• cümə, 29 Mart, 12:51
  • Baku Bakı 14°C

“Uşaqlar tərəfindən sevilmək elə də çətin deyil” - Fotolar

01.06.19 12:30 11379
“Uşaqlar tərəfindən sevilmək elə də çətin deyil” - Fotolar
Bu gün 1 iyundur. Bu tarix bütün dünyada Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir. Günün əsas məqsədi dünya ictimaiyyətinin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinin demokratik ənənələr əsasında qurulmasına yönəltməkdir.Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi sağlam, yararlı yetişdirmək isə bizim öz əlimizdədir. Hər şey isə uşaqlıqdan, lap elə körpəlikdən başlayır. Bu gün kiçik yaşda uşaqları yetişdirən, onları yönləndirən, daxillərində olan potensialları üzə çıxaran təhsil ocaqları, mədəniyyət mərkəzləri barmaqla sayılası qədərdir. Onlardan biri isə Azərbaycanı beynəlxalq uşaq festivallarında təmsil edən Abdulla Şaiq adına Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq” teatr-studiyasıdır. Bu studiya uşaqların elə uşaq yaşlarından istedadlarını üzə çıxarır və onlara öz uşaqlığını yaşamaları üçün geniş imkanlar yaradır.Studiyanın uşaq qrupunun rəhbəri, ssenarist, rejissor Səidə Haqverdiyeva məhz bu gün bizim qonağımız oldu. O, uşaqlara olan sevgisindən və onların sevgi dolu dünyasından danışdı:
- Əslində, hər gün uşaqların günüdür. Ancaq 1 iyun tarixdə fidan balaların müdafiəsi, qorunması günü kimi, həm də bayram kimi qeyd olunur. İlin bütün günləri uşaqlara sevgi və qayğı göstərməliyik. Axı gələcək dediyimiz sehrli dünyanı onlara əmanət edəcəyik. Unutmayaq ki, harada uşaq varsa, orada səmimiyyət, sevinc, ümid olur. Uşaqlara həmişə məhəbbətlə yanaşılır, onları sevgi və qayğı ilə əhatə etməyə çalışırlar. Mən uşaqları sülh və savaşsız bir ölkədə görmək istəyirəm.
- Səidə xanım, uşaqların sizə sevgisi sonsuzdur. Biz özümüz də dəfələrlə bunun şahidi olmuşuq. Onlarla dil tapmaq, qəlblərini ələ almaq çətindirmi?
- Uşaqlar tərəfindən sevilmək gözəldir. Çünki onlar təmənnasız və çox safdırlar. Həm də çox həssas. Özlərinə olan münasibətdəki səmimiliyi də, saxtalığı da o qədər asan hiss etdirirlər ki... Amma qürurla deyim ki, bu məsələ - yəni onları sevərək sevimlisi olmaq elə də çətin deyil. Uşaqlara hansı sevgini göstərirsənsə, qarşılığını da olduğu kimi alırsan. Onlar səndən necə münasibət görürlərsə, sənə qarşı da o cür münasibət göstərirlər. Uşaqlara nifrətlə yanaşsanız, həmin nifrəti özünüzə qarşı görəcəksiniz. Onların düşüncələri tərtəmizdir. Böyüklərlə görüşəndə, əgər qarşı tərəfə sevgimiz yoxdursa, müəyyən mənada onları sevirmişik kimi davranırıq. Ancaq uşaqlarda bu belə deyil, onlar necə hiss edirlərsə, elə də daranırlar. Uşaqları çox sevirəm. Onlar dünyanın ən saf məxluqları, ən saf mələkləridirlər. Onları necə sevməmək olar? O qədər əyləncəli, məsumdular ki, onlara olan sevgim səbəbsizdir. Uşaqlar istər öz valideynləri, nənə-babaları, doğmaları, istərsə də digər insanlar, xüsusən böyüklər üçün həmişə sevinc mənbəyidir. Uşaq məsumiyyət, saflıq və dürüstlükdür. Onlar səadətimizin açarı, sevincimizin ilk və ən məsum ünvanıdır.Üz-gözündən sadəlik, səmimilik, mehribanlıq, xoşbəxtlik yağan, Allahın ən ali yaradılışını necə sevməmək olar?
- Onlarla işləmək sizi yormur ki?
- Əslində, mən yorğun, kədərli olanda uşaqlarla ünsiyyətə girirəm. Onlar məni əyləndirir, kədərimi unutdurur, öz ilıq təbəssümləri ilə kədər dumanımı dağıdırlar. Nə yalandan təsəlli edir, nə boş vədlər verirlər, sadəcə və sadəcə ürəklərindəki böyük sevgini gözlərində işığa, dodaqlarında təbəssümə çevirib ötürürlər.
Hər tipdə, xasiyyətdə uşaq var. Onların kaprizlərinə, arzularına, istəklərinə bələd olmaq lazımdır. Uşaqlar böyüklərdən xüsusi münasibət tələb edirlər. Təbii ki, bütün uşaqlarla eyni davranmaq mümkün deyil. Biri çox danışır, biri az danışır, biri çox sual verir, biri istəyir ki, sən onu əzizləyəsən, gözəl sözlərlə vəsf edəsən. Uşaqlarla işləmək üçün ilk növbədə onların psixologiyasına bələd olmaq və ehtiyacı olduğu şəkildə davranmaq daha məsləhətdir. Onlarla işləmək çətindir, amma xoşdur.

- Sizcə, bu gün uşaqlarımızın hüquqları kifayət qədər qorunurmu?
- Dövlətimiz hər zaman öz qayğısını uşaqlardan əsirgəmir. Körpələrin azad, firavan yaşaması üçün həmişə zəruri addımlar atılıb, müxtəlif proqramlar reallaşdırılıb, fərman və sərəncamlar imzalanıb, irimiqyaslı aksiyalar reallaşdırılıb. Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi məqsədilə hökumət ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atır. Valideyn himayəsindən kənar uşaqlar uşaq evləri ilə təmin edilir, onlar dövlətin himayəsindədirlər. Tək dövlət deyil, eyni zamanda, vətəndaşlar da uşaq məsələsinə çox həssas yanaşırlar. Təbii ki, hər kəs uşaqları sevməyə, qorumağa borcludur.
- "Oyuq” teatr-studiyası qısa zaman kəsiyində özünə tamaşaçı sevgisi qazanmağı necə bacardı? Bunun xüsusi bir sirri varmı?
- Bunun ciddi bir səbəbi yoxdur, sadəcə biz məsuliyyətli bir işlə məşğuluq. Studiyada çalışan müəllim heyəti bu sənətdə sözünü demiş peşəkar pedaqoqlardır. Onlar uşaqlara hər hansı bir sənəti öyrətmir, eyni zamanda sevgi, qayğı göstərir, uşaqların sevgisini qazanıb onlarla ailə ortamı yaratmağa çalışırlar. Bizim konsertlərimizdə, tədbirlərimizdə şahidi olursunuz ki, uşaqlarımız həmyaşıdları ilə mehriban davranırlar. Çünki onlarda aqressiya yoxdur. Sahib olduqlarını ətrafı, yaşıdları ilə bölüşürlər və hər şeyə həssas yanaşırlar. Studiyaya gələn hər bir uşaqda zamanla bu vərdişlər formalaşır. Biz uşaqlara sənətdən əvvəl bunları aşılayırıq. İnsanlarla kobud davranmağın zərərlərini başa salırıq.

- Bəs, "Oyuq” studiyası hansı zərurətdən yarandı?
- Əvvəllər televiziyada çalışırdım və uşaqlarla ünsiyyətdə olmurdum. Kukla Teatrında işləməyə başlayanda gördüm ki, tamaşaçı qismində iştirak edən uşaqlar tamaşa bitdikdən sonra səhnəyə can atırlar. Hətta bir dəfə gördüm ki, tamaşa bitdi və bir uşaq kuklanı əlinə alıb, az öncə izlədiyi aktyorun səsi ilə kuklanı oynatmağa başladı. O uşaq hələ də bizim studiyamızda fəaliyyət göstərir. Həmin uşağın bu hərəkəti xoşuma gəlmişdi. Bilirsiniz ki, Kukla Teatrının tamaşaçı kontingenti uşaqlardan ibarətdir. Tamaşalar nümayiş olunduqdan sonra uşaqların kuklalara, səhnəyə böyük həvəsinin olmasının şahidi olurdum. Kukla Teatrında nəzdində böyüklər üçün studiya fəaliyyət göstərsə də, kiçik yaş qrupu uşaqlar üçün studiya yox idi. Rəhbərliklə danışıb, təklif etdim ki, uşaqlar üçün studiya yaradılsın. 2013-cü ildə müsabiqə elan etdik. Müsabiqəmizdə 600 uşaq qeydiyyatdan keçmişdi. Onlardan 48-i seçildi. O uşaqlarla "Hər birimiz bir çiçək” adlı böyük tamaşa hazırladıq. Bu tamaşa gözəl qarşılandı. Həmin uşaqlarla da studiyamızda fəaliyyətə başladıq. Getdikcə daha istedadlı uşaqları cəlb etdik və balacaların "Oyuğ”u böyüyüb səhnədən-səhnəyə, ölkədən-ölkəyə, festivaldan-festivala getdi...

- İstedadlı uşaqları studiyaya necə cəlb edirsiniz?
- Uşaqları müsabiqə yolu ilə cəlb edirik. Hər il sentyabr ayında müsabiqə elan edirik. Müəllimlərimiz, pedaqoqlar o uşaqlarla söhbət aparırlar. Söhbət zamanı uşağın nəyə qadir olduğunu dərhal hiss edərək, kimin bizə gərəkli olub-olmadığını müəyyənləşdiririk. Bir növ onların istedadı, səhnə, sənət, səs keyfiyyətləri ilə bağlı ilk imtahanımızı edir və sıralarımıza daxil edərək daha da təkmilləşmələrinə cəhd göstəririk. Sevinirəm ki, buna nail də oluruq. Proses elə də asan olmur. Amma uğurlu sonluq bütün əziyyətlərimizi unutmağımıza bəs edir.
- "Oyuq” uşaqlara nə qazandırır?
- Sosiallaşmağı, fikirlərini düzgün şəkildə ifadə etməyi. Onlar burada öz komplekslərini aşırlar. Ətrafındakı ailəsi, həmyaşıdları, doğmaları və digər insanlarla ünsiyyət qura bilirlər. Ən əsası, malik olduqları və sadəcə ən yaxın ətraflarına bəlli istedadlarını onlarla, minlərlə insana nümayiş etdirə bilirlər.
- Studiyada uşaqlara nələr tədris olunur?
- Studiyada 6 peşəkar pedaqoqumuz çalışır. Hansı ki, onlar bu gün Azərbaycan incəsənəti sahəsində sözlərini demiş sənət adamlarıdır. Onlar uşaqlara səhnə danışığı, səhnə hərəkəti, musiqi, bədən plastikası, bədəni tanıma və psixologiya dərsləri keçirlər.
- Uşaq psixologiyası necə tədris olunur?
- Psixologiya dərsləri oyunlardan ibarətdir. Uşaqlar oynayaraq öz psixoloji durumlarını ortaya çıxarmış olurlar. Oyun oynamağı hər bir uşaq çox sevir. Çünki oyun zamanı onlar yeni nələrsə öyrənir, həm də əylənirlər. Bir uşağın oyunu, simvolik olaraq öz dünyasını əks etdirir. Oyun oynamağın uşaq üçün əyləncəli bir fəaliyyət olması ilə yanaşı, uşağın idraki inkişafını dəstəkləmək, təmin etmək kimi faydaları var. Oyun uşaqların sağlam inkişafı üçün vacib bir ünsürdür. Uşaqlar oyun oynadıqca, problem həll etmə bacarıqları, eləcə də fiziki olaraq inkişaf edirlər.

- Uşaqların xoş günündə onlara nə arzulayırsınız?
- Həyatlarını, necə arzulayırlarsa, elə də yaşasınlar. Valideynlərinin sözlərini dinləsinlər, təhlükələrdən uzaq durmağa çalışsınlar. Azad fikirli və hüquqlarının tələbkarı olsunlar. Valideynlərinin istədiyi yox, özlərinin arzuladıqları peşənin ardınca getsinlər və yanılmadıqlarını hər kəsə isbat etsinlər. Ən əsası, xoşbəxt olsunlar, sağlam böyüsünlər və vətənlərini sevib onunla qürur duysunlar. Layiqli vətəndaş olsunlar.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

banner

Oxşar Xəbərlər