• şənbə, 21 Dekabr, 06:20
  • Baku Bakı 8°C

"Təhsildə Yeni Çağırışlar"

05.10.24 00:05 2123
"Təhsildə Yeni Çağırışlar"

Dünya Təhsil Forumunun direktoru Dominik Savaj: "Hazırda süni intellektin mövcudluğunu göstərərək deyirlər ki, gələcəkdə bu peşəyə ehtiyac olmayacaq. Bu, səhv yanaşmadır. Müəllim həmişə insanın kim olduğunu öyrədəcək şəxs olacaq".

Bakıda "Təhsildə Yeni Çağırışlar" adlı V Beynəlxalq Forum keçirilib. Forumda dünyada baş verən iqlim dəyişiklikləri, məktəblilərin yaşıl bacarıqları, bu mövzuların tədris prosesindəki rolu və sair barədə danışılıb.  

Yetmiş faiz gənc iqlim dəyişikliyini izah edə bilmir

Dünya Təhsil Forumunun direktoru Dominik Savaj bildirib ki, dünyada 70% gənc iqlim dəyişikliyini izah edə bilmir. Onun sözlərinə görə, dünya ölkələri bunu öz milli sistemində izah etməyi bacarmalıdır: "Ümumiyyətlə, məktəbdən kənarda baş verənlər məktəb daxilinə girməməlidir".

D.Savaj Böyük Britaniya təcrübəsini nümunə gətirərək vurğulayıb ki, müəllimləri işə qəbul edərkən ilk sual "şagirdləri sevirsinizmi" olur: "Hazırda süni intellektin mövcudluğunu göstərərək deyirlər ki, gələcəkdə bu peşəyə ehtiyac olmayacaq. Bu, səhv yanaşmadır. Müəllim həmişə insanın kim olduğunu öyrədəcək şəxs olacaq".

Direktor bildirib ki, məktəblər "yaşıl bacarıqlar"ı effektiv inkişaf etdirmək üçün təşəbbüslər həyata keçirə bilər: "Dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən, adətən, onun təhsilə təsiri nəzərdən qaçırılır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur".

COP29 yaxşı fürsətdir

D.Savaj vurğulayıb ki, uşaqlarda "yaşıl bacarıqlar"ın formalaşmasında COP29 yaxşı fürsətdir: "Ölkələrin kurikulum sistemində də iqlim dəyişikliyi mütləq nəzərə alınmalıdır. Son məlumatlar göstərir ki, təhsil sistemlərinin iqlim dəyişiklikləri qarşısında davam gətirməsi üçün təcili tədbirlər görülməlidir. İnkişaf etmiş iqlim dəyişikliklərinə həssas olan ölkələr iqlimə davamlı təcrübələr və fövqəladə vəziyyətə hazırlıq üzrə bacarıqlarını artırmaq üçün səylərini davam etdirirlər. Bundan əlavə, hökumətlər təhsil sektorunun planlaşdırılmasında iqlimə müqaviməti inteqrasiya edən siyasi islahatlar həyata keçirirlər. Bu təşəbbüslər yaşıllaşdırma bacarıqlarını təşviq edir, uşaqları və gəncləri iqlimə uyğun ağıllı həll yolları və yerli iqlimin qorunması təbliğatına cəlb edir".

Bacarıqlı kadrlar tapmaqda çətinlik çəkilir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru, Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramının (PISA) yaradıcısı Andreas Şleyxer isə bildirib ki, iqlim dəyişikliyi təhsilin dayanıqlı konsepsiyasına təsir edir. Onun sözlərinə görə, bəziləri bunu texnologiya və təhsil arasında yarış hesab edir. "Texnologiya insanların bacarıq və vərdişlərindən öndə gedir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bacarıqlı kadrlar tapmaqda çətinlik çəkilir. Dayanıqlı inkişaf üçün təhsilin olması önəmlidir. Gənclər gələcəyin qayğısına qala bilirmi? Müqavimət və tarazlılıq bu məsələdə vacibdir.

"Əvvəllər mövcud olmayan işləri bundan sonra görə biləcəyikmi? Bu barədə emosional zəka önəmlidir. Gənclərin qayğısına qalmalıyıq ki, ətraf mühitin qorunması üçün maraq göstərsinlər. Davranış müxtəlif formalarda bizə faydalı ola bilər. Təhsil bu baxımdan gənclər üçün müəyyən məlumatlılıq üçün yaxşı imkandır. Biliklərdən düzgün istifadə etmək lazımdır. Burada da təhsil ən güclü vasitədir", - deyə Andreas Şleyxer vurğulayıb.

Ən yaxşı sərmayə təhsildir

A.Şleyxer qeyd edib ki, planetin yaxşı gələcəyi üçün ən yaxşı sərmayə təhsildir: "Məktəbdə öyrənilənlərin heç də hamısı, təəssüf ki, şagirdlərin davranışlarına təsir etmir. PİSA beynəlxalq qiymətləndirmələrin nəticələri də bunu deməyə əsas verir. Gənclər iqlim dəyişikliyinin problemlərini təkcə başa düşməklə kifayətlənməməlidirlər. Güclü öyrənmə strategiyaları mənimsənilməlidir. Onlar passiv sərnişin misalından sükan arxasına keçə biləcək şəxslərə çevrilməlidir. Başa düşməlidirlər ki, onlar fərq yarada bilərlər. Yeni iş yerləri yaratmağı bacarmalıyıq".

 

banner

Oxşar Xəbərlər