılıb. Və yaxud adını «diaspor» qoyub başqa işlərlə məşğul olmaq istəyənlər də var. Mən kimisə günahlandırmaq və ya yaxşı və ya pis olduğunu demək fikrində deyiləm. Sadəcə deməyim odur ki, əgər bir insan və ya qrup özünü "Azərbaycan diasporu” adı ilə ortaya çıxarırsa, o, ölkəmiz üçün nəsə bir iş görməlidir. Əgər fəaliyyəti yoxdursa, bu təşkilatın nə üçün yarandığını və kimin istəklərinə xidmət etdiyini başa düşə bilmirəm. Çox təəssüf ki, tək İsveçrədə deyil, Avropanın başqa ölkələrində də təşkilatlar arasında əlaqələr sıx deyil. O təşkilatlar həmişə özlərini partiya mənsubiyyətinə görə bölməyə çalışırlar. «Siz müxalifətsiniz», «biz iqtidarıq» və s. kimi mənasız diskussiyalar adamı çox kədərləndirir. Çünki bizim hər birimiz Azərbaycan övladlarıyıq. Hansı siyasi mənsubiyyətə xidmət etmələrindən asılı olmayaraq, bu insanlar harada olursa-olsunlar, heç olmasa bir-birilərinə dəstək verməlidirlər. Əgər biz hansısa mənsubiyyətlərə görə ayrı-seçkilik ediriksə, o zaman bizim diasporun sonu da yaxşı olmaz. Bu baxımdan bütün azərbaycanlıların diqqətli olması lazımdır. Bizim təşkilatın başqa ölkələrdəki diaspor təşkilatları ilə əlaqəsinə gəlincə, sevindirici haldır ki, Diaspor Komitəsi ölkələrdəki dağılmış təşkilatları bir yerə toplayıb «Şura» adı altında birləşdirməyə çalışır. Bu istiqamətdə çox işlər görülsə də, işlər yavaş gedir. Bu, sadəcə bizim insanların günahıdır ki, birləşməyimiz həmişə ləng gedir. Ancaq biz bütün ambisiyalarımızı kənara qoyub əsas məqsədlər uğrunda – Qarabağ, faciələrimiz, mədəniyyətimiz, tarixi həqiqətlərimiz və s. mövzular istiqamətində çalışa bilərik. Hesab edirəm ki, heç bir siyasi düşüncə bu məqsədlərin qarşısını ala bilməz. Heyf ki, insanlar məqsədə görə yox, şəxsə görə bu təşkilatlara qiymət verirlər. «Orada filankəsdir, mən qatılmaram» düşüncələri hakimlik edir. Bütün bunlar adama çox pis təsir edir. 
 
 

- Yeri gəlmişkən, xarici ölkələrdəki diaspor təşkilatlarının nəzdində Ana dili məktəblərinin yaradılması Komitənin də diqqətindədir. Bu istiqamətdə İsveçrədə hər hansı işlər görülürmü?
- Nəzərə almaq lazımdır ki, biz İsveçrədə başqa Avropa ölkələri ilə müqayisədə ən az sayda azərbaycanlıların toplaşdığı diaspor təşkilatlarından biriyik. Azərbaycanlıların öz uşaqlarını toplayıb bu məktəbə göndərməsi bizdə çox çətindir. Çünki İsveçrənin bütün bölgələrində azərbaycanlılar dağınıq şəkildə yaşayır. Bir şəhərdən o biri şəhərə getmək üçün nəqliyyat xərcləri çox bahadır. Bildiyiniz kimi, İsveçrə Avropanın ən bahalı ölkələrindən biridir. Ona görə mən həftədə və ya iki həftədə bir dəfə bir bölgədən digər bölgəyə getməyə çətinlik çəkən azərbaycanlıları başa düşürəm. Buna baxmayaraq, bir il əvvəl Azərbaycanın İsveçrədəki və Lixtenşteyndəki səfiri Xanım İbrahimovanın və Azərbaycan Diaspor Komitəsinin böyük istəyi və dəstəyi nəticəsində mənimlə əlaqə qurub bir Azərbaycan məktəbi açmaq qərarına gəldilər. Artıq bir ilə yaxındır ki, Berndə «Qarabağ» adlı Azərbaycan dili məktəbi fəaliyyətdədir. Bu, İsveçrə qanunlarına görə qeydiyyatdan keçmiş bir məktəbdir. Məktəbdə gözəl şəraitimiz var. Paytaxtın mərkəzində yer icarə etmişik. Burada Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan rəqsləri və musiqisi tədris olunur. Dərs deyən müəllimlər də peşəkar insanlardır. Uşaqların da bu məktəbə gəlməyə maraqları var. Məktəbdə 13 nəfərə yaxın şagird var. Get-gedə bu rəqəmin artacağını düşünürük. Çünki orada yaşayan azərbaycanlılar belə bir səviyyəli məktəbin olduğunu bilincə övladlarını ora gətirməyi düşünürlər. Novruz bayramı şənliyində "Qarabağ məktəbi” Azərbaycan şeirləri, mahnıları ilə çıxış etdi. Onların ifaları bayram şənliyinə gələnlərin böyük marağına səbəb oldu. Bu, mənə çox qürur verir və məktəbin gələcəyinin yaxşı ola biləcəyi ilə bağlı optimizmə kökləyir. 

- Sizcə, təkcə Avropada deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyətinin gücləndirilməsi, belə deyim, çəkici bir nöqtəyə vurmaları üçün nə etmək lazımdır?
- Bəli, biz hamımız birlikdə çəkici eyni nöqtəyə vurmalıyıq. Ayrı-ayrılıqda vurulan zərbələr effekt verməyəcək. Nəticədə zəhmətimiz də hədər gedəcək. Sadəcə, sırf Azərbaycanın mənafeyi, ölkəmizin tanıdılması üçün bir yumruq şəklində olsaq, onda gördüyümüz işlər də öz bəhrəsini verəcək. Bəzi insanlar başqa bir ölkəyə köçdükləri zaman öz köklərini unudurlar. Xüsusən uşaqlarda assimilyasiya baş verə bilir. Biz öz kökümüzü unutmamalı, azərbaycanlı olduğumuzla hər zaman fəxr etməliyik. Bu hissləri övladlarımıza da təlqin etməyi bacarmalıyıq. İsveçrəlilərin öz mədəniyyətini bilməyən, tarixindən xəbərsiz insanlara hörməti yoxdur. Övladlarımız da bilməlidir ki, onlar azərbaycanlıdırlar və Azərbaycanın da qürur duyacağı çox şeyləri var. 
 
Pedaqoji kvest modeli

- Bayaq dediniz ki, bir ölkə haqqında həqiqətlərin tanıdılması üçün təqdimat önəmlidir. Yeri gəlmişkən, Xocalı faciəsi günündə siz tətbiqi pedaqoji kvest üsulu ilə faciənin ali məktəblərdə tanıtımını həyata keçirmisiniz. Metodun effektindən razı qaldınızmı?
- Bir neçə ildir ki, biz bu faciə haqqında Avropada məlumatlar yaymağa, soyqırımı tanıtmağa çalışırıq. Mən inanıram ki, Azərbaycanda bayraqlarla çıxıb Xocalı şüarları ilə çıxış etməyin və ya faciə ilə bağlı plakatlar sərgiləməyin təsiri ola bilər. Ancaq hər dəfə eyni təbliğatla çıxış etmək olmaz. Həmçinin bu cür təqdimatları burda qışqıra-qışqıra da etmək olmaz. Çünki insanlar belə mənzərələri görüb geri çəkilirlər. Təqdimatları dəyişdirmək lazımdır. Biz özümüzü hərbsevər yox, sülhsevər insanlar kimi göstərməyə çalışmalıyıq. Qeyd edim ki, İsveçrədə insan ölümləri, genosidlə bağlı plakatların gəzdirilməsinə qadağa qoyulub. Xüsusən uşaqlara qətllərlə, insan ölümü, faciələrlə bağlı şəkilləri göstərmək olmaz. Bu, onların psixoloji vəziyyətinə pis təsir edə bilər. Mən də bu metodu düzgün qiymətləndirirəm. Çünki bir meyiti göstərməklə nəyəsə nail olmaq olmaz. Sadəcə, kiminsə psixologiyasına təsir edə bilərsən. Ancaq ağlayan bir uşağın və ya əlində çanta olan yetim bir uşağın üzünü göstərdiyiniz zaman avropalı insana daha çox təsir etmək mümkündür. Əgər biz "ermənilər soyqırımı etmişlər” desək, hamı bizi dərhal başa düşməyəcək. Mərhələni addım-addım keçib onlara anlatmaq lazımdır. Biz bu mərhələləri keçib Xocalı soyqırımını parlamentdə rəsmi olaraq soyqırımı səviyyəsinə gətirə bilərik. Təqdimatın kvest modelinə gəlincə, mən son illər İsveçrədə Xocalı ilə bağlı tədbirləri modern şəkildə təşkil etməyə çalışıram. 4 il əvvəl üzərində "Xocalı 1992” yazılan 613 ədəd qara rəngli şarların Berndə göyə buraxılması, iki il əvvəl isə İsveçrə Parlament binasının qarşısında İsveçrə ənənəsinə uyğun şam hazırlama aksiyalarının müəllifi mənəm. Kvest metodu ilə hazırlanan tədbir isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 1997-ci ildə hazırladığı "Qaçqın səfərlərinin mərhələləri” adlı təlim əsasında hazırlanıb. İstəyim tələbələri Qarabağ və Xocalı mövzusuna yaxınlaşdırmaqdır. Bu təqdimatda səhv məlumatların verilməməsinə, insanların başqa insanlara qarşı qəzəblənməməsinə xüsusi diqqət yetirmişəm. Avropalıların əksəriyyəti Xocalı hadisələrindən xəbərsizdir. Olanlar bu barədə ya çox qəddar məlumat eşidib, ya da eşitdikləri məlumatlara inanmayıb, güvənməyiblər. Məncə, ilk növbədə gənclərdən başlamalıyıq, əsas informasiyanı tədricən onlara çatdırmalıyıq.

- Təşkilatlanma istiqamətində gələcək planlarınız nədir?
- Mən hər il yeni-yeni tədbirlər keçirmək, daha modern şəkildə, insanların anlaya biləcəyi tərzdə problemlərimizi isveçrəlilərə çatdırmaq niyyətindəyəm. Bu cür proqramları təqdim etmək üçün təbii ki, dəstəyə də ehtiyacım var. Dəstəkdən asılı olmayaraq da həmişə bu işləri görməyə çalışmışam. Azərbaycan üçün hər hansı bir iş görə bilirəmsə, bu, mənə qürur verir. Hər birimiz bu dövlətin bir parçasıyıq. Azərbaycan birlikdə gözəl bir mozaikadır. Hamı birlikdə iş görməlidir ki, sonda gözəl bir mozaika ortaya çıxsın və hər kəs də bu gözəllikdən zövq ala bilsin. Hər kəs özünə «mən xalqım üçün nə etmişəm» sualını verməyi bacarmalıdır. Mən öz fikrimi, gücümü Azərbaycanın mədəniyyətini, tarixini yaşadığımız ölkədə tanıtmağa yönəltmək haqda düşünürəm. Bu, mənim tərəfimdən mozaikanın bir qisminin yaradılmasıdır.  
 
Söhbətləşdi
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006