“Televiziya aparıcılar özləri də treninqlərə qatılmaqda maraqlıdırlar”
AMEA Dilçilik
İnstitutunun Monitorinq Şöbəsi ilə Milli Televiziya və Radio Şurası
artıq beş ildir ki, telekanallarda ədəbi dil normalarının qorunması və inkişafı
istiqamətində monitorinqlər keçirir. Hələlik dil normalarının qorunmasına xidmət
edən bu tip layihələrin tam müsbət təsirindən danışmaq mümkün olmasa da, bu istiqamətdə addımlar
atılır. Məsələn, hazırda televiziya aparıcıları
Dilçilik İnstitutunun əməkdaşlarının telekanallarda keçirdikləri treninqlərə cəlb
olunub.AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
Sevinc Əliyeva ilə müsahibəmiz də KİV-də dil mənzərəsi ilə bağlıdır.
Ffonetik, leksik və qrammatik pozuntular
- Rəhbərik etdiyiniz monitorinq şöbəsi ədəbi dil
normalarının pozulması ilə bağlı telekanallarda mütəmadi monitorinqlər həyata
keçirir. Hər dəfə də vəziyyətin qənaətbəxş olmaması ilə bağlı ictimaiyyətə
açıqlamalar verilir. Hazırkı vəziyyəti necə xarakterizə edərdiniz?
- Bu
yaxınlarda "Azərbaycan ədəbi dilinin qorunmasında vəinkişafında
KİV-in rolu” mövzusunda keçirilən konfransda prezidentin köməkçisi,
professor Əli Həsənov ölkə başçısının bu məsələdən ötrü ciddi narahat olduğunu
diqqətə çatdırdı və əlaqədar qurumlar qarşısında məsələləri bir daha qabartdı.
Təbii ki, bu qurumlardan biri də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutudur.
Ölkə başçısının 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət
Proqramında müəyyən maddələrin icrası ilə bağlı əlaqədar qurumlar qarşısında məsələlər
qoyulub. Konkret olaraq Monitorinq şöbəsi bu proqramdan iki il əvvəl də Milli
Televiziya və Radio Şurasının (MTRŞ) təklifi ilə birgə monitorinq aparırdı.
MTRŞ monitorinq aparmağı hər il iki ay müddətinə bizim quruma sifariş edirdi.
Artıq 2013-cü ildən şöbəmizin özü də mütəmadi olaraq monitorinqlər aparır və nəticələri
ictimaiyyətə açıqlayırdı. Sevindirici cəhət odur ki, o vaxtdan bəri - keçən 5
il ərzində böyük dəyişikliklərin şahidi olmuşuq. Artıq "heç bir dəyişiklik
yoxdur” deyə bilmərik. Bu uğurun əldə olunmasında Dilçilik İnstitutu və
Monitorinq şöbəsinin birbaşa əməyi var. Məqsədimiz Azərbaycan ədəbi dilinin müəyyən
normalarına riayət olunmasını arzu etdiyimiz kimi görməkdir. Buz "Bu il və ya gələn
il düzələcək” deyə ümid etməməliyik. Ata-babalarımızdan bizə saflığı ilə gəlib
çatan dilimizə hər hansı bir aparıcının istədiyi tərzdə yanaşmasına yol verə
bilmərik. Biz hər addımda bu cür hallara qarşı mübarizə aparmalıyıq. Bu tip səhvləri
harada müşahidə ediriksə, yerindəcə müdaxilə etməliyik. Bu il MTRŞ Bakı Dövlət
Universitetinin mütəxəssisləri ilə monitorinq apardı və biz də öz nəticələrimizi
təqdim etdik. Demək olar ki, hər üç səviyyədə – fonetik, leksik və qrammatik
pozuntuların şahidi olduq. Ən çox orfoepiya və leksik qaydalara riayət
olunmaması hallarını müşahidə etdik. Bizi daha çox narahat edən leksik
normaların pozulmasıdır. Çünki leksik qat birbaşa dilin lüğət tərkibi ilə
nizamlanır, cilalanır. Dilin lüğət tərkibində vətəndaşlıq hüququ qazanmış
alınma sözlər ola-ola, yersiz türk mənşəli və Avropa dillərindən olan sözlərin
dilimizə gətirilməsinə çalışırıq. Yadda saxlamaq lazımdır ki, dili nizamlayan
xalqdır. Xalq hər hansı bir sözü dilində mütəmadi istifadə edəcəksə, o söz zamanla
dilin lüğət tərkibinə daxil olacaq və vətəndaşlıq hüququ qazanacaq. Əsrlərlə
dilimizi qoruyan xalq, bu gün də sözləri yaşadıb-yaşatmamağı özü müəyyənləşdirir.
- KİV-də əsasən
dil normalarının hansı pozuntularına rast gəlinir?
- Aparıcıların dilində yerli-yersiz alınma
sözlərdən istifadə olunması halları müşahidə olunur. Həmin aparıcı bunu öz
intellektinin göstəricisi hesab etsə də, əksinə bu, onun intellekt səviyyəsinin
dayazlığının göstəricisidir. Aparıcı öz müsahibi ilə danışarkən söz bazası zəngin
olmadığından ağlına hansı dildən söz gəlirsə onlardan da istifadə edir. Leksik
normada ən yolverilməz məqamlardan biri kobud və vulqar sözlərdən istifadədir.
Aparıcı öz qonağı ilə istədiyi səviyyədə danışır və bir növ məişət səviyyəsindəki
danışığı efirə gətirir. Bu zaman ekranın qarşısında yüzlərlə, minlərlə insanın
oturduğunu düşünmür. Təəssüf ki, bizim tamaşaçıların bir qismini həmin
aparıcıların apardığı bayağı verilişlər cəlb edir. Əgər həmin verilişin
aparıcısı özü də bayağıdır və intellekt səviyyəsi aşağıdırsa, onda vəziyyət
daha acınacaqlı olur. Dialektlər hesabına dilimizə söz alınması, dilimizin lüğət
tərkibinin zənginləşməsi çox gözəldir. Ancaq vətəndaşlıq hüququ qazanmadan sözlərin
dilimizə daxil olması yolverilməzdir. Həmçinin telekanallarda aparıcıların
danışığında tələskənlik özünü göstərir. Onlar sözlərin vurğusunu özlərinə məxsus
tərzdə müəyyənləşdirirlər. Bu isə fonetik qaydaların ciddi pozulması deməkdir.
Hər bir telekanalın tərkibində aparıcıların ədəbi dil normalarına nəzarət edən qurumu
olmalıdır. Çünki dilə müdaxilə etmək, onu ağırlaşdırmaq, cümlədə sözlərin
sırasını pozmaq dilin semantikasını pozur. Çox təəssüf ki, biz bu gün KİV-in
dilində bu pozuntuları müşahidə edirik. Monitorinqlərdən sonra bu cür
pozuntuların azalmasını müşahidə etsək də, ancaq bəzi aparıcıların qətiyyən dəyişmədiyinin
də şahidi oluruq. Onlar öz üzərlərində işləmirlər. Bu da çox pis maarifləndirmə növüdür. Əgər həmin
vaxt ekranın qarşısında bir məktəbli və ya tələbə oturubsa bu, onun üçün səhv
cığırın açılmasıdır. Hazırda
Bilik Fondu ilə Dilçilik İnstitutu dilin qorunması istiqamətində birgə layihə həyata
keçirir. Hesab edirəm ki, bu cür layihələr öz bəhrəsini verəcək. Çünki əksər
aparıcılar özləri də treninqlərə qatılmaqda maraqlıdırlar. Onlar artıq dil
normalarını pozmaqla qınaq obyektinə çevrildiklərini və üzərlərində nəzarət
olduğunu hiss edirlər.
Cərimələr tətbiq olsa
- "KİV” deyəndə təbii ki, təkcə telekanallar nəzərdə
tutulmur. Tarixi qədim olan qəzetlər, artıq oturuşmuş saytlar da bu sıradadır.
Bəs bu media orqanları ilə bağlı vəziyyət necədir?
- Biz mütəmadi keçirdiyimiz konfranslarda dil
qaydalarını pozan konkret sayt adları müəyyənləşdirmişik. Bu il saytların dil mənzərəsi
ilə bağlı ictimaiyyətə açıqlamamız da oldu. Həmçinin sayt rəhbərləri və onların
nümayəndələri ilə görüşümüz keçirildi. İstənilən sayt müxbirini narahat edən məsələ
mükəmməl, təkmil orfoqrafiya lüğətinin olması arzusudur. Gələn il Dilçilik
İnstitutu növbəti orfoqrafiya lüğətini hazırlayıb istifadəyə verəcək. Həmçinin
orfoepiya lüğətinin hazırlanması istiqamətində gedən proseslərə nəzarət
Monitorinq şöbəsinə tapşırılıb. Bu gün praktikada nə tələb olunursa ona uyğun
orfoepiya lüğəti ilə çıxış etməyi düşünürük. Ən çox suallar transliterasiya -
alınma sözlərin orijinala uyğun yazılışı ilə bağlıdır. Azərbaycan ədəbi dilinin fonetik normaları əsasında
bu prosesə nəzarət olunmalıdır. Biz gələcəkdə transliterasiya lüğətinin istifadəyə
verilməsi haqqında düşünürük. Bu, çox ciddi məsələdir. Hətta, bizim şöbəyə
onlayn lüğətin hazırlanması ilə bağlı da müraciətlər olur.
- Dilçilik İnstitutu dil normalarının pozulması ilə
bağlı cərimələrin tətbiqi istiqamətində layihə hazırlayıb. İnzibati qaydaların
tətbiqinin fayda verəcəyinə əminsiniz?
- Bizim qurum
ilk növbədə maarifləndirmənin tərəfdarıdır. Ancaq monitorinqlər zamanı maarifləndirmənin
də güclü icra mexanizmi statusunu daşımadığına əmin olduq. Ona görə Dilçilik
İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu belə bir təkliflə çıxış etdi.
Əlbəttə, bu təklif əvvəlcə birmənalı qarşılanmadı. Bunun nəqliyyatda, iş şəraitində
və s. yerlərdə danışan fiziki şəxslərə də şamil olunacağını güman etdilər.
Sonradan biz müsahibə və açıqlamalarda dəfələrlə bu cərimələrin hüquqi şəxslər
üçün təklif olunduğunu vurğuladıq. Biz əminik ki, bu, böyük səhvlərin aradan
qaldırılmasına təkan verəcək. Hər hansı bir sahibkar istədiyi reklamı sifariş
edəndə cərimə ödəməmək üçün yanlışlığa yol verməməkdə maraqlı olacaq. Biz
dilimizin saflığının təmin olunmasını düşünməli və cərimədən çəkinməliyik. Çox
təəssüf ki, hüquqi şəxslər tərəfindən dil normalarının qorunması məsələsi bir qədər
kənarda qalıb. Biz mütəxəssis olaraq dilimizi qorumalı, onları cərimələməliyik
ki, belə səhvlərə yol verməsinlər. Əgər hər hansı media orqanının rəhbəri öz
işçisini biraylıq maaşından mərhum etməklə cərimə etsə, o, ikinci dəfə heç vaxt
həmin səhvləri etməyəcək. Hələlik isə biz o səhvləri müşahidə edirik. Bu baxımdan,
5 illik maariflənmədən sonra ciddi inzibati cəzanın – cərimənin tətbiq olunması
tərəfdarı kimi çıxış edirik. Məqsəd hansısa bir şəxsin müəyyən məbləğdə cərimə
olunmasından getmir. Biz Tarif Şurasının müəyyən etdiyi cərimələr səviyyəsində
təkliflərimizi vermişik. Məqsədimiz yalnız Azərbaycan ədəbi dilinin qorunması və
inkişafının təmin olunmasıdır. Düşünürük ki, cərimələrin tətbiq olunması tez
bir zamanda öz təsirini göstərəcək.
Hamımız ədəbi dildə danışsaq
- Təbii ki, dilin qorunması təkcə Dilçilik İnstitutunun
vəzifəsi deyil. Bütövlükdə cəmiyyətin hər bir üzvünün üzərinə məsuliyyət düşür.
Ümumilikdə dilimizin qorunması üçün necə mübarizə aparmaq lazımdır? Bəlkə
maarifləndirməni daha böyük təbliğata çevirməyə ehtiyac var?
- Əgər biz hər bir addımda ədəbi dilin
qaydalarının qorunmasından danışarıqsa, dil öz şirinliyini, təbiiliyini itirə
bilər. Təsəvvür edin, əgər biz ailə daxilində ədəbi dildə danışırıqsa bəs bizim
dialektlərimiz, dilimizin gözəlliyi necə olsun? Dil təkcə ədəbi dil
normalarından ibarət deyil. Ədəbi dil KİV-in dilinə və reklamlara şamil oluna
bilər və biz ədəbi dili bu istiqamətdə qoruyub saxlaya bilərik. Ancaq vətəndaş
olaraq kiçikdən böyüyədək hamımız ədəbi dildə danışsaq, onda bu dili korlaya
bilərik. Bu, əsrlər boyu qoruduğumuz dili təbiilikdən çıxara bilər. Biz ədəbi
dilin normalarını lazım olduğu yerlərdə - KİV, reklamlar, adlar, ölkəyə idxal
olunan malların içlik vərəqləri və s. qorumağa çalışmalıyıq. Ədəbi dilin
qorunması kütləvi səciyyə daşıyır. Ancaq dilin fərdilikdə qorunması onu təbiilikdən çıxarar.
Söhbətləşdi
Təranə Məhərrəmova