Uzaq Kanadada “Qarabağ Azərbaycan dili” - Fotolar
Xarici ölkələrdə yaşayan azərbaycanlıların dilimizi
yaşatmaq istiqamətində səyləri Ana dilimizin qorunması istiqamətində atılan
mühüm addımlardır. Ölkəmizdən kənarda böyüyən uşaqların öz dillərini
unutmaması, öz milli-mənəvi dəyərlərinə bağlılığı qoruyub saxlaması üçün bu cür
təşəbbüslər kütləvi olmasa da, az da deyil. Uzaq Kanadada fəaliyyət göstərən
Ana dili məktəblərinin fəaliyyəti isə xüsusi ilə təqdirəlayiqdir. Kanadanın
paytaxtı Ottava şəhərində fəaliyyətdə olan "Qarabağ Azərbaycan dili” də bu qəbildəndir.Məktəbin baş təlimatçısı və müəlliməsi Vüsalə
Əhmədova "Kaspi”yə müsahibəsində bu istiqamətdə səylərini təkcə azərbaycanlı
olması ilə əlaqələndirmir, həmçinin Vətənini sevməsi, təəssübünü çəkməsi ilə
izah edir.
- Ottavada fəaliyyət
göstərən "Qarabağ Azərbaycan dili” hansı məqsədlə yaradılıb?
- "Qarabağ Azərbaycan dili” məktəbi Ottava
şəhərində 2011-ci ilin sentyabr ayından fəaliyyətə başlayıb. Bu haqda o zaman ilk
olaraq "Azərtac” xəbər vermişdi. Bu məktəbi açmaq təşəbbüsü yaxın rəfiqəm Nigar
Əliyevaya məxsusdur. Bizim Qarabağ məktəbini açmaqda məqsədimiz vətəndən
kənarda boya-başa çatan övladlarımıza öz doğma dilimizi unutdurmamaqdan
ibarətdir. Öncə məktəbimizə Nigar xanım dahi Azərbaycan şairi Nizami Gəncəvinin
şərəfinə "Nizami Gəncəvi” adını vermək istədi. Lakin sonra "Qarabağ” adının
hazırkı dönəm üçün aktual olması nəzərə alındı. Xüsusən bu gün ölkəmizdən kənarda
"Qarabağ ”adının səslənməsi çox önəmlidir. Məktəbimiz Ontario vilayətinin
Təhsil Nazirliyinin nəzdində olan Fransız Katolik məktəb bordunun himayəsi
altındadır. Bu bordda 35-dən artıq beynəlxalq dillər məktəbi fəaliyyət
göstərir. Onlardan biri də bizik. Məktəbdə hər həftənin bazar günləri 2 saat
yarım müddətində 4-14 yaş arası uşaqlara doğma dilimizin zənginlikləri,
tariximiz, bu günümüz, milli adət-ənənələrimiz, rəqs, mahnı və şeirlər
öyrədilir. Mən məktəbdə baş təlimatçı və müəlliməyəm. Nigar xanım şagirdlərə
rəqs dərslərini öyrədir. Keçən ilin sonlarından məktəbə köməkçi müəllimə kimi
Sevda xanım da qoşulub.
- İndiyə qədər
məktəbdə nə qədər uşaq təhsil alıb? Təhsilin səviyyəsi onları qane edirmi? Nəticələr
necədir?
- Fəaliyyətə 7 şagirdlə başladıq. Hazırda isə 14
şagirdimiz var. Səbinə Əliyevanın müəllifi olduğu ingilis dillilər üçün
"Azərbaycan dili” kitabını təmənnasız olaraq məktəbimizə bağışlaması bizi həm
ruhlandırıb, həm də çox sevindirib. Açıldığı gündən məktəbimizə həm maddi, həm
də mənəvi dəstəyi Azərbaycanın Kanadadakı keçmiş səfiri, hal-hazırda isə Çexiya
Respublikasında səfir olan Fərid Şəfiyev göstərib. İlk kitabları və milli
geyimləri isə o vaxt Ottavada səfərdə
olan Ombudsman Elmira Süleymanova təşkil etdi və bizimlə görüşüb öz xeyir-duasını
verdi. Fərid müəllimdən sonra müvəqqəti işlər vəkili Ramil Hüseynli də bizim
məktəbə maddi və mənəvi yardımını və dəstəyini daim göstərib. Onu da deyim ki,
məktəbimizə mənəvi dəstəyi "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə
Yaqubovadan da görmüşük. Buna görə də bu gözəl insanlara minnətdarıq!
- Övladlarını
ingilis dilində oxumağa istiqamətləndirən azərbaycanlılar öz ana dillərini
xaricdə yaşatmağa nə qədər cəhd edirlər?
- Bizim məktəbdə heç doğma dilində danışa bilməyən
uşaqlar da təhsil alıb. Hal-hazırda onlar doğma dilimizdə danışır, sərbəst
yazıb oxuya bilirlər. Burada valideynlərin istəyi də rol oynayır. Onlar
övladlarını dilimizi öyrənməyə yönəldirlər. Bununla belə, mən məktəbimizdəki
şagirdlərin azlığından şikayətlənirəm. Ottavada çox sayda azərbaycanlı ailələri
var. Amma övladlarını bizim məktəbə gətirməyə tənbəllik edirlər. Bəziləri "doğma
dilində danışsa ingiliscə ləhcəsi olacaq” və ya "onsuz da öz dilimizdə
danışırıq, bundan artıq bilib nə edəcək” deyirlər. Bu cür biganə yanaşmalar çox
üzücüdür. Arzu edərdim ki, Ottavadakı Azərbaycan cəmiyyəti bu baxımdan daha
fəal olsun! Bir çox dövlətlərdə fəaliyyət göstərən Ana dili məktəbləri ilə
artıq tanış olmuşuq. Çox sevindirici haldır ki, belə məktəblər fəaliyyətdədir.
Kanadanın Koordinasiya Şurasının Ottavadakı rəhbəri elə bizim məktəbin yardımçı
müəlliməsi Sevda Həsənovadır. Necə deyərlər, güc birlikdən doğar. Toronto
şəhərində Yeganə Cəfərovanın müəllimlik etdiyi "Ana dili” məktəbi fəaliyyət
göstərir. Bildiyimə görə, Edmontonda da belə bir məktəb var. Ottavada sayımız
çox azdır. Amma buna baxmayaraq, burada ana dilimizdə məktəb açmağa nail
olmağın özü ən böyük nailiyyətimiz sayıla bilər.Öz dilini qoruyub saxlamaq üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür.
Uşaqlarınızla ingilis dilində danışmayın. Narahat olmayın, onlar onsuz da həm
ingilis, həm də fransız dilini mükəmməl öyrənəcəklər. İnsanın şəxsiyyət kimi
formalaşması üçün öncə onun ana dilində danışması vacib amildir. Mənim
övladlarım Kanadada doğulmalarına baxmayaraq, hər ikisi ana dilində təmiz
danışır. Mən bununla həm ana, həm də müəllimə kimi fəxr edirəm! Bizim məktəbin
gələcəkdə də fəaliyyət göstərməsi üçün şagirdlərə ehtiyac var. Heç bir təmənna
güdmədən sırf dilimizi, milli adət-ənənələrimizi yaşada bilmək, AZƏRBAYCAN
adını Kanadada tanıtdırmaq üçün üzümü Ottavada yaşayan əziz soydaşlarımıza
tutub deyirəm: xahiş edirik, övladlarınızı
"Qarabağ məktəbi”nə gətirin! Yeni dostlar, yeni insanlarla, həmyerliləri
ilə birlikdə həm dilimizi öyrənsinlər, həm də əylənsinlər!”
- Məktəb Ana
dilimizin yaşadılması istiqamətində gördüyü işlərdən başqa hansısa ictimai
fəallığı göstərə bilir?
- "Qarabağ məktəbi” 7 illik fəaliyyəti müddətində
bir çox mötəbər tədbirlərdə iştirak edib və öz rəqs nömrələri ilə beynəlxalq
ölkələr sırasında Azərbaycanımızı layiqincə təmsil edib. Kanadanın Ontario
vilayətində məhz bizim məktəbin sayəsində Azərbaycan dili beynəlxalq dillər
siyahısına əlavə edilib. Şagirdlərimiz "Qarabağ-Azərbaycan dili məktəbi” şüarı
altında Ottava Parlamentində rəqs və şəhərlərlə çıxış ediblər. Onların
çıxışları yüzlərlə turist və yerli sakinin marağına səbəb olub. Məktəb olaraq Dünya
Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı, 20 Yanvar, Xocalı soyqırımı
və s. bu kimi tarixi gün və bayramları yüksək səviyyədə qeyd edirik.Valideynlər, o cümlədən diasporumuzun üzvləri bir
yerə yığışır, Azərbaycanın ənənəvi bayramları, tarixi və anım günlərini qeyd
edirik. "Qarabağ” məktəbi olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun ölümünün 6-cı ildönümü münasibətilə Ottavanın Minto parkında onun
xatirə lövhəsinin önündə anım mərasimi keçirdik. Bu mərasimə Toronto və
Monrealdan da qonaqlarımız qatıldılar.Həmçinin başqa millətlərin tədbirlərinə dəvətlər aldıqda böyük məmnuniyyətlə
çıxış edir, bayrağımızı hər fürsətdə dalğalandırırıq. Azərbaycan
gerçəkliklərini, milli adət və ənənələrimizi tanıtmağa çalışırıq. Məktəbin
adının "Qarabağ Azərbaycan dili məktəbi” olması Kanada əhalisinə "Qarabağ
Azərbaycanındır” mesajını verir. Dövlətimizi tanıtmaq üçün təşkil etdiyimiz
bayram tədbirlərinə, sərgilərə də Kanada vətəndaşlarını, o cümlədən başqa
millətlərin nümayəndələrini dəvət edir, onlara ölkəmiz haqqında yazılan kitab
və jurnallar təqdim edirik. Məktəbimizin şagirdləri bayrağımızı, dövlətimizi
həm tanıtmaq, həm də təmsil etməkdən qürur duyurlar. Sevindirici haldır ki, bu
ilin yay aylarından başlayaraq Azərbaycanın Diaspora Komitəsi bizim məktəblə
maraqlanır. Biz fəaliyyətimizi Azərbaycanın tanıdılması, həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində qurmuşuq və bu yöndə də davam edəcəyik.
Təranə
Məhərrəmova