Türk dövlətlərinin yeni dünya düzənindəki səsi - ŞƏRH
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının keçən həftə İstanbulda keçirilən VIII Zirvə Görüşü beynəlxalq siyasi
ekspertlərin də diqqət mərkəzindədir
Ötən həftə Kiçik Asiya, Cənubi
Qafqaz, Mərkəzi Avropa və Mərkəzi Asiyada yerləşən ölkələrin iştirakı ilə
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
VIII Zirvə Görüşü keçirilib. Demokratiya və Azadlıqlar Adasında təşkil edilən tədbirdə
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və
Macarıstanın liderləri iştirak ediblər. Zirvə Görüşü beynəlxalq siyasi ekspertlərin
də diqqət mərkəzindədir. Yeri gəlmişkən, Yaponiyanın nüfuzlu ingilisdilli
"Nikkei Asia” nəşrində tanınmış ekspert Sinan Tavşanın bu haqda məqaləsi dərc
edilib.
Təşkilatın
rebrendinqi
Sinan Tavşan qeyd edir ki,
Əfqanıstanda vəziyyətin qeyri-sabit olduğu, terrorçuluq, miqrasiya və
radikalizm kimi təhdidlərin yarandığı dövrdə türkdilli dövlətlərin liderləri gələcək
əməkdaşlıq və inteqrasiyaya dair imkanların öyrənilməsi ilə bağlı razılığa gəliblər:
"Macarıstan müşahidəçi statusa malikdir. Türkmənistan isə bütün türkdilli ölkələri
bir araya gətirən təşkilatda yeni müşahidəçi dövlət olub. Doğrudur, rəsmi
Aşqabad "daimi neytrallıq” siyasəti yürüdür. Odur ki, Türkmənistan hələ də təşkilata
tamhüquqlu üzv olmaqdan çəkinir”.
Müəllifin sözlərinə görə,
liderlər Türk Şurasının adının "Türk Dövlətləri Təşkilatı” ilə əvəzlənməsinə
dair razılığa gəliblər: "Üstəlik, onlar quruma müşahidəçi və ya yeni tərəfdaş
qismində üzvlərin qəbuluna dair qaydaları razılaşdırıblar”.
S.Tavşan vurğulayır ki, Çin
və Rusiya kimi fövqəldövlətlərin ABŞ qoşunlarının çıxması ilə Əfqanıstanda
yaranan boşluğu doldurmağa hazırlaşdığı dönəmdə türkdilli ölkələrin liderləri təşkilatın
rebrendinqini həyata keçirir: "Güman ki, türkdilli ölkələrin rəhbərlərinin Mərmərə
dənizində yerləşən Demokratiya və Azadlıqlar Adasında, Osmanlı hərbi orkestrinin
ifa etdiyi "Türk dövləti sən çox yaşa” marşının sədaları altında qarşılanması məhz
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iddialarını əks etdirir”.
15 dövlət təşkilata
maraq göstərir
S.Tavşan məqaləsində məlumat
verir ki, türkdilli dövlətlərin nominal ümumdaxili məhsulu 1 trilyon dollardan
çoxdur: "Bu ölkələrdə ümumilikdə 160 milyondan çox insan yaşayır”.
Zirvə Görüşündə iştirak edən
Qazaxıstanın milli iqtisadiyyat naziri Asset İrqəliyev "Nikkei Asia” nəşrinə
bildirib ki, Türk Dövlətləri Təşkilatının yaradılması nəticəsində qurumun üzvləri
və müşahidəçi dövlətlər sənaye, ticarət, nəqliyyat, logistika və turizm kimi
sahələrdə əməkdaşlığı genişləndirəcək: "Bu zaman üzv ölkələrin ümumi maliyyə
qurumu olacaq Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun imkanlarından
istifadə ediləcək. Fondun gələn ilin ikinci yarısında yaradılması gözlənilir”.
Təşkilatın Azərbaycandan
olan baş katibinin müavini Qismət Gözəlov Yaponiya nəşrinə bildirib ki, 15 dövlət
müşahidəçi və ya tərəfdaş qismində quruma qoşulmağa maraq göstərir.
S.Tavşan qeyd edir ki,
türkdilli Krım tatarlarının yaşadığı Ukrayna təşkilata müşahidəçi dövlət kimi
qoşulmaq istədiyini bəyan edib.
Azərbaycan
Prezidentinin çıxışına diqqət
"Nikkei Asia” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Görüşündəki
çıxışına da yer verib: "İndiki dünyada təhlükələr hər ay, hər il yaranır və
əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün
addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz,
xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim
işbirliyimiz səmimidir...”.
Müəllifin sözlərinə görə, təşkilat
beynəlxalq nüfuzunu artırmaq məqsədilə Afrika ölkələrinə 2,5 milyon doza peyvənd
bağışlayacaq: "Bunun 2 milyonu Türkiyənin payına düşəcək”.
Təşkilatın
Türkiyə üçün əhəmiyyəti
S.Tavşan hesab edir ki, təşkilat
xüsusilə Türkiyə üçün mühüm əhəmiyyətə malikdir: "Rusiya, Çin, Hindistan və
İran kimi regional dövlətlər Mərkəzi Asiyada təsirlərini artırmaq məqsədilə rəqabət
aparırlar. Odur ki, Ankara Türk Dövlətləri Təşkilatı vasitəsilə həmin regionda
nüfuzunu genişləndirməyə çalışır”.
Müəllifin sözlərinə görə,
Türkiyə Sovet İttifaqı dağıldıqdan sonra etnik, dil, din və mədəniyyət
nöqteyi-nəzərdən yaxın əlaqələri olan Mərkəzi Asiya dövlətləri ilə münasibətləri
genişləndirməyə başlayıb: "Lakin 1990-cı illərin əvvəllərində Ankaranın yeni
müstəqillik əldə etmiş türkdilli dövlətlərlə geniş əlaqələr qurması üçün hərbi
və iqtisadi gücü yox idi. Bu vəziyyət zamanla dəyişməyə başlayıb. 2000-ci illərin
ortalarında Türkiyə Qərbin yardımı ilə Rusiyadan yan keçən kəmərlər vasitəsilə
Azərbaycanın enerji resurslarının ixracını təmin edə bilib”.
S.Tavşan qeyd edir ki,
Ankara İkinci Qarabağ müharibəsi zamanı Bakıya mənəvi-siyasi yardım göstərib və
Azərbaycanın uğuru Mərkəzi Asiyanın türkdilli dövlətlərinin diqqətini cəlb
edib.
Təşkilat
Asiyada tarazlıq yaradacaq
"Türkdilli ölkələr Rusiya və
ya Çin kimi regionun güclü dövlətləri ilə münasibətləri şaxələndirməyə
çalışırlar. Onlar sadalanan dövlətlərdən lap çox asılı olmaq istəmirlər. Odur
ki, həmin ölkələr böyük fövqəldövlətlərin təzyiqlərindən qorunmaq üçün Türkiyə
ilə münasibətləri gücləndirirlər”, - deyə Ankara Universitetinin professoru
Fırat Purtaş "Nikkei Asia” nəşrinə bildirib.
Ankara Böhranlar və Siyasi
Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri professor Mehmet Seyfettin Erol isə
Yaponiya nəşrinə deyib ki, Türk Dövlətləri Təşkilatı
Asiyada tarazlıq yaradacaq: "Çünki Rusiya və ya Çin kimi fövqəldövlətlər
tarixən sərt və yumşaq güclə regionda hökmranlıq etməyə çalışıblar”.
Sənan
Ağamalızadə