• cümə axşamı, 25 aprel, 16:08
  • Baku Bakı 23°C

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında əsas amil qalib ölkə Azərbaycanın qərarı olacaq

18.12.21 15:15 282
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında əsas amil qalib ölkə Azərbaycanın qərarı olacaq
Bu danışıqlara paralel olaraq, Ermənistanla münasibətləri normallaşdırma istiqamətində müsbət mesajlar verən rəsmi Ankara Sürix protokollarının imzalanmasından 12 il sonra müharibədən məğlub çıxmış və erməni politoloqlarının da vurğuladığı kimi, beynəlxalq dəstəkdən məhrum olmuş Yerevanla müzakirələr aparacaq xüsusi nümayəndə təyin etdi.
Əvvəlcə ondan başlayaq ki, artıq 2009-cu ildə Sürixdə Türkiyə ilə münasibətlərin normallaşmasına dair protokollar imzalayan və özünü şərtlər irəli sürən qalib ölkə kimi təqdim edən işğalçı Ermənistandan əsər-əlamət qalmayıb. Brüsseldə İspaniyanın "El Pais" qəzetinə müsahibəsində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır”.
2009-cu ildə Ankara ilə Yerevan arasında Sürixdə imzalanmış protokollar Ermənistanın Azərbaycan ərazilərində işğalı davam etdirməsi səbəbindən ratifikasiya olunmadı. Həmin tarixdən ötən 12 il müddətində davam edən proseslər Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasətinin, Zəfərə aparan yolun məntiqi yekunu ilə başa çatdı. Bu yaxınlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yeni reallıqlar fonunda Ermənistanla münasibətlərin normallaşması şərtlərini açıqlayaraq dedi: "Biz bütün məsələləri Azərbaycanla birlikdə müzakirə edirik, bərabər qərar qəbul olunur. İndi biz səfir deyil, xüsusi nümayəndə təyin edirik, gələcəkdə vəziyyət normallaşarsa, Ermənistan baş verən son hadisələrdən dərs götürüb sülhü, əmin-amanlığı üstün tutarsa, prosesin gedişində səfirlik də açıla bilər. Bu məsələdə yenə də Azərbaycanla birlikdə qərar qəbul edəcəyik”.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Yerevan bu bəyanatı məmnunluqla qarşılayıb və münasibətlərin normallaşması istiqamətində heç bir şərt irəli sürmədən danışıqlara hazırdır. İndi Vaşinqton da, Brüssel də Paşinyana başa salır ki, onun hazırkı vəziyyətdə Türkiyə və Azərbaycan qarşısında güzəştə getməkdən başqa yolu qalmayıb.
Sürix protokolları ilə bağlı danışıqlardan fərqli olaraq, bu dəfə Ermənistan və Türkiyə arasında müzakirələr vasitəçilər olmadan aparılacaq. Diplomatik mənbələrdən alınan məlumata görə, tərəflər 2009-cu ildə dialoq prosesində iştirak etmiş Qərb dövlətlərinin vasitəçilik missiyasından imtina ediblər. Lakin danışıqlar prosesinin nəticələrinə mənfi təsir edən amillər var. Bunlar Ermənistandakı daxili problemlər, xüsusən revanşist dairələrin müqavimətidir. Bundan başqa, rəsmi Ankaranın bütün qərarları Bakı ilə birlikdə qəbul edəcəyi barədə bəyanatını nəzərə alarsaq, Yerevan sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Zəngəzur dəhlizinin hüquqi rejimi üzrə danışıqlarda konstruktiv mövqe nümayiş etdirməlidir.
Brüssel görüşündə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəfin müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlməsi, eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsinin geniş müzakirə olunması və Ermənistan tərəfinin öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiqləməsi müsbət məqamlardır.
Beləliklə, bütün proseslər İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar çərçivəsində davam edəcək. Artıq regionda çox güclü Azərbaycan və zəif Ermənistan var, Rusiyanın və Türkiyənin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində konstruktiv əməkdaşlığı mövcuddur. Eyni zamanda, Rusiya, ABŞ, Avropa İttifaqı və digər beynəlxalq aktorlar rəsmi Bakının sülh müqaviləsi imzalanmasına dair təklifini, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyirlər.
On iki il əvvəl Sürixdə də əsas müzakirə mövzularından biri olmuş normallaşma prosesində Türkiyə-Ermənistan sərhədinin açılmasına gəldikdə, şübhəsiz ki, bu addım Naxçıvanla nəqliyyat əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasından sonra atıla bilər. (Azərtac)
banner

Oxşar Xəbərlər