Təhsil tariximizdə izi qalmış pedaqoq
Arxiv sənədləri
təsdiq edir ki, Mina xanım Aslanova həyatını
müxtəlif rus-tatar məktəblərində gənc nəslin təhsil alması işinə sərf etmiş və
bu yolda fədakarcasına çalışmışdır
Azərbaycanda
təhsilin yayılmasında, savadsızlığın aradan qaldırılmasında, qadınların təhsilə
cəlb edilməsində rolu və xidmətləri olmuş pedaqoqlar var ki, onların həyat və fəaliyyəti,
təəssüflər olsun ki, bu günədək öyrənilməmiş və ya araşdırılmamışdır. Azərbaycanda
təhsil və mədəniyyətin inkişaf tarixinə xüsusi diqqət yetirən "Kaspi” qəzetinin
31 iyul 2021-ci il tarixli buraxılışında
dərc edilmiş " Tanımadığımız Nigar...” sərlövhəli məqaləm tanınmış pedaqoq
Nigar xanım Səfərəli bəy qızı Vəlibəyovaya həsr edilmişdir. Bu dəfə isə Azərbaycanın
təhsil tarixində izi qalmış qadın pedaqoqlardan
biri - Mina xanım Aslanovanın həyat və fəaliyyəti haqda oxuculara məlumat
verəcəyəm.
Atadan ötürülən missiya
Mina xanım Aslanova haqqında məlumatları yalnız Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin "Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyası” (f.309) fondundan aşkar etmək mümkün olmuşdur. Mina xanım Aslanovanın atası Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov (1858-1938) öz dövrünün tanınmış pedaqoqlarından biri olmuşdur. Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşa şəhər məktəbini bitirdikdən sonra 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan bölməsinə daxil olmuş və 1885-ci ildə Seminariyada təhsilini müvəffəqiyyətlə başa vuraraq Şuşa qəzasının Gülablı və Ağdam Zemstvo məktəbində müəllim işləmişdir. Zəkəriyyə bəy Aslanov sonralar Bakı şəhərinə köçmüş, 1912-1915-ci illərdə 4-cü rus-müsəlman məktəbində dərs demişdir. Zəkəriyyə bəy 1906-1907-ci illərdə çağırılmış Qafqaz müəllimləri qurultayının iştirakçısı olmuşdur.
16 yaşdan başlanan xidmət
Mina xanım Aslanova 1898-ci ildə dünyaya göz açmışdır. 1912-ci ildə Bakı qadın rus-tatar məktəbinin tam kursunu bitirmişdir. Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı 4 yanvar 1913-cü il tarixli məktubunda qeyd edilirdi ki, Bakı I rus-tatar məktəbində müvəqqəti vakant yerini tutmuş Mina xanım Aslanova Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyasının 19 dekabr 1912-ci il tarixli qərarı ilə şəriət müəlliməsi vəzifəsinə seçilmişdir. Həmin dövrdə Mina xanım 16 yaşlı şiə təriqətli azərbaycanlı, müsəlman qız idi. Mina xanım Bakı qadın rus-tatar məktəbinin tam kursunu bitirməklə yanaşı, 1912-ci ildə görkəmli maarifpərvər xeyriyyəçi Haçı Zeynalabdin Tağıyevin yaratdığı Bakı qadın rus-tatar məktəbini də bitirərək, 1127 saylı şəhadətnamə əldə etmişdir.
Azərbaycan dili və şəriət fənni
Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı 1 mart 1913-cü il tarixli məktubda qeyd edilirdi ki, 16 fevral 1913-cü ildə Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyasının qərarı ilə Bakı I rus-tatar məktəbinə şəriət müəlliməsi vəzifəsinə seçilmiş Mina xanım Aslanovaya Bakı İmperator Aleksandr III adına kişi gimnaziyasının Pedaqoji Şurası tərəfindən Qafqaz Tədris Dairəsinin aşağı ibtidai məktəblərində Azərbaycan dili müəlliməsi vəzifəsini təsdiq edən 199 saylı şəhadətnamə verilmişdir. Arxiv sənədləri təsdiq edir ki, Mina xanım Aslanova yalnız 10-cu rus-tatar məktəbində şəriət müəlliməsi vəzifəsini icra etməmişdir. O, müxtəlif vaxtlarda Azərbaycan dilindən dərs demək üçün digər məktəblərə də ezam edilmişdir.
Aşqabad səfəri üçün icazə və...
Mina xanım Aslanova Bakı şəhərində keçmiş Spasski (indiki Zərgərpalan küçəsindəki 103 saylı evdə yaşamışdı. Bu haqda məlumat Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoruna ünvanladığı 4 yanvar 1913-cü il tarixli məktubunda qeyd edilirdi. 1916-cı il mayın 16-da Mina xanım Aslanova təxirəsalınmaz ailə işləri ilə əlaqədar Aşqabad şəhərinə getməsinə icazə verilməsi haqqında 2-ci rayon üzrə müfəttiş S.M.Qəniyevə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə Mina xanım Aslanovanın 2-ci rus-tatar məktəbinin deyil, artıq 3-cü rus-tatar məktəbinin müəlliməsi olduğu qeyd edilirdi. Arxiv sənədləri təsdiq edir ki, Mina xanım Aslanova həyatını müxtəlif rus-tatar məktəblərində gənc nəslin təhsil alması işinə sərf etmiş və bu yolda fədakarcasına çalışmışdır. Təəssüflər olsun ki, Mina xanım Aslanovanın sonrakı həyat tarixi haqqında hər hansı bir digər sənəd onun şəxsi işində aşkar edilməmişdir.
Atası və qardaşı repressiya qurbanı olubsa...
Mina xanımın ailə həyatı qurub-qurmadığı, eləcə də neçənci ildə vəfat etdiyi haqqında hər hansı bir məlumat aşkar etmək mümkün olmadı. Güman etmək olar ki, tanınmış pedaqoq repressiyaya məruz qalmışdır. Çünki onun atası, Qori Müəllimlər Seminariyasının məzunu Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov 1938-ci ildə repressiyanın qurbanı olmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, onun oğlu, yəni Mina xanımın qardaşı Əmir bəy digər tanınmış pedaqoq Nigar xanım Vəlibəyovanın həyat yoldaşı olmuşdur. Əmir bəy də 1938-ci ilin repressiya qurbanları arasındadır.
Fəaliyyətləri tədqiq edilməlidir ki...
Azərbaycan Respublikasının təhsil tarixində izi qalmış hər bir pedaqoq xalqımız üçün olduqca dəyərli və əzizdir. Çünki onların səyləri nəticəsində Azərbaycanda savadsızlığın aradan qaldırılması sahəsində mühüm işlər görülmüşdür. Bu pedaqoqların fəaliyyəti mütəmadi olaraq tədqiq edilməlidir ki, belə işıqlı ziyalıların xidməti unudulmasın.
Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxivİdarəsinin Baş məsləhətçisi