Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı - FOTOLAR
Naftalandakı
xəstəxanaya gətirilən yaralılar arasında cəmi bir faiz ölüm olub. Ümumilikdə,
ölkə üzrə isə yaralılar arasında cəmi 1,5-2 faiz ölüm halı qeydə alınıb. Bu,
rekord göstəricidir.
"Minaya
düşərək ayağının birini itirən, huşu özündə olmayan daha bir əsgərimizi əməliyyat
edib çarpayıya uzatmışdıq. Bir ayağı amputasiya olunmuşdu. Ayılanda onunla həmsöhbət
oldum, təsəlli verdim. Əlimdən tutub soruşdu ki, protezi nə vaxt taxacaqlar? Tələsməməyi
məsləhət gördüm. Tələb etdi ki, taxtadan, dəmirdən bir şey bağlayaq ayağına. Səbəbini
soruşdum, dedi ki, ayaq üstdə birtəhər dayanıb səngərdəki əsgər yoldaşlarımın
yanına qayıtmaq istəyirəm”.
Ümummilli məsələ naminə səfərbərlik
Bu xatirəni qəzetimizə Birinci Qarabağ savaşında
tibb bölüyünün komandiri olmuş, Vətən Müharibəsində də həkim-cərrah kimi öz vəzifə
borcunu ləyaqətlə yerinə yetirmiş İmran Qurbanov danışıb. O, ehtiyatda olan
tibb xidməti kapitanı, TƏBİB-in Qərb ərazi bölmələri üzrə iş şöbəsinin
koordinatorudur. 44 günlük Vətən Müharibəsi başlayanda İ.Qurbanov məzuniyyətini
yarımçıq saxlayaraq dərhal yaxınlıqdakı Naftalan Şəhər Xəstəxanasına yollanıb.
Birinci Qarabağ savaşındakı təcrübəsindən çıxış edərək təşkilati məsələlərin həllinə
çalışıb, TƏBİB-lə əlaqə yaradaraq xəstəxananı yaralıların qəbulu üçün
hazırlayıb. Naftalandakı sanatoriyaların, qonşu rayonlardakı xəstəxanaların həkim-mütəxəssislərini,
tibb bacılarını Naftalan Şəhər Xəstəxanasına cəlb edə bilib. Eyni zamanda şəxsi
münasibəti olan, Azərbaycanın müxtəlif rayonlarında dövlət və özəl səhiyyə müəssisələrində
çalışan həkim həmkarlarını kömək üçün Naftalana çağırıb. Hər bir həkim
ümummilli məsələ naminə səfərbər olub. İ.Qurbanov sentyabrın 27-si səhər saat
10-dan sonra Naftalan Şəhər Xəstəxanasında ilk yaralını özü qəbul edib, 16
noyabrda sonuncu yaralını yola salıb xəstəxanadakı fəaliyyətini yekunlaşdırıb.
Riskli qərar qəbul etmək
Qarabağ qazisi, həkim İ.Qurbanovun Türkiyənin
İstanbul Universitetində ali təhsilini davam etdirən oğlu Fərhad Qurbanov da 45
gün atası ilə birlikdə yaralı hərbçilərimizə yardım edib. Müharibə başlayanda Fərhad
ilk təyyarə reysi ilə Vətənə qayıdıb. İ.Qurbanov həmkarları ilə birlikdə
gördüyü işlərdən söhbət açıb: "Biz birinci xətt xəstəxanası idik. Yaralılara
ilkin cərrahi yardım edib, şok əleyhinə tədbirlər görüb, ağrıkəsicilər vurub
Bakıya təxliyə etməli idik. Lakin müharibənin intensivliyini, yaralıların çox
olmasını, ikinci xətt xəstəxanalarına təxliyədə vaxtın itməsi kimi ehtimalları
nəzərə alaraq, bütün cərrahi əməliyyatları Naftalandakı xəstəxanada etmək qərarına
gəldik. Birinci Qarabağ müharibəsindəki təcrübədən çıxış edərək belə bir riskli
qərar qəbul etmişdik. Həmkarlarımızla üzərimizə düşən nə varsa, artıqlaması ilə
etdik. Döyüş meydanında yaralanarkən bədəninin hər hansı hissəsi üzülüb yerdə
qalmayan, yəni bir dəridən asılı qalan, sümüyü dağılsa da ətrafı üstündə gələn
bütün hərbçilərimizin damar siniri tikilməklə, əzaları bərpa olundu”.
Həyatla uyğun gəlməyən travma
Həmsöhbətimiz bildirib ki, 27 sentyabr – 16 noyabr
2020-ci il tarixində, ümumilikdə 1648 yüngül və ağır dərəcəli yaralı
Naftalandakı xəstəxanaya daxil olub: "Onlardan yalnız bir nəfəri itirmişik.
Oktyabrın 18-dən döyüş meydanı ilkin xətt xəstəxanasından çox uzaqlaşdı. Əvvəl
14 kilometr məsafədən xəstəxanaya çatdırılan yaralı, indi 35 kilometrdən gətirilirdi.
Bu da yaralıların durumunu daha da ağırlaşdıra, hətta həyatları bahasına başa gələ
bilərdi. Məhz buna görə də, təxliyə üçün tibb məntəqəsi qurulmalı idi. Burada
yaralılara ilkin həkim yardımı göstərilməli, şok əleyhinə tədbirlər görülməli,
qanaxma dayandırılmalı, ağrıkəsicilər vurulmalı, bundan sonra Naftalandakı xəstəxanaya
çatdırılmalı idi. Belə bir tibb məntəqəsini hərbi həkimlərlə birlikdə Talış kəndində
yaratdıq. Birinci Qarabağ müharibəsində məhdud imkanlar daxilində belə bir təşkilatçılıq
hesabına yaralılar arasında cəmi 5-7 faiz ölüm olmuşdu”.
XXI əsrin tibb xidməti
İ.Qurbanov deyib ki, ikinci Qarabağ savaşında
yaralılar arasında ölüm faizi çox aşağı olub: "Naftalandakı xəstəxanaya gətirilən
yaralılar arasında cəmi bir faiz ölüm olub. Ümumilikdə ölkə üzrə isə yaralılar
arasında cəmi 1,5-2 faiz ölüm halı qeydə alınıb. Bu, rekord göstəricidir. Ölüm
faizinin aşağı olması tibb bacısından tutmuş həkim-mütəxəssislərimizə qədər
hamının fədakarlığı hesabınadır. Vətən Müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin
savaşını, səhiyyə işçilərimiz XXI əsrin tibb xidmətini nümayiş etdiriblər.
TƏBİB-in rəhbərliyi altında Azərbaycanla yanaşı, xaricdə çalışan həkim
soydaşlarımız bu işə səfərbər olmuşdular”.
Öz xalqımla qürur duyuram
İ.Qurbanov söyləyib ki, Vətən Müharibəsi müddətində
yaralanan çavuş, gizir və zabitlərimiz tabeliyindəki əsgərlərini, əsgərlərimiz
də komandanlığı və döyüş yoldaşlarını tək qoymamaq üçün təkrar cəbhəyə
yollanmağa can atıb: "Yarasının yüngül və ağır olmasına baxmayaraq, hər bir hərbi
qulluqçu təxliyə olunmağını, xəstəxanaya yerləşdirilməyini, döyüşlərdən kənar
qalmağını həzm edə bilmirdi. Belə mərd, vətənpərvər, el-obasına bağlı
oğul-qızlar yetişdirdiyinə görə öz xalqımla qürur duyuram. Birinci Qarabağ
müharibəsində həm hərbi həkim kimi fəaliyyət göstərmiş, həm də döyüşçü kimi
vuruşmuş şəxs olaraq torpaqlarımızın işğal altında qalması, onu nə zamansa azad
edib-etməyəcəyimiz və sair suallar daim məni qayğılandırırdı. Vətən Müharibəsində
müşahidə etdiklərim, xalqımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirməsi göstərdi ki, ötən
30 ilə yaxın vaxt ərzində bizlər sakit dayanmamışıq, daim bu gün üçün hazırlıq
görüb, ona doğru inamla addımlamışıq”.
Rufik İSMAYILOV