Uşaqlar yayda dərs oxumalımı, oxumamalımı?

Yay
mövsümünün başlamağına ən çox məktəblilər sevinir desək, yanılmarıq. Çünki uzun
müddətli məktəb marafonuna 3 aylıq fasilə verirlər. Dəftər-kitabı bir qırağa
atıb yayın dadını çıxarmağa çalışırlar. Kimisi kompüterdə, telefonda, kimisi də
həyətdə məhəllə dostları ilə oyunlar oynayır, bəziləri də istirahət üçün ailəsi
ilə birlikdə müxtəlif məkanlara üz tutur. Bütün bu xoş anların müqabilində 9
aylıq əziyyət heçə gedir. Uşaqlar nə qədər yaxşı oxuyurlarsa, oxusunlar bir
müddətlik yayınma nəticəsində oxuduqlarını unuda bilərlər. Bunun üçün də yay
tətilində olsalar belə, mütəmadi olaraq təhsillə məşğul olmalıdırlar. Açığı,
bəzi uşaqlar bu fikrə heç də yaxşı baxmır, onlara yayda nə isə oxutmaq və ya
yazdırmaq çox müşkül məsələdir.
Bəs, necə
edək ki, tətildə də uşaqlarda oxumağa həvəs yaradaq.
Tətildə oxumağın da vacib olduğu izah edilməlidir
Səbayel rayonu 51 saylı orta məktəbin ibtidai sinif
müəlliməsi Abdullayeva Solmaz deyir ki, uşaq yay
tətilində istirahətə də, təhsilə də vaxt ayırmalıdır: "Amma uşaqları məcburi
şəkildə oxumağa yönəltmək olmaz. Onlar bunu könüllü şəkildə, istəyərək
etməlidirlər. İstər müəllim, istər valideyn uşaqda elmə həvəs yaratmalıdır. Heç
olmasa avqust ayından başlayaraq müntəzəm şəkildə dərslə məşğul olmaq lazımdır.
Çox yox, hər gün 1 saat mütaliə edib, yazı yazsa geriləmə olmaz. Hətta yaxşı
oxuyan uşaq da tətildə dərslə məşğul olmasa, il ərzində keçilənləri unudur.
Bəzi siniflər üçün xüsusi tətil kitabları var, onlardan istifadə etsələr yaxşı
olar. Əlbəttə, bütün günü ancaq dərs oxumaq da düzgün deyil. Uşaq həm
əyləncəyə, həm də dərsə vaxt ayırmalıdır”.
Müəllimə
deyir ki, tətildən qayıdanda dərslə məşğul olmuş uşaqla, heç nə oxumayan uşaq
arasında fərq olur: "Çalışmamış gələn şagird zəifləmiş olur və onun dərslərə
adaptasiyası da çətin gedir. Ona görə tətildə dərslə məşğul olmaq vacibdir.
Bunun üçün də valideynlər dərsi uşaq üçün maraqlı, əyləncəli etməlidirlər. Daha
çox şəkilli, maraqlı məsələləri olan kitablar alsınlar”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlüdüşünür ki, yay tətilində uşaqların dincəlməyi üçün şərait yaratmaq lazımdır:
"Yay tətilində uşağın dərs oxumağı məcburi olmamalıdır. İlk olaraq valideyn uşağı
ilə söhbət etməli, onun nə istədiyini soruşmalıdır. Ona əylənməsi üçün şərait
yaratmalıdır. Ondan hansısa dərsi oxuyub-oxumadığını soruşmamalıdır. Uşaqdan
ilk olaraq necə dincəldiyini, istirahətinin necə keçdiyini soruşmaq lazımdır.
Tətil başlayan kimi uşağı dərsə yönəltdikdə, əlbəttə, o, bundan boyun
qaçıracaq. Ona görə uşağa vaxt verin, bir az istirahət etsin. Bir müddət sonra
onunla başa düşəcəyi bir dildə danışıb tətildə oxumağın vacib olduğu izah
edilməlidir. Yaxşı olar ki, valideyn, müəllim və psixoloq birlikdə uşaq üçün
yay tətili proqramı hazırlasınlar. Bu proqram əsasında şagird həm dərslə məşğul
olar, həm də əyləncəsinə vaxt ayırar. Xüsusilə də uşağın hansısa bir fəndən
zəifliyi varsa, bu cür proqram mütləq tərtib olunmalıdır. Yəni uşağı çox sıxma-boğmaya
salmadan, onu bezdirmədən dərs oxumağa həvəsləndirməliyik. Burada əsas iş
valideynlərin üzərinə düşür”.
Məktəbə 1
ay qalmış əsas fənlərin təkrarı
Sosioloq Lalə Mehralıuşaqlarını yay tətilində dərs oxumağa məcbur edən valideynləri anlamadığını
deyir: "Öz dövrümüzlə müqayisə edəndə görürük ki, övladlarımızın dərs yükü ağırdır.
Həm keçdikləri proqram, həm birinci sinifdən etibarən xarici dilin tədrisi
onları 9 ay boyunca kifayət qədər yorur. Mən məktəb bağlanar-bağlanmaz uşağını
məşğələlərə göndərən, yay tətilində dərs oxumağa məcbur edən valideynləri anlamıram.
Uşaq uşaqlığını yaşamalı, top dalınca qaçmalı, həyətdə oynamalı, yıxılmalı,
dizini əzməli, əlini-qolunu yaralamalıdır. 9 ay boyunca edə bilmədiklərini
doya-doya etməlidir”.
Sosioloq
öz uşaqlarının yay tətilindən danışdı: "Yay tətili boyunca övladıma dərs
yükləmirəm, yalnız bədii ədəbiyyat üçün gündəlik 1 saat vaxt təyin etmişik.
Həmin vaxt ərzində onun üçün yaratdığımız kitabxanadan istədiyini seçib oxuyur.
Bunu onun mənəvi istirahəti üçün edirik və məcburi xarakter daşımır. Oğlum bu
il 5-ci sinfə başlayacaq və biz hər il yay tətilində iki ay dərslərdən uzaq tam
dincəlməyinə şərait yaradırıq. Məktəbə 1 ay qalmış gün ərzində 15-20 dəqiqəlik
əsas fənlərin təkrarı üçün cədvəl tərtib edirik, hər gün biri ilə məşğul olur.
Bunu tamamilə könüllü edir, çünki iki ay boyunca dərsdən uzaq qalıb və beyni
tam dincəlib. Uşaq bu halda oxuduğunu yaxşı qavrayır, dərslərdən yorulmur və
daha həvəslə məşğul olur”.
Maraqlı tətil planı tərtib edilməlidir
Narınc Uşaq
Psixologiya Mərkəzinin baş uşaq psixoloqu Aydan Nəzərova qeyd edir ki, tətil dövründə uşağı sıxışdırmaq
olmaz ki, günün böyük bir hissəsini dərs oxusun: "Son dövrlər uşaqlarda müəyyən
aqressiya yaranıb. Nəyisə et deyəndə, bunu etməməyə çalışır. Ona görə
valideynlər uşaqlarını tanımağa çalışmalıdırlar. Onun nəyi hansı halda, necə
deyildiyində edəcəyini bilməlidirlər. Dərs məsələsinə gəlincə, ümumiyyətlə, bu
uşağa lap kiçik-bağça yaşlarından aşılanmalıdır. Yəni uşağın özündə belə bir
istək olmalıdır. Onu nəyəsə məcbur etmək olmaz, lap etsək belə, istədiyimiz
nəticəni əldə etməyimiz mümkün deyil. Bu, sadəcə, uşaqda aqressiya yaradacaq və
valideynlə övlad arasındakı münasibətin korlanmasına səbəb olacaq. Valideyn
anlamalıdır ki, uşaqlar onsuz da 9 ay dərsə gedib, yorulublar. Bunun üçün də
yayda dərslə məşğul olma prosesini daha əyləncəli, maraqlı şəkildə təşkil
etməlidirlər”.
Psixoloq deyir ki, yay tətilinin səmərəli və
maraqlı keçməsi üçün planı tərtib olunmalıdır: "Tətil planını
hazırlayarkən mütləq şəkildə uşağın fikrini soruşmaq, istəklərini nəzərə almaq
lazımdır. Digər tərəfdən, valideyn özünü uşağın yerinə qoymalıdır. Düşünün ki,
yay tətilidir hamı istirahət edir, amma sizi bütün günü oturub dərs oxumağa
məcbur edirlər. Bu, düzgün deyil. Əslində biz uşaqla şərt kəsməyi doğru
saymırıq, lakin bu kimi məqamlarda olar. Məsələn, uşağınıza şərt qoyun ki,
dərslərini etsə, onu gəzməyə aparacaqsınız. Bu, istər-istəməz onda maraq
yaradacaq”.
Günel Azadə
