Türk Şurası real gücə çevrilir

Türk Şurası real gücə çevrilir

Siyasət
15 Oktyabr 2019, 18:23 814
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Bu dəfə keçirilən toplantı əvvəlki illərdən iştirak edən dövlətlərin say çoxluğu və müzakirə edilən məsələlər baxımından fərqlənib. "Naxçıvan Bəyannaməsi”nin 10 illiyinə həsr edilən toplantıya Özbəkistanda tam hüquqlu üzv kimi qatılıb. Artıq bu zirvə görüşləri dünya dövlətləri tərəfindən də maraqla qarşılanır. Belə ki, türkdilli dövlətlər arasındakı əlaqələrin daha genişləndirilməsi yeni gücün meydana gəlməsi kimi xarakterizə edilir. Artıq Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədə qurulub. Bakı görüşündən sonra şuraya daxil olan türkdilli ölkələr arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın yeni mərhələsinin başlanacağı şübhə doğurmur. Bütün bunları nəzərə alsaq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının real gecə çevrilməsi üçün potensialı varmı?     
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, türk dövlətlərinin dünya siyasətinə təsir etmək potensialı var: "İstər tarix, istər müasir geosiyasi şərait, təbii resurslar, insan resursları və digər kriteriyalar baxımından türk dövlətlərinin dünya siyasətində söz sahibi olmaq potensialı böyükdür. Türk dövlətləri Mərkəzi Asiya, Cənubi Qafqaz, Aralıq dənizi və s. dünyanın vacib bölgələrində yerləşməklə, Çin, Rusiya, Avropa Birliyi kimi aparıcı güc mərkəzləri ilə həmsərhəd olaraq, mühüm tərəfdaşlıq əlaqələrinə malik olmaqla müasir dünyanın beynəlxalq münasibətlər sistemində inteqrasiya proseslərinin fəal iştirakçısı ola bilərlər”.
N.Məmmədova vurğuladı ki, müasir dünyada da tarix boyu olduğu kimi ümumi sivilizasiya  mühüm birləşdirici amil olaraq öz təsir gücünü saxlamaqdadır: "Bu baxımdan Avropa Birliyi katolik həmrəyliyi, Ərəb Dövlətləri Birliyi ərəb dili və mədəniyyəti və s. kriteriyalar əsasında birləşib. Yəni, artıq dünyada belə bir təcrübə var. Türk dövlətlərinin belə bir təcrübə əsasında Avrasiya inteqrasiyasında iştirakı mümkündür. Bu zaman onun digər sivilizasiyalarla, xüsusilə meşə - çöl ittifaqı adlanan türk və slavyan birliyinin tərkib hissəsinə çevrilməklə böyük Avrasiya inteqrasiyasında aparıcı rola malik olması ən real variant kimi görünür.
Son illər baş verən Türkiyə - Rusiya ittifaqı, keçmiş sovet respublikaları olan Mərkəzi Asiya və Cənubi Qafqazdan Azərbaycanın türk inteqrasiyası istiqamətində mühüm addımlar atması bu birliyi reallığa çevirə bilər”.
 
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, sovetlər birliyi dağılandan sonra türkdilli dövlətlər arasında təmaslar quruldu: "Hətta sammit də keçirildi. Artıq 2009-cu ildə bu struktur Naxçıvanda sistemləşdirildi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası formalaşdı. Ötən on il ərzində görüşlər keçirilirdi. Amma Bakı toplantısının bir neçə uğuru var. Birinci uğuru, Naxçıvan bəyannaməsinin on illiyinin qeyd edilməsidir. Digəri isə Özbəkistanın yenidən Türk Şurasına qatılmaq qərarı ilə bağlıdır. Hesab edirəm ki, bu, çox vacib bir qərardır. Çünki 20 il əvvəl bu tədbirlərdə Özbəkistan iştirak etsə də, sonradan bunu görmədik. Bilirik ki, Özbəkistanın o zamankı prezidenti İslam Kərimovun Türkiyə ilə münasibətləri soyumuşdu və bu toplantılara qatılmaqdan imtina etmişdi. Lakin Şavkat Mirziyoyev  prezident seçildikdən sonra Türkiyə ilə əməkdaşlığı genişləndirmək qərarına gəldi. Türkiyə də çox çalışdı ki, Özbəkistan şuraya qatılsın və buna nail oldu. Daha bir uğur ondan ibarətdir ki, Avropa dövləti olan Macarıstan özünü türk dünyasının tərk hissəsi hesab etdi və o da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatıldı. Əslində bu da vacib qərar idi. Çünki biz Avropada Macarıstanın timsalında müttəfiq qazanırıq. Təsadüfi deyil ki, Türkiyənin Suriya əməliyyatını dəstəkləyən Avropa ölkələri arasında Macarıstan tək dövlət oldu. İnanıram ki, Türkmənistanda nə zamansa, Türk Şurasına qatılacaq”.
Politoloq qeyd etdi ki, türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişlənməsinə ehtiyac var: "Açıq danışsaq, Türk Şurası faktiki olaraq Azərbaycan və Türkiyənin ittifaqından ibarətdir. Daha çox iki dövlət arasında siyasi, iqtisadi, hərbi əməkdaşlıq, inteqrasiya güclənib. Amma əsas odur ki, o biri dövlətlər də bura qatılsın. Təsadüfi deyil ki, Türkiyə prezidenti Ərdoğan çıxışı zamanı çox vacib bir fikir söylədi. O bildirdi ki, Türkiyə ilə Azərbaycan haqqında danışanda "bir millət, iki dövlət” deyirik və indi isə "bir millət, 6 dövlət” deməliyik. Hesab edirəm ki, bu çox vacib bir bəyanat idi. Həm də digər türkdilli dövlətlərə mesaj idi ki, Türkiyə ilə Azərbaycan arasında inteqrasiyaya, regional əməkdaşlığa qoşulsunlar. Artıq Qazaxıstan Bakı-Tbilisi-Qars layihəsinə maraq göstərir və Özbəkistan da bundan istifadə etməyə çalışacaq. Fikrimcə, Bakı toplantısında qəbul edilən bəyannamələr inteqrasiyanı gücləndirəcək”.
E.Şahinoğlu əlavə etdi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq real gücə çevrilib: "Başqa birliklərdən də fərqlənir. "Ərəb Liqası”nı götürsək, deyə bilmərik ki, bu qurum monolit strukturdur. Misal üçün, Qatarla Səudiyyə Ərəbistanı yola getmir. O cümlədən Müstəqil Dövlətlər Birliyinə nəzər salsaq görərik ki, burada Azərbaycanla yanaşı Ermənistanda yer alır. Aydındır ki, bu qurumların ciddiliyi artıq şübhə doğurur. Lakin Türk Şurasında fikir ayrılığı yaradan bir məsələ yoxdur. Düşünürəm ki, inteqrasiya bir az zəifdir. Müxtəlif vaxtlarda inciyirik ki, bəzi türkdilli dövlətlər Ermənistanla hansısa əlaqələr qururlar. Əslində kökü, dili bir olan ölkələr təkcə sözdə yox, elə əməldə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir. Düşünürəm ki, bu istiqamətdə hələ görüləcək işlər var”.
 
BƏXTİYAR