• cümə axşamı, 25 aprel, 18:28
  • Baku Bakı 21°C

Tənbəllik, yoxsa inamsızlıq?

10.07.20 19:35 2224
Tənbəllik, yoxsa inamsızlıq?
Və ya ƏDV-nin geri alınmasında aktiv olmamağın səbəbləri

Yəqin ki, bir çoxlarında alış-veriş etmək, artıq ehtiyacdan daha çox, əyləncəyə çevrilib. Bəzən sırf vaxt keçirmək üçün ehtiyacımız olmayan şeylərə belə, istəmədən pul xərcləyə bilirik. Belə olan halda, evə gələndə lazımsız yerə çox pul xərcləməyimizə, az da olsa peşman oluruq. Amma artıq buna peşman olmayacağıq. Niyə? Çünki artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür. Belə ki, qanunun bu tələbinin həyata keçirilməsi üçün proses, artıq bir müddətdir ki, tamamlanıb. Qeyd edim ki, ƏDV-nin geri qaytarılması prosesi "edvgerial.az" portalı vasitəsilə həyata keçirilir. İstehlakçı həmin portalda şəxsiyyət vəsiqəsinin məlumatları və mobil nömrə ilə qeydiyyatdan keçərək, alınan malın kassa çekinin üzərindəki tarixdən 90 gün ərzində çekdəki 12 saydan ibarət fiskal ID nömrəsini daxil etməklə çeki sistemə yükləyir. Bundan əlavə, çekin üzərindəki QR kodu "BirBank" mobil tətbiqi vasitəsilə oxutmaqla, bu xidmətdən daha rahat yararlanmaq mümkündür. Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq. Belə ki, prosesin başlandığı may ayı ərzində alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 264 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 194 711-i və ya 74%-i əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər. Bildirilir ki, may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 1,7 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı”na yerləşdirilib. Amma təəssüf ki, istehlakçılarımızın böyük bir qismi bu məsələdə səhlənkarlıq edir. Bəs görəsən bu nədən irəli gəlir, tənbəllik yoxsa inamsızlıqdan?
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, ƏDV-nin geri qaytarılması istehlakçılar üçün bonus sistemi kimi xarakterizə olunur və nəticə etibarilə vətəndaçların ödədikləri vəsaitlərin bir qisminin geri qaytarılmasına imkan yaradır: "Bu mənada, nağdsız ödənişlərin təşviq edilməsi və ödəniş zamanı çeklərin tələb edilməsi stimul yaradır. Bu isə növbəti mərhələdə daha çox vətəndaşımızın bu sistemdən yararlanmasına imkan yaradacaq. Amma bu sistem Azərbaycan üçün yeni bir sistemdir. Ona görə də, ilkin mərhələdə açıqlanan göstəriciləri qənaətbəxş hesab etmək olar. Növbəti dövrlərdə bu göstəricilərin artacağını düşünürəm. Çünki sistemlə bağlı məlumatlandırılma və vətəndaşların bu sistemin real olaraq işlədiyini müşahidə etməsi, ƏDV-nin geri qaytarılmasından faydalananların sayına öz təsirini gösətəcək. Güman olunur ki, növbəti aylarda daha çox vətəndaşımız müaricət edərək ƏDV-nin geri qaytarılmasını təmin edəcək. Bu mənada, məlumatlandırma işinin çox vacib olduğunu düşünürəm. Bu istiqamətdə bir sıra işlər görülür. Mətbuatda məlumatlandırma işi aparılır. Amma istehlakçıların da aktiv olması vacibdir. Çünki istehlakçılarımızın bonus sistemindən faydalanması vacibdir. Bu, onların, ödədiyi vəsaitin bir hissəsini geri qaytarmaqla yanaşı, ictimai xidmət sferasında və ticarət sektorunda şəffaflığın atırılmasına və büdcə gəlirlərinə təsir edən faktorlardan birinə çevrilə bilər. Ona görə də, istehlakçılarımız aktiv olmağa çalışmalıdır”.
Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimli deyir ki, nağd və ya nağdsız ödəniş edən hər kəs xərclədiyi məbləğin bir hissəsini geri almaq imkanı var: "Kassadan keçən bütün əməliyyatlarda bu bonus sitemindən yararlanmaq olar. Bu sistem Azərbaycanda ilk dəfədir tətbiq olunur və tamamilə yeni bir sistemdir. Bir çox insan bu haqda məlumatlı deyil. Bu sistem həm də bir növ alışqanlıq məsələsidir. Yəni hər alış-verişdən sonra çek tələb etməyi vərdiş etmək lazımdır. Bu sistemin daha çox insana çatması üçün məlumatlandırma işi gücləndirilməlidir. Mətbuatda bu məsələyə kifayət qədər yer verilsə də, təəssüf ki, hələ də bəzi insanlar bu bonus sistemi haqda məlumatsızdır. Ona görə də, ilkin mərhələdə nəticələr kiçik rəqəmlə ifadə olunur. Yəqin ki, istehlakçıların bu sistemə alışması bir qədər vaxt tələb edəcək. Digər bir məsələ isə bir çox istehlakçıların vəsaitin qaytarılma faizini qaneedici hesab etməməsi ilə bağlıdır. Bu stimullaşdırıcı tədbirlər çərçivəsində geri qaytarılan faizlər bir qədər yüksək ola bilərdi. Bu, daha çox istehlakçının sistemdən yararlanmasında önəmli rol oynaya bilərdi. İlkin mərhələ üçün açıqlanan statistika, əslində o qədər də pis göstərici hesab olunmamlıdır. Bütün çeklərin hamısı vurulsa, bu gösətiricdən iki qat artıq nəticə əldə edə bilərik”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər