Türkiyə ilə İsraili barışdıracaq kəmər - TƏHLİL
İsrail qazının
Avropaya çatdırılması üçün ən əlverişli nəql nöqtəsi Türkiyədir. Politoloqlar deyirlər
ki, İsrail-Türkiyə münasibətlərinin bərpasında rəsmi Bakının vasitəçilik
missiyasının da rolu böyükdür.
Ukraynada
döyüşlərin qızğın dönəmində digər regional güclər öz aktual problemlərini həll
etməyə çalışır. Söhbət tək Yaxın və Orta Şərqdə deyil, bütövlükdə Asiya, Afrika
və Avropada söz sahibi olan iki dövlətin - İsrail və Türkiyənin illər uzunu
yaşanan ixtilaf və problemləri kənara qoyub strateji əməkdaşlığa start verməsindən
gedir. 14 il sonra ilk dəfə olaraq Türkiyəyə səfər edən İsrail prezidenti İsaak
Hersok ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdə başlatdığı barışıq prosesinə
qoşulmaqla, artıq BƏƏ, Misir və digər
dövlətlərlə münasibətləri normallaşdırmağa müvəffəq olub.
Məqsədəuyğun
və praqmatik bir həll
İsrail
liderinin Türkiyə səfərinə gəldikdə, məqsəd əlaqələri bərpa etməkdir və buna da
hər iki tərəfin ciddi ehtiyacı var. Bəs görəsən, ideoloji və siyasi fikir
ayrılıqlarına baxmayaraq, tərəflər nədən nizamlanmaya indi razılıq verdilər? Səbəb
də sadədir - enerji və iqtisadiyyat. Bəllidir ki, İsrailin qazı var. Bir neçə
il əvvəl İsrail sahillərində böyük qaz yataqları aşkar edilib və ən əlverişli nəql
nöqtəsi də Türkiyə üzərindəndir. İsrail də gözəl anlayır ki, Türkiyədən yan keçəcək
hər hansı bir layihə çox səmərəsizdir. Ona görə də iqtisadi cəhətdən
normallaşma məqsədəuyğun və praqmatik bir həldir. Bu yaxınlaşma, sözsüz ki, ölkəmiz
üçün də vacibdir. Belə ki, illər uzunu İsrail Azərbaycanın haqq işində ona
yardımçı olub, hər cür dəstək verib. Və qardaş Türkiyə ilə İsrailin bu
yaxınlığı dünyada çox böyük bir güc deməkdir.
İsrail
sahillərindən Türkiyəyə qaz kəməri?
Türkiyənin
energetika naziri Fatih Dönməz CNN telekanalına müsahibəsində bildirib ki,
apreldə İsrail sahillərindən Türkiyəyə mümkün qaz kəmərinin çəkilməsi ilə bağlı
danışıqlar aparmaq üçün İsrailə gedəcək. O bildirib ki, Türkiyənin İsrail
qazını qəbul edib Avropaya çatdırmaq üçün hazır infrastrukturu var. Dönməz vurğulayıb
ki, bunun üçün Aralıq dənizinin dibi ilə cəmi 500-600 km uzunluğunda qaz kəməri
çəkmək lazımdır. Halbuki, "EastMed” adlı layihədə İsraildən Yunanıstan və
İtaliyaya 1900 km uzunluğunda və Aralıq dənizinin ən dərin hissəsi boyunca nəhəng
xəttin tikintisi nəzərdə tutulurdu. İllik ötürmə qabiliyyəti 10 milyard kubmetr
olan qaz kəməri 7,9 milyard dollara başa gələcəkdi. Üstəlik, belə bir kəmərin
rentabelliyi "Şimal axını 2”dən qat-qat az olacaqdı. "Şimal axını 2” 10 milyard
dollar xərclə Avropaya ildə 55 milyard kubmetr qaz nəql etməli idi. Bu şərtlər
daxilində yeganə həll yolu Türkiyə körpüsü ola bilər. Hersoqun Ankaraya uğurlu
səfərindən iki gün sonra prezident Ərdoğan da bildirib ki, Türkiyə və İsrail
qazı Avropaya çatdırmaq üçün birlikdə çalışa bilərlər. Xüsusi vurğulamaq yerinə
düşər ki, son illər Türkiyə-İsrail münasibətlərində iqtisadiyyat mühüm rol
oynayıb, ölkələr arasında ticarət əlaqələri heç vaxt kəsilməyib. 2021-ci ilin
sonuna ikitərəfli ticarətin həcmi rekord həddə - 8,4 milyard dollara çatıb.
Yəhudi
diasporu da Türkiyəni dəstəkləyir
Onu da
qeyd edək ki, İsaak Hersoqun Türkiyəyə səfəri iki ölkə arasında münasibətləri
yaxşılaşdırmaqla yanaşı, həm də bütün regiona və Ankara ilə Vaşinqton
arasındakı münasibətlərə müsbət təsir göstərəcək. Türkiyəyə səfər edən sonuncu
prezident Şimon Peres olub. 2010-cu ildə İsrailin humanitar yardım çatdırmaq
üçün Qəzza zolağının blokadasını yarmaq istəyən türk gəmisinə basqın etməsindən
sonra Ankara Tel-Əvivdəki səfirini geri çağırıb. Tarixi danışıqlara yardım edən
Amerika yəhudi icmasının nümayəndəsi ravvin Mark Şnayer hesab edir ki, Hersoqun
səfəri Türkiyə-İsrail münasibətləri, Türkiyə-Amerika əlaqələri və ABŞ-dakı yəhudi
icmaları üçün yeni səhifə açır. Şnayer deyir ki, hazırda Yaxın Şərq də daxil
olmaqla yeni dünya nizamı qurulur: "Türkiyənin ABŞ-la münasibətlərinin
yaxşılaşması bu ölkənin NATO və Qərbin müttəfiqi kimi İsraillə münasibətlərinin
yaxşılaşması ilə sıx bağlıdır. Bu baxımdan ABŞ-dakı yəhudi diasporu da Türkiyəni
dəstəkləyir".
Münasibətlərin
bərpasında rəsmi Bakının rolu
İsrail-Türkiyə
münasibətlərinin bu formatda bərpasında rəsmi Bakının vasitəçilik missiyasını
qeyd etmək lazımdır. Bu münasibətlərin üçtərəfli əməkdaşlığa çevrilməsi üçün
Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılması Azərbaycanın
xarici siyasətində əsas prioritetlərdən biri hesab edilib. Bakının müttəfiqi
Türkiyə ilə onun strateji tərəfdaşı olan İsrail arasında münasibətlərin pisləşməsi
Azərbaycanın xarici siyasəti üçün müəyyən narahatlıqlar yaradıb. Azərbaycan hər
iki ölkənin müasir texnologiyalarının birləşməsindən səmərəli istifadə edib.
Digər tərəfdən, İsraildə "Azərbaycan Evi”nin təmsil etdiyi Azərbaycan-İsrail
diasporunun nümayəndələri əllərində Türkiyə, Azərbaycan və İsrail bayraqları ilə
meydana çıxıb, İkinci Qarabağ müharibəsinin yekunlarını qeyd ediblər. Türkiyə və
İsrail şirkətləri Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinin
bərpası üçün birgə çalışırlar. Demək olar ki, eyni vaxtda Türkiyə və Azərbaycan,
eləcə də İsrail və Azərbaycan hökumətlərarası iqtisadi komissiyalarının
iclasları keçirilib. Beləliklə, İsrail və Türkiyə arasında normal və sabit
münasibətlərin bərpası regionun sabitliyinə, inkişafına və çiçəklənməsinə töhfə
verəcək. Təsadüfi deyil ki, israilli politoloqlar Türkiyə ilə İsrail arasında
münasibətlərdəki böhranın aradan qaldırılmasında, prezidentlər Rəcəb Tayyib
Ərdoğan və İsaak Hersoqun tarixi görüşünün təşkilində Azərbaycan Prezidenti
İlham Əliyevin mühüm rolunu qeyd edirlər.
Azər
NURİYEV