• çərşənbə axşamı, 17 iyun, 07:53
  • Baku Bakı 21°C

Uşaqları necə qoruyaq?

13.05.16 12:04 1654
Uşaqları necə qoruyaq?
Bakıda 8 yaşlı uşağın özünü İŞİD üzvü elan edən gənc tərəfindən oğurlanması, uşağın qaytarılması üçün atasından külli miqdarda pul istənilməsi hadisəsi yenə də cəmiyyəti silkələdi. Kinolarda gördüyümüz qorxulu cinayətlərin ətrafımızda baş verməsi evində uşaq böyüdən valideynləri narahat etməyə bilməz. Uşağını məktəbə yola salan, həyət-bacaya oynamağa göndərən... valideyn istər-istəməz içində səksəkə ilə yaşayır.
Daha bir misal: bu yaxınlarda Bakı məktəblərinin birində direktorun valideyn iclasında danışdığı hadisə valideynləri narahatçılığa salıb. Belə ki, şagirdlərdən biri öz həmyaşıdları və sinif yoldaşları tərəfindən təhdid olunub. Uşaqdan pul almaq üçün ona davamlı olaraq «Səni oğurlayacağıq, döydürəcəyik» və s.” sözlərlə hədə-qorxu gəliblər. Uşaq da evdən pul oğurlayaraq həmin uşaqlara verirmiş. Heç bir pis vərdişi olmayan uşağın evdən pul oğurlaması valideynləri şübhəyə salıb. Nəticədə məktəb direktoru səviyyəsində məsələyə müdaxilə olunub və məlum olub ki, uşağın həmyaşıdları tərəfindən hədəyə məruz qalması onun evdən pul oğurlamasına səbəb olub.
Əlbəttə, istənilən cəmiyyətdə cinayətlərin baş verməsi labüddür. Bu baxımdan, əsas məsələ uşaqların cinayətkarlardan necə qorunmasıdır. Azyaşlıları cinayətkarların hədəfindən, lap elə həmyaşıdlarının hədə-qorxusundan necə qorumalı?
Sabiq polis rəisi, polkovnik Mahmud Hacıyev cinayət qanunvericiliyində "adam oğurluğu" adlandırılan bu cür cinayətlərin sovet dövründə də baş verdiyini bildirir. Qeyd edir ki, vaxtilə adam oğurluğu ilə məşğul olan böyük bir dəstənin zərərsizləşdirilməsindən sonra ölkəmizdə bu tip hadisələr nadir hallarda baş verib: "Bir müddət bu hadisələr baş vermədi. İndi baş verirsə, buna təəssüf etmək lazımdır. Cinayət əməlində motiv olur. Cinayət öz-özünə yaranmır. Yəni cinayət tamah, qisasçılıq və ya xuliqanlıq məqsədilə törədilir”. Valideynlərin öz övladlarını belə cinayətlərdən necə qorumasına gəlincə, M.Hacıyev bildirir ki, biz hüquqi dövlətdə yaşadığımız üçün insanların hüquqlarının müdafiəsində duran hüquq-mühafizə orqanları var: "Bir ara imkanlı ailələr uşaqlarının mühafizəsi üçün mühafizəçilər tuturdular. Bu indi də var. Amma bütün ailələrin buna imkanı yoxdur. Hüquq-mühafizə orqanları çalışırlar ki, cinayət tərkibli əməl, o cümlədən, adam oğurluğu halları baş verməsin”. Polkovnik insan faktoru olan yerdə cinayət hadisəsinin baş verməsini labüd hesab edir. Belə ki, cəmiyyət varsa, cinayət də var: "Bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır. Elə bir cəmiyyət yoxdur ki, orda oğurluq, adam öldürmə və s. kimi cinayətlər baş verməsin”. M.Hacıyev bu istiqamətdə hüquqi maarifləndirmənin rolunu o qədər əhəmiyyətli görmür: "Düzdür, bu da lazımdır. Amma bütün sağlam insanlar bilir ki cinayət baş verə bilər. Bu nöqteyi-nəzərdə maarifləndirmə nəyə lazımdır? Cəmiyyət kifayət qədər ayıqdır. Texnologiyalar çox inkişaf edib. Ucqar dağ kəndindən tutmuş şəhərli uşaqlara qədər hamı internetdən istifadə edir. Bu baxımdan, hüquqi-maarifləndirmə hüquqi-məntiq baxımından düzgün alınmır”.
Psixoloqların məsələyə münasibəti isə bir qədər fərqlidir. Məsələn, Elnur Rüstəmov hesab edir ki, ailədəki tərbiyə və məktəbin rolu cinayətin azalmasında rol oynaya bilər: "Xüsusən indiki zamanda oğlan uşaqları ataları ilə yoldaşlıq etməli, qızlar analarının həm də rəfiqəsi olmalıdırlar. "Bu gün ailələrdə uşaq sayı çox azdır. Valideynlər övladları ilə dost kimi davranmalıdırlar. Hər hansı bir xoşagəlməz hal olarsa, valideyn bu barədə zamanında xəbər tutmalıdır. Biz qlobal dünyada yaşayırıq. Psixoloji narahatlığı olan insanların sayı çoxalır. Həmçinin cinayətə meyilli olan insanların da sayı çoxdur. Rahat yolla pul qazanmaq istəyən o qədər adam var ki... Onlar bilirlər ki, valideynin ən həssas yeri onun uşaqlarıdır. Cinayətkarlar bu cür məqamdan istifadə edirlər”. Psixoloqun fikrincə, bu cür hadisələr baş verəndə həm uşaq travma alır, həm də valideyn travma ilə yaşayır. Həm də hadisə təkcə bunlarla sonuclanmır: "Belə hadisənin olması, onun KİV-də işıqlandırılması digər valideynlərin də həmin psixoloji travmanın birbaşa yox, dolayısı ilə təsirinə məruz qalmasına səbəb olur. Məsələn, 8 yaşlı uşaqla bağlı baş verən hadisə meydana çıxandan sonra nə qədər valideyn narahat oldu. Onlar övladlarını çölə buraxmağa belə çətinlik çəkirlər. Bu baxımdan, belə cinayətləri törədənlərə qarşı sərt tədbirlər görmək lazımdır. Çünki onlar cəmiyyət üçün ictimai təhlükə yaradırlar. Onların aldığı cəza da cəmiyyətə təqdim olunmalıdır ki, bu cür cinayətlərə cəhd edənlər olarsa, bu yoldan çəkinsinlər. Çünki uşağı belə bir çirkin niyyətlərin hədəfinə çevirmək olmaz”.
Vəkil Ceyhun Cəfərli də hesab edir ki, uşaqların belə cinayətlərin hədəfinə çevrilməməsi üçün məktəbdə və evdə onlarla profilaktik söhbətlər aparılmalıdır: «Uşaqlara başa salınmalıdır ki, tanımadığı şəxslərlə münasibətə girməsinlər, onlardan heç bir hədiyyə qəbul etməsinlər və onların heç bir xahişini yerinə yetirməsinlər. Kiminsə «gəl səni avtomobillə evə aparım» və ya «gedək mağazadan sənə nəsə alım» kimi şirnikləndirici sözlərinə aldanmasınlar. Kimlərsə onlara bu cür təsir etsə, ətrafdakılardan kömək istəsinlər. Çətinliyə düşərkən polisə müraciət etsinlər. Əgər kimsə qonşudan onları təhdid edirsə, bu barədə dərhal valideynə məlumat versinlər. Valideyn və məktəb uşaqları bu istiqamətdə təlimatlandırmalıdır». Hüquqşünasın fikrincə, evdə valideyn tərəfindən nəzarət gücləndirilməlidir. Belə ki, valideyn uşağın məktəbə gedib-gəlmə vaxtını dəqiq bilməlidir. Həmçinin valideynlə məktəb arasında körpü olmalıdır: "Valideyn uşağın saat neçədə dərsdən çıxacağı, hansı tədbirə gedəcəyi, kiminlə görüşəcəyi və s. səbəbləri dəqiq bilməlidir. Ola bilər ki, uşaq məktəbdən müəllimin xəstələnib dərsə gəlməməsi və s. səbəb üzündən bir saat tez qayıtsın. Uşaq həmin bir saatlıq boşluğu öz istədiyi kimi idarə də edə bilər. Ancaq o, evə getməli və dərsin boşluğu ilə bağlı valideynə məlumat verməlidir. Həmçinin müəllim də bu barədə valideyni xəbərdar etməlidir”. C.Cəfərlinin sözlərinə görə, uşağın yaşadığı ərazidə, məktəbə yaxın yerdə və s. ona qarşı zor tətbiq olunarsa, polis dərhal məlumatlandırılmalıdır: "Uşağın mobil telefonu yoxlanmalıdır. Çünki uşaqların hamısı mobil telefondan və internetdən istifadə edirlər. Bu gün cinayətkarların daha tez müəyyən olunması texniki baxımdan daha asandır. Amma ilk növbədə sırf uşaqların tərbiyə məsələsi nəzarətdə olmalıdır”.
Uşaq oğurluğu hallarının baş vermə səbəblərindən danışan hüquqşünas bildirdi ki, bu cür cinayətlər əsasən tamah məqsədilə törədilir. Məsələn, qisas məqsədi ilə uşaqların oğurlanması halları Azərbaycan kimi ölkələrdə çox nadir hallarda baş verir: "Bizim mentalitetdə uşaqdan qisas almaq yoxdur. Tamah məqsədilə bu cür cinayətlər əsasən 30-40 yaşlı və tüfeyli həyat tərzi sürən insanlar tərəfindən törədilir. Çünki onlarda sosial şüur yüksək səviyyədə inkişaf etməyib. Həmçinin onlarda mənəvi və əxlaqi dəyərlərə biganəlik var, təsəvvürləri də məhduddur. Onlar valideynin həssas tərəfindən tutaraq bu yolla gəlir əldə etmək istəyirlər. Çünki bilirlər ki, valideyn üçün övladdan əziz heç kim yoxdur və onlar bu məqamdan istifadə edərək cinayətə əl atırlar. Buna görə də valideynlər öz övladlarına daha çox nəzarət etməlidirlər”. Hüquqşünasın fikrincə, valideynlər qonşuları, uşağının dostlarını yaxından tanımalı, övladlarının davranışına fikir verməli, meylini nəzarətdə saxlamalıdır: "Məsələn, əgər uşaq bahalı telefon üçün valideyni ilə münaqişədirsə o, asanlıqla girova çevrilə bilər. Çünki o, valideynin bahalı hədiyyəsini istəyib onun tərbiyəsinə biganə yanaşacaq». C.Cəfərli hesab edir ki, KİV-də maarifləndirə istiqamətində təbliğat aparılmalı, sosial reklam çarxları hazırlanmalıdır.
Bütün hallarda, uşaq oğurluğu cinayətinin baş verməsi valideynlər və məktəblər üçün siqnal olmalıdır. Hər cür cinayətin baş verdiyi cəmiyyətdə azyaşlıların hədəf seçilməsi gələcəyimiz üçün daha dəhşətli nəticələr verə bilər... Unutmaq lazım deyil ki, cinayətkarın nə əqidəsi, nə də vicdanı olur...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər