• şənbə, 27 Aprel, 04:53
  • Baku Bakı 14°C

“Türk axını”nın birinci mərhələsi reallaşdı

20.11.18 19:14 479
“Türk axını”nın birinci mərhələsi reallaşdı
"Rusiya qazını Qara dəniz və Türkiyə üzərindən Avropaya daşıyacaq "Türk axını” layihəsi təkcə Türkiyəyə deyil, qonşu ölkələrə və regiona da üstünlük gətirəcək”. Bu sözləri İstanbul Konqres Mərkəzində keçirilən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Onun rusiyalı həmkarının da iştirak etdiyi "Türk axını”nın dəniz hissəsinin tamamlanması mərasimindəki çıxışında Ərdoğan bəyan edib ki, "Türk axını” layihəsinin son mərhələsinə gəlinib. Onun sözlərinə görə, "Türk axını” layihəsi 2019-cu il yoxlamalarından (testlər) sonra fəaliyyətə başlayacaq: "Türkiyə üçün Rusiyanın uzunmüddətli iş birliyi etibarlı dost və mühüm təbii qaz tədarükçüsü anlamına gəlir.Rusiya-Türkiyə iş birliyi çox geniş spektrdə irəliləyir. Hədəfimiz Rusiya ilə 100 milyard dollarlıq ticarət həcminə malik olmaqdır. Türkiyə Rusiyadan 1987-ci ildən bəri 387 milyard kubmetrlik təbii qaz alıb. Biz Rusiya ilə ikitərəfli münasibətləri heç zaman digər ölkələrin tələb və inadına qurban verməyəcəyik. Cənab Putin və Rusiya xalqı ilə həmrəyliyimiz ölkələrimizə daha böyük layihələr gətirəcək, müjdələr verəcək”.
Öz növbəsində V.Putin də deyib ki, Rusiya və Türkiyə enerji sahəsində əməkdaşlığını uzun illər ərzində çox uğurlu şəkildə həyata keçirdi: "Türk axını” çox əhəmiyyətli layihədir. Bu layihə Türkiyəni mühüm qaz mərkəzinə çevirəcək və mövqeyinə müsbət təsir edəcək. Rusiya ilə Türkiyə100milyard dollarlıq əmtəə dövriyyəsinə nail olacaq. İndi Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğanındediyi100milyard dollarlıq əmtəə dövriyyəsi bu il Rusiya ilə Çin arasında əldə ediləcək. Bəs Türkiyə ilə niyə bundan az olsun? Bəli, Türkiyə ilə də bu nəticəyə nail olacağıq. Mənim bunda qəti şübhəm yoxdur”. Rusiya prezidenti onu da deyib ki, "Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib, dövlətlərin öz milli mənafeyini qorumaq bacarığını nümayiş etdirir: "Bu kimi layihələr, o cümlədən hazırkı layihə heç kimə qarşı yönəlməyib və sırf qurucu mahiyyət daşıyır”. Əlavə edib ki, bu layihə dövlətlərarası münasibətlərin genişlənməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına və iki ölkə əhalisinin rifahının yüksəlməsinə yönəlib.
Qeyd edək ki, Qara dənizin dibi ilə qaz kəmərinin iki qolunun çəkilməsini nəzərdə tutulur. Onların hər birinin gücü 15,75 mlrd kubmetr olacaq. Bunlardan biri Türkiyə bazarına, digəri Avropaya tranzit üçündür. Sənədə əsasən, kəmərin dəniz hissəsi 2019-cu ilin dekabrına kimi tikilməlidir. Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, kəmərin quru hissəsi Türkiyə şirkətinin, dəniz hissəsi Rusiya şirkətinin olacaq. "Rusiya dəniz hissəsini tikəcək, quru hissəsini isə Türkiyə şirkəti, yəqin ki, Botas tikəcək”, - deyə TASS agentliyi sitat gətirir. İkinci qol üçün birgə müəssisə yaradılacaq.
İki ölkə arasında imzalanan sazişlə bağlı Ukrayna tərəfinin mövqeyi də maraqlıdır. Bu ölkənin "24 telekanal” televiziyası xəbər verir ki, Kiyev kəmərin ikinci xəttinin inşasını dayandıra bilər. Qeyd edək ki, bu layihənin işə düşməsi ilə Ukrayna ərazisindən qazın nəqli il ərzində 12,13 mlrd. kub metr azalacaq. Ukrayna rəsmisi Leonid Uniqovski bildirib ki, bütövlükdə onların itkisi 500 mln. dollardan çox olacaq. Bu səbəbdən də Kiyev kəmərin ikinci xəttinin inşasına yol verməmək üçün fəaliyyətə başlamalıdır. İkinci xətt əsas etibarilə İtaliyaya qaz çatdırmalıdır. Bu isə 16 mlrd. kub metr qaz deməkdir. İtaliya hazırda Ukrayna qaz nəqliyyat sistemi ilə il ərzində 23 mlrd. kub metr qaz alır. Onu da qeyd edək ki, "Qazprom” rəhbəri Aleksey Miller də bəyan edib ki, "Türk axını” və "Şimal axını-2” işə düşdükdən sonra Rusiya qazının Ukrayna vasitəsilə tranziti 10 dəfə azalacaq. Öz növbəsində "Türk axını" layihəsinin dəniz hissəsinin tamamlanması ilə bağlı açıqlamasında rusiyalı ekspert Vladimir Feyqin bildirib ki, "bu, uzun zamandır gözlənilən bir hadisə idi. Layihənin ilk xətti təbii qazın Türkiyəyə çatdırılmasına imkan verəcək. Bu durumda hər iki ölkənin təhlükəsizliklə bağlı mövqeyi ortadadır”. Onun qənaətincə, "Türk axını” layihəsinin dəniz hissəsinin tikintisinin yekunlaşması iki ölkənin müştərək nailiyyətidir: "Çünki hazırlıq mərhələsində bəzi çətinliklər yaranmışdı, amma onların hamısı dəf edildi”.
O ki qaldı "Türk axını”nın Cənub Qaz Dəhlizi layihəsinə təsirlərinin olacağına, əksər ekspertlər bunu mümkünsüz sayır. Lakin risklərin olduğu da istisna edilmir. Söhbət layihənin ikinci xəttindən, yəni, Türkiyə üzərindən keçməklə Avropaya istiqamət götürən hissədən gedir. Qeyd edilir ki, ikinci boru kəməri üzrə bir çox detallar tərəflər arasında ötən il imzalanan sənəddə də öz əksini tapmayıb. Əgər birinci boru kəmərinin quru hissəsinin sahibinin türk şirkəti olduğu bəlli olsa da, ikinci haqda hələ ortaq fikir yoxdur. Rusiya tərəfi hansısa birgə şirkətin və ya əməliyyat şirkətinin yaradılacağını istisna edir. Ona görə ki, ikinci boru kəməri yalnız o zaman reallaşa bilər ki, Rusiya Avropa Komissiyası ilə tam razılığa gəlsin. Bu isə Ukraynadan tranzit, "Şimal axını-2” kimi layihələrin müzakirəsindən keçir. Yəni konsensus necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq. Ona görə də ekspertlər "Türk axını” layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmağı düzgün saymırlar. Türkiyə bazarına "Türk axını” ilə faktiki olaraq 2020-ci ildə hazırda Transbalkan boru xətti ilə nəql edilən rus qazından 1,5-2 milyard kub metr çox qazın gəlməsi planlaşdırılır. Bu elə də böyük həcm deyil. Ancaq bir məsələ var. Rusiya qazının qiyməti Azərbaycan qazının həm regiondakı, həm də xarici bazarlardakı qiymətinin formalaşmasına ciddi təsir edən amillərdən biridir.

Azər

banner

Oxşar Xəbərlər