Uşaqları dərmanlardan necə qoruyaq?

Azərbaycanda
kimyəvi zəhərlənməyə məruz qalan uşaqlar arasında ilk yeri dərmandan
zəhərlənmələr tutur. Bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş
toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent
İsmayıl Əfəndiyev deyib. İ.Əfəndiyevin sözlərinə görə, ümumilikdə 2017-ci ildə 356
nəfər uşaq kimyəvi zəhərlənməyə məruz qalıb ki, bu da 2016-cı ildəki (377
nəfər) göstəricidən azdır.
Ötən
il kimyəvi zəhərlənməyə məruz qalan uşaqlar aarsında ölüm halının baş
vermədiyini deyən İ.Əfəndiyev qeyd edib ki, dərmanlardan zəhərlənmələr uşaqlar
arasında qeydə alınan kimyəvi zəhərlənmələrin 45,8 faizini təşkil edir:
"Uşaqlar diqqətsiz qalaraq böyüklərin ya harasa qoyulmuş, qapağı açıq
qabdakı dərmanlarını, yaxud da zibil qabına atılmış köhnə dərmanları içirlər. Uşaqlar riskləri düzgün
qiymətləndirə bilmirlər. Onlar dərmanların əlvan rənglərinə, parlaq olmasına maraq
göstəririlər".
İ.Əfəndiyev deyib ki, daha çox 2-4 yaşlı uşaqlar
dərmanlardan zəhərlənirlər. Mütəxəssisin sözlərinə görə, zəhərlənən uşaqlar
arasında oğlanlar daha çox üstünlük təşkil edir: "Bunun da səbəbi onunla
izah oluna bilər ki, oğlan uşaqları daha çox nəzarətsiz qalır, sərbəst şəkildə
həyətdə oynayırlar. Ona görə də qızlarla müqayisədə oğlanlar arasında
zəhərlənmələr daha çoxdur".
Bəs
görəsən bu zəhərlənmələrin səbəbi nələrdir? Ümumiyyətlə, uşaqları dərman
zəhərlənmələrindən necə qoruya bilərik?
2 uşaq anası Xəyalə Mənsimova deyir ki, övladlarının yaşı çox az olduğuna görə çevrələrində olan
hər bir şeyi oyuncaq hesab edirlər: "Dərmanlar və zərərli məhsullar da buraya
daxildir. Bir az diqqətsizlik ucbatından uşaqların dəfələrlə dərmanları yerə
səpələdiklərini, hətta bəzilərini sümürüb atdıqlarını görmüşəm. Bunun üçün evdə
bir az dəyişiklik etdim, dərmanları uşaqların əlinin çatmadığı yerə qoydum.
Ancaq bu da fayda vermədi. Çünki gündəlik olaraq istifadə etdiyim dərmanları
işlərin çoxluğundan bəzən hara gəldi, əlimin altına qoyuram. Dərmanı qoyduğum
yerdə tapmadıqda isə, ağlıma ilk gələn uşaqlar olur. Bu işdə bir az mənim də
günahım var. Çünki bir müddət uşaqlara dərman kimi olan sümürmə konfetlər
alırdım, sonra gördüm ki, uşaqlar gördükləri hər dərmanı saqqız və konfet hesab
edir. Artıq o kiçik şirniyyatlardan da imtina etmişəm. Uşaqları dərmanlardan
uzaq tutmaq üçün maksimum onlara nəzarət və diqqət edilməlidir. Hər nə qədər
dərmanları uşaqların əllərinin çata bilmədiyi yerdə saxlasaq da, diqqət və
nəzarət çox önəmlidir”.
Sosioloq Lalə Mehralı qeyd etdi ki, körpəsi olan ailə bu kimi xırdalıqlara fikir
verməlidir: "Dərman harada saxlanılır, dozalanma necə olmalıdır, hansı dərman
neçə yaşdan sonra verilməlidir və s. kimi məqamlara diqqət etmək lazımdır. Məsələn,
çox rast gəlirik ki qızdırma düşürən dərmanlardan uşaqlar allergiya verir.
Səbəbi nədir? Səbəb odur ki, analar təlaşlanır, qızdırmanı tez salmaq üçün
dozanın iki qatını verirlər. Bu da təbii ki, allergik problemlər, bir qədər də
çox olanda zəhərlənmələr yaradır. Maraqlısı odur ki, bizim valideynlər
qızdırmadan çox qorxurlar. Halbuki, bu, təbiidir, insan orqanizmi ən maksimum hədlərdə
belə qızdırma ilə mübarizə edə bilir. Üstəlik, qızdırmanın dərəcəsini aşağı
salmaq üçün analar məsləhətsiz dərman verir, bu da öz növbəsində təhlükə
yaradır. Çox ana var ki, dərmanın içliyini oxumur, nə gəldi, necə gəldi, uşağa
içirir. Başqa bir tərəfdən, bir çox evlərdə dərman uşaqların əlinin çatdığı
yerdə saxlanılır. Bu da iməkləyən, yeriyən uşaqlar arasında zəhərlənmələrə
səbəb olur. Dərmanları soyuducunun, dolabın yuxarı hissələrinə qoymaq lazımdır.
Bir dəfə nənəsinin şəkərli diabet üçün həblərini udan körpə barədə məlumat
yayılmışdı, onu xilas etmək oldu, amma bu həmişə mümkün olmaya bilər. Azyaşlı uşağı
olan hər bir ana bu kimi xırdalıqları fikirləşməlidir”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla dərmanların uşaqlar üçün əlçatan olması haqda deyil, məhz onların
keyfiyyəti barədə danışdı: "Dərman preparatları özü müəyyən dozada zəhərdir,
müəyyən dozada dərman vasitəsidir. Dərmandan zəhərlənmə faktının müxtəlif
səbəbləri ola bilər. Normadan çox dozada dərmanın qəbul olunması səbəblərdən
biridir. Bəzən uşaq səhvən normadan çox dərman içə bilir və bu zaman zəhərlənmə
hadisəsi baş verir. Başqa bir səbəb isə dərman vasitəsinin keyfiyyət
parametrlərinin aşağı olmasıdır. Hər bir dərman vasitəsinin içində dərman
əlavəsi deyilən bir maddə olur. Bu maddə dərmana dad, rəng və struktur verir.
Aşağı keyfiyyət parametrlərinə sahib olan dərmanlar da zəhərlənməyə səbəb ola
bilir. Bu kimi hallar toksikoloji mərkəzdə mütləq araşdırılmalı və zəhərlənmə
hadisələrinin nə ilə bağlı olduğu daha dəqiq şəkildə öyrənilməlidir. Əslində bu
tip bütün neqativ hallar zəhərlənmə adı altında ümumiləşdirilir və sonradan
onları ayırd etmək çətin olur. Təəssüflər olsun ki, bu gün Azərbaycanda dərman
bazarının vəziyyəti heç də ürəkaçan deyil. Bazarda xeyli sayda aşağı
keyfiyyətli dərman vasitəsi var. Bütün bu amillər isə zəhərlənmələrə gətirib
çıxara bilir”.
Şəbnəm Mehdizadə
