• cümə, 19 Aprel, 12:52
  • Baku Bakı 25°C

“Türkiyə və Azərbaycan bütün problemləri aradan qaldıra bilər”

14.10.19 19:16 4157
“Türkiyə və Azərbaycan bütün problemləri aradan qaldıra bilər”
Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) görüşü keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdə iştirak edib.
Əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Tədbirdə Türkiyə və Azərbaycan biznes dairələrinin və təşkilatlarının təmsilçiləri, akademiklər və rəsmi qurumların təmsilçiləri iştirak ediblər. Görüşdə Türkiyə prezidenti çıxış edib.
O bildirib ki, Türkiyə və Azərbaycan türkləri "Bir millət, iki dövlət” fikrini əldə rəhbər tutduqları təqdirdə, onların dəf edə bilməyəcəkləri maneə yoxdur: "Türkiyə və Azərbaycan nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız bir o qədər güclü olar”.
Prezidentin sözlərinə görə, güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyədir.
R.T.Ərdoğan qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı sammiti çox vacib hadisədir: "300 milyon nəfəri birləşdirən türk dünyası çox böyük potensiala malikdir. Baxmayaraq ki, bizim dövlətlərimiz fərqlidir, biz bir millətin övladlarıyıq. Özbəkistanın Türk Şurasına üzv olması təşkilatı daha da gücləndirib. Macarıstanın Türk Şurasında müşahidəçi statusu isə əhəmiyyətli qazancdır.
Məqsədimiz tək bir qardaşımızın kənarda qalmadığı güclü bir təşkilatı təsis etməkdir”.
Ərdoğan qeyd edib ki, Türkdilli Dövlətlərin iş adamlarını bir araya gətirmək üçün işlər aparılır. "Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”, - deyə Türkiyə Prezidenti vurğulayıb. R.T.Ərdoğan vurğulayıb ki, Türk Şurası bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir və hazırda türk iş adamları bütün ölkələrdə işləyirlər.
Türkiyə prezidenti "Sülh bulağı” əməliyyatında verdiyi dəstəyə görə, Azərbaycana təşəkkür edib: "Başda Azərbaycan olmaqla "Sülh bulağı” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm”.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə "Sülh bulağı” əməliyyatı ilə Suriya sərhədindəki terrorçuları məhv edərək ölkədəki miqrantların öz vətənlərinə qayıtması üçün təhlükəsiz şərait yaradacaq. Türkiyə bu əməliyyatları bütün təzyiqlərə baxmayaraq, sona qədər davam etdirəcək.
Türkiyə Prezidenti Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib: "Vətəndaşlarımız İŞİD-dən FETÖ-yə, PKK-dan "əl-Qaidə”yə qədər dünyanın ən alçaq terror təşkilatlarının qurbanı olub”.
Onun sözlərinə görə, Suriyanın şimalını PKK-nın qolu olan PYD/YPG və İŞİD terror təşkilatlarından təmizləmək və öz həqiqi sahiblərinə qaytarmaq başlıca vəzifədir.
Ərdoğan Tel Abyadda YPG terror təşkilatının İŞİD-çiləri azad etdiyi həbsxanadan terrorçubaşı Abdullah Öcalanın fotosunun tapıldığını da bildirib.
Türkiyə Prezidenti baş verənlərlə bağlı Ərəb Dövlətləri Liqasını tənqid edib: "Ərəb Dövlətləri Liqası Suriyanı təşkilatdan çıxartmışdı. İndi isə məlum hərbi əməliyyatlar başlayandan sonra Suriyanı yenidən Ərəb Dövlətləri Liqasına üzv etmək istəyirlər”.
Türkiyənin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında hərbi əməliyyatları davam etdirdiyini xatırladan Ərdoğan deyib ki, Avropa İttifaqı verdiyi vədlərə əməl etməyib: "Suriyalı qaçqınlara görə, Avropa İttifaqı 6 milyard məbləğində dəstək verməli idi. İndiyə kimi cəmi 3 milyard avro miqdarında vəsait verilib. Lakin biz 40 milyard dollar məbləğində vəsait xərcləmişik. Lazım gəlsə, yenə xərcləyəcəyik. Bu günə kimi verdikləri sözlərin heç birini yerinə yetirmədilər. Türkiyə səbrinin sonuna gəlib. Fədakarlığımızın qiymətini bilmədirlər. Biz başladığımız işi mütləq bitirəcəyik”.
Ərdoğan qeyd edib ki, Türkiyə ordusunun Suriyanın şimalından hərbi əməliyyatlar başlayandan bəri Türkiyə ərazisinə 700-dən çox raket zərbələri endirilib.
O, hərbi əməliyyatlar zamanı Türkiyənin itkilərini də açıqlayıb. Türkiyə Prezidenti vurğulayıb ki, 18 insan həyatını itirib, 148 nəfər yaralanıb: "3 milyon 650 min ərəb bizim torpaqlarımızda qonaqdır. Axı bunları niyə görmürlər, onlar Suriyadan qaçıblar. Biz qardaşlıq vəzifəsi olaraq bu işi görürük”.
Türkiyə Prezidenti "Barış bulağı” hərəkatının kürdləri hədəf alması barədə iddiaları əsassız adlandırıb: "Bizim əsas hədəfimiz terrorizmdir”.
banner

Oxşar Xəbərlər