AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədən Azərbaycana birmənalı dəstək

Türkiyədən Azərbaycana birmənalı dəstək

Siyasət
15 İyul 2020, 18:55 1322
Millət vəkillərinin fikrincə, NATO-da hərbi gücünə görə ikinci olan qardaş ölkənin dəstəyi olduqca əhəmiyyətlidir
 
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat dünyada heç də birmənalı qarşılanmayıb. Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın törətdiyi təxribatı pisləsə də, bəziləri yenə də köhnə vərdişindən əl çəkməyərək "neytrallıq”larını qorumağa çalışdı. Bu da təbii ki, törətdiyi təxribatların cavabsız qaldığını görən Ermənistanı daha azğınlaşdırır. Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə isə təbii ki, qardaş Türkiyə oldu. Xüsusilə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və digər siyasi-ictimai xadimlər Azərbaycan dəstəyini ifadə etdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı isə qardaş Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. O çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: "Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”.
Türkiyə Prezidenti vurğulayıb ki, bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir: "Məqsəd təxribat xarakterli yanaşma ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq və bölgədə yeni toqquşma sahələri meydana çıxarmaqdır. Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək. Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik və sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur. Bunu da xüsusi qeyd etmək istəyirəm. Öz torpaqlarında siyasi, iqtisadi problemlərdən, koronavirus pandemiyasından qaynaqlanan sağlıq, infrastruktur və geniş yayılan problemlərini həll edə bilməyən bir ölkənin belə bir hücuma başlaması öncə öz xalqına hörmətsizlikdir”.
R.T.Ərdoğan qeyd edib ki, ailələrinin dolanışığını təmin etmək üçün Türkiyədə çalışmaqda olan 10 minlərlə erməninin də dövlətlərinin bu məsuliyyətsiz davranışlarından narahat olduqlarına inanır.
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov bildirdi ki, Tovuzda şəhidlərimizin qisası alınıb. Dövlət başçısı bu hadisələrə beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması məsələlərini də əsas vəzifə kimi müəyyən edib. Azərbaycanın Xarici İşlər Nazirliyi və digər qurumları bu istiqamətdə fəaliyyətlərini qurublar. Eyni zamanda Yeni Azərbaycan Partiyası məlum təxribat hadisəsi ilə bağlı bəyanat qəbul edib. O cümlədən qəbul edilən bəyanat əməkdaşlıq etdiyi beynəlxalq siyasi qurumlara, tərəfdaşlıq partiyalara göndərilib və onların nəzərinə ermənilərin son təxribat əməlləri ilə bağlı məlumatları çatdırıb”.
 
E.Nəsirov qeyd etdi ki, bu təxribatla bağlı BMT Baş katibinin, ATƏT sədrinin, Ukrayna Xarici İşlər Nazirliyinin, ABŞ Dövlət Departamentinin və digərlərinin də reaksiyaları oldu: "Xüsusilə, BMT Baş katibi, ATƏT rəhbərliyi, ABŞ Dövlət Departamentinin reaksiyalarında, eyni zamanda ATƏT-in Minsk qrupunun veridiyi bəyanatda yenə də "tərəflər” ifadəsi işlədilir, atəşkəsə əməl etməklə və etimad mühitinin formalaşdırılması ilə bağlı çağırış var. Amma burada Ermənistanın təxribatçı hərəkətlərinə qiymət yoxdur. Hesab edirəm ki, bu, çox xoşagəlməz haldır.  Belə olanda Ermənistanda arxayınçılıq sindromu formalaşır. Belə bir fonda qardaş Türkiyə dövlətindən gələn dəstəyi gördük. Türkiyənin xarici işlər və müdafiə nazirlikləri öz xətləri ilə Azərbaycana hər cür dəstək verdiklərini və yanımızda olduqlarını bildirdilər. Eyni zamanda, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında Ermənistanın bu hərbi  təxribatını çox kəskin şəkildə pislədi. O, Türkiyənin qardaş Azərbaycanın yanında olduğunu bildirdi. Rəcəb Tayyib Ərdoğan bu məsələdə iki dövlətin tam ortaq mövqedən çıxış etdiyini vurğuladı. Həmçinin, çıxışda Ermənistanın ağlının başına yığmasının vacibliyi öz əksini tapdı. Hesab edirəm ki, NATO çərçivəsində hərbi gücünə görə ikinci yerdə olan bir dövlətin qardaş Azərbaycana belə bir dəstəyi bizim üçün olduqca əhəmiyyətlidir. Qeyd edim ki, Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının Türkiyə-Ermənistan sərhədində uçuşları həyata keçirilib. Bütün bunlar heç şübhəsiz ki, qardaş Türkiyənin Azərbaycanın yanında olduğunun ifadəsidir”.
 
Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonundan keçən hissəsində Ermənistanın təxribat törətməsi geniş məqsədlər güdür: "Hər şeydən əvvəl o ərazidən böyük layihələr keçir. Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bak-Tbilisi-Ərzurum qaz kəməri, Böyük İpək Yolu və strateji əhəmiyyətli yollar həmin zonadan keçir. İkincisi, Ermənistan bu təxribatı törətməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Nəhayət, rejim daxilindəki narazılıqları Azərbaycan timsalında vahid düşmən yaradaraq unutdurmaq məqsədi güdür. Belə bir şəraitdə Ermənistanın təcavüz aktına Türkiyə Respublikasının qəti münasibəti təbiidir. İlk növbədə ona görə ki, Azərbaycanın işi haqq işidir. Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb və ərazilərinin bir hissəsi işğal altındadır. Bu dəfə təxribatlar dövlət tərəfində törədilib”.
M.Qasımlı vurğuladı ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir: "Biz bir millət, iki dövlətik və hesab edirəm ki, Türkiyənin tutduğu mövqe həm beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə uyğundur, həm də ədalətə, haqqa əsaslanır. Fikrimcə, biz bütün işlərdə Türkiyənin yanında olduğumuz kimi, Türkiyənin də bu məsələdə bizim yanımızda olması tamamilə təbiidir. Çünki Türkiyə dövləti haqqın və ədalətin yanındadır”.

BƏXTİYAR