Ulu öndər Azərbaycanı xilas etdi
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun, sadəcə təqvim
bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Ümummilli liderimizHeydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən
hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi
hadisə kimi daxil oldu. Məhz bu səbəbdəndir ki, biz bu günü bayram kimi qeyd
edirik.Azərbaycanın müstəqillik tarixinə nəzər saldığımız bu gündə sənət adamları,
incəsənət nümayəndələri o hadisələri bizimlə yenidən xatırladılar və həmin
illərin keşməkeşli, qayğılı dönəm olduğunu vurğuladılar.
Azərbaycan Teatr
Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətov mətbuata
açıqlamasında qurtuluş gününü yaxşı xatırladığını və o illərin yaddaşında
unudulmaz izlər buraxdığını qeyd edib: "Ümummilli lider, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 1993-cü il iyunun
15-də yenidən hakimiyyətə qayıtması xalqımızın həyatına qızıl hərflərlə
yazılıb. Bu qayıdışla təkcə ictimai-siyasi, iqtisadi həyatda, beynəlxalq
əlaqələrdə deyil, mədəni həyatın bütün sferalarında da əsaslı dönüş yarandı. Ulu
öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın təkidli tələbi
idi. Azərbaycanı bizim şahidi olduğumuz bəlalardan, taleyin sərt sınağından
yalnız Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev iradəsi xilas edə bilərdi. Biz
məhz bu qayıdışdan sonra ölkənin həyatındakı köklü dəyişikliklərin şahidi
olduq. Ümummilli lider bütün sahələrə, o cümlədən mədəniyyət sahəsinə çox böyük
qayğı və diqqətlə yanaşıb. O, teatr xadimlərinin böyük dostu olub, hər zaman
onların qayğısına qalıb. Heydər Əliyev teatr premyeralarında şəxsən iştirak
edib, səhnə əsərləri haqqında öz fikirlərini bölüşüb, sənətkarların daha gözəl
obrazlar yaratması üçün onlara hər cür köməkliyi göstərib. Heydər Əliyev
deyirdi ki, teatr müqəddəs yerdir, insanların mənəvi cəhətdən formalaşmasında
teatr həmişə çox böyük rol oynayıb. Ulu Öndər teatr sahəsində çalışan insanları
fədakar insanlar adlandırırdı. Məhz bu fakt göstərir ki, ümummilli liderimiz
sənət xadimlərini nə qədər yüksək dəyərləndirirdi”.
Azər Paşa Nemətov əlavə edib ki, Heydər Əliyev
teatrların maddi-texniki bazasının möhkəmlənməsi və teatr siyasətinin geniş
vüsət alması üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, mədəniyyət
və incəsənət nümayəndələri mütəmadi olaraq ulu öndər tərəfindən fəxri adlara,
yüksək mükafatlara layiq görülüblər və bu siyasət bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Xalq artisti
Nurəddin Mehdixanlı bizimlə söhbətində qurtuluş günü münasibəti
ilə xalqımızı təbrik etdi: "Biz müstəqilliyimizi çox çətinliklərlə qazanmışıq.
Çətin siyasi şəraitdə Azərbaycanın böyük zəkalı oğulları bir yerə toplaşıb,
tarixi şəraitdən istifadə edərək Azərbaycanın müstəqilliyini elan etdilər.
Həmin müstəqil Azərbaycan respublikası cəmi 23 ay yaşaya bildi. Çox keçmədi ki,
Azərbaycanın müstəqilliyinə son qoyuldu. Bu proseslər onu göstərir ki,
müstəqilliyi qazanmaq hər nə qədər çətin olsa da, onu qoruyub saxlamaq ondan da
çətindir. Biz 1990-cı ildə başlayan böyük faciələrdən, hadisələrdən keçdik.
Xalqın milli azadlıq hərəkatının verdiyi qurbanların nəticəsi olaraq yenidən Azərbaycan
öz müstəqilliyini bərpa etdi. Müəyyən zamandan sonra daxili problemlər və ən
əsas da xarici müdaxilələr yenidən müstəqilliyi itirmək təhlükəsi yaratdı. Həmin
illər Azərbaycanın dünya dövlətçiliyi tarixinə və siyasətinə bəxş etdiyi böyük
oğlu Heydər Əliyev yenidən Azərbaycana qayıtdı, müstəqilliyin qorunub saxlanılmasını
təmin etdi. Bu bizim dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.
Azərbaycanı bölünmək, müstəqilliyini itirmək, hətta vətəndaş müharibəsi kimi
bəlalardan qurtaran ulu öndərimiz Heydər Əliyevin zəkası, dövlətçilik
təcrübəsi, xalqına, millətinə olan sevgisi, eyni zamanda siyasi cəsarəti oldu.
Bu addım zamanında atıldı və Azərbaycan xilas oldu. Bu gün Azərbaycan inkişaf
etmiş, öz ayaqları üzərində möhkəm dayanan, güclü hərbi, siyasi, iqtisadi
potensialı olan bir dövlətə çevrilib. O gün Azərbaycan qurtulmasaydı, müstəqilliyi
qorunmasaydı, bu gün biz müstəqil şəkildə yaşaya bilməzdik”.
Xalq artisti
Gülyanaq Məmmədova ümummilli lideri Heydər
Əliyevin ölkəmizin müstəqilliyini qoruduğunu deyərək həmin illəri keşməkeşli və
çətin bir dönəm kimi xatırladı: "Heydər Əliyev gəlişi ilə həmin illər respublikada
tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Təbii ki, bunlar ulu öndərimizin sayəsində həyata keçdi.
Heydər Əliyev bizim üçün çox dəyərli, dahi insandır.Musiqimizə,
mədəniyyətimizə yüksək dəyər verib.O, musiqini musiqişünaslardan
da gözəl anlayırdı. Biz özümüzü hər zaman xoşbəxt hiss etmişik ki, Heydər
Əliyevin hakimiyyəti dövründə bu sənətə qədəmlərimizi qoymuşuq. Hər zaman da
onun dəstəyini bacım Gülyazla birgə hiss etmişik.Əməkdar
artist fəxri adını da onun imzası ilə almışıq.O məni bacımdan
ayırmırdı.Hər zaman ikimizi bir çağırırdı.Onun bizim həyatımıza təsiri əvəzsizdir.Biz hər zaman ona borcluyuq və minnətdarıq.Bu gün ölkəmizin prezidenti və ulu öndərimiz Heydər Əliyevin
davamçısı olan İlham Əliyevdən də o dəstəyi görürük.İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq
xalqını, dövlətini sevir və irəli aparır”.
Əməkdaş artist
Aybəniz Haşımova isə o illəri göz yaşları ilə xatırladı: "Tarixə
nəzər salsaq, ulu öndərimizin nəinki musiqi, bütün sahələrimizin inkişafında
misilsiz xidmətlərinin olduğunu görürük. Bizim bu gün müstəqil olmağımızın əsas
səbəbkarı məhz ulu öndərimiz, uzaqgörən siyasətçi Heydər Əliyevdir. Qəribədir
ki, mən bu gün də Heydər Əliyevin varlığını hiss edirəm. Mən o nəslin
nümayəndələrindənəm ki, məhz ulu öndərin zəhməti ilə Azərbaycan mədəniyyətinə
xidmət edirəm. Şəxsən onun göstərişi ilə sənətə gəlmişəm. Mənim ifaçı olaraq
yetişməyimin, tanınmağımın səbəbkarı məhz ulu öndərdir. Onun üzərimdə haqqı
çoxdur. Çox təəssüf ki, ulu öndər həyatdan çox tez köçdü”.
A.Haşımova ulu öndərin yoxluğunu qəbul edə
bilmədiyini dedi: "Mən vətənimə bağlı insanam və bu torpaq üçün əziyyəti keçən
hər kəsi həyatda görmək istəyirəm. Mən Heydər Əliyevi öz atam kimi çox
sevmişəm. 1982-ci ildə eşidəndə ki ulu öndər Moskvaya dəvət alıb, Mərkəzi
Komitədə işləməyə gedir, o zaman uşaq idim. Xəbəri eşitdiyim gün oturub uşaq
kimi ağladım. İnsan anadan, atadan yetim qalardı. Mən o xəbəri eşidəndə elə
bildim ki, yetim qaldım. Məni Bakıya gətizdirən, burada təhsil almağıma qərar
verən, musiqi sahəsində inkişaf etməyim üçün hər cür şərait yaradan məhz ulu
öndərin özü idi. Ona görə onu bir böyüyüm kimi görürdüm. Bu insan nəinki öz
yetirmələrini, Azərbaycan naminə çiçəklənən, pöhrələnən, böyük zəka ilə önə
çıxan hər kəsi həmişə dəyərləndirib. Onlar üçün əlindən gələn hər şeyi edib ki,
Azərbaycanın belə övladları çox olsun. Vətənini sevən insan başqa nə edə
bilərdi ki? Mən Heydər Əliyevi dövlətini sevən biri kimi tanımışam. Onun
gördüyü işlər hər zaman göz qabağında olub. 90-cı illəri çox gözəl
xatırlayıram. Ölkədə elə bir vəziyyət yaranmışdı ki, şəxsən mən axşam
saatlarında çölə çıxmağa qorxurdum. Kimin ürəyi necə istəyirdi, elə rəftar
edirdi. Özbaşınalıq baş alıb gedirdi. Ulu öndərin qayıdışı bütün bunlara son
qoydu. Nə yaxşı ki, Əbülfəz Elçibəy ulu öndərimizi Bakıya dəvət etdi və o, Azərbaycanı
bu bəlalardan xilas etdi. Bu gün bütün dünyada terror, vətəndaş müharibələri
baş verir. Onlarla müqayisədə ən rahat, sakit şəraitdə yaşayan ölkələr
sırasındayıqsa, bir vətəndaş kimi buna sevinirəm. Bilirsiniz ki, Qarabağda
yoldaşını itirən bir xanımam. Bu mənim ən yaralı yerimdir. Kiminsə balası şəhid
olanda, itkin düşəndə, o adamlarla bərabər mən də ölürəm. Bilirəm ki, ulu
öndərin ürəyində nə qədər arzular qaldı. Onun oğlu, mənim mənəvi qardaşım İlham
Əliyev onun siyasətini davam etdirir. Biz ona inanır və onun yanındayıq. İlham
Əliyev Azərbaycanı ulu öndərin görmək istədiyi, hətta arzuladığı şəkildə qurub-yaradır.
Xalqımız hər dəfə məni alqışlayanda, ürəyimdə mənim yetişməyimdə, məşhurlaşmağımda
vasitəçi olan ulu öndər Heydər Əliyeva minnətdarlığımı bildirirəm”.
Əməkdar artist
Baloğlan Əşrəfov isə deyir ki, bu müstəqilliyi illərlə arzulayıb:
"Müstəqillik gözəl bir duyğudur. Azadlıq duyğusu kimi. İndiki gənclər bunun nə
demək olduğunu o qədər də anlamazlar, çünki bizim keçdiyimiz o çətin günləri
görməyiblər. Təsəvvür edin ki, ifaçı kimi xaricə çıxmaq və konsert vermək
istəyəndə məcburi şəkildə Moskvadan icazə almalı idik. Bizim nailiyyətlərimiz
onlardan asılı idi. İndi müstəqil bir dövlətik. Rahat hərəkət edirik, dünyaya
açılırıq, ölkəmizi təmsil edirik”.
B.Əşrəfov deyir ki, əldə etdiyimiz müstəqillik uğrunda
çox oğullarımız canından keçib: "Əgər ulu öndərimiz Heydər Əliyev zamanında
gəlməsəydi, biz təbii ki, bu gün müstəmləkə şəraitində yaşayardıq. Mən bu gün
Azərbaycan sənətçisi olaraq belə bir şəxsiyyətin xalqımıza nəsib olmasından çox
qürur duyur, onunla fəxr edirəm. 90-cı illərin o qanlı-qadalı illəri mənim
gözümün qarşından getmir. Biz çox çətinliklə, əziyyətlərlə bu müstəmləkə
illərini arxada qoymuşuq. Yaşanan bu hadisələri kitablardan oxumamışıq, özümüz
şahidlik etmişik. Bu günümüzə min şükür. Allahdan arzum budur ki, dünya durduqca,
müstəqilliyimizi qoruyaq”.
Xəyalə Məmmədova