• cümə, 29 Mart, 11:45
  • Baku Bakı 5°C

Təhsili olmadığı üçün fəxri ad ala bilməyən aktrisa - Fotolar

10.08.19 12:00 12577
Təhsili olmadığı üçün fəxri ad ala bilməyən aktrisa - Fotolar
Teatr bir məktəbdir. Kimisi bu məktəbdə zəif performans göstərdiyi üçün dərslərindən geridə qalır, kimisi də bu məktəbi əla qiymətlərlə bitirib istədiyi zirvəyə doğru yol alır. Müsahibim Şarud Mehdiyeva da ömrünün 46 ilini Lənkəran Teatrına həsr edib. "Bundan sonra da canımda can durduqca ürəyim teatrla döyünəcək” deyir. Onun həyat hekayəsini dinlədim. Gözlərində qəm, ürəyində övlad və teatr sevgisi ilə alışıb yanırdı. Arzuladığı həyatı yaşamaq qisməti olmayıb. Həyatda əsas qazancı övladları, bir də ömrünü həsr etdiyi obrazlarıdır. Həyatının ən çətin illərində tutacağı, ən böyük dayağı elə teatrın özü olub.Müsahibim, irili-xırdalı, bir çox obrazlara "can” verib. O, burada Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən” tamaşasında ana, T.Məmmədovun "Gəlin həsrəti”ndə Bəzəkcan, Y.Edlisin "Kölgələrin oyunu”unda Kleopatra, K.Kaldoninin "İki ağanın bir nökəri”ndə Beatriçe, İ.Coşqunun"Ana laylası”nda Bahar, Ə.Əmirlinin"Onun iki qabırğası”nda Ceyran, Ə.Orucoğlunun "Pul dəlisi”ndə Gülnaz, S.S.Axundovun "Qaraca qız”ında Pəri Cahan xanım, H.Allahyarovun "Bir ovuc torpaq”ında Xumar, H.Mirələmovun "Ləyaqət”in də yaşlı qadın, Y.Əzimzadənin "Nəsrəddin”ində Xeyrənisə, B.Nuşiçin "Nazirin xanımı”nda Nofa, Q.Fiqeyredonun "Ezop”unda Miletta, H.Muxtarovun "Mən nənə ilə evlənirəm”ində Sədəf İmanova, Q.Qorinin "Herastratı unudun”unda Eritta, Ə.Əmirlinin "Köhnə ev”ində Mələk obrazlarını canlandırıb.
- Şarud xanım, bölgə teatrına gəlişinizi necə xatırlayırsınız?
- 1973-cü ildə bir qəzetdə elan oxudum. Teatra işçi axtarırdılar. O zaman 18 yaşım vardı, gənc idim, səhnə eşqi ilə alışıb yanırdım. Həmin illər qız uşağının teatra getməsinə pis baxırdılar deyə, qorxumdan bunu valideynlərimdən gizlətmişdim. Həm də mənə qədər nəslimizdə heç kim incəsənət sahəsində çalışmamışdı. Ona görə, məni hansı çətinliklərin gözləyəcəyindən xəbərdar idim. Çevrəmdəki insanlar teatrda çalışan qızlara dırnaqarası baxırdılar. Ona görə, istəmirdim kimsə mənim teatra getdiyimdən xəbər tutsun. Heyf o illərdən...
- İndi geriyə baxanda peşmançılıq hissi keçirirsiniz?
- Açığı elə hissə qapılmamışam. Ancaq əziyyətimin qiymətləndirildiyini görməyi çox istəyərdim.Həyatda o qədər çətin, keşməkeşli günlərim olub ki... İki övladım vardı, teatrda qazandığım pulla onları dolandırmaqda çətinlik çəkirdim. Ancaq heç kimə boyun əymir, kimsəyə ağız açmırdım. İki uşağı kirayədə çətinliklə də olsa böyütdüm. Hətta çətinlik gördüyüm o illərdə belə, teatrı atmadım, "maaşı azdır” deyib başqa sahəyə getmədim. Teatrın çətin gülərində mən ona dayaq oldum. Teatrı çox sevirəm, ancaq elə şeylər var ki, məni teatrdan uzaqlaşdırır və həvəsdən salır. 46 ildir teatrda çalışıram. Bu, bir sənətçi üçün çox böyük bir dəyərdir. Amma... Çox istəyərdim ki, birotaqlı da olsa, evim olsun. Fəxri adımın olmasını arzulayıram. Müraciət etdikdə deyirlər ki, diplomunuz olmadığı üçün sizə fəxri ad düşmür. Teatrın böhranlı vaxtında, olduqda hər kəsin teatrdan uzaqlaşdığı bir vaxtda Adil Zeynalovla mən 6 il teatrı pis-yaxşı, öz çiyinlərimizin üzərində saxladıq. O dövrdə teatrda çalışan hər kəs bunu etiraf edə bilər. O zamanlar məni 7 saylı məktəbə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün dəvət edirdilər. Ancaq ora getmədim, çünki teatrı bu vəziyyətdə qoyub gedə bilməzdim. Maddi cəhətdən vəziyyətim yaxşı deyildi, ancaq teatrı tərk etmədim. O çətin illəri Allah heç kimə göstərməsin.

- 46 ildir teatrda çalışırsınız, anaq sizi seriallarda, filmlərdə görə bilmirik.
- Açığı, seriallara və filmlərə dəvət alıram, ancaq həyat yoldaşım buna icazə vermir. Yoldaşım qoysaydı, seriallara çəkilərdim. Əslində filmdə çəkilməyi çox istəyərdim, çünki film tarixdir. Tarixə düşməyi isə çox istəyərdim. Qadın üçün ailə müqəddəsdir. Mən də ailəmin sözündən çıxa bilmərəm.
- Yəqin ki, bu 46 ildə teatrda maraqlı əhvalatlara da şahidlik edibsiniz.
- O qədər... Anaq elə hadisələr var ki, onları danışmaq düzgün deyil. Unutmadığım hadisələr də yaşamışam. Məsələn, bir dəfə səhnədə yıxılıb, kəllə-beyin travması almışdım. O hadisədən sonra 10 gün özümə gələ bilmədim. Yaddaşımı itirdim, çox çətinliklə yenidən həyata qayıtdım. Öz üzərimdə çalışdım və özümü bərpa etdim. Davamlı olaraq kitablar oxuyur, tamaşaları izləyir və yenidən səhnə həyatına dönməyi arzulayırdım. Nəticədə mən yenə teatra geri döndüm.
- Teatrda oynadığınız hansı obraz sizin ruhunuza daha yaxındır?
- Valentin Rasputinin "Sonuncu möhlət" əsərində baş qəhrəmanı - ana rolunu canlandırmışdım. O obrazım həyatım boyu məni həyəcanlandırıb. Bu tamaşanı oynayanda mən çox gənc idim. Əsəri oxuduğuma görə, ana rolunu canlandırmağı rejissordan özüm istəmişdim. Əslində tamaşada ananın elə böyük bir performansı, sözü yox idi. Ana həyatını övladlarına həsr edir və bir gün halı pisləşir, övladlarını səsləyir, ancaq onun harayına səs verən olmur. Fədakar ana çarpayısında tənha şəkildə ölür. Hansı ki, yan otaqda onun övladları şadyanalıq edir, analarının səsini belə eşitmək istəmirlər. Bu tamaşanı mən o vaxt – gəncliyimdə oynamışam. O tamaşa indi yenidən səhnələşdirilsəydi, onu daha gözəl, daha fərqli oynayardım. Bu, mənim ən çox sevdiyim roldur. Teatrda Kleopatradan tutmuş, Qar kraliçasına qədər hər cür obrazlar canlandırmışam.
- Yəqin ki, "Sonucu möhlət”dəki ana kimi ölməkdən qorxursunuz...
- Bu, faciədir... Valideynə hörmətsizlikdir, valideynin qədrini bilməməkdir. Qismətdir, gələcəyi bilmək olmur. Həyatın insana nələr yaşadacağını da öncədən bilmək olmur. Ancaq heç bir anaya elə bir ölüm arzulamıram.

- Bəs bu illər ərzində heç tənqid olunubsunuz?
- Əgər həqiqi tənqiddirsə, qəbul edərəm. Ancaq bəzən insanlar tənqidlə təhqiri səhv salırlar. Həyatım boyu təhqiri qəbul etməmişəm. Biz düşüncəli insanlarıq, ağı qaradan seçməyi bacarırıq. Ona görə, bu günün insanına nəyin pis, nəyin yaxşı olduğuna deməyə ehtiyac yoxdur. Xalqın gözü tərəzidir.
- Səhnədə nisgilli olduğunuz obrazlar varmı?
- Demək olar ki, bütün obrazları oynamışam. Artıq 64 yaşımı haqlamışam. Ancaq bəzən mənə edilən hörmətsizliyi və diqqətsizliyi görəndə peşman oluram. Yarım əsrdən 14 il çox yaşamışam. Teatrda aktrisaların həsəd apardığı hansı rol varsa, onların hamısını oynamışam. Məsələn, hər kəs istəyər ki, Kleopatranı oynasın. Onu da Lənkəran Teatrında mən oynamışam. Bundan o tərəfi varmı?
- Hansı rejissorlarda işləmək sizin üçün rahatdır?
- Bu sferada tanınmış, ən məşhur rejissorlarla da işləmişəm, yeni gələn gənc nəsillə də. Hüseyn Sultanov, Əşrəf Quliyevlə o zamanlar gözəl işbirliyimiz olub. İndi isə teatrımızın baş rejissoru Oruc Qurbanovun hazırladığı tamaşalarda rol alıram. Rejissorlar hansı obrazı mənə həvalə ediblərsə, onların öhdəsindən gəlməyə çalışmışam.
- Səhnədə aktyorla rejissorun bir-biri ilə dil tapması çox önəmlidir. Və bu ünsiyyət bəzən tamaşalara da təsir edir.
- Elədir. Mən 43 yaşında 14 yaşlı bahar qızını oynamışam və bu obrazım insanlar tərəfindən sevilib. 43 yaşında özümü 14 yaşlı qız kimi hiss edirdim. O mənim ürəyimə yatan rol idi ki, həmin tamaşada səsləndirdiyim ifadələr hələ də yadımdadır.
- Deyirsiniz ki, yarım əsri 14 il geridə qoyubsunuz. Hər iki nəsil sənətkarlarla işləyibsiniz. Nəsilləri müqayisə etmə zamanınız olurmu?
- Əlbəttə olur. Bir zamanlar səhnədə çiyin-çiyinə çalışdığım sənətkarların çoxu indi həyatda yoxdur. Allah onlara rəhmət eləsin. Yeni nəsil aktyorlar yetişir, onlarla da çalışırıq, təbii ki, hamısı ideal deyil. Ancaq gənclər cəhd edirlər, çalışırlar, onları bu istəklərini də müsbət qiymətləndirirəm.
- Səhnəyə çıxdığınız ilk günü necə xatırlayırsınız?
- Çox həyəcanlı idim. Səhnə başıma fırlanırdı. Açığı, bu gün də səhnəyə çıxanda çalışıram ki, tamaşaçıların əyləşdiyi zala tərəf baxmayım. Səhnəyə çıxanda sanki mənimlə səhnə arasında böyük sədd olur və zalı görməməyə çalışıram. Tamaşa zamanı zalı görəndə həyəcanlanıram və əsməyə başlayıram. Bir dəfə bunu deyəndə Böyükxanım Əliyeva bildirdi ki, o da səhnəyə çıxanda zala baxmamağa çalışır. Çünki tamaşaçı qarşısına çıxmaq böyük məsuliyyətdir. Biz bu məsuliyyəti dərk edirik. Əlbət ki, istedad diploma bağlı deyil.
- Təhsil almağı heç düşünmədiniz?
- O zamanlar teatrın təqdimatı ilə təhsil almaq şansım vardı. Amma metroda bütün sənədlərimi itirdim. Onda sənədlərimi itirməsəydim, bəlkə də çoxdan oxuyub qurtarmışdım və indi Xalq artisti idim.
- Paytaxt teatrına gəlmək istəyibsiniz?
- Bakıda 2 gündən çox qala bilmirəm. Mən Lənkəranda doğulmuşam və torpağıma bağlı insanam. Biz bu torpaqlarda doğulmuşuq, burda çalışmışıq, ömrümüzün ən gözəl illəri burda keçib, elə bu torpaqlarda da öləcəyik.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

banner

Oxşar Xəbərlər