Türkiyənin Bamsı Beyrəyi olacaq aktyor - Fotolar
22-28
iyul tarixlərindəTürkiyənin Bayburt şəhərində 25-ci dəfə Beynəlxalq Dədə
Qorqud Festivalı keçirildi. Festivala Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və
tanıtım müşavirliyinin dəstəyi ilə qatıldıq. Böyük şənlik formatında hazırlanan
festivalda tarixi qəhrəmanlar və Bayburtda dəfn olunduğu deyilən Bamsı Beyrəklə
bağlı hazırlanan səhnəciyi izlədik. Bu tədbirdə Bamsı Beyrəyin obrazını
canlandıran türk aktyoru Turan Çakırla tanış olduq. Onunla söhbət etmək üçün
gün təyin etdik. Müsahibə günü böyük bir çadırın hazırlandığını və Turan bəyin
bizi Bamsı Beyrəyin geyimində qarşıladığını gördükdə təəccübləndik. Özümüzü bir anlıq həmin dövrdə hiss etsək də,
söhbətimiz Türkiyənin yeni dönəm serialları və tarixi qəhrəmanların obrazları
ilə bağlı oldu. Qeyd edim ki, müsahibimiz TRT kanalında nümayiş olunan "Diriliş
Ertoğrul” serialında döyüşçü rolunu oynayır. Turan Çakır Bayburtun Mədəniyyət və
Turizm müdiri Bekir Kurtoğlunun layihəsi olan Bamsı Beyrəklə bağlı filmdə baş
rolu canlandırır.Turan
Acar 1980-ci ildə Bayburtda doğulub.
Buranın daşının, torpağının tarix qoxuduğunu və özünü bu torpağın bir parçası
hesab etdiyini deyir. 5 ildir film sektorunda fəaliyyət göstərsə də "Aşkın
yolculuğu”nda 20, "Diriliş Ertoğrul” serialında isə 30 bölümdə rol alıb.
- Turan bəy, niyə məhz Bamsı Beyrək?
- Doğma
torpağımda belə bir festival keçiriləcəyini və burada Bamsı Beyrəyi
canlandırmaq təklifi aldıqda çox sevindim.
Biz bu torpaqlarda uşaqlığımızdan bəri Bamsı Beyrəyin, Dədə Qorqudun
adını eşidərək böyümüşük. Məlumat üçün bildirim ki, sizin "Diriliş Ertoğrul”
serilaında izlədiyiniz o Bamsı mənim canlandırdığım Bamsı Beyrək obrazı deyil. Bunlar tamamilə fərqli xarakterlədir. Bəzən insanlar bunları səhv salırlar. Bamsı
Beyrək bu coğrafiyada yaşamış, Bayburt qalasını
fəth etmək üçün qalaya gəlib və 16 il burada əsir həyatı yaşayıb.
Ömrünün üçdə birini zindanda keçirib. Qalanı fəth edib, bu bölgənin bəyi olan
bir qəhrəmandır. Dədə Qorqudun hekayəsində ən önəmli xarakterlərdən və fiqurlardan biridir. "Dədə
Qorqud” dastanının boylarında Bamsı Beyrək xüsusi önəm kəsb edir. Qəhrəmanlığı,
qorxusuzluğu, zalımları qarşı olması ilə əfsanəyə çevrilib.
- Hər bir aktyorun arzusu qəhrəman obrazlar
yaratmaqdır. Yəqin ki, siz də o aktyorlardansınız.
- Biz
tariximizi eşqlə oxuyan millətik. Hər bir türkün ağlının bir küncündə qəhrəmanlıq
dastanı yatır. Əlbəttə ki, özlərini o dastanların bir parçası olaraq görmək
arzusu ilə yaşayırlar. Bu, bir coğrafiyaya yayılmış ana təməl ünsürlərindən
biridir.
- Nə üçün rejissorlar sizi ancaq tarixi qəhrəmanlara
bənzədirlər?
- Yəqin ki, xarici görünüşüm buna imkan verir. Demək, görünüşüm o dövrün qəhrəmanlarına
bənzəyir. Hazırda günümüzdə tarixi filmlər daha aktual və reytinqlidir. Bu
baxımdan mənə görünüşüm sərf edir. Bu günə
qədər eşq, komediya və bir çox səpkidə olan seriallardan təkliflər alsam da,
daha çox tarixi qəhrəmanlara üstünlük vermişəm.
- Bəs maddi gəlir?
- Maddiyyat
mənim üçün hər zaman ikinci planda olub.
Misal üçün, hazırda Bayburtda Bamsı Beyrəyi canlandırıram və bu işdən
zövq qalıram. Bunu öz torpaqlarıma dəstək göstərmək üçün edirəm. Bu layihədən
heç bir təmənnam yoxdur. Təbii ki, rolun da xarakterinin böyük önəmi var. Məsələn,
Bamsı Beyrəyi oynadıqdan sonra, hər hansı komediya və eşq seriallarında yüngül
bir obrazda oynaya bilmərəm. İnsanların
yaddaşında qəhrəman kimi qalmaq istəyirəm. Bundan sonra canlandıracağım obrazlarda
Beyrək obrazına xələl gətirməməyə çalışacağam.
- Sizcə, bu gün tarixi filmlər niyə daha çox reytinq toplayır?
-
İnsanlar sevgi hekayələrini dinləyib yorulublar. Artıq onların maraq dairələri
də fərqlidir. İndi insanlara bu zamana
necə gəlib çıxdıqları, hansı çətinliklərdən keçdikləri daha maraqlıdır.
Atalarımız bu torpaqlarda nələr edib, hansı şərtlərdə yaşayıb, hansı şəraitdə
bir cəmiyyət qurub və bu günə gəlib çıxıb? Bu kimi suallara cavab tapmaq üçün
tarixi seriallara daha çox meyl edirlər. Bu, tamamilə istək və tələb məsələsidir.
Tələbi qarşılayacaq olan prodüserlər isə tamaşaçının tələbatına uyğun məhsul
hazırlayırlar. Serialın bir neçə
bölümünü çəkir və tamaşaçıların ixtiyarına buraxırlar. Çəkilən bölümlər reytinq
verirsə, işi davam etdirilər. Beləliklə, bir ildə bitməli olan layihə 5 ilə qədər
uzanır. İstək olarsa, bəlkə 10 il davam edəcək.
- Türkiyədə məşhur olmaq bir aktyor üçün çox
asandır. Uğur qazanarsa, o serial dünyaya açılır və şansınız gətirir.
- Təbii
ki, hər bir aktyor məşhur olmaq istəyir. Ancaq istəməklə iş bitmir. Bunun üçün çalışmaq və əmək sərf etmək
lazımdır. Bizim elə bir istəyimiz yoxdur. İnsanlara yararlı ola biləcək layihədə
yer aldığınız zaman, inanın ki, şan-şöhrət, pul hamısı ikinci plana keçir.
Qarşınızdakı insana nələrsə öyrədə, nələrsə verə bilirsinizsə, bu, hamısına bədəl
olur. Elə də məşhur olmaq, tanınmaq kimi bir hədəfim yoxdur. Olursa, olmasın
demərəm, amma ana hədəfim bu deyil. Ana hədəfim büründüyüm xarakteri qarşımdakı
insana izah edə bilməkdir. Bunu edə bilirəmsə, işimi görmüş olaram.
- Tarixi qəhrəmanları canlandıran aktyorların da
işi bir qədər çətinidir - at çapmaq, ox atmaq, qılınc oynatmaq, döyüş səhnələrinə
bələd olmaq asan deyil. Sizə bunları
çalışdığınız film şirkətlərimi öyrədiblər?
- Adi
yoldan keçən hər hansı insana qəhrəman geyimləri geyindirsəniz, onun duruşu,
baxışı istər-istəməz dəyişəcək və özünü qəhrəman kimi aparmağa çalışacaq. Bu özəlliklər
insanlarımızın sanki sümüyünə işləyib. Biz tarixi bağımızı heç bir zaman
qoparmamışıq. Ona görə də, belə bir
fiqur görəndə onu asanlıqla həyata keçirə bilirik. O ki qaldı aktyorun
bacarıqlarına, biz kənardan gələn, ikinci, üçüncü dərəcəli aktyorlar olduğumuz
üçün artıq seriala gələndə bütün bunları öyrənib, hazır gəlirik. Və şirkət
bizim üzərimizdə xüsusi olaraq çalışmır. Ancaq baş rolları canlandıran
aktyorlara özəl müəllimlər tutulur, öyrədirlər.
- "Diriliş Ertoğrul” serialında obrazınızı yeni
mövsümdən davam etdirəcəksiniz?
-
"Diriliş Ertoğrul” serialının final bölümü yayımlandı. Bundan sonra "Diriliş
Osman” olaraq davam edəcək və Osmanlı imperiyasının yaradılması prosesi göstəriləcək. İnşallah,
layihənin içərisində yer almağa davam edərəm. Yeni mövsümdə böyük
sürprizlər var, biz də maraqla gözləyirik.
- Adətən belə serial təklifləri necə gəlir? Sizin
özünüzlə əlaqə saxlanılır, yoxsa bu işdə prodüserlərin üzərinə böyük yük düşür?
-
Prodüserlər bizim rəsmlərimizi agentliklərə təqdim edirlər. Təşkilatçılar şəkillərə baxıb, seçimlərini edir və aktyorların prodüserləri ilə danışırlar. Belə
layihələrdə birbaşa olaraq bizim özümüzlə əlaqələr qurulmur. Rolun haqqını verə
biləriksə, iştirak edir, agentliklə müqavilə imzalayırıq.
- Serialın çəkiliş prosesində yəqin ki, çətinlik çəkdiyiniz
məqamlar da olub.
- Çəkiliş
prosesində bir çox hadisələr yaşamışıq, onlardan bəziləri pis sonluqla bitib.
Misal üçün, döyüş səhnələrində yıxılanlar, özlərini zədələyən həmkarlarım çox
olub. Ertoğrulun qardaşı Gündoğdu rolunu canlandıran aktyor atdan yıxılıb
qolunu qıranlardan idi. Ümumiyyətlə, tarixi filmlərdə rol almaq çox çətin, məşəqqətli
və bir o qədər də zövqlü bir işdir. Geyimlərimiz çox ağırdır, onları daşımaq və
üstəlik o geyimlərdə obraza girmək bir qədər çətindir. Qış çox sərt, soyuq
olur, yayda isə istidə qalın geyinmək məcburiyyətində qalırıq. Hər bir çətin
işin gözəl tərəfi var. Bizim də işimiz budur, bu çətinliyə qatlaşmaq məcburiyyətindəyik.
- Sizcə, hər bir aktyor tarixi obrazları
oynaya bilərmi?
-
Bacarmaz. Tarixi obrazlara can vermək sevgi və eşqlə bağlı olan bir şeydir.
Tarixi mənimsəməyən biri qəhrəman obrazının öhdəsindən gələ bilməz.
- Bəzən serialın tarixə əsaslanmadığını və şişirtmələr
olduğu deyilir. Məsələn, Ertoğrulun təkbaşına
bir orduya qalib gəlməsi kimi səhnələrin
çox şişirdildiyi iddia olunur.
- Biz öz
mədəniyyətimizdən belə qəhrəmanlar çıxarmaq əvəzinə onları ittiham etməyə
başlayırıq. Rembo böyük bir ordunu təkbaşına
yox edərkən, kimsə çıxıb demədi ki, yalandır, bir insan təkbaşına silahlı
ordunu yox edə bilməz. Tariximizdə belə qəhrəmanlar var. Əlbəttə ki, qəhrəmanların da edə biləcəklərinin bir sərhədi var.
Ancaq tariximizə boylansaq, əcdadımızın bir qisminin belə şir ürəkli
olduğunun şahidi olarıq. Belə ki, bir nəfərin 30 insanı öldürdüyü, zərərsizləşdirdiyi bir çox tarixi
döyüşlərimiz olub, bu, faktdır. Biz öz mədəniyyətimizdən çıxan bir çox dəyələrimizin
qədrini bilməliyik. Bu xüsusiyyətimizi tərgitməliyik. Amerika Rembosunu necə parladıb
bizə sata bilirsə, biz də öz qəhrəmanlarımızı
onların bütün müzakirələrinə baxmayaraq
parladıb onların qarşısına çıxara bilərik.Bundan başqa Yeşilcam dönəmlərində çəkilən filmlərdə Cüneyt Arkın, qarşısına çıxanı zərərləşdirirdi.
Çəkildiyi bu filmlər onu qəhrəmana çevirmişdi. O zaman heç bu fikirlər səsləndirilmirdi. Dəyərlərimizə sahib çıxmalı və
onu qəbul eləməliyik. Biz bu coğrafiyada
bu qəhrəmanlıqları yaşatdıq və yaşadırıq.
- "Aşkın yolculuğu” serialında da bir müddət sizi
gördük. Bu layihə sizə nə qazandırdı?
- Bu serialın
20 bölümündə rol aldım və orduda
çalışan əsgəri canlandırırdım. Yunus
Emre bir layihə idi, istədiyinə nail oldu və bitdi. Çox gözəl layihə idi. Bu
serial cəmiyyətə gözəl mesajlar verdi. Tariximizlə bağlı olan hər məlumatı
tarixi seriallardan öyrənə bilərik. Gənclərimizə və gələn nəslimizə bu
serialları izlətməliyik.
- Gələcək
üçün hər hansı layihələriniz varmı?
- Biz
hazırda Bayburtda Bamsı Beyrək filminin üzərində çalışırıq. Bayburtun Mədəniyyət
və Turizm müdiri Bekir Kurtoğlunun layihəsi ilə film çəkilişlərinə
başlamışıq.
- Bamsı Beyrəyin həyatı və yaşam tərzi ilə bağlı nələr
bilirsiniz?
- Bamsı
Beyrək 16 illik bir zindan həyatı yaşayıb. Onunla bağlı bir neçə filmləri izləmişəm.
Bizim yer aldığımız layihə isə ya qısa film, ya da sənədli bir film
olacaq. Onun bu coğrafiyada nələr
etdiyini, zindan həyatını necə keçdiyini, qala komandirinin qızını özünə necə
aşiq etdiyini göstərəcəyik. Onun haqqında olan rəvayətləri oxudum, araşdırdım.
Misal üçün, Bamsı 9 yaşından at çapmağa başlayıb, 20-30 düşmənə necə qalib gəldiyini
oxudum. Atasının karvanını basan düşmənləri necə yox etdiyi, böyük bir orduya təkbaşına
qalib gəldiyi haqda oxumuşam. Bu, geniş bir mövzudur, danışmaqla bitmir.
- Bəs Azərbaycanda çəkilən "Dədə Qorqud” filmini
necə, izləyibsinizmi? O filmdəki Bamsı Beyrək rolunu analiz eləmək imkanınız
olubmu?
- Təəssüf
ki, izləməmişəm, onun haqqında eşitmişəm. Ancaq hələ ki, zamanım var, çalışacağam
ki, izləyim.
- Azərbaycanda
olubsunuz?
- Azərbaycanda
olmamışam. Bu tarixi torpaqda da olmağı,
Xəzər dənizinin sahillərini görməyi çox istəyirəm. Bilirəm ki, bu məmləkət öz
tarixinə, keçmişinə sahib çıxır. Sosial mediadan Azərbaycanın il ötdükcə
inkişaf etdiyini eşidirik. Təbii ki, bu da bizləri sevindirir. Biz Azərbaycanla
tək millət iki dövlətik.
Xəyalə Rəis