• cümə axşamı, 17 sentyabr, 00:12
  • Baku Bakı 24°C

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü 

16.09.26 18:02 30
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü 

Türkiyə-Azərbaycan Universitetində (TAU) 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş Bilik Günü tədbiri keçirilib. Tədbir Azərbaycan və Türkiyənin böyük liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram göstərilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirin açılışında çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, TAU iki qardaş ölkənin strateji əməkdaşlığının nəticəsidir və gələcəkdə Azərbaycan üçün peşəkar, beynəlxalq səviyyəli kadrların hazırlanmasında mühüm rol oynayacaq.

TAU-nun rektoru Nəcibə Nəsibova bildirib ki, TAU Azərbaycan və Türkiyə arasında elm və təhsil əlaqələrinin yeni strateji mərhələyə keçməsinin göstəricisidir: “Gənclərimiz ölkə xaricinə getmədən, öz Vətənimizdə Türkiyənin Orta Doğu Texnik Universiteti (ODTÜ), İstanbul Texnik Universiteti (İTÜ) və Hacettepe Universiteti kimi nüfuzlu ali məktəblərinin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edirlər. Onların modern elmi mühitdə yetişməsi üçün bütün yollar açıqdır. Bu, gənclərimiz üçün dəyərli bir fürsətdir və onların yüksəkixtisaslı mühəndislər kimi yetişməsi üzərimizə böyük məsuliyyət qoyur”.

Nəcibə Nəsibova bildirib ki, TAU-da təhsil dövlət hesabına, yüksək akademik səviyyədə və ingilis dilində aparılır. Universitetin məzunlarına həm Azərbaycan Texniki Universitetinin, həm də ixtisas üzrə Türkiyənin tərəfdaş universitetinin diplomu veriləcək. Rektorun sözlərinə görə, universitetin əsas məqsədi yalnız ixtisaslı kadr hazırlamaq deyil, ölkənin gələcəyini formalaşdıracaq güclü insan kapitalı yaratmaq və cəmiyyətə faydalı vətəndaşlar yetişdirməkdir. O qeyd edib ki, TAU gələcəkdə Azərbaycan-Türkiyə elm, innovasiya və texnologiya əməkdaşlığını dərinləşdirən mühüm mərkəzə çevriləcək.

“Müasir texnologiyalar və süni intellekt prioritet olmalıdır”

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov TAU-nun strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, universitet beynəlxalq inteqrasiyanın və akademik mobilliyin gücləndirilməsinə xidmət edir. O qeyd edib ki, TAU-da tədris prosesinə Türkiyənin üç, Azərbaycanın isə iki aparıcı universiteti cəlb olunub. Firudin Qurbanov bildirib ki, 2007–2015-ci illərdə dövlət proqramı çərçivəsində 327 azərbaycanlı gənc Türkiyənin 20 aparıcı universitetində, 2022–2028-ci illər üzrə proqram çərçivəsində isə 197 gənc Türkiyənin 11 aparıcı universitetində bakalavr və magistratura səviyyəsində təhsil alıb. Nazir müavini müasir texnologiyalar və süni intellekt üzrə mütəxəssis hazırlığının vacibliyini vurğulayıb. O bildirib ki, qarşıdakı dövrdə beşinci və altıncı texnoloji sistemlərin, pilotsuz və robotlaşdırılmış sistemlərin daha geniş tətbiqi gözlənilir. Hazırda dünyada 4 milyondan çox robot və 600 min robotlaşdırılmış sistemin olduğu qeyd olunub.

“Dövlətlərarası münasibətlərin davamlılığını insan resursları təmin edir”

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan TAU-nu yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün nəzərdə tutulan ortaq layihə kimi xarakterizə edib. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri siyasi və diplomatik əlaqələrdən müdafiə sənayesi, enerji, nəqliyyat, ticarət və mədəniyyətə qədər geniş sahələri əhatə edir. Onun sözlərinə görə, bu əlaqələrin gələcəyə daşınmasında insan kapitalı əsas rol oynayır. 

AQTA TAU tələbələri ilə əməkdaşlığa hazırdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva bildirib ki, agentlik TAU-nun Qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrin elmi tədqiqatlara və praktiki təcrübə proqramlarına cəlb olunmasını dəstəkləməyə hazırdır. Onun sözlərinə görə, müasir bilik və bacarıqlara yiyələnən mütəxəssislər Azərbaycanın qida sənayesinin inkişafına töhfə verə bilərlər. 

“TAU gələcək təhsil əlaqələrini daha da gücləndirəcək”

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Əhliman Əmiraslanov iki ölkə arasında təhsil əlaqələrinin tarixindən danışıb. O, TAU-nun yaradılmasında Azərbaycan və Türkiyə Prezidentlərinin diqqətini xüsusi qeyd edib və hər iki ölkənin professor-müəllim heyətinin birgə fəaliyyətinin gələcək təhsil əlaqələrini daha da gücləndirəcəyini bildirib. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə çıxışında qardaşlıq münasibətlərindən, elm və təhsilin İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərdəki rolundan danışıb. 

Yüksək bal toplayan tələbələr mükafatlandırılıb

TAU-ya ən yüksək balla qəbul olunan tələbə Sənaye mühəndisliyi ixtisasının tələbəsi Fatimə Hacıməmmədli 667,5 bal toplayıb. O bildirib ki, TAU-da təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmır, tələbələr praktiki təcrübə, elmi tədqiqat, innovativ düşüncə və real problemlərin həlli istiqamətində də inkişaf edirlər.

Kompüter mühəndisliyi ixtisasına 647,2 balla qəbul olunan Ayxan Əhmədov və Qida mühəndisliyi ixtisasına 562,4 balla qəbul olunan Xədicə Nəzərova da tədbirdə mükafatlandırılıblar.

TAU-da tələbələrin sayı 289-a çatıb

2026/2027-ci tədris ilində TAU-da ümumilikdə 289 tələbə təhsil alır. Onlardan 115-i yeni qəbul olunan tələbələrdir. Yeni qəbul olunanların sayı ötən illə müqayisədə 27 faiz artıb. Bu il universitetə qəbul olunan tələbələrdən 42 nəfər 600-dən, 50 nəfər isə 500-dən yüksək bal toplayıb. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər