Toylarla dirçələn sektor

Toylara icazənin verilməsi qızıl və mebel
bazarlarında canlanmaya səbəb olacaq
Deyirlər, ızıl gəlinin bəzəyidir. Oğul evləndirən
ananın ilk düşündüyü gəlinə alacağı qızıl-zinət əşyalarıdır. Təbii ki, hər kəs
zinət əşyalarının ən yaxşısını, ən gözəlini istəyir. Sözsüz ki, cibinin imkan
verdiyi dərəcədə... Xalqımızın bir çox hallarda "qara gün” üçün saxladığı qızıl
pandemiyada ən ağır dövrünü yaşadı. 2 ilə yaxın müddətdə şənlik mərasimlərinin
olmaması ən çox qızıl bazarına təsir etdi.
Qızılın qara günləri iyulun 1-dən etibarən geridə
qalıb. Toyların təşkilinə verilən icazə bazarda müəyyən qədər canlanmaya səbəb
olub. Vəziyyəti yerindəcə müşahidə etmək üçün Bakının qızıl satılan
mağazalarına yollanırıq.
Qızıl bazarında sakitlik hökm sürür. Kimi
piştaxtanın arxasında yemək yeyir, kimi telefonla oynayır, kimi həmkarı ilə
söhbətləşir. Bir vaxtlar qulaq batıran səs-küydən əsər-əlamət yoxdur. Parıltısı
ilə göz oxşayan zinət əşyaları sahibini gözləyir. Gələn müştərilər də qiymətlərlə
razılaşmayıb, başını bulayıb keçirlər. Satıcı Rüstəm piştaxtanın arxasında müştəri gözləyir. Vitrinə
yaxınlaşdığımızı gördükdə sevincək ayağa qalxır və qızıllarını təqdim etmək istəyir.
Jurnalist olduğumuzu bildikdə, heyfsilənir və narazı şəkildə bizimlə söhbətləşir.
Deyir ki, alıcılıq qabiliyyəti çox aşağıdır və insanlar ucuz mal almaq istəyir:
"Pandemiyadan əvvəlki və sonrakı vəziyyət çox fərqlidir. Qızıl bazarı durğunluq
dövrünü yaşayır. Əvvəllər müştərilər qiyməti baha olan mala üstünlük verirdisə,
bu gün qramı az və qiyməti münasib mal almaq istəyirlər. Alıcılıq qabiliyyəti
çox aşağıdır”.
Amma artıq toy bazarlığı üçün qızıl bazarına üz
tutanlar var. Onları da qızılların qiymətləri qane etmir. Sürəyya xanım oğluna toy etməyə hazırlaşır. Gəlindən öncə, qızıl
qiymətləri ilə maraqlanmaq üçün gəlib: "Oğlum 3 ildir nişanlıdır. Gözümüz,
qulağımız Operativ Qərargahın təşkil etdiyi brifinqdə idi. Nəhayət, toy mərasimlərinin
təşkilinə icazə verildi. Lakin 150 nəfərlik limit bizi çətin vəziyyətə salır.
Çünki toydan pul yığa bilməsəm, qızıl almaqda çətinlik çəkəcəyik. Qiymətlər də
cib yandırır. Ən ucuz komplekt 4 min manatdır. Hələ gəlinimin nəyi bəyənəcəyini,
nəyi seçəcəyini bilmirəm. Belə görürəm bazara ən az 5 min manatla gəlməliyəm”.
Parıltısı ilə göz oxşayan növbəti piştaxtaya nəzər
salırıq. Qaynanası ilə qızıl bəyənməyə gələn gəlin əlindəki dəstin qiymətini
soruşur: 25 min... Satıcıdan daha ucuz variantlarını göstərməyi xahiş edir. Toya hazırlaşan gəlin namizəd deyir ki, əlində olan
bütün məbləği qızıla vermək istəmir: "Bu yaxınlarda toyum olacaq. Bir çox gəlinlər
kimi mən də qızıl alış-verişinə gəlmişəm. Zövqü və məbləği bir araya gətirməyə
çalışıram. Təbii ki, qızıl zinət əşyaları hər gün istifadə olunmur. Biz adətən
özəl günlərdə taxırıq. Digər xərcləri gözardı edib əlimizdə olan bütün məbləği
də qızıla vermək istəmirəm. Getdiyim ailənin durumunu nəzərə almışam. Çünki mən
o ailə ilə yaşayacağam və istəməzdim ki, çox xərcə düşsünlər. Ona görə də qiymətlərdə
nisbətən ucuz olanlara üstünlük verəcəyəm”.
Qiymətlərə gəldikdə, bu, qızılın qramına, əyarına,
istehsal edildiyi ölkəyə görə dəyişir. Nişan üzükləri 500 manatdan 3000-ə qədər
qiymət intervalındadır. Dəstlərin qiymətləri 2000 manatdan başlayır, qaşlarının
dəyərinə görə 40000-ə qədər yüksəlir. Təbii ki, gündəlik istifadəyə
yararlı, qramı az qızıllar da var. Onları 150 manatdan 500 manata qədər almaq
olar.
Ata oğlu ilə münasib qızıl dəsti axtarır: "Oğlum
Şakir artıq 2 ilə yaxındır ki, nişanlanıb. Pandemiyanın sonunu gözləyirdik ki, adətlərimizə
uyğun, dədə-baba qaydası ilə toy edək. Çox şükür ki, artıq toylara icazə
verildi. Düzdür, qonağımız çoxdur, məcbur olub sayını 150-yə qədər
azaltdıq. İndi gəlinimizə qızıl almağa gəlmişik.
Məncə, qiymətlər çox dəyişməyib, endirim də edirlər. Sadəcə, seçim böyük deyil.
Elə bil ki, satıcılar toy mövsümünə hazır deyildi və keçən ilin modellərini
satırlar. Köhnə model də olsa, biz artıq seçdik. Allah bütün subaylara qismət
etsin”.
Köhnə modellər məsələsinə münasibət bildirən satıcı Arif deyir ki, satış olmayanda
yenisini sifariş etmək də olmur: "Qızılın qiyməti artıb deyə, alıcılıq qabiliyyəti
aşağı düşüb. Toylar başladığı üçün canlanma var, amma əvvəlki ilə müqayisəedilməz
dərəcədə azdır. Pandemiyada hamı qızılı onlayn satırdı. Bu zaman da satışdan gələn
pullar xərcləndi. Heç kim yeni məhsul almadı. İndi köhnə məhsulları satmağa
çalışırıq. Hamı ucuz olduğu üçün 585 əyyar alır. İnsanlar bahalı malı ala
bilmirlər. Pandemiya sahibkarlara və özəl ticarət mərkəzlərinə çox pis təsir
etdi. Özümüzə gəlməyimiz üçün illər lazımdır”.
Satıcı Leyla da satışın az olmasından şikayətlənir: "Vallah, 2
il alverimiz demək olar ki, sıfır idi. İndi yavaş-yavaş camaat gəlməyə
başlayır. Sadəcə, pandemiyadan qabaqkı satış yoxdur. Ümid edirəm ki, toylar
çoxalacaq. Mallarımız əsasən Türkiyədən gəlir, amma yerli istehsal da var. Cürbəcür
qiymətlərdir, hamının zövqünə və cibinə uyğun üzük və yaxud dəst təklif
edirik”.
Satıcının sözlərinə görə, onlayn alış-verişdə
alıcılara mal bəyəndirmək çətin olur: "Pandemiya vaxtı satış ancaq onlayn
olurdu. Onlayn da hər adam bəyənmirdi. Baxın, adam çox azdır. İnsanlarda
alıcılıq qabiliyyəti azalıb. Mənim vitrinimdə qızıllar 2500-3000 manatdan
başlayır, 40000-ə qədər qalxır. Qızıl bahalaşıb deyə, daha çox 585 əyara
tələbat var. Brilyantı demək olar ki, almırlar. Halbuki, əvvəllər hamı gəlininə
brilyant qaş almağa üstünlük verirdi. İndi hamı ucuz, qiyməti aşağı mal almaq
istəyir”.
Toy başlayanda oğlan evi qızıl, qız evi cehiz
axtarışına çıxır. Bəs görək, mebel bazarında vəziyyət necədir? Ölkə bazarında Azərbaycan, Türkiyə, Rusiya,
Ukrayna, Çin, İtaliya, Almaniya, istehsalı olan mebellər satılır. Qiymətlər
mebelin dizaynına, keyfiyyətinə, materialına, hətta rənginə uyğun dəyişir.
Yerli istehsal nisbətən ucuz olduğundan tələbat da daha çoxdur.
Mebel seçən ana və qızına yaxınlaşırıq. Onlar tək
yataq otağı dəstləri istəyirlər: "Qızım qaynanası ilə birlikdə yaşayacaq. Vəziyyətə
görə, hamı bir-birini başa düşür. Qaynanası deyib ki, ancaq yataq otağı dəsti gətirsin.
Evdə başqa mebelə ehtiyac yoxdur. 2000 manata birini bəyənmişik. Əgər bizə
kredit versələr, alırıq”. Satıcı Arzu deyir ki, mebel bazarında vəziyyət çox
acınacaqlıdır: "3 ildir ki, mebel bazarı durğunluq yaşayır. Yan-yörəmdəki
mağazalar artıq bağlanıb. İnsanlar əvvəlki kimi cehiz almırlar. Ən əsası, hər kəs
keyfiyyətini belə düşünmədən ucuz mal istəyir. Adam var ki, 10000-i tək dəstə
verir, adam da var 10000-ə bütün cehizlərini alır. Ümid edirik ki,
toyların başlaması vəziyyətimizi az da olsa, düzəldər”.
Alıcı Vüsalə isə qiymətlərin bahalığından şikayətlənir. Həmsöhbətimiz
deyir ki, kreditlə nağd satış qiymət baxımından bir-birindən kəskin şəkildə fərqlənir:
"Türkiyədən gəlib Azərbaycanda yığılan məhsulların satışında güzəşt, endirim olur.
Amma başqa ölkələrin ixrac etdiyi mebellər kütləvi şəkildə bahalaşır. Hansı ki,
sən vaxtilə türk istehsalı olan mağazadan 2500 manata mebel ala bilərdinsə, indi
o qiymətə alış-veriş mümkün deyil. 15 000 manatdan yuxarı mebellər xarici
istehsaldır. Camaat ucuzluğa görə bizim məhsullara üstünlük verir. Mətbəx mebeli 250 manatdan başlayır. Amma vaxt var idi 180
manatdan başlayırdı. Orta yataq otağı mebeli 3000 manat civarındadır. Qonaq
otağı divan xaric olmaqla, nisbətən ucuz başa gəlir. Stol-stullar isə çox
bahadır”.Aygün ƏZİZ
