• cümə, 26 Aprel, 07:45
  • Baku Bakı 12°C

“Uşaq bağçada yemək yemirsə, deməli, fərqlilik yoxdur”

12.09.20 18:45 3634
“Uşaq bağçada yemək yemirsə, deməli, fərqlilik yoxdur”
Gülçin Muradova: "Məqsədim hansısa müəssisəyə rəhbərlik etmək və oraya inkişaf, yenilik gətirmək idi”
Uşaq vaxtlarından öz bağçasının olmasını, ora çoxlu uşaqların gəlməsini arzulayır. Ali təhsili məktəbəqədər istiqamətdə almasa da, yolu bu sektorla kəsişir. İlk iş yeri baxça olur və qısa müddət sonra bağça direktoru təyin olunur. Söhbət Şəmkir şəhər 3 saylı körpələr evi - uşaq bağçasının müdiri 30 yaşlı Gülçin Muradovadan gedir.Qeyd edək ki, G.Muradova 1990-cı ildə Şəmkir şəhərində anadan olub. 2012-ci ildə Təfəkkür Universitetində ingilis dilinin filologiyası üzrə bakalavr təhsilini başa vurub.

- Gülçin xanım, ingilis dilinin filologiyası üzrə təhsil almısınız, amma bağçada işləməyi üstün tutmusunuz. Bu sektoru seçməyinizin səbəbi nədir?
- Uşaqları çox sevməyim deyə bilərik. Ən çox da uşaqların o məsumluğunu sevirəm. Uşaqlarla işləmək üçün onların hər birinə diqqət, qayğı və nəvazişlə yanaşmaq lazımdır. Belə söz var, deyirlər ki, bağçada işləyən gərək ana olsun. Uşaqlara bu cür yanaşa biləcəyimdən, onlara çox bağlı olduğumdan belə bir seçim etdim. Kiçik yaşlarımdan şəxsi bağçamın olmasını, ora çoxlu uşaqların gəlməsini istəyirdim.

- Özünüz uşaq vaxtı bağçaya getmisiniz?
- Bəli, bağçaya gedən uşaqlardan olmuşam. Anam işdə olurdu deyə, qardaşımla məni bağçaya qoyurdu. Uşaqlığımda Şəmkir rayonunda hərbi şəhərcikdə yerləşən uşaq bağçasına getmişdim. Bağça ilə bağlı xüsusi bir xatirə yadıma düşməsə də, bircə onu xatırlayıram ki, aktiv uşaqlardan idim. Bütün yarışlarda qalib gəlirdim.

- İlk iş yeriniz bağça oldu?
- Universiteti bitirəndən sonra ailə qurduğuma görə heç bir iş təcrübəm olmamışdı. Mən işə başlayanda, oğlumun üç yaşı var idi. Elə bağça ilə başladım və bu sahədə də davam etdim.

- Bağçada ilk işiniz nə idi?
- İlk işim Şəmkirdə yerləşən "Kids Academy” uşaq bağçasında müəllim köməkçisi oldu. 2014-cü ildə beş ay könüllü olaraq bu işi gördüm. Daha sonra uşaqlarla işləməyim, işçilərlə münasibətim və ingilis dili səviyyəmi nəzərə alınmaqla ingilis dili müəllimi kimi təsdiq olundum.

- Könüllülük müddəti necə keçdi?
- Mən könüllü olduğum dövrdə rayon yerində könüllü olaraq hardasa işləmək heç də asan deyildi. Ali təhsil almış birinin könüllü kimi hardasa çalışmasına kiminsə əlinin altında işləmək kimi baxanlar çox olurdu. Bunları gözə alıb mən o işə başlamışdım. Ümumiyyətlə, hər bir işin başlanğıcında çətinliklərin olmasını normal hesab edirəm. İçimdə qorxu və narahatlıq var idi ki, görəsən, öhdəsindən gələ bilərəm? Ancaq bu narahatlıq məsuliyyətlə bağlı idi. Əslində, bunu bacaracağımla bağlı içimdə özgüvən var idi. Güclü olduğumu yada salaraq özümə stimul verirdim. Beləliklə, çətinlikləri aradan qaldırdım, mənə tapşırılan işlərin öhdəsindən uğurla gəldim və qeyd etdiyim kimi müəllim kimi işə başladım.

- Qısa müddət sonra bağça müdiri olmusunuz. Bu təyinata qədərki dövrdə yəqin ki sınaqlardan yaxşı keçmisiniz. Bir az da bundan danışaq.
- Müəllim-tərbiyəçi işlədiyim 2017-ci ildə müdir, mən və başqa bir müəllim komissiya kimi İsmayıllı rayonunda yeni açılan "İsma Kids” bağçasına yoxlanışa getdik. Orada öz ideya və məsləhətlərimi verdim və nəticələri də uğurlu oldu. Həmin yoxlanışdan bir ay sonra məni yenidən müdir ilə həmin bağçaya göndərdilər. Yenə eyni qaydada öz fikirlərimi irəli sürdüm. Bütün bunlar kamera ilə müşahidə edilirdi. Şəmkirə qayıdandan bir gün sonra Bakıdan rəhbərlik gəldi və həmin gün keçirilən iclasda şirkətimizin rəhbəri qeyd etdi ki, məni İsmayıllı rayonundakı bağçaya müdir təyin etmək istəyirlər. Maaş, ev və sürücü kimi imkanlar verilsə də, həyat yoldaşımın işinə görə bu fürsətdən yararlana bilmədim. Həmin ərəfədə bu qərara gəldim ki, artıq tərbiyəçi kimi işləmək istəmirəm. Öz üzərimdə çalışıb rəhbər vəzifə tutmaq istəyirdim. Daha sonra iş qabiliyyətimi bəyəndiklərinə və tədbirlərin təşkilində fəal olduğuma görə "Kids Academy”də baş müəllim təyin olundum. Baş müəllim olsam da, müdirin də çox işini mən görürdüm. 2017-ci ilin aprel-may aylarında Şəmkir rayon İcra Hakimiyyətinə CV göndərdim. 4 ilə yaxın idi ki, müəllim kimi çalışırdım. CV-imə baxıldı və əvvəl icra hakimiyyətinin işçiləri, daha sonra isə icra başçısının özü tərəfindən qəbul edildim. Bir neçə ay ərzində şifahi imtahanlardan keçdim və 2018-ci ildə Şəmkir şəhər 3 saylı körpələr evi - uşaq bağçasına müdir təyin edildim. Bu da həmin vaxt Şəmkirin ən böyük iki bağçasından biri idi.

- İstədiyinizə nail oldunuz...
- Əvvəldən mənim məqsədim hansısa müəssisəyə rəhbərlik etmək və oraya inkişaf, yenilik gətirmək idi.


- Çalışdığınız bağçaya hansı fərqlilikləri gətirdiniz? Konkret misallarla danışaq.
- Məsələn, əvvəllər dövlət bağçalarında qidalanma özəl bağçalardan fərqlənirdi. Mən özəl bağçalardan nümunələr götürüb onları yeni formatda öz bağçamda tətbiq etdim və uğurlu nəticələr əldə edə bildim. Bunu valideynlərin razılıq və təşəkkürlərinə əsasən deyirəm. Şəmkir rayon İcra Hakimiyyətinin xüsusi dəstəyi sayəsində lazım olan ərzaqla təmin olunduq. Məndən əvvəl də verilirdi, amma veriləni necə istifadə etmək, ortaya çıxarmaq da var.Mən bura rəhbər təyin olanda tərbiyəçilər deyirdilər ki, uşaqlar yemək yemirlər. Amma uşağa elə təqdim etməlisən ki, özü yemək istəsin. Səliqəli formada təşkil olunsa, uşaqlar zövq ala-ala yeyirlər. Uşaq bağçada yemək yemirsə, deməli, fərqlilik yoxdur. İndi uşaqlar yeməyə həvəslə gəlirlər. Görəsən, bu gün yeməyə fərqli nə olacaq - deyə düşünürlər. Səhər yeməyinin çeşidini artırdım. Ara yeməyi də edirik. Menyuya kompot əlavə etmişik.Uşaqlar yeməyə qarşı kaprizli olurlar. Meyvə yemək vacib olsa da, yemək istəmirlər. Biz yesinlər deyə, meyvələri müxtəlif şəkil və formalarda təqdim edirik. Dolmaları uşaqlar üçün maraqlı olacaq formada hazırlayırıq.Uşaqların fərdi inkişafı üçün də fərqliliklər etməyə çalışıram. Valideynlərlə iclaslarda danışıb təkliflərimizi irəli sürürük, bir yerdə bunları reallaşdırırıq. Məsələn, uşaqların paylaşmağı öyrənməsi vacibdir. Paylaşmağı öyrənsinlər deyə, hər dəfə uşaqlardan birinə deyirik ki, sabah sənin növbəndir, nə istəsən uşaqların sayı qədər gətirib hamıya paylaya bilərsən. Onlar da nə istəsələr gətirir və digərləri ilə bölüşürlər. Karandaş, meyvə, peçenyə və s. gətirirlər. Bunun effekti çox yaxşı olur.

- Deyirlər ki, bu günün uşaqları ilə işləmək heç də asan deyil...
- Bu günün uşaqları tam müasir, hiperaktiv və dünyagörüşlüdür. Mənə çox çətin gəlmir. Çünki mənim də 2 dəcəl və hiperaktiv oğlum var. Dəcəl, hiperaktiv uşaqların gələcəkləri əla olur. Sadəcə olaraq, onlarla düzgün şəkildə işləmək lazımdır. Bağçada da belə uşaqlar çoxdur və bu, bizim üçün problem deyil.

- Xeyriyyə fəaliyyəti ilə də məşğul olduğunuzu bildirdilər.
- Müdirliklə yanaşı, digər tədbir və fəaliyyətlərdə də daim iştirak edirəm. Böyük Yol İctimai Birliyində və Gənc Tərbiyəçilər İctimai Birliyində ən aktiv üzvlərdən biriyəm. Əslində mənə Gənc Tərbiyəçilər İctimai Birliyinin sədri olmaq təklifi də edilmişdi. Bundan imtina etməli oldum. Çünki o da çox məsuliyyətli işdir. İki məsuliyyətli işi bir arada aparmağın çətin olacağını düşündüm. Ancaq üzv kimi aktivəm. Birlikdəki əsas işimiz odur ki, rayon daxilində və xaricində yerləşən bağçalarda kukla teatrı tamaşaları nümayiş etdiririk. Həmin kuklaları da özümüz hazırlayırıq. Musiqi fasilələri ilə müşayiət olunan bu tədbirlərimiz çox maraqlı keçir. Həmçinin, açıq məşğələlər təşkil edirik. Uşaqlarla onları əyləndirən və inkişaf etdirən oyunlar oynayırıq. Heyətimizdə müdirlər, tərbiyəçilər və musiqi rəhbərləri var.

Gənc Xeyriyyəçilər Birliyinə də dəstəyim olur, amma daimi üzvü deyiləm. Birlik tərəfindən pandemiya ilə əlaqədar Prezident İlham Əliyevin "Biz Birlikdə Güclüyük”çağırışına uyğun olaraq keçirilən "Əl-ələ verək, dəstək olaq” kampaniyasına öz kollektivimlə bərabər gücümüz çatan qədər dəstək olduq. Bütün ailələrə kömək ola bilməsək də, nəzərdə tutduğumuz 15-20 ailəyə dəstək ola bildik. Həmçinin, Gəncədə yerləşən körpələr evinə də dəfələrlə kömək etməyə çalışmışıq. Məqsədimiz etdiyimiz yaxşılıqları nümayiş etdirmək deyil. Ancaq bunları demək digər insanları da belə işlərdə aktiv olmağa səsləməkdir.Bunlardan əlavə, konfranslar və konqreslərdə də çox iştirak edirəm.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər