AZE | RUS | ENG |

Vaşinqtonun təklifi danışıqlarda nəyi dəyişəcək?

Vaşinqtonun təklifi danışıqlarda nəyi dəyişəcək?
Politoloqların fikrincə, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın da belə bir görüş keçirmək istəyi müsbət haldır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vyanadan sonra Rusiya XİN-in təşəbbüsü ilə münaqişə tərəflərinin Moskva görüşü keçirildi. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirak etdiyi bu görüşdə müxtəlif humanitar razılaşmaların əldə edildiyi bəyan olundu. Bu görüşün ardınca ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.
Görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib. O, daha öncə Moskvada rusiyalı həmkarı Sergey Lavrov, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan XİN rəhbəri ilə keçirilən sonuncu görüşü də xatırladıb: "Demək olar ki, 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim səylərimizi diqqətə çatdırdım və qeyd etdim ki, biz bu məsələdə irəliləyişə nail olmalıyıq. Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək”. 
Qeyd edək ki, bir neçə dəfə ABŞ-ın təşəbbüsü ilə belə görüşlər keçirilib. Görəsən rəsmi Vaşinqtonun indiki təşəbbüsü nəyə hesablanıb?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda yeni bir dinamizm yaranıb: "Nəzərə almaq lazımdır ki, bu məhz Azərbaycanın həyata keçirdiyi kompleks diplomatik həmlələrdən və Vyanada baş tutan görüşdən sonra özünü göstərməyə başlayıb. Biz bilirik ki, ATƏT-in Minsk qrupunun üç həmsədri var və o həmsədrlərdən biri Rusiyadır. Biz belə bir görüşün şahidi olduq. Yəni, həm Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin, həm də həmsədrlərlə birgə hər üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. Şübhəsiz ki, problemin həlli bir sıra geostrateji mərkəzlərin maraq dairəsindədir. Ona görə də problemin həll olunması ilə bağlı Minsk qrupuna həmsədrlər təyin olunarkən məhz bir sıra geostrateji reallıqlar və onların Qafqazda həyata keçirdikləri siyasi nüanslar da nəzərə alınmaqla müəyyənləşdirilib”.
H.Məmmədov vurğuladı ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın da belə bir görüş keçirmək arzusunda olduğunu bildirməsi müsbət haldır: "Hər halda hər bir görüş nəyinsə müzakirə olunması deməkdir. Bu görüşlər özü-özlüyündə problemin həllinə hansısa töhfələr verə bilər. Hesab edirəm ki, rəsmi Vaşinqtonun bu təklifi məqbuldur və yaxşı nəticələri olar”.
Politoloq Tofiq Abbasov bildirdi ki, indiki Amerika isteblişmentinin siyasətində belə bir hücum mövqeyi var ki, onlar əlləri çatmayan yerlərdə uzaqdan-uzağa meydan tapmağa çalışırlar və bununla da var olduqlarının bildirmək istəyirlər: "Aydın məsələdir ki, Qarabağ danışıqlarında daha əlverişli mövqe Rusiyada və Fransadadır. Çünki Azərbaycan və Ermənistan bu ölkələrlə Avropa təsisatlarında bir yerdədirlər. Eyni zamanda biz Rusiya ilə yaxın qonşuyuq. Digər tərəfdən, Fransanın bizim bölgədə maraqları böyükdür. Birincisi, bu ölkələr coğrafi baxımdan münaqişə bölgəsinə yaxındırlar, digər tərəfdən də bizi birləşdirən ümumi siyasi, ideoloji gündəliklər var ki, orada bir yerdə çıxış edirik. ABŞ güclü olduğuna görə çalışır ki, bütün münaqişəli vəziyyətlərdə özünün mövcudluğunu diqqətə çatdırsın. Həmçinin ABŞ-ın özündə qısqanclıq var və istəyir ki, Rusiyaya da bir mesaj göndərsin ki, uzaqda olsam da, regiona əlim çatır, proseslərdə iştirak etməyə həmişə hazıram və burada kiminsə monopoliyasının möhkəmlənməsinə imkan verməyəcəm. Bu addımı mən sırf belə qiymətləndirirəm. Çünki Pompeonun Dağlıq Qarabağ problemi ilə bağlı düşünülmüş, aydın və perspektivli planları varsa, onda bu məsələdən böyük bir sirr formalaşdırmaq lazım deyil. Ona görə də ABŞ işlək diplomatiyanı əks etdirən bir qüvvə kimi öz münasibətini açıq şəkildə bildirsin ki, burada  beynəlxalq qanunvericiliyin tələblərinə hörmətlə yanaşmaq lazımdır və Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz öz həllini tapmalıdır. Amma Pampeo indiki məqamda heç bir təklif vermir və Rusiyanın bu istiqamətdəki fəallığı fonunda çalışır ki, özlərinin də rolunu qeydiyyatdan keçirsin, yada salsın. Biz bilirik ki, Lavrovun planı geniş vüsət alıb, həmçinin Kazan deklarasiyasının bəzi elementləri yenidən yada salınır və onların bir formatda işlənməsi yavaş-yavaş aktuallaşır”.
T.Abbasov vurğuladı ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir: "Heç kim deyə bilməz ki, onların belə bir müdaxiləyə nə hüququ, nə də mənəvi haqqı yoxdur. Əgər ABŞ burada öz rolunu görürsə, bu ondan ibarət olmalı deyil ki, Qarabağ problemi zəminində Rusiya ilə haqq-hesablarını çürütsünlər. Əslində bu rol Rusiya diplomatiyasına dəstək verməkdən ibarət olmalıdır. Çünki əgər Vaşinqtonda, Parisdə və Moskvada yekdil bir yanaşma varsa və onlar həqiqətən də həll yolunun vaxtının çatdığını anlayırlarsa, bu formada Pompeonun hər bir fəallığı, iştirakı yerinə düşər. Ancaq hesab edirəm ki, hələ burada motiv ondan ibarətdir ki, ABŞ Minsk qrupu üçlüyü daxilində Rusiyanın əsas moderator rolunu özündə saxlamasını istəmir. Amerika çalışacaq ki, Rusiyanın bu məsələdəki liderliyini bir növ şübhə altında qoysun”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779