AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Teatrlar var, “səsini çıxardan” yoxdur

Teatrlar var, “səsini çıxardan” yoxdur

Mədəniyyət
25 İyun 2020, 09:00 2602
Azərbaycanda teatr jurnal(lar)ının olmaması bu sahənin sönükləşməsinə, cəmiyyətdən ayrı düşməsinə səbəb olur
 
Teatr prosesi, tamaşalar, aktyorlar haqda məqalələrin yazılması çox vacibdir. Bu gün Azərbaycan teatrının tarixi haqqında, zamanında qələmə alınmış yazılar hesabına məlumat alır, təhlil etmək üçün məhz onları tapıb, araşdırmalı oluruq. Hazırda teatr haqqında materiallar çox az sayda mətbuat orqanında dərc olunur. Bu, mövzunun bir başqa tərəfidir.

Təəssüf hissi ilə qeyd edək ki, hazırda teatr aləminə güzgü tutmağı bacaran və bugünkü prosesləri özündə əks etdirən ixtisaslaşmış jurnallar, nəşrlər ümumiyyətlə yoxdur. Əslində bir neçə dəfə buna cəhd olunsa da, maliyyə səbəbindən yarıda qalıb. Tarixən də teatrın gəlirli sahə olmadığı bəllidir. Teatrı sevənlər fədai olmağı seçiblər və bu yolda gecəli-gündüzlü çalışıblar. Mədəniyyətin bu sahəsi cəmiyyət üçün nə qədər vacibdirsə, onun işıqlandırılması da o qədər önəmlidir. "Niyə bizim 146 yaşlı teatrımızın bir üzağardan dərgisi yoxdur" sualı ilə ekspertlərə üz tutduq. "Hətta üzqaraldan dərgiyə də razıyıq” - deyənlər də oldu... 

Yazıçı, ssenarist, dramaturq Əli Əmirli bizimlə söhbətində indiki zamanda daha çox internet jurnalı hazırlamağı münasib gördüyünü, amma onun aqibətinin uğurlu olacağına  inanmadığını bildirdi: "Əlbəttə, vəziyyət o qədər də ümidsiz  deyil. Yazıçılar Birliyinin ədəbi orqanları kimi, Mədəniyyət Nazirliyinin və ya Teatr Xadimləri İttifaqının nəzdində də dövlət dəstəyi hesabına "Teatr və müasir dramaturgiya" adlı jurnal nəşr etmək olar. Beş-altı nəfərdən ibarət peşəkar, prinsipial, cəsarətli komanda bu işin öhdəsindən gələ bilər. Teatrlarla bağlı olduğum otuz ildə vaxtaşırı bu sualın meydana çıxmasının şahidi olmuşam, az-çox müzakirələr də aparılır və nəhayət, bakılılar demiş, mətbəx evin dalına düşür. İndiki halda, mətbəx, əlbəttə, maliyyədir. Amma hər şeyi də maliyyənin ayağına yazmaq düzgün olmazdı. Dərgini ilk növbədə maraqlı, faydalı materiallarla təmin etmək lazımdır, elə materiallar ki, ona tələbat olsun, oxunsun, teatr həyatımızı yaxşısı və pisi ilə göstərməyi bacarsın, düzü-düz, əyrini-əyri. Heç olmasa, teatrla bağlı adamları maraqlandırsın. İlkin coşqu, entuziazm  hesabına bir, ya iki maraqlı nömrə buraxarsan, bəs sonra? Müəlliflərə qonorar verilmir, jurnalın daimi əməkdaşları normal əməkhaqqı almır, teatr yazarları nəinki teatrsevərləri, heç teatr yaradıcılarını tərpədəcək gücdə yazılar yazmır... Bu yerdə bir vaxt belə bir təşəbbüsün olduğu yadıma düşür. Teatrı sevən imkanlı bir şəxs teatr jurnalı yaratmaq ideyasını bəyənir, nəticədə, Əsəd Cahangirin baş redaktorluğu ilə "Teatral" adlı jurnalın 1-ci sayı çıxır, yaxşı bir təqdimat mərasimi də düzənlənir və... yenə də bakılılar demiş, fəso! Sponsorluq eləyən kəs görür ki, bu xına o xınadan deyil, aylıq jurnal aylıq da maliyyə dəstəyi istəyir, gəlir adlı nəsnənin isə heç iyi də yoxdur. Elə bircə madar nömrə ilə də jurnal ömrünü başa vurur". 

Ədəbi tənqidçi Əsəd Cahangir baş redaktorluq  etdiyi "Teatral" jurnalının fəaliyyətindən danışdı: "Hardasa 9 il bundan öncə "Teatral" jurnalının dərcinə başladıq. Mən jurnalın baş redaktoru idim. Jurnalın təsisçisi var idi. Jurnalın ilk sayı dərc olundu və bu dərgi olduqca yaxşı qarşılandı. Belə ki, jurnal aktyorlar və aktrisalar, teatr cameəsi tərəfindən böyük sevinclə qarşılandı. Jurnalımıza maddi dəstək göstərməsi üçün o zaman Mədəniyyət Nazirliyinə müraciət etdim. Jurnalın təsisçisi bildirmişdi ki, o ancaq bir nömrəyə yardım edəcək. Jurnalın xərci də ayda 1000 manat təşkil edirdi. Belə ki, dizaynerə, müəlliflərə və sair zəhmət haqqı verməli idim. Ancaq Mədəniyyət Nazirliyi mənim bu təklifimə ciddi yanaşmadı və heç bir dəstək göstərilmədi. Mən də bir sıra teatr kollektivlərinə müraciət etdim ki, jurnala abunə olsunlar, heç olmasa, abunə haqqı ilə bu jurnalı yaşatmaq mümkün olardı. Ancaq onlardan da heç bir səs çıxmadı. Abunə olmaq istəyən yeganə aktyor Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov oldu. Teatr rəhbərləri, aktrisalar səsimə səs vermədilər. Mən böyük təəssüf hissi ilə "Teatral" jurnalının nəşrini dayandırmalı oldum. Halbuki, o jurnalı böyük sevgi və həvəslə nəşr etdirmişdim. Hətta şəxsi büdcəmdən bəzi müəlliflərə qonorar vermişdim. Təəssüf ki, jurnalın davamlı dərc olunması mənim maddi imkanlarımı aşırdı". 

Ə.Cahangir teatr dərgisini nəşr etdirməyə böyük ehtiyacın olduğunu vurğuladı: "Bizdə kino, ədəbiyyat, musiqi ilə bağlı müxtəlif jurnallar fəaliyyət göstərsə də, teatrla bağlı xüsusi nəşrlərimiz, jurnallarımız yoxdur. Teatra dəstək məqsədilə dövlət başçımız tərəfindən "Azərbaycan teatrı 2008-2018-ci illərdə” Dövlət Proqramı həyata keçirilmişdi ki, bu proqram çərçivəsində teatr binaları təmir edildi. Amma məsələ təkcə teatrın binasını təmir etməkdən ibarət deyil. Bu qədər maliyyənin fonunda, bu gün bizim teatr dərgimiz yoxdur. Doğrudur ki, teatr sənəti gəlir gətirməyən sahədir. İnsanlar fədakarlıq hesabına bu işdə çalışır və nələrsə etməyə səy göstərirlər. Teatr jurnalının olması üçünsə, ya da dövlət tərəfindən maliyyə dəstəyi olmalıdır, ya da elə bir mesenat olmaldır ki, bu dərginin nəşrini öz himayəsinə alsın. İnanıram ki, Hacı Zeynalabdin Tağıyev sağ olsaydı, bu dərginin maliyyəsini öz boynuna götürərdi". 

Xalq artisti, rejissor Firudin Məhərrəmov bizimlə söhbətində teatr jurnalının Azərbaycan teatrı üçün faydalı olacağını qeyd etdi: "Təbii ki, teatrdan bəhs edən və bizim tamaşalarımızı özündə ehtiva edən məqalələrin jurnalda çap olunması teatrın inkişafında müstəsna rol oynayardı. Sovet dönəmində Moskvada çıxan teatr jurnallarının aylıq buraxılışını həsrətlə gözləyirdik. İndi də o həvəs və o ruh bizdə qalıb. İndi müasir dövrdür. Amma insanlar hər nə qədər informasiyanı internet vasitəsi ilə əldə etsə də, o jurnalların, dərgilərin yeri əvəzsizdir. XXI əsrdə, təbii ki, Azərbaycan teatrı üçün bir jurnalın olması vacib məsələlərdəndir. Elə bir jurnal ki, orada Azərbaycandakı bütün teatrlar öz əksini tapsın. Çox maraqlı olardı. Bu dərgilər teatrlarımız üçün güzgü rolunu oynayardı. Əvvəllər biz pyes tapmayanda, rus teatr jurnallarından yararlanırdıq. İndi bir jurnalımız da yoxdur ki teatrla bağlı xəbərləri ordan oxuyaq". 

Sənətşünas Ənvər Börüsoy təkcə Gürcüstanda 9 teatr jurnalının çap olunduğunu bildirdi: "Ölkənin 3-cü böyük şəhəri olan Kutaisidə belə, teatrdan bəhs edən 2 jurnal nəşr olunur. Bir jurnal postmodern dünya teatrı və teatr dramaturgiyası, ikinci jurnal isə ənənəvi gürcü teatrı haqqındadır. Baxmayaraq ki Gürcüstanda əhali ağır şəraitdə yaşayır, ancaq mədəni həyatlarını zənginləşdirmək üçün dərgilərə xüsusi önəm verirlər. Mən demirəm ki, onlar yüksək səviyyədə jurnallardır, amma hər nə də olsa, təşəbbüs var. Bizdə isə teatr jurnalının dərc olunması ilə bağlı bir neçə dəfə təşəbbüs olsa da, elə orda da alıb. Vaxtilə mədəniyyət naziri olan Əbülfəs Qarayev sözdə bu layihəyə dəstək versə də, əməldə dəstək vermədi. Bu işlə əslində Teatr Xadimləri İttifaqı məşğul olmalıdır. Ancaq onlar da öyrəşiblər sovet sistemi ilə teatrları idarə etsinlər. Gözləyirlər ki, nə vaxt dövlət teatrlara maliyyə ayıracaq, o zaman da o maliyyə ilə nəsə edəcəklər. Cənab prezident ötən il bəzi teatrlara dəstək üçün müəyyən miqdarda maliyyə ayırdı. Sorğu keçirsək ki bu pullar teatrlarda nələrə sərf olundu, inanın ki, ortaya ələ gələsi heç nə çıxmayacaq. Sənədlərdə cavab veriləcək ki, guya teatra texniki avadanlıqlar alınıb. Amma o texniki avadanlıqların heç birinə 1 qəpik də verilməyib. Elə gözləyirlər ki, dövlət nəsə etsin".

Ə.Börüsoy teatrlarımızda direktor siyasəti aparıldığı üçün Teatr Xadimləri İttifaqı ilə Mədəniyyət Nazirliyinin birlikdə son 25 ildə bir dəfə də olsun Azərbaycan teatrının problemlərinin həlli ilə bağlı bir konfrans keçirmədiyini bildirdi: "Zakir Bağırov mədəniyyət naziri olanda, teatrlarımızda 25 nəfərlik şura var idi. Çox tanınmış sənətkarlar bu şuranın üzvləri idi. Orada teatrların illik repertuar siyasəti müzakirə edilirdi. Rəhmətlik Şəmsi Bədəlbəyli Teatr Xadimləri İttifaqının sədri idi, özü ilə bərabər tanınmış teatrşünasları, teatr yazarlarını bölgə teatrlarında tamaşalara baxmağa aparır, sonra həmin tamaşaları müzakirəyə çıxarırdı. Bölgə teatrlarında hazırlanan tamaşalar, beləcə, paytaxtda mədəni hadisəyə çevrilirdi. Təkcə Bakı ilə iş bitmir. Teatr haqqında yazırıqsa, bu, paytaxt tamaşaları ilə bitməməlidir. Ona görə də ölkədə paytaxt və bölgə teatrlarında baş verən hadisələri özündə əks etdirən jurnala ehtiyac var". 
 
Xəyalə Rəis