AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı

Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı

Müsahibə
11 Dekabr 2019, 15:37 9883
SİA Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin müsahibəsini təqdim edir:

- Səttar müəllim, dekabrın 12-də Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı böyük öndərimizin əziz xatirəsini hər zaman yad edir. Sizcə, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri nədən ibarətdir? Xüsusilə, Ulu Öndərimizin hakimiyyətə tarixi qayıdışını necə səciyyələndirərdiniz?
- Hər bir xalqın, dövlətin taleyi şəxsiyyətlərdən asılı olur. Ötən əsrin 90-cı illəri orta nəslin yaxşı yadındadır. 1993-cü ildə xalq Ümummilli Lider Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bu elə bir vaxt idi ki, Azərbaycanın müstəqilliyi xəstə doğulmuş uşaq kimi bələkdəcə məhv olmaq üzrə idi. Özünü iqtidar elan etmiş üzdəniraq «demokratlar» xalqı, vətəni qoynuna sürüklədikləri burulğandan xilas etmək gücündə və ağlında deyildilər. Xalq onlardan imtina etmişdi. Adlarını «demokrat» qoysalar da, sonradan məlum oldu ki, «demokratiya» məfhumundan, ümumiyyətlə, anlayışları yoxdur. Olsaydı cəmiyyətin demokratik əsaslarını təşkil edən ictimai qurumlara qarşı düşmən mövqe tutmazdılar. Həmkarlar ittifaqlarını «sovet qalığı» adlandırıb məhv etməyə cəhd göstərdilər. Onlara başa sala bilmirdik ki, həmkarlar ittifaqı necə «sovet qalığıdır» ki, ən sivil Avropa ölkələrində, o cümlədən Azərbaycanda hələ sovetlər ittifaqının adı belə məlum olmayan illərdə fəaliyyət göstərib. Hətta dünya üzrə birlikləri də var. Bu insanlar, necə deyərlər, kor tutduğunu buraxmayan kimi milyonlarla insanın üzv olduğu təşkilatımızı dağıtmaq, əvəzində özlərinə münasib marianet qurum yaratmaq istəklərindən əl çəkmirdilər ki, çəkmirdilər. Təşkilatımızın əmlakını, maddi bazasını mənimsəmək cəhdləri səngimirdi. Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyəti bir-birinin ardınca həmkarlar ittifaqının mülkiyyətinin mənimsənilməsinə dair ədalətsiz qərarlar qəbul etdi. Hətta iş o yerə çatdı ki, prezidentə Konfederasiyanın inzibati binasının Xarici İşlər Nazirliyinə verilməsi haqqında sərəncam imzalatdırdılar. Biz bu qanundankənar həmlələrlə, təbii ki, razılama bilməzdik. Qanun çərçivəsində mən və tərəfdaşlarım var qüvvəmizlə müqavimət göstərirdik. Bu müqaviməti davam etdirmək üçün gücümüz nə vaxta qədər çatacaqdı bilmirdik. Amma təslim olmaq fikrimiz də yox idi. Çünki tamah saldıqları əmlak nə bizim, nə də onların idi. Bunlar hamısı uzun illər üzvlük haqqı ödəmiş yüz minlərlə işçi insanın mülkiyyəti idi. İşçi insanlar etimad göstərib bizi təşkilatın rəhbərləri seçdiklərinə görə, bu mülkiyyəti qorumağı özümuzun vicdan borcu bilirdik. Açığı, qeyri-bərabər mübarizədən yorulan, bezən vaxtlarımız da olurdu. O dövrdə Naxçıvanda yaşayan, təqiblərə, qarayaxmalara, böhtanlara, hücumlara məruz qalan, buna baxmayaraq, Muxtar Respublikanın torpaqlarının toxunulmazlığının təminatını, sakinlərin sosial-iqtisadi problemlərinin həllini bacarıqla həyata keçirən Ümummilli Lider Heydər Əliyev nümunəsi mənə və silahdaşlarıma yeni qüvvət verirdi. Mən dəfələrlə Ümummilli Liderin görüşünə getmişəm. Müqəddəs Naxçıvan torpağında Onu ziyarət etmişəm. Müdrik fikirlərlə zəngin söhbətləri nadanlar tərəfindən əzilən ruhuma nur kimi çilənib. O məni haqq iş yolunda mübarizədən çəkinməməyə çağırıb. Xalq onu paytaxta, hakimiyyət sükanı arxasına dəvət edəndə elə bilirdim məndən çox sevinəni yoxdur. Sonradan bildim ki, bütün namuslu insanlar belə düşünür. Heydər Əliyev hakimiyyəti «bayram hədiyyəsi» kimi qəbul etmədi. Sərhədlərimizin ətrafı düşmən, daxildə düşmən əlaltıları, düşmən dəyirmanına su tökənlər. Sabotajlar, torpaqlarımıza müdaxilələr, özbaşınalıq… gündəlik həyat tərzinə çevrilmişdi. Ordu adında pərakəndə, səriştəsiz dəstələr özfəaliyyət göstərirdi. Hüquq-mühafizə orqanları da daha çox cinayətkarların müdafiəçisinə çevrilmişdi. Ümummilli Lider tək idi. Lakin arxasında bütöv bir xalq var idi. İndiki kimi yadımdadır. O, radio vasitəsilə xalqa müraciət etdi. Xalqı ona dəstək üçün Prezident Aparatının qarşısına çağırdı. Gecə yarısına qədər paytaxtdan, rayonlardan, kəndlərdən yüz minlərlə insan axışıb gəldi. Xalq "Heydər Əliyev” deyə hayqırdı. Biz Heydər Əliyevləyik! – dedi. Tribunadan çıxış edənlər xalqın düşmənlərinə lənət yağdırdılar. Heydər Əliyevi xilaskar qismində gördüklərini bəyan etdilər. Mən də çıxış etdim. "Yüz minlərlə həmkarlar ittifaqı üzvü yeni Azərbaycanın qurucusu olan Heydər Əliyevin yanındadır və yanında olacaq" - dedim. Ulu Öndər Heydər Əliyev, sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı. Bəlkə Tanrının da əlini üzdüyü bir dövləti (əgər o iqtidarın idarə etdiyi qurumu dövlət adlandırmaq mümkünsə) dağılmaqdan, xırda xanlıqlara parçalanmaqdan qurtardı. Əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoydu və inkişaf istiqamətinə yönəltdi. Vətəndaş cəmiyyətinin demokratik qurumlarından olan həmkarlar ittifaqına münasibətə yenidən baxıldı. Xalq Cəbhəsi-Müsavat cütlüyünün sıravi insanların müəyyən qrupu arasında həmkarlar ittifaqına qarşı, qismən də olsa, yarada bildikləri inamsızlığı aradan qaldırmaq məqsədilə dövlət başçısı tərəfindən uğurlu addımlar atıldı.

- Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan həmkarlar ittifaqlarının da həyatında tarixi dönüş oldu. Bu amil həmkarlar ittifaqlarının işinə nə dərəcədə təsir etdi?
- 1994-cü ilin fevralında Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edildi. Bu sənəd, təşkilatımızın həyatında, mən deyərdim, inqilabi dönüş yaratdı. Dahi rəhbər vətəndaş cəmiyyətinin vacib atributlarından biri olan həmkarlar ittifaqının fəaliyyətini izləyir, lazımi məqamlarda dəstək göstərirdi. Sosialyönümlü qanunların hazırlanmasında, müzakirəsində həmkarlar ittifaqının iştirakını mütləq sayırdı. Ümummilli Lider həmkarlar itttifaqlarının cəmiyyət üçün nə dərəcədə gərəkli, mən deyərdim ki, zəruri qurum olduğunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının I qurultayına göndərdiyi təbrik məktubunda təşkilatımızın varlığını istəməyən insanlara, Konstitusiyamıza əsaslanaraq, bəyan etdi: "Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında insanların əmək və sosial hüquqları təsbit edilmiş, onların həyata keçirilməsi üçün geniş qanunvericilik bazası yaradılmışdır. Dövlət siyasətinin ali məqsədlərindən biri olan əhalinin iqtisadi və sosial mənafelərinin qorunması həmkarlar ittifaqlarının fəaliyyətində də əksini tapır". Həmin məktubda Heydər Əliyev mövcud iqtisadi, sosial durumu lokanik şəkildə nəzərə çatdırdı. Bu şəraitdə təşkilatımızın fəaliyyət sferasının haradan haraya qədər olduğu sualına da aydınlıq gətirirdi: "Ölkəmizdə mühüm mərhələyə qədəm qoymuş iqtisadi islahatlar yeni təsərrüfat sisteminin tələblərinə uyğun təsisatlar və iqtisadi münasibətlər formalaşdırmış, makroiqtisadi sabitliyi təmin etmişdir. İqtisadiyyatda geriləmə hallarının qarşısı alınmış, bəzi sahələrdə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. Özəlləşdirmə prosesləri, mülkiyyət formalarının dəyişməsi, ələlxüsus torpağın xüsusi mülkiyyətə verilməsi dövlətə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq imkanı vermişdir. Bütün bunlar həmkarlar ittifaqlarının fəaliyyət dairəsini və məqsədlərini kökündən dəyişməlidir. Yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək onların iş şəraitinin yaxşılaşdırılması, əməyin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin həll edilməsi yolunda daha böyük əzmlə çalışmalıdır". Təbrik məktubunda həmçinin beynəlxalq həmkarlar ittifaqı birlikləri ilə əlaqələrimiz alqışlanır. Bu əlaqələri Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, qarşılaşdığımız sosial-iqtisadi problemlərin həllinə yönəltməyi tövsiyə edirdi. Ulu Öndər, ölkənin xarici, daxili problemlərinin həddən çox olmasına baxmayaraq, həmkarlar ittifaqı lideri olaraq, məni vaxtaşırı qəbul etməyə də vaxt tapırdı. Məni səbrlə dinləyirdi. Təkliflərimə, təşəbbüslərimə hörmətlə yanaşırdı. Məqbul saydıqlarının tətbiqinə, reallaşmasına köməyini göstərirdi. Tövsiyələri, məsləhətləri ilə fəaliyyətimizin daha səmərəli nəticələr verməsinə yardımçı olurdu. Təkcə tövsiyələri deyil, ölkədə apardığı sosial-iqtisadi islahatlar da həmkarlar ittifaqlarının qarşısında duran missiyanın uğurla həyata keçirməsinə bilavasitə təsir edib.

- Ulu Öndər Heydər Əliyevin həmkarlar ittifaqlarına əsas tövsiyələri nədən ibarət idi?
- Heydər Əliyev dövlətin sosial-iqtisadi siyasətinin reallaşdırılması işində, dövlət başçısı kimi, fəaliyyətinin sonuna qədər həmkarlar ittifaqına güvəndi. Müəllifi olduğu islahatların reallaşdırılması prosesinə uyğun olaraq qarşımıza yeni vəzifələr qoyurdu. AHİK-in II qurultayına təbrik məktubunda yazırdı: "Yeni şəraitdə həmkarlar ittifaqının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirak üçün hüquqi baza yaradır. Həmkarlar ittifaqları hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar". Heydər Əliyev təşkilatımızın sıralarının genişləndirilməsi, fəaliyyətimizin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində apardığımız işlərə qayğı göstərməklə yanaşı, onun beynəlxalq aləmdə tanınması naminə özünün şəxsi və vəzifə nüfuzundan da istifadə edirdi. AHİK-in keçirdiyi I və II qurultaylarında iştirak edən xarici qonaqları qəbul etdi. Çıxış edərək bildirdi ki, "Azərbaycan həmkarlar ittifaqları böyük gücə malikdir". Əlbəttə, ölkə başçısının xarici qonaqlar qarşısında təşkilatımıza verdiyi bu qiymət bizim üçün qürurverici idi. Görüşlərdə iştirak etmiş xarici qonaqların nümayəndələri aldıqları xoş təəssüratları dərhal bizimlə bölüşürdülər. Etiraf edirdilər ki, Azərbaycan nadir ölkələrdəndir ki, dövlət başçısı həmkarlar ittifaqlarına dövlətin sosial siyasətinin aparıcı qüvvələrindən biri kimi münasibət bəsləyir. Qonaqlarımız uzun müddət bu görüşün təəssüratlarını unutmadılar. Hər dəfə hansısa beynəlxalq tədbirdə qarşılaşanda həmin görüşü xatırladırdılar.

- Səttar müəllim, bu gün ölkəmizin dinamik inkişafı fonunda həmkarlar ittifaqları hansı nəticələr əldə etməkdədir?
- Ulu Öndər Heydər Əliyevin göstərdiyi mənəvi dəstək təşkilatımızı həm cəmiyyətimizdə, həm də beynəlxalq həmkarlar ittifaqı hərəkatında nüfuz sahibi etmişdir. AHİK hökumət və işəgötürənlərlə Baş Kollektiv Saziş imzalamaqla, qanun yaradıcılığı prosesinə qatılmaqla, cəmiyyətimizin sosial-iqtisadi həyatının fəal iştirakçılarından birinə çevrilmişdir. AHİK hazırda 29 xarici ölkənin 34 həmkarlar ittifaqı mərkəzi ilə birbaşa əməkdaşlıq edir. Sıralarında 163 ölkədən 331 üzv təşkilatı, 207 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Yeri gəlmişkən deyim ki, AHİK-in sədri həm də bu qurumun vitse-prezidentidir. Biz xalqın təşkilatlandığı qurum olaraq Heydər Əliyevin xalq üçün etdiklərini unutmuruq. Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, fədakar əməyi, xalqına, vətəninə sonsuz məhəbbəti, sivil dövlət quruculuğu istəyi və yüksək peşəkarlığı, uzaqgörənliyi sayəsində Azərbaycan tarixində özünə əbədiyaşar heykəl qoydu. Bütün uğurlarımızda Heydər Əliyevin qoyduğu təməli görürük. O, bizə təkcə müasir, əbədiyaşar dövlət əmanət etmədi. Həm də zərgər dəqiqliyi ilə qurduğu dövlətimizi gələcəyə inamla apara biləcək davamçı bəxş etdi. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Fəaliyyəti ilə Heydər Əliyev yolunun nə dərəcədə doğru olduğunu bir daha sübut etdi. O, gələcəkdə də bu siyasi kursa layiqincə əməl edəcəyini dəfələrlə xalqının diqqətinə çatdırmışdır. Ümummilli liderin anım günlərinin birində bir daha bu sədaqətini təsdiqləmişdir: "Heydər Əliyevin siyasətini həm iqtisadi islahatların aparılmasında, həm də xarici siyasətin aparılmasında və bütün başqa sahələrdə davam etdirəcəyik. Əlbəttə ki, onun sadiq olduğu azərbaycançılıq ideologiyasını biz bundan sonra da həyata keçirəcəyik".