Uğurlu sosial siyasətin göstəricisi - Fotolar
Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində
ölkə vətəndaşları, onların sosial-rifah halının yaxşılaşdırılması dayanır. Bu
barədə Prezident İlham Əliyev ölkədə keçirilən müşavirələrdə, ictimaiyyət nümayəndələri
ilə görüşlərdə dəfələrlə qeyd edib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı
gücləndikcə, büdcə gəlirləri artdıqca ilk növbədə sosial layihələrin
reallaşdırılmasına üstünlük verilir, ölkə vətəndaşlarının daha yaxşı yaşaması
istiqamətində addımlar atılır. Ötən müddət ərzində Prezident İlham Əliyev tərəfindən
bununla bağlı imzalanan fərman və sərəncamlar, həyata keçirilən tədbirlər,
xüsusən də 2019-cu ildə inqilabi xarakter alan sosial islahatlar dövlət
başçısının öz vədinə sadiq olduğunu təsdiq edir. Prezident İlham Əliyevin 18
iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkəmizdə
minimum əməkhaqqının 40 faizədək artırılaraq 180 manatdan 250 manata
çatdırılması, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz
artımlar edilməsi də bu qəbildəndir. Sözügedən sərəncam sentyabrın 1-dən qüvvəyə
minib.
1 milyon 350 min
insanı əhatə edən sərəncamlar
Məlumat üçün qeyd edək ki, ölkəmizdə vətəndaş
rifahına yönələn tədbirlər sayəsində cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin
92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180
manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı ilk pilləsi
minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri
üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin, o cümlədən dövlət
sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin maaşının artmasına imkan
verib. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla
eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz
artırılması isə 400 min vətəndaşı əhatə edib. İkinci sosial paketin tərkib hissəsi
kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının
artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə
artması ilə nəticələnib.
Yürüdülən siyasət
xalqın mənafeyinə uyğundur
Milli Məclisin
deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı sentyabrın 1-dən etibarən Prezident İlham Əliyevin
əməkhaqqı artımları ilə bağlı sərəncamlarının qüvvəyə mindiyini xatırladaraq,
sözügedən sənədləri dövlətin uğurlu sosial siyasətinin göstəricisi kimi qiymətləndirib.
O bildirib ki, sərəncamların qüvvəyə minməsindən sonra maaşlarda nəzərəçarpacaq
artım hiss olunacaq: "Bu sərəncamlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Sosial siyasət Azərbaycan xalqının bu gün dünənkindən, sabah bugünkündən
daha yaxşı yaşamasına yönəlib. Bu islahatlar ölkədəki sabitliyin, iqtisadi
inkişafın nəticəsidir. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə
imkanları artmaz və sosial islahatlar da həyata keçirilməzdi. Ona görə də hər
bir vətəndaş Azərbaycanda sabitliyin qorunmasında maraqlı olmalıdır. Sabitliyin
təminatçısı olan xalqımız görür ki, yürüdülən siyasət bilavasitə onun mənafeyinə
uyğundur”.
Dayanıqlı
sosial-iqtisadi inkişaf
Milli Məclisin Elm və
təhsil komitəsinin üzvü Pərvin Kərimzadənin qənaətincə, ölkə Prezidentinin məqsədyönlü
islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft
sənayesində, kənd təsərrüfatında artımın əldə olunmasına imkan verib ki, bu da
çoxsaylı sosial layihələrin gerçəkləşməsi ilə nəticələnib. Onun sözlərinə görə,
Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına
uyğun həyata keçirilən inqilabi islahatlar sübut edir ki, Azərbaycan sosial
dövlətdir və ölkəmizin güclü iqtisadi imkanları var: "Bu gün sosial sahədə
atılan addımların təməlində ulu öndər Heydər Əliyevin siyasi məktəbinin ən
layiqli yetirməsi olan cənab İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları
dayanır. Ölkəmizin dünyada artan siyasi nüfuzu ilə yanaşı, iqtisadi reytinqi də
xeyli yüksəlməkdədir. Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada
gedən rəqabətə tab gətirən iqtisadiyyata sahibdir. Məhz bu siyasət nəticəsində
hər il ölkə əhalisinin gəlirləri artır, vətəndaşların sosial müdafiəsinin daha
da güclənməsi üçün müxtəlif sosial layihələr həyata vəsiqə alır. Prezident
İlham Əliyevin sentyabrın 1-dən qüvvəyə minən sərəncamları
da ölkə vətəndaşlarının firavan həyatının təminatına hesablanıb”.
Dövlət gücləndikcə
sosial rifah yaxşılaşacaq
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin üzvüMəlahət İbrahimqızı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin
mərkəzində Azərbaycan vətəndaşı dayandığını xatırladaraq vurğulayıb ki, ölkədə
ildən-ilə islahatlar aparılır və dövlət başçısının imzaladığı fərmanlar, sərəncamlar,
qanunlar insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. O deyib
ki, Azərbaycan vətəndaşının sosial rifahı ildən-ilə yaxşılaşır: "Azərbaycanda
2019-cu il sosial müdafiə xarakterli tədbirlərin çox olması ilə diqqət çəkir.
Prezident İlham Əliyevin dövlət qurumlarında çalışanların maaşlarının
artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar sentyabrın 1-də qüvvəyə
minib. Bu addım ölkə əhalisinin əhəmiyyətli hissəsini əhatə edir. Ölkədə dövlət
başçısının həyata keçirdiyi siyasətə əminlik, inam var. Xalq əmindir ki, dövlət
gücləndikcə sosial rifahın yaxşılaşdırılması istiqamətində addımlar atılacaq. Vətəndaşın
sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən
birini təşkil edir. Bu il müəllimlərin, hərbi qulluqçuların maaşları, tələbələrin
təqaüdləri artırılıb. Oktyabrın 1-dən isə əmək pensiyasının minimum məbləği 200
manata çatdırılacaq. Hesab edirəm ki, bütün bunlar vətəndaşa qayğının bariz
nümunəsidir”.
Sosial ədalət və
humanizm prinsipləri
Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva da hesab edir ki, Prezident İlham Əliyevin ölkə əhalisinin
sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə
genişlənir. deputatın sözlərinə görə, sosial sahədə atılan mütərəqqi addımlar
Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində
dayandığını bir daha təsdiqləyir: "Atılan addımlar Prezident İlham Əliyevin
güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı
olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm
prinsiplərinin dayandığını bir daha təsdiq edir. Prezident İlham Əliyevin
imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər
paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldir.
İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard
manata bərabər idi. İkinci paket sentyabr ayından icraya başladı və bu da 1
milyon 350 min insanı əhatə edir. Ümumilikdə
iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Davam
etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu
da 4,2 milyon insanımızı əhatə edəcək”.
Sonda bir daha qeyd edək ki, sözügedən sərəncamların qüvvəyə minməsi, bu istiqamətdə atılan bütün
bu addımlar Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına yönəlib.
Ölkədə minimum əməkhaqqının artımı əhali gəlirlərinin yüksəlməsinə səbəb
olmaqla bərabər, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə
işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin
leqallaşdırılmasını stimullaşdırır. Onu da əlavə etmək yerinə düşər ki, Azərbaycan
minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri
ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə
sahibdir.
Alpər TURAN