Uşaqların üzünü güldürən festival - Fotolar

Uşaqların üzünü güldürən festival - Fotolar

Mədəniyyət
04 İyun 2019, 12:00 2109
Bir ailə təsəvvür edin. Ailənin hər üzvü ölkənin müxtəlif bölgələrində yaşayır, orada çalışır, fəaliyyət göstərir. Düşdükləri ayrı-ayrı yerlərdə eyni məqsəd, eyni amal, eyni maraq üçün çalışırlar. Onları bir araya gətirən səbəb isə ailə başçısının övladlarını bir araya yığmaq istəyidir. Bu günlərdə biz də belə bir hadisənin şahidi olduq. Belə ki, iyun ayının 1-də I Lənkəran Beynəlxalq Teatr Festivalı işinə başladı. Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festival iyunun 5-nə qədər davam edəcək. Bölgə və paytaxt teatrları bu festival çərçivəsində bir araya gəldilər və ən yaxşı uşaq tamaşalarını göstərdilər. 10 sənət ocağı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil "Ol” Teatrı bu festival çərçivəsində bir araya gəldilər. Festivalda Böyük Britaniyanın "Two Destination Language” Teatrı, Gürcüstanın "Azadlıq” Teatrı, İranın "Muğan Hünər” və "Mika” teatrları, habelə "Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri də iştirak edirdilər.
 
Biz də festivalın seyrçilərindən olduq. Özü də uşaq tamaşalarına uşaqların gözü ilə baxmaq, tamaşaları izləyən uşaqların keçirdikləri hiss və həyəcanları daha yaxından duymaq üçün  festivala qızım Zəhra ilə qatıldım. Tamaşaları analiz etməkdə əsas köməkçim qızım olacaqdı. Elə də oldu.  
 
 

Əvvəla, onu deyim ki, festivala ev sahibliyi edən Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi gələn qonaqları yerləşdirib, onların rahatlığını təmin etmək üçün səfərbər olmuşdu. Festivalın ilk günü Lənkəran Teatrının "Tilsimlənmiş qız” əsərini izlədik. Tamaşanı gənc rejissor Tərlan Abdullayev hazırlamışdı. Belə mötəbər festivalda gənc rejissorun tamaşasının nümayiş olunması Lənkəran Teatrının gənclərə meydan açmasının, onlara böyük etimad göstərməsinin xəbərçisidir. 

Tamaşadan sonra qonaqlar teatrın binasını gəzir, tanış olur, divarlarda asılan köhnə tamaşaların şəkillərinin tarixi ilə maraqlanırdılar. Teatrın ən maraqlı guşəsi isə kollektivin istirahəti üçün hazırlanan həyəti idi. Yapon əzgili, gilənar, feyxoa, alma ağaclarının kölgəsi altında, samovar çayı verilən bu həyətdə teatrın yaradıcı heyəti qonaqlara xidmət edir, festivala təşrif buyuran kollektivlərin üzvləri ilə maraqlı söhbətlər edirdilər. Əslində, festivalın ən maraqlı, ən yaddaqalan hissəsi elə məhz bu ab-hava idi. Kənardan böyük, xoşbəxt bir ailə tablosu yaranırdı. Tüstüsü aləmə yayılan böyük samovar isə onların söhbətlərinə daha da şirinlik qatırdı. Tamaşadan çıxan qonaqlar bu həyətdə nanəli, limonlu samovar çayı içərək tamaşa barədə fikirlərini bölüşürdülər. 
 
 

Əslən cənub bölgəsindən olan AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, teatrşünas Vidadi Qafarov tamaşaların nümayişindən sonra  axşamlar bizləri Lənkəranın dəniz sahili, mayak, köhnə dəmiryolu kimi gəzməli-görməli yerlərinə aparırdı ki, bu da səfərimizin daha da maraqlı alınmasına səbəb oldu. V.Qafarov Lənkərandan o qədər sevgi ilə danışırdı ki, söhbət etdikcə, sanki uşaqlığı, gənclik illərini bizimlə birgə təkrar yaşayırdı. Ümumiyyətlə lənkəranlılar çox qonaqpərvər idilər, müsafirlərini razı yola salmaq və Lənkəranın necə səfalı yer olduğunu göstərmək üçün əllərindən gələni edirdilər. 
Əlbəttə ki, səfərimizin məqsədini unutmuruq. Gündüzlər uşaq tamaşalarını izləyib, sehrli aləmə qonaq olur, axşamları isə Lənkəranın səfalı təbiətindən zövq alırdıq. Hə, teatrşünas dostlarımızın müzakirələri də öz yerində. 

Festivalın açılış mərasimində dövlət Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, teatrşünaslar və jurnalistlər də iştirak edirdi. Lənkəran Teatrının aktrisası Aynur Əhmədova festival iştirakçılarını və qonaqları salamlayaraq, teatr haqqında qısa məlumat verdi. O qeyd etdi ki, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, Azərbaycanda silsilə tədbirlər həyata keçirilib və bu festival da həmin tədbirlərin, bir növ, davamıdır.  
 
 
 
Aparıcı sözü Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, professor Azər Paşa Nemətova verdi. Gəncliyində Lənkəran teatrında tamaşa hazırladığını bildirən rejissor bu teatrla bağlı xatirələrini bölüşdü. Festivalın məhz Lənkəranda keçirilməsini olduqca əlamətdar hadisə kimi dəyərləndirən natiq, festivalın işinə uğurlar arzuladı. 

Sonra Britaniya Şurasının direktor müavini Nigar Balimova təmsil etdiyi qurumun fəaliyyətindən bəhs etdi. Tamaşanı festivalın proqramına daxil etdiyinə görə, təşkilatçılara minnətdarlığını bildirən N.Balimova Britaniya kollektivinin təqdim etdiyi əsər haqqında qısa məlumat verdi və bildirdi ki, İngiltərə İncəsənət Şurasının və "The Point Eastleigh” teatrının dəstəyi ilə Kolçester İncəsənət Mərkəzinin işi kimi hazırlanan "Near Gone” tamaşası "Pulse Fringe Suitcase” (2013) və İnnovasiya, Təcrübə və Səhnələşdirməyə görə "Total Teatr” mükafatlarına (2014) layiq görülüb. Daha sonra Böyük Britaniyanın "Two Destination Language” Teatrı Şarlot Vinsentin əsəri əsasında hazırlanmış "Near Gone” tamaşası ilə çıxış etdi. Tamaşada rolları Katerina Radeva və Alister Louni ifa edirdi. 

Açığı, biz onların ifasında özümüzü "bu saat ingilislər bizə bir master-klass göstərəcəklər” - fikrinə hazırlamışdıq. Amma... Təsəvvür edin ki, Katerina Radeva və onun həmkarı Alister Louni heç bir dekorasiyası, səhnə tərtibatı olmayan səhnəyə çıxır və başlayırlar başlarına gələn hadisəni danışmağa. Katerina 4 yaşlı bacısının necə komaya düşdüyünü və onun ölümlə çarpışdığını danışır. Bu anda onun keçirdiyi hisslər tamaşaçılara aydın olur. Bolqar və ingilis dillərində nəql olunan hadisə auditoriyaya emosional təsir göstərir və tamaşaçını zamanın sürətli ritmi qarşısında bir anlıq dayanmağa və həyat haqqında düşünməyə dəvət edir. Aktrisa səhnədə qucaq dolusu qərənfillərlə emosional rəqs edir və rəqs zamanı yerə tökülən və parçalanan güllər ətrafa dağılır. Tamaşanın sonuna yaxınlaşanda isə, Alister Louni yerə səpələnən qərənfilləri  topalayaraq Katerinaya təqdim edir. O isə bu güllərin hər birini tamaşaçılara verərək bildirir ki, qərənfil ölüm rəmzidir, bu tamaşa ilə onlar bir daha ölürlər, ancaq siz onları evinizə aparıb suya qoymaqla can vermiş olacaqsınız. 
 
 

Növbəti gün, iyunun 2-də Gəncə Dövlət Kukla Teatrının "Zınqırovlu pişik” tamaşasını izlədik. Əhməd Orucun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, dekorator rəssamı Sara Məmmədova, kuklaçı rəssamı isə Təranə Cəfərova idi. Teatrın uşaqların dilini bilən, onların ruhuna yaxından bələd olan bir ortamı var. Zalda əyləşən uşaqlar bu tamaşanı rahatlıqla qəbul edirdi. Çünki tamaşanın sadə dili və maraqlı səhnə həlli vardı. Tamaşada canlı ifalarla yanaşı, kuklalardan da istifadə olunurdu.

Həmin gün "Ol” Teatrının təqdimatında xalq nağılının motivləri əsasında hazırlanmış "Cəsur şahzadə Məlikməmmədin nağılı” tamaşasına baxdıq. Əsil bayram ab-havasında idik. Tamaşa ardından tamaşaya baxırdıq. İzlədiyimiz tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı Xuraman Azəri, musiqi tərtibatçısı isə Əfsanə Bağırova idi. "Ol” Teatrı "Cəsur Şahzadə Məlikməmmədin nağılı”nı özünəməxsus formada səhnələşdirərək azyaşlı tamaşaçıları təəccübləndirdi. 
 
Günün sonuncu tamaşası isə ən maraqlısı idi. Səhnədə Bakı Uşaq Teatrının yaradıcı heyəti vardı.  Onlar festivalda "Göyçək Fatma” musiqili nağılı ilə iştirak edirdilər. Teatrın bədii rəhbəri, əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu nağıl-tamaşanın quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli idi. Uşaqların daha çox güldüyü, əyləndiyi bir tamaşa izlədik. Nəinki uşaqlar, heç biz də pis əylənmədik. Rejissor tamaşaya fərqli səhnə həlli vermişdi. 
 
Zaman necə tez keçdisə, bir də gördük ki, festivalın üçüncü günüdür. Bu dəfə İran İslam Respublikasının "Mika” (Təbriz) və "Muğan-Hünər” (Parsabad) teatrlarının Əli Bərnunun eyniadlı əsəri əsasında qurulmuş "Qırmızı və Vız-vızı”sına baxdıq. İran teatrının göstərdiyi bol musiqi və rəngarəng dekorasiya ilə zəngin tamaşa arılardan bəhs edirdi. Kuklalarla nümayiş olunan tamaşa kifayət qədər maraqlı, kifayət qədər diqqətçəkən idi. Tamaşaya rəng qatan digər bir məqam isə Cənubi azərbaycanlılara məxsus şirin ləhcə idi. Bu, tamaşanı daha şirin və dadlı edirdi.
 
Akademik Milli Dram Teatrının "Nindza tısbağalar və Kapitan Cekin macəraları” bir hissəli nağıl-tamaşası və Gənc Tamaşaçılar Teatrının səhnələşdirdiyi "Qoğalın sərgüzəştləri” (müəllif: Pərvin Nurəliyeva) tamaşası ilə Lənkəran səfərimizi başa vurduq.

Hər tamaşanın sonunda Zəhranın fikirlərini soruşur, səsləndirdiyi fikirləri qeyd edirdim. Bu günün uşaqları səhnədə nəyi görmək istəyir, onları səhnədə daha çox nə maraqlandırır deyə, müşahidə aparmaq imkanı qazanmışdım. Bir sözlə, festivalın tamaşalarına müasir zamanda böyüyən Zəhranın gözü ilə baxdıq. Zəhra deyir ki, planşetdəki oyunlardansa, teatr tamaşaları daha maraqlıdır. Hər nə qədər tamaşaların bəzi məqamlarında onlara inanmasa da. Məsələn "Ol” Teatrının öz səhnəsində izlədiyi  tamaşanı Lənkəran Teatrının səhnəsində qəbul eləmədi. Zəhra günün sonunda mənimlə şərt kəsdi, bildirdi ki, onu mütəmadi olaraq belə tamaşalara aparsam, internetdən istifadə etməyəcək. Yetər ki, onu teatra aparaq. Bu səfər çərçivəsində Zəhra yaxşı dostlar qazandı. Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov uşaqlarla onların dilində danışır, tamaşa sonrası fikirlərini soruşur, necə bir tamaşaya baxmaq istədiklərini xəbər alırdı. Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın tamaşası isə Zəhranın ən çox sevdiyi tamaşalardan oldu. Zəhra deyir ki, İntiqam əminin uşaqları yaxşı nağıl danışırlar, elə İntiqam əminin özü kimi. Tamaşa salonunda uşaqların zövq aldığı hər hallarından məlum idi. Sözün əsl mənasında, orada olduğumuz 4 gün ərzində Lənkəran tamaşaçıları əsl bayram yaşadılar. Bu bayramda ən çox qazananlar isə uşaqlar oldu.
 
Əmin olduq ki, uşaqlar tamaşa istəyir. Yetər ki, biz böyüklər onları teatrla görüşdürək... 
 
Xəyalə Rəis
 
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.