• cümə, 19 Aprel, 23:46
  • Baku Bakı 24°C

Terrora uğrayan arxeoloji abidələrimiz - FOTOLAR

10.04.21 10:00 942
Terrora uğrayan arxeoloji abidələrimiz - FOTOLAR
Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı hesabat hazırlanıb
Arxeoloji abidələr insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələrinin olduğu güman edilən ərazilər - qədim yaşayış məskənləri, ibtidai insan düşərgələri, mağaralar, kənd və şəhər qalıqları, qədim müdafiə sistemləri və istehkamlardır ki, bunlar Dağlıq Qarabağ və ona bitişik ərazilərdə çox qədim tarixə malikdir. Eləcə də daş və torpaq sədlər, ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları, dini xarakterli ərazilər, ziyarətgahlar, qədim məbəd və monastrların qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər, qədim qəbiristanlıqlar, kurqanlar, qədim təsərrüfat yerlərinin qalıqlarının yaşı bu ərazilərdə min illərlə ölçülür. Torpaqlarımızın işğalı müddətində həmin ərazilərdə daşı-daş üstə qoymayan ermənilər arxeoloji abidələrə də vəhşiliklə divan tutublar.
Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hesabatında arxeoloji abidələrin ermənilərin terroruna məruz qalması ilə bağlı mühüm faktlar yer alıb.


"Mədəni irs bir xalqın milli-mədəni, tarixi sərvəti olsa da, bu nümunələr, ümumilikdə, bəşəriyyətə məxsusdur və bəşər mədəniyyətinin tərkib hissəsidir. Odur ki, bir xalqın mədəni irsinin digər xalqlar və ya millətlər tərəfindən dağıdılması, formasının dəyişdirilməsi, məhv edilərək vandalizmə uğradılması beynəlxalq konvensiyalara görə yolverilməzdir”- deyən İB sədri Faiq İsmayılov bildirir ki, torpaqlarımız ermənilər tərəfindən işğal olunduğu dövrdə terrora məruz qalan maddi-mədəniyyət abidələri içərisində çox sayda arxeoloji abidələr də yer alıb. Belə ki, Azərbaycanın işğal altındakı ərazilərində arxeoloji qazıntılar aparmaq məqsədi ilə Ermənistan hökuməti, Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Hamlet Petrosyanın rəhbərliyi ilə daimi komissiya yaradıb. 2000-ci ildən etibarən daimi fəaliyyət göstərən bu komissiya Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda, o cümlədən Xocalı, Xocavənd, Xankəndi, Ağdam, Şuşa, Kəlbəcər və Laçın rayonlarının ərazilərində olan arxeoloji abidələrin dağıdılması ilə məşğul olub: "Bu dağıntıların həyata keçirilməsində, Ermənistanın ali və orta ümumtəhsil məktəblərinin şagird və tələbələrini və eləcə də Qarabağın erməni əhalisini səfərbər ediblər. Ermənistan hökuməti və "Daşnaksütyun” ümumdünya terror təşkilatının nümayəndələri bu komissiyanı beynəlmiləlləşdirərək onun tərkibinə Böyük Britaniya, İspaniya, Niderland və İslandiyadan mütəxəssislər cəlb ediblər. Onların bu qeyri-qanuni fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların ərazilərində kurqanlar, küp qəbirlər, qədim təsərrüfat yerləri, eləcə də Xocalı-Gədəbəy mədəniyyətinə aid bütün arxeoloji mədəniyyət nümunələri dağıdılaraq yerlə yeksan edilib”. Ekspert bildirir ki, düşmən ölkənin arxeoloqları tərəfindən təşkil edilən bu qanunsuz arxeoloji qazıntılar zamanı ermənilər tərəfindən yer altında olan qiymətli maddi mədəniyyət nümunələri əldə edilərək Ermənistana daşınıb: "Dağlıq Qarabağ ərazilərinə nəzarətin olunmaması, belə qazıntıların kütləviləşməsinə və tarixi tapıntıların Ermənistana daşınmasına səbəb olub”.


F.İsmayılovun araşdırmasına görə, Ağdam rayonunun Şahbulaq ərazisindəki qədim yaşayış məskənlərini və kurqanları istismar etmək üçün Ermənistan hökuməti 2000-ci ildə ekspedisiya arxeoloji kəşfiyyat qrupu yaradıb. "Ermənistanın Qarabağa göndərdiyi arxeoloji qrup, 2000-ci ildən Ağdam rayonunun Şahbulaq ərazilərində qanunsuz arxeoloji fəaliyyətlə məşğul olub. Bu qanunsuz fəaliyyətə maliyyə dəstəyi Ermənistanın "Erkir” ictimai təşkilatlar birliyi reablitasiya mərkəzinə məxsusdur. Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində əsgərlər səngər qazarkən arxeoloji abidələr üzə çıxmışdı. Xankəndi şəhəri ətrafında da oxşar qeyri-qanuni arxeoloji qazıntılar aparılıb”.
YUNESKO-nun mədəni irsi

Dağlıq Qarabağda erməni vandalizminə uğrayan, Xocavənd rayonunun Salakətin kəndi yaxınlığında olan Azıx paleolit düşərgəsi dünyaca məşhurdur. Bu mağara da işğal müddətində erməni saxtakarlığından kənarda qalmayıb.

Mənbələrə görə, yaşı milyon ildən artıq olan Azıx mağara düşərgəsi insanlıq tarixinin ən qədim mərhələlərinin ardıcıllığını əks etdirən yeganə abidədir. Ocaqların (700 min il əvvəl), tikili qalığının (350-400 min il əvvəl) aşkar edildiyi Azıx mağarası bu göstəriciləri ilə dünyada cəmi bir neçə ən qədim abidələrdən biridir. Azıx mağarası dünya arxeologiya elmində müstəsna əhəmiyyətə malik abidələrdəndir.


AMEA Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960-1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparıb. Kür-Araz çayları vadisində Quruçay dərəsinin sol sahilindəki Tuğ çökəkliyində yerləşən Azıx mağarası qədim dövrün mədəni abidəsi kimi YUNESKO-nun mədəni irs siyahısına düşüb. Tədqiqatlar göstərir ki, Azıx mağarası öz qədimiliyinə, çoxtəbəqəliliyinə, arxeoloji cəhətdən zənginliyinə görə dünyada yeganə abidədir. Bu mağarada qədim və orta paleolit daş alətlərin texnikasından onların təkamül dərəcəsini müəyyən etmək mümkün olub. Azıx mağarasında aşkar olunmuş fauna və arxeoloji materiallar Azərbaycan ərazisində azıxantropların təsərrüfat fəaliyyəti haqqında geniş təsəvvür yaradıb. Belə bir möhtəşəm abidə Ermənistan hökuməti tərəfindən 1992-ci ildən 2001-ci ilədək silah anbarı kimi istifadə edilib, 2001-ci ildən etibarən mağarada qanunsuz arxeoloji qazıntılara start verilib: "Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri, bu düşərgədə başladıqları arxeoloji qazıntı işlərinə Böyük Britaniya, İspaniya, Niderland, İslandiya kimi ölkələrinin alimlərini, Dağlıq Qarabağın erməni əhalisini, İrəvan Universitetlərinin tələbələrini də cəlb ediblər. Ermənilər bu qeyri-qanuni və qeyri-insani əməllərinə Rusiya, Fransa və Amerika dövlətlərindən maliyyə dəstəyi ala bildilər. Bununla da Azərbaycanın tarixinə və mədəniyyətinə qarşı başlanan cinayət işi beynəlxalq dəstək qazandı. Azıx mağarası xüsusi qəddarlıqla dağıntılara məruz qaldı”.
Beynəlxalq qurumların laqeydliyi
44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra digər arxeoloji abidələrlə yanaşı Azıx mağarası da əsarətdən azad oldu. Bu yaxınlarda işğaldan azad edilən ərazilərə səfər edın ölkə başçısı İlham Əliyev Birinci Vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Azıx mağarasına baş çəkərək "Azıx mağarası dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir”- deyə qeyd etdi: "Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar”.

F.İsmayılov Azıx mağarasında və digər arxeoloji abidələrimizdə qanunsuz arxeoloji qazıntılar aparan ermənilərin bədnam əməllərinə hələ də beynəlxalq qurumların münasibət bildirmədiyini təəssüflə qeyd edir. "1954-cü il Haaqa Konvensiyasının 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir. Arxeoloji abidələrin mövcudluğunun aşkara çıxarılması və qeydiyyatının aparılması, abidələri mühafizə təşkilatlarının nümayəndələrindən böyük diqqət, işgüzarlıq və yüksək peşəkarlıq tələb edir”. Ekspertin sözlərinə görə, hazırda azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə yanaşı, daha bir mühüm məsələ işğalçı Ermənistanın Azərbaycana vurduğu ziyanı beynəlxalq standartlar əsasında hesablamaqdır: "Bu, o qədər də asan iş deyil. Abidələrin beynəlxalq qiymət standartlarına uyğun qiymətləndirilməsi mövcud nəzəri təcrübi biliklər əsasında dəyən zərərin real qiymətləndirilməsinə xidmət edir. Eyni zamanda, yer səthinin vəziyyəti, su rejimi, külək erroziyası, hərbi münaqişələr zamanı atəş və partlayışlar, eləcə də fiziki şəxslərin müdaxiləsi nəticəsində artefaktların dəyişməsi zərərin qiymətləndirilməsində nəzərə alınmalı olan mühüm amillərdir. Belə ki, zərərin dəyəri müvafiq əmsalların köməyi ilə qiymətləndirilir. Onun hesablanmasında maddi amil ilkin bazadır. O arxeoloji və ya memarlıq abidələrinin dağıdılmış hissələrinin elmi tədqiqinə çəkilən xərclər, abidənin dağıdılmasından sonra müayinə xərcləri, abidənin və landşaftın bərpası üzrə konvensiya işlərinin, eləcə də itirilmiş arxeoloji kolleksiyanın dəyəri əsasında hesablanır”.

F.İsmayılov bildirir ki, Azərbaycan tərəfi dəfələrlə beynəlxalq qurumlara, təşkilatlara müraciət edərək ermənilərin işğal olunan ərazilərimizdə abidələrimizə divan tutduğu, dağıdıb məhv etdiyi barədə narahatlığını bildirib. Lakin təəssüf ki, bu məsələyə hələ heç bir beynəlxalq qurum münasibət bildirməyib: " "Hələ indiyə qədər abidələrin beynəlxalq mühafizəsini və müdafiəsini həyata keçirən təşkilatlar işğal altındakı torpaqlarımızda abidələrin vəziyyəti ilə bağlı hər hansı bir bəyanat yaymayıblar”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər