• cümə, 29 Mart, 03:52
  • Baku Bakı 7°C

Trump Səudiyyə və Rusiyanı barışdıra biləcəkmi?

01.04.20 14:11 839
Trump Səudiyyə və Rusiyanı barışdıra biləcəkmi?
Ekspertlər deyir ki, neftin qiymətləri ancaq hasilatın azaldılması fonunda arta bilər
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı və Rusiya ilə qiymətləri sabitləşdirmək üçün danışıqlar aparması cəhdinə baxmayaraq neftin satış qiyməti 20 dollar səviyyələrində qalır. Neft qiymətləri ilin ilk 3 aylıq dövründə, koronavirus epidemiyasının tələbi azaltması və dünyanın ən böyük neft istehsalçılarının bazarları neftə "boğması”nın təsiri ilə 66% düşüb.Marja xəbər verir ki, Trampın qiymətlərdəki çöküşü Rusiya və Səudiyyə Ərəbistanı ilə müzakirə etdiyini, Moskva və Krallığın bir həll tapmaq üçün görüşəcəklərini söyləməsi də qiymətlərə çox dəstək təmin etməyib.Sektorun qabaqcıl analitikləri, neft üçün proqnozların qorxunc olduğunu və neftin fəlakət bir aprel ayı ilə qarşı-qarşıya ola biləcəyini qeyd edirlər. İraq bu ay istehsalını artıracaq, ABŞ-da xam neft ehtiyatları 2017-ci ildən bəri ən böyük həftəlik artımını reallaşdırıb.Bir sıra analitiklərə görə isə, müzakirə ehtimalı həddindən artıq pis vəziyyətdəki bazara bir az olsun ümid işığı verir. Ancaq qiymətlərin çöküş əvvəli səviyyələrinə yüksələ bilməsi üçün hasilatın çox azaldılması lazım olacaq.Bu gün Bakı vaxtı ilə saat 10:30-da Qərb Texas nefti (WTI) 20.56 dollardan, Brent nefti 25.83 dollardan alıcı tapıb.Trampın açıqlamasından sonra Brent neftinin qiyməti 26 dollara yüksəlsə də, az sonra yenidən 25 dollar səviyyələrinə düşüb.Bəs görəsən ABŞ-ın tərəfləri barışdırmaq cəhdi baş tutacaqmı? İki ölkə arasında razılıq əldə oluna bilərmi?

İqtisadçı millət vəkili Vüqar Bayramov söylədi ki, Səudiyyə Ərəbistanı və Rusiyanın razılığa gələcəyinə dair proqnoz vermək çox çətindir: "Çünki tərəflər arasında aparılan danışıqlarda irəliləyiş yoxdur. Xüsusilə OPEC+ formatı dağıldıqdan sonra Rusiya və Səudiyyə Əərbistanı arasında neft hasilatı ilə bağlı ciddi uçurum var. Proseslərin fonunda neftə olan tələbin kəskin azalması müşahidə olunur. Belə ki, neftə olan gündəlik tələbat 10 milyon barrelədək azalıb. Bazarda neft bolluğunun yaranması neftin dünya bazarındakı qiymətinə birbaşa təsir göstərir. Səudiyyə Ərəbistanı növbəti dövrlərdə öz neft ixracatını artırmaq niyyətindədir. Belə bir şəraitdə əgər tərəflər razılığa gəlməsə, qiymətlər 20 dollardan da aşağı düşəcək. Çünki koronavirus iqtisadi dinamikanı kəskin şəkildə aşağı salıb. Hava nəqliyyatı dövriyyəsi kəskin azalıb. Bu da neftə olan tələbi aşağı salır. Əgər iki ölkə arasında hasilatın azaldılmasına dair razılıq əldə olunarsa, qiymətlərdə yenidən artım müşahidə oluna bilər. İndiki halda qiymətlərin artması üçün yeganə metod hasilatın azaldılamasıdır. Əgər bu mümkün olarsa, qiymətlər arta bilər. Hazırda isə neft bazarı ilə bağlı nikbin proqnozlar vermək mümkün deyil”.

İqtisadçı ekspert Rəşad Həsənov söylədi ki, ABŞ tərəfələri barışdırmaqda maraqlıdır. Amma Trampın bu istqiamətdə ciddi mövqe ortaya qoyacağı ehtimal olunmur: "Nəzərə almaq lazımdır ki, ABŞ iqtisadiyyatı kifayət qədər şaxələnib və neftin ucuzlaşmasının ABŞ iqtisadiyyatına zərərləri digər ölkələrlə müqayisədə daha aşağı səviyyədədir. Belə olan təqdirdə qiymətlərin ucuzlşaması ABŞ iqtisadiyyatının yalnız neft sektorunda çalışan subyektlərin gəlirlərinin müəyyən qədər azalmasına səbəb olur. Qiymət azalmalarının iqtisadiyyatın digər iqstiqamətlərinə ciddi mənfi təsiri yoxdur. Əksinə, əhalinin və biznes subyektlərinin enerji xərcləri aşağı düşdüyünə görə mənfəətin daha da yüksəlməsinə şərait yaradır. Ona görə də ABŞ-ın bu istiqamtdə israrlı mövqe ortaya qoyacağını düşünmək olmaz. Trump müəyyən korporativ maraqlarını qorumağa cəhd edir. Görünən odur ki, indiki halda bu istiqamətdə ciddi nəticələr əldə etmək çox çətindir. Bu şərtlər daixilində neftin qiymətində ucuzlaşmaların davam edəcəyi qaçılmazdır. Xüsusilə aprel çox riskli aydır. Artıq stoklarda kommersiya təyinatlı neft həcmləri kifayət qədər yüksəlib. Eyni zamanda, qlobal səviyyədə aparılan izolyasiya tədbirləri günbəgün sərtləşdiyinə görə neftə olan tələb ciddi şəkildə azalır. Belə ki, neftə olan tələbin 26 faizədək azalması faktı qeydə alınıb. Növbəti dövrlərdə istehsalçıların bəzi yataqlarda öz fəaliyyətini dayndırması zərurəti ortaya çıxacaq. Bu seqmentə investisiyanın azalması fonunda qiymətlərin müəyyən qədər bərpa olmaq ehtimalı var. Amma yaxın müddətli dövr üçün qiymətlərin daha da ucuzlaşa biləcəyi ehtimalı daha yüksəkdir. Bu gün hətta minimum səviyyələr müzakirə olunub. Təqribən 1 barrel neftin 15 dollaradək ucuzlaşması məsələsi gündəmdədir. Şist nefti bu prosesə ən çox təsir edən faktorlardan biridir. Çünki bu neft bazarda maya dəyərindən aşağı qiymətə təklif olunur. Bu da növbəti dövrlərdə ABŞ-da şist neft istehsalçılarının da öz fəaliyyətini dayandırmasına gətirib çıxara bilər. Rusiya və Səudiyyə Əərəbistanı arasında razılıq ehtimalı çox zəifdir. İndiki halda tərəflərdən heç biri yeni razılaşmanın mesajını vermir. Əksinə, aqressiv davranışlar davam edir. Hər iki ölkə ilk olaraq qarşı tərəfin addım atmasını gözləyir. Buna görə də qısa müddətli dövr ərzində OPEC+ formatında hansısa razılığın əldə olunması ehtimalı çox aşağıdır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər