• bazar ertəsi, 21 oktyabr, 01:46
  • Baku Bakı 13°C

Türkiyə ilə Çini birləşdirəcək dəmir yolu

30.07.21 17:00 1583
Türkiyə ilə Çini birləşdirəcək dəmir yolu
Ankara-Pekin yaxınlaşmasında Bakı-Tbilisi-Qars əhəmiyyətli rol oynamağa başlayır
Son illər iki fövqəldövlət - Çinlə Birləşmiş Ştatlar arasında münasibətlərdə yaşanan gərginlik fonunda birincinin Türkiyə ilə hərtərəfli münasibətləri güclənməkdədir. İki ölkə, demək olar ki, bütün sahələrdə layihələr reallaşdırmaqda davam edir. Bura iqtisadiyyat, energetika, nəqliyyat, ticarət, müdafiə və hərbi sənaye və s. daxildir.
50 milyardlıq dövriyyə
Çin KİV-lərinin yazdığına görə, iki böyük dövlət, demək olar ki, bütün məsələlərdə ortaq fikir ortaya qoyur. Çin və Türkiyə əhəmiyyətli iqtisadi, nəqliyyat və geosiyasi razılıqlar əldə edib, ticarət dövriyyəsini 50 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək barədə razılıq əldə olunub. Yeri gəlmişkən, Türkiyənin "Bir dəhliz, bir yol" layihəsində iştirakı çox əhəmiyyətli və perspektivli sayılır. Çünki Türkiyə inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir. Ora gedən yollar Mərkəzi Asiyadan, İrandan, Azərbaycan və Gürcüstandan keçir. Türkiyə həm də Avropaya birbaşa çıxış deməkdir. Ankara üçün xarici sərmayələrin əhəmiyyətinin nə dərəcədə böyük olduğu sirr deyil. Çünki ölkənin təbii ehtiyatları azdır. Xarici sərmayədarlar son illər bu ölkəyə gəlişlərini azaldıblar. Çin isə həmin itkiləri örtə bilər. Pekinin "Bir kəmər, bir yol" layihəsi ilə bağlı ayrıca maliyyə proqramları mövcuddur. Onların Türkiyədə də reallaşması üçün heç bir maneə yoxdur.
Türkiyənin Çindəki səfiri deyir ki...
Çinin "China Daily" qəzeti yazır ki, pandemiyaya baxmayaraq ötən il Türkiyə ilə Çin arasındakı ticarət dövriyyəsi 26 milyard dollar təşkil edib. Türkiyənin Çindəki səfiri Abdulkadir Emin Onen qəzetə müsahibəsində son 10 ildə Çin-Avropa beynəlxalq təcili dəmir yolu layihəsinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini və inkişafının davam edəcəyini qeyd edib. Səfirin qənaətincə, "Çin-Avropa" müntəzəm konteyner qatarı Avrasiya məkanında dəmir yolu nəqliyyatının inkişafında mühüm bir mərhələdir. "Pandemiya dövründə iki qitə arasındakı dəmir yolu əlaqələri önə çıxıb. Dəmir yolu hava və dəniz nəqliyyatının məhdud imkanları səbəbindən beynəlxalq logistik tədarük zəncirinin sabitləşməsində həlledici rol oynamağa başlayıb. Türkiyənin əvvəldən dəstək verdiyi Kəmər və Yol Təşəbbüsü çərçivəsində son 10 ildə bu marşrutun inkişafında ciddi irəliləyişlər əldə edilib və işlər bundan sonra da davam etdiriləcək", - deyə səfir müsahibəsində bildirib.
İstanbuldan Siana iki həftəyə
Çin Dəmir Yolları Korporasiyasının yaydığı məlumata görə, 2021-ci ilin ilk yarısında Çin-Avropa beynəlxalq dəmir yolu yük marşrutlarında ümumilikdə 7377 yük qatarı işləyib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 43 faiz çoxdur. Yanvar-iyun aylarında təxminən 707 min standart yük konteynerləri daşınıb ki, bu da illik müqayisədə 52% çoxdur. İlk Çin-Avropa yük qatarı 2011-ci ilin mart ayında mərkəzi Çongqing şəhərini tərk etdikdən bəri qatarlar 40 min reys etməklə 22 Avropa ölkəsinin 160-dan çox şəhərinə çatıb. Və nəql edilən malların həcmi 200 milyard dolları keçib.
Onenin sözlərinə görə, Çin-Avropa beynəlxalq sürət dəmir yolu layihəsi Türkiyədə davam edən dəmir yollarının inşası və yenidən qurulması, infrastruktur və xidmət inkişaflarından da faydalanıb. 2020-ci ilin dekabrında Türkiyə ilə Çin arasında birbaşa dəmir yolu nəqliyyat xidmətlərinin açılması bu inkişafın ən son və əlamətdar nümunəsi olub. Qatarlar Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Transxəzər nəqliyyat marşrutu ilə hərəkət edirlər. Təxminən 8700 kilometr yol qət edərək iki qitəni, iki dənizi və beş ölkəni keçərək iki həftədən az müddətdə İstanbuldan Siana mal çatdırırlar. İstifadəyə verildiyi tarixdən cəmi bir neçə il keçməsinə baxmayaraq, "Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yoluna maraq artmaqda davam edir. Dörd il ərzində layihənin mövcud imkanları və potensialı, bu yolla yüklərin nəqlinin əlverişliliyi daşınan yüklərin həcminin artırılmasına səbəb olub.
Avrasiyada iqtisadi böyümə
O cümlədən Türkiyə ilə Çin arasında yük qatarlarının sayının artırılması planlaşdırılır. "İqtisadi cazibə mərkəzinin Şərqə doğru dəyişməsi Asiya ilə Avropa arasında yük trafikinin daim artmasına səbəb olur. Pandemiya bunu dəyişdirmədi, bu tendensiya daha da gücləndi”, - deyə səfir bildirib. Rəsmi rəqəmlərə görə, Avropa və Asiya ölkələri arasında ən yüksək ikitərəfli ticarət nisbətlərindən biri olan COVID-19 pandemiyasına baxmayaraq, Türkiyə ilə Çin arasındakı ticarət 2020-ci ildə 26 milyard dollar idi. Türkiyə ilə Çin arasındakı ticarət, maliyyə və investisiya əlaqələrinin önümüzdəki illərdə 50 milyard dolları keçə biləcəyini göstərir. Türkiyə ilə Çin arasında dəmir yolu əlaqələrinin inkişafı Avrasiyada iqtisadi böyüməni sürətləndirəcək və bu da öz növbəsində hər iki tərəfin iqtisadi əlaqələri üçün faydalı olacaq.
2023-cü ilədək 5500 km əlavə xətlər
"Türk və Çin məhsullarının yük qatarları ilə göndərilməsi daha asan olacaq" deyən səfir əlavə edib ki, dünyanın bir çox yerində tələbat olan yüksək keyfiyyətli türk markaları və məhsulları Çin bazarında daha çox satışa çıxarılacaq: "Xüsusilə, Çindəki e-ticarət platformalarına inteqrasiya ediləcək. Bu səbəbdən, türk və çinli sahibkarlarını yeni ticarət qapısı halına gələn yük qatarlarından istifadə etməyə təşviq edirik”. Özünəməxsus coğrafi mövqeyinə görə, Türkiyə tarixən Avropadan Asiyaya körpü rolunu oynayıb. "İpək Yolu” və ədviyyat yolu kimi digər bölgələrarası ticarət yollarında olduğu kimi. Türkiyənin Avropa, Asiya və Orta Şərq qovşağındakı strateji mövqeyi son illərdə nəzərəçarpacaq dərəcədə irəliləyərək regional nəqliyyat mərkəzi rolu üçün imkanlar açmağa davam edir.
Onen, sürətli dəmir yolları da daxil olmaqla Türkiyədə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin Avrasiya qitəsində nəqliyyat əlaqələrinin inkişafına böyük töhfə verdiyini söyləyib. Məsələn, Türkiyə Çin ilə Mərkəzi Asiya və Avropa arasında nəqliyyatı daha ucuz və daha sürətli edəcək Ədirnə-Qars sürətli dəmir yolu xəttini inşa edir. "Ölkədə 2023-cü ilədək 5500 km uzunluğunda əlavə xətlər çəkmək məqsədi ilə sürətli dəmir yollarının reallaşmasına xüsusi diqqət yetirilir. Malların və məhsulların daşınmasında dəmir yollarından istifadə etmək üçün ölkə daxilində müxtəlif logistika mərkəzləri tikilir”, - deyə səfir bildirib.
Geniş əməkdaşlıq imkanları
Türkiyə "Bir dəhliz, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən olub. 2015-ci ildə Türkiyə ilə Çin bu təşəbbüslə Orta Dəhliz arasında əlaqə yaratmaq üçün Anlaşma Memorandumu imzalayıb. Onenin sözlərinə görə, iki ölkənin nəqliyyat dəhlizlərinin köməyi ilə geniş Avrasiya ərazisində regional iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün oxşar perspektivlər var və yaxın gələcəkdə Türkiyə və Çin səlahiyyətliləri bu mövzunu yüksək səviyyədə müzakirə etməyi planlaşdırırlar: "Sürətli qlobal dəyişikliklər Asiya bölgəsinin yüksəlişi və nəqliyyat əlaqələrinin inkişafına həsr olunmuş layihələrlə yadda qalır. O, logistik və nəqliyyat sahəsindəki Türkiyə-Çin əməkdaşlığının dərinləşməsinin, şübhəsiz ki, bütün Avrasiyanın çiçəklənməsinə və sabitliyinə töhfə verəcəyini əlavə edib. "Bu yaxınlarda Türkiyə ilə Çin arasında birbaşa yük dəmir yolu bağlantısının açılması bu cür əməkdaşlığın ən uğurlu nümunələrindən biri idi. Birgə səylərimizi davam etdirsək, qarşımızda geniş əməkdaşlıq imkanları açılır".
Azər NURİYEV
banner

Oxşar Xəbərlər