• şənbə, 20 Aprel, 04:10
  • Baku Bakı 15°C

Təbiət güzgüsünə yazılan şeirlər

28.05.21 15:00 3728
Təbiət güzgüsünə yazılan şeirlər
Musa Yaqub poeziyası haqqında düşüncələr

Çox şeirlər var ki, özlərindən sonra başqa şeirlər doğururlar, yatmış ilhamları oyadır, insanları öz təsir dairəsinə alırlar. Amma əfsus ki, yazılanların çoxu, insanları ilhama gətirən, təsir yaradan əsas şeirin kölgəsində qalır, yaxud da o poetik nümunədəki vacib fikri bu və ya digər şəkildə təkrarlayırlar. Məsələn, Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz” şeirinə onlarla nəzirə yazılıb, amma əksəri həmin şeirdəki rədifi təkrarlamaqdan, deyilən fikrin başına fırlanmaqdan o yana getməyib Təbii ki, heç kəsin qələmini cilovlamaq, yazmaq fikrindən daşındırmaq olmaz, hər halda, əksər şeir qarşısıalınmaz bir daxili qüvvənin, istəyin meyvəsidir. Amma yazan, gərək özü yaxşını pisdən, zəifi güclüdən seçə bilsin, yazaraq başqalarının arasına qarışmaq istəyənlərdən yox, başqalarından seçilənlərdən olmaq üçün çalışsın. "Leyli və Məcnun”lardan çoxu Füzulinin yazdığına çatmır, şin qəsidələrinin də əksəri Xaqaninin beytlərindən qüvvətli deyil, "Xəmsə”nin də hər biri Nizaminin yazdıqlarına tən deyil, Ponti Pilatların da çoxu "Master Marqarita”dakı qədər parlaq sayıla bilməz. İsa Məsihin obrazını da hər yazıçı Niko Kazançakis qədər əzəmətli canlandırmağa qabil deyil. Bir sözlə, şair, əgər bacarırsa, gərək meylləndiyi sözün, şeirin səviyyəsi ilə ayaqlaşmağı bacara, ya da maraq göstərdiyi ülgüdən imkanı daxilində aralıda dayana. Əli bəy Hüseynzadənin "Hali-Vətən” şeiri çoxlarımızın əzbərindədir deyə, daha onu bu yazıda misal kimi göstərməyə ehtiyac duymuram. Həmin şeirə Musa Yaqunun yazdığı "İkilik” adlı nəzirəni isə bütöv şəkildə nümunə göstərirəm:
Keçiddədir ayağım,
Keçid yolu bir addım,
Nə qoydular keçəlim,
Nə qoydular qayıdım.
Tüstülənər ocağım,
Könlümün dəmxanası,
Nə yağışdan sönəsi,
Nə küləkdən yanası.
Nə durmusan, qaradaş,
Ayrıcında yolumun?!
Nə yol tutmaq gücüm var,
Nə taqəti qolumun.
Haqqın əli uzalı,
Durum, tutum, tapışım -
Nə çəkdilər üzülüm,
Nə qoydular yapışım.
Ah bu Vətən torpağı,
Alındı baş qalası,
Nə yolunda şəhidəm,
Nə qəhrəman balası.
Daş altında toxumum,
Yanır çölüm, içərim,
Nə sıxdılar çürüyüm,
Nə qoydular cücərim.
Məlikməmməd nağılıyam,
Bu, quyunun dibimi?
Nə çəkdilər quyudan,
Nə kəsdilər içimi.
Bu şeiri tam şəkildə nümunə göstərməyimin səbəbi "hörülü şeir” olmasıdır. Yəni ilk misradan, son misrayacan, sanki sözlər muncuq kimi bir təsbeh ipinə keçirilib. Eyni zamanda hər misrada gözardı edilməyəsi dərəcədə maraqlı, istedadlı, hökmlü misralar var. Adətən, hər şeirdə hər bənd fikir yükü ilə zəngin olmur, bu şeir isə istisnalardandır. Eyni zamanda, bu şeir həm "Hali-Vətən” şeirinin davamıdır, həm də yeni, dövrlə bağlı dəyişən, yaxud daha da barizləşən dərdlərin izharıdır. Ədəbiyyat tariximizdə bir-birinə bab olan nəzirələr çox deyil. O mənada ki, şərt, fikirləri təkrarlamaq, yaxud oxşar fikir axınına qoşulmaqdan getmir, əsas olan, fikrin davamını əzəl fikrin özəyinə yaxınlaşdırmaqdan gedir. Başqa bir nümunə kimi Xurşidbanu Natəvanın bu qəzəlini xatırlayıram:
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,
Nə eşqin içrə könül böylə şadu xürrəm olaydı!
Nə sərv qəddin olaydı, nə bəsrətinlə gözüm kur,
Nə rüzgari-fəraqində qamətim xəm olaydı!
Nə bəhr olaydı, nə umman, nə böylə göz yaşı cari,
Nə gül üzündə, İlahi, bu nov-şəbnəm olaydı!
Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,
Nə xari-möhnəti-bülbül səninlə möhkəm olaydı!
Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub,
Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!
Nə çah olaydı, nə zindan, nə karvan güzəri,
Nə Yusifi bu bəlada görən bir adəm olaydı!
Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı!
Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı
Hüseyn Cavid, məncə, bu qəzəldən təsinlənərək "Şeyx Sənan”dan dillər əzbəri olan "Kor ərəbin mahnısı”nı qələmə alıb:
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət…
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Şeirlərin hər ikisi mükəmməldir. Çünki müəlliflər eyni ilham mənbəyindən qidalanmaq, bir amala xidmət etmək iqtidarındadırlar. İlahi mənbə eyni olanda, fikir də bir sapa daha rəvan, ahəngdar düzülür. Hüseyn Cavid Xurşidbanu Natavandan, Musa Yaqub Əli bəy Hüseynzadədən zəif şeir nümunələri yaratmayıblar. Sanki ikinci əsərlər birincini tamamlayıb, fikrin ardını gətirib, orda deyilməyənlər burda deyilib. Dərd çevrəsi onsuz da qapanan, müşkülün həlqəsi onsuz da tamamlanan deyil, hər böyük şair həlqəyə həlqə artırır, çevrəni öz İlhamı istiqamətində fırladır. Beləcə, həm çevrə genişlənir, həm də həlqələr artır. Nəticədə şeirin, ədəbiyyatın yolu əbədiləşir.

Fəlsəfi şeirin imkanları

Musa Yaqubun şeirlərindəki fəlsəfə, dərin məna, adətən, təbiətlə eyniləşdirmələrdədir. O fəlsəfəni "üstüaçıq”, yaxud göndərmə, sirli işarə, gizli məğz kimi əks etdirmir. Bunun, bəlkə də, başqa səbəbləri də var, amma dərinə getmədən nümunəyə keçmək istəyirəm:
Ayaqlar altında xəzəl o ki var,
Tapdayır adamlar, keçir adamlar,
Hə, bax, o gedəndi, o da gələndi…
İki cavan baxır biri-birinə
Bir də belə baxa bilməyəcəklər,
Necə ki, mən durub baxıram indi.
Yəqin ki, indiki vaxtın yerinə
Heç vaxt belə baxmaq olmayacaq, yox.
Yəni o su gəlib bu arx dolacaq,
Amma bu su ilə doymayacaq, yox.
Orda bitməyəcək o solan çiçək,
Torpaq o xəzəli ayıltmayacaq.
Düzdür, hələ min-min payız gələcək,
Amma heç bu payız qayıtmayacaq.
Həyat qəribədir, yaman qəribə
Həm düşməyib, həm də düşüb qəlibə.
Efesli Heraklitin "İki dəfə bir axara girmək olmaz” fikrinin bədii inikasını bu şeirdə daha əlvan, şəffaf boyalarla, şayan rənglərlə görürük. Dünya bir adam üçün təzədir, amma ümumi götürəndə, hamı üçün köhnədir, bəllidir. İnsan özü haqqında düşünüb yaşayanda etdikləri yenilikçilikdir, ancaq başqalarının reallaşdırdıqlarına baxanda, gördüyü işlər ona təkrarçılıq təsiri bağışlayır. Bunun bir səbəbi də odur ki, bir nəfər etdiyində azaddır, amma hamıya nisbətdə yox. Yuxarıdakı şeirin misralarında deyildiyi kimi: "Həm düşməyib, həm də düşüb qəlibə”. Fəqət, Musa Yaqub bir çox şeirlərində, bu gün dəbdə olan şeirlər kimi bilikləri nümayiş etdirmir. Eyni zamanda onun şeirindəki bənzər fikir impuls aldığı fikri, sanki müqayisədə təqdim edir. Sanki fəlsəfi fikirdə üstüörtülü, qapalı qalmış məqamlar oxucu üçün maraqlı misallarla aydınlaşır. Musa Yaqubun şeirlərindəki müşahidələri o qədər sərrast, həyati, düşüncələrlə zəngindir ki, onların hesabına şair öz poetik fikrini istədiyi kimi əsaslandırır və öz gördüklərini başqalarına da göstərə bilir. Onun müşahidələri qəfil ağıla gələn fikirlər kimi meydana çıxmır, onun poetik tapıntılarında aniliyi hiss etmirsən, sanki uzun müddət şair narahat edən məsələ haqqında düşünür və zamanla fikirləşdiyi məsələlər öz sirr pərdəsini qaldırır və üzünü şairə göstərir. Və Musa Yaqub ilk dəfə gördüyü simadan təəccüblənmir, onun qarşısında çaş-baş qalmır, çünki düşündüyü müddətdə o, həm də öz təsəvvürlərini formalaşdırır, sanki xəyalları ilə silahlanır. Ona görə də o tapıntılarını inkişaf etdirə, onlara əlavə rəng qata, başqa ovqatyaradıcı çalarlarla zənginləşdirə bilir.
Cavabdan qaçış...
Musa Yaqubun poeziyasında onu bütün həyatı boyu düşündürən bir sıra sualların cavabları var. Amma o sualları sual yerində saxlamaqla, sual kimi dərk etməklə həmin şeirin mənasını anlamaq olur, nəinki cavabını tapmaqla. Əgər o suallara cavab versən, onda Musa Yaqubu düşündürən suallar, oxucusunu təsirləndirən fikirlər itəcək, bir növ, şeir şeirlikdən çıxacaq. Məsələn, bizdən anasız körpələrin necə böyüdüyünü soruşsalar, çətinlik çəkmədən cavab verə bilərik ki, onlar uşaq evində ərsəyə çatırlar, kiminsə himayəsində boy-buxun sahibi olurlar, hansısa xeyirxahın əməli nəticəsində ac-susuz qalmayıb irilənirlər və sair. Cavablar çoxdur. Amma o sualı qayğıkeş bir valideyn, yağ içində böyrək kimi böyüyən bir uşaq nəzəri ilə verəndə, əlbəttə, cavabı o qədər də asan olmur. Məsələn, özün övladının hər ehtiyacını ödəyəndə, vaxtlı vaxtında problemlərinin həlli ilə məşğul olanda, ona tuşlanan dərdlərə, bəlalara sinəni sipər edəndə, görürsən ki, bir uşağın boya-başa çatması üçün nə qədər fədakarlıqlar, zəhmətlər, əziyyətlər gərəkdir. Bəs həmin fədakarlıqlardan, qayğılardan məhrum uşaqlar necə böyüyür, hansı çətinliklərlə üzləşirlər, hansı nəvazişlərə tamarzı qalırlar? Musa Yaqub olmayanın timsalında sahib olanın, əliboşun nisbətində əlidolunun nələrə yiyələndiyini və ən əsası bütün bunların dəyərini göstərir:
Demirəm mehriban qucaq görməyib,
Demirəm qayğılı isti bir nəfəs,
Demirəm ev bilib, ocaq görməyib -
Bu körpə anasız necə böyüyüb?
Doğmalıq deyilən ilahi bir əl
Onun üz-gözünü oxşamayıbsa,
Görəsən, bu körpə necə qımışıb?
Hansı donda görüb ilk doğmalığı,
Sevinci sevincə necə qarışıb?...
.... Necə işıqlanıb üzü, görəsən?
Doğmaca laylasız necə uyuyub,
Necə çiçəklənib sözü, görəsən?
O necə oynadıb əl-ayağını,
Bəs kimin üzünə qımışıb hərdən?
Hansı rəngdə sevib oyuncağını?
Ana fərəhindən güc alıb təzə
Bir daşqın sevincə bürünməyibsə,
İlk dəfə o necə qalxıb ayağa,
Görən, necə atıb ilkin addımı?
Lap heyrət götürür, vallah, adamı…
İlahi, bu uşaq necə yeriyib,
Kefi pozulanda necə kiriyib?..
İnsan üçün ən real istinad nöqtəsi çox zaman elə insanın özüdür. Musa Yaqub öz dünyasını işarə verə bilən nadir şairlərdəndir. O, öz sualları ilə həyatında yaşadıqlarını, gördüyü və göstərdiyi qayğıları nişan verir. Eyni zamanda həmin qayğıdan məhrum insanları da onların özü kimi duya bildiyini göstərir. Şairlik həm də başqalarını özü kimi duya bilmək sənətidir. Deyə bilərsiniz ki, həkimlər xəstələrini, müəllimlər şagirdlərini və sair onların məhz özləri kimi duyurlar. Amma etiraf edək ki, şairlər daha çox insanları özləri kimi duya bilirlər. Bu, qətiyyən şairin özünün qazandığı özəllik deyil, sadəcə şairə yaradılışdan əta olunan üstünlükdür. Türkiyənin böyük şairi İlham Bərk haqlı olaraq deyir ki: "Bircə, şairlərin müəllimləri yoxdur”. Musa Yaqub öz duyum qabiliyyətini nə kimdənsə əxz edib, nə də kimsə bu keyfiyyəti ondan öyrənə bilər. Bu, sadəcə Tanrının, təbiətin, zəkasının ona bəxş etdiyi özəllik, xüsusi qabiliyyət və qeyri-adi istedaddır. Musa Yaqubun üstünlüyü o məqamdadır ki, o duyduqları ilə yazdıqları arasındakı pərdəni götürüb, sərhədsiz, vasitəsiz özünüifadəetmə qabiliyyətini həyatın çirkabları ilə korlamayıb. Öz nəfəsini yalnız öz içərisində saxlamayıb, pak nəfəsini ədəbiyyata, sözə çevirib...

Təbiətin zəkası

Musa Yaqub heç zaman təbiəti şüursuz, bilgisiz təsvir etmir. Hər zaman təbiəti bilgin, ağlını öz daxilində sirr kimi qoruyan mövcudat kimi təsəvvür edir. Hətta təbiəti şüursuz, olub-bitəndən xəbərsiz kimi mənalandıranda belə bunu mənalandırır. Məsələn, "Bu gülün” şeirində yazır; gül nə yaxşı ki, insanların riyakarlığından, yalandan, aldanışlarından xəbərsizdir. Gülün şüuru tamam başqa üstünlüklərindədir. Onun zəkasını həmin üstünlüklərdə aramaq, tapmaq gərəkdir. Nizami Gəncəvinin fikrincə nə atəş yandırıcılığından, nə də su həyat bəxş etməsindən xəbərdardır. Təbiətin məntiqi onun missiyasındadır, o görəvi isə təbiətə Allah etibar edib. Musa Yaqub Nizamidəki həmin fikri gülün timsalında belə canlandırır ki, gülün dünyanın faniliyindən xəbəri yoxdur, qəfil bir əmrlə, İlahi təqdirlə solub gedəcək, nakam ömürdən hali olmayacaq. Əgər gül fani olduğunu bilsə, onda o qədər şövqlə açmaz və biz ona baxanda solacağını düşünsək, onun gözəlliyindən hədsiz zövq ala bilmərik. Gülə baxanda biz onun solacağını düşünmürük, gül isə bir gün saralıb töküləcəyi barədə fikirləşmir. Yəni insan İlahi təqdiri qəbul edir, onu çox zaman özünə dərd eləmir. Həyatı axarında saxlayan, dünyanı nizamını qoruyan elə bu xəbərsizlikdir, təqdirlə barışmaqdır. Əks təqdirdə insan öz aqibəti, gül öz sonu barədə düşünüb heç ürək dolusu yaşamaq istəməz. Füzuli demiş:
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü qıldı fəryad,
Yə'ni ki: "Vücud dami-qəmdir;
Azadələrin yeri ədəmdir.
Hər kim ki, əsir olur bu damə,
Səbr etsə gərək qəmi-müdamə".
Fanilik düşüncəsi daimi olsa bizi gecə-gündüz göz yaşlarına qərq edər, əlimizi hər cür işdən soyudar, "hə, nə olsun?” pessimizmi bizim həyat eşqimizi söndürər, əhvalımız şamu-səhər pərişan olar. Ona görə də insan İlahi təqdirlə barışmağı bacarmalıdır, eynən təbiət kimi. Musa Yaqubun şeirindəki Haqq səsi, ruhani dərinlik məhz belə məqamlarda üzə çıxır, o, bir sıra başqa şairlər kimi mənanı üst qata qaldırmaq, dartıb oxucunun gözünə soxmaq istəmir, sirri dəyərində saxlayır. Musa Yaqub poeziyasında irfani, ruhani, dini məna təbiətlə eyniləşdirmələrdədir. Məncə, onun şeirindəki dini konsepsiyası belədir ki, təbiətin sirlərinə vaqif olaraq özümüzü anlaya və ondan sonra ağlımız çatan qədər də Tanrını başa düşə, ona yaxın ola bilərik. Əks təqdirdə özümüzü və dünyanı anlamadan Allahı və İlahi düşüncəni başa düşmək mümkünsüzdür. Fikirlərimin əsası kimi yuxarıda adı çəkilən şeirdən vacib bildiyim bəndləri əlavə edirəm:
Elə pardaxlanıb, elə açılıb,
Elə işıqlanıb, elə saçılıb
Bu gülün dünyadan xəbəri yoxdur.
Ya bir sərt baxışdan, bir aldanışdan,
Yalandan, riyadan xəbəri yoxdur...
Büllur ləçəyindən nur tökülür ki,
Elə fərəhlənir, elə gülür ki,
Bu gülün kədərdən xəbəri yoxdur.
Bir qəfil əmrdən, nakam ömrdən,
Heç gəldi-gedərdən xəbəri yoxdur...
Bahar həvəsindən gəlib heyrətə,
Elə qurşanıb ki, ilk məhəbbətə,
Bu gülün xəzandan xəbəri yoxdur.
Taledə tərsinə qələm tutandan,
Ayrılıq yazandan xəbəri yoxdur...
Hələ yanağında kəpənək zəri,
İnandırmaq olmaz bu bəxtəvəri,
Bu gülün özündən xəbəri yoxdur,
Bəxtin tərs üzündən xəbəri yoxdur
Amma nə yaxşı ki, yoxdur xəbəri...
Meydan oxuyan çağ…

Qocalıq haqqında çox şeirlər yazılıb. Ancaq o şeirlərin çoxunun məzmunundan anlaşılan odur ki, şair gücünün tükəndiyindən, taqətinin kəsilməsindən danışır, deyinir ki, daha mən o mən deyiləm. Bir sözlə, qocalıqla bağlı yazılan şeirlərin əksəri dünyaya təslim olmaq, dünyanın gücü qarşısında öz gücünün azlığını anlamaqdan ibarətdir.
Məsələn, Bəxtiyar Vahabzadə yazırdı:
Baharı vermişəm, qış qazanmışam,
İlləri vermişəm, yaş qazanmışam.
Dolunu vermişəm, boş qazanmışam,
Kim deyir, gətirir xeyir qocalıq?
Yaxud Musa Yaqubun sevimli şairi Xaqani Şirvani qocalığa ironiya edirdi:
Ağ saç mənə tənə vurur, deyir: şair, qocaldın,
Qocalığın dərdi budur, tükdən də töhmət aldın.
"Qabusnamə”də qocalıq barədə belə bir fikir keçir: "Qocalıq elə bir xəstəlikdir ki, heç kəs onu yoxlamağa gəlməz, elə bir dərddir ki, ölümdən başqa heç bir həkim onu sağalda bilməz… Hər xəstəlikdə yaxşılaşmaq ümidi var, qocalıqdan başqa".
Ancaq Musa Yaqub qocalıq şeirlərində də dünyaya meydan oxuyur, qocalığı təbiətin bir fəsli kimi qəbul edir və qədəri, taleyi özünə mükafat sanır. Və cavanlığın onun başına gətirdiyi müsibətləri belə, qocalığın əlacsızlığına, dərdlərinə, xəstəliklərinə baiskar bilmir. Sadəcə Musa Yaqub özünə qarşı haqsızlıqlarda seyrçi mövqeyindən yanaşır, eynən təbiət kimi. Necə ki, müharibə vaxtı ağacların, otların, göy üzünün gözü qarşısında çoxlu qanlar axır, dünya bütün olanlara şahid olur, eləcə də özünə qarşı olan haqsızlıqlara da Musa Yaqub təbiət kimi tamaşa edir. Bu qətiyyən passiv mövqe, təslimiyyət ruhu ilə bağlı məsələ deyil. M.Yaqubun dayandığı mövqe, ağacın, otun, suyun qərar tapdığı nöqtədir. O, öz ömrünün şahididir. Necə ki, şahidin qarşısında günahkarlar utanacaqlar, eləcə də Musa Yaquba qarşı pislik edənlər daim onun varlığını şahid kimi görüb bundan vicdanları sızlayacaq, ruhları narahat olacaq, öz varlıqlarını, kimliklərini tanımaqlarından utanacaqlar.
Biganələr iqlimini görmüşəm,
Bədxahların him-cimini görmüşəm,
Mən özümçün başqa yuva hörmüşəm,
Bundan sonra nə olacaq, olacaq.
Mən dərdimi pıçıldadım dağlara,
Dağlar alıb payladı oymaqlara.
Dövrüm verdi haqqımı nahaqlara
Bundan sonra nə olacaq, olacaq...
Bu şeirdə mənim diqqətimi çəkən bəndlərdən biri də aşağıdakı bəndin üçüncü misrasıdır:
...Nə olacaq?... Torpağa bel bağlaram.
Üzüm tutub bir buluda ağlaram
Şimşəklərin işığını saxlaram
Bundan sonra nə olacaq, olacaq.
Şimşək bir an çaxır və dərhal da yox olur, onun işığını saxlamaq, əslində, anı tutmaq, parallel zamanın ahəngi olmaq deməkdir. Eyni zamanda Musa Yaqub göstərir ki, bu dünyada bir anda unudulmur, həmin anı kimsə özündə, yaddaşında, ruhunda saxlayır, eynən şimşək işığı kimi. Əgər bir an unudulmursa, onda bir ömür necə unudula bilər? Həmin ömür ərzində baş verənlər necə yaddaşdan silinə bilər? Yuxarıdakı iki bəndin məntiqi – yəni şairə qarşı olan haqsızlıqların da unudulmayacağını Musa Yaqub "şimşəklərin işığını saxlaram” deməklə əks etdirir. Musa Yaqubun şeirlərində əsas məqam həm də şeirin misraları arasındakı harmoniya, xüususən də, tamamlayıcı fikirlərdir. Musa Yaqubun ölməz klassiklərlə bir yaradıcı oxşarlığını da onda görürəm ki, o, şeirlərində sualı qoyur, cavabı isə dərində gizlədir, yaxud işarəni verir, işarə edəni görünməz edir. Və oxucu bir neçə dəfə şeiri mütaliə edəndən sonra qəfil həmin işarəyə, cavaba vaqif olur. Ona görə də bu tipli şairləri ilk dəfə tanımaq, sonra sevmək, daha sonra əzbərləmək, ən sonda isə anlamaq üçün oxuyursan. Onu da qeyd edim ki, Musa Yaqubun ən gözəl şeirləri heç də onun ən məşhur şeirləri deyil, bəlkə də, onun məşhur şeirlərinin əksəri xüsusi dərinliyi ilə seçilməyənlərdir, onun daha mənalı, oxucunu düşündürən, yüz yerə yozula, min fikir oyadan şeirləri o qədər də məşhur olmayanlardır. Ona görə də onun yaradıcılığını hər nə
qədər həcm etibarı ilə çox olsa da, dönə-dönə oxumağa, yeni-yeni fikir xəzinələrini anlamağa ehtiyac var.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər