Teatr süfrəmizdə təzə “duz, istiot” çatışmır

Və
ya gənc aktyorlar niyə yaşlı rejissorların və klassik əsərlərin dustağına
çevrilib?
Gənclik
yeni ideya, yeni ruh, yeni düşüncə tərzi deməkdir. Teatrlarımızda isə, gənclərin
bu yenilikçi ruhu sezilmir. Belə ki, toz yığnağını xatırladan, dönüb-dolaşıb
klassik əsərlərə müraciət edən, səhnədə eyni rejissorların səhnə həllini
gördüyümüz teatrlarımızda gənc aktyorlar yaşlı rejissorların və klassik əsərlərin
dustağına çevrilib. Bu gün dövlət teatrlarında o yenilikçi ideyalar, fikirlər,
düşüncə tərzləri təzahürünü tapmır. Gənc aktyorlara səhnədə meydan verilsə də,
biz nə gənc dramaturqları, nə də gənc rejissorları görə bilirik. Barmaqla
sayılası qədər gənc dramaturq və rejissorlar var ki, onlar da ya kiminsə dostu,
ya da kiminsə qohumudur...Görəsən
niyə teatrlarımızın repertuarını yaşlı dramaturqlar, ağsaqqal rejissorlar bəzəyir?
Hanı səhnəmizin gənclik ruhu?
Xalq artisti
Firudin Məhərrəmov deyir ki, bu günün gənc yazarları dünya klassiklərini oxusalar da, teatr mühitindən uzaqdırlar: "Yaşlı
müəlliflər əsər yazanda, teatr mühitini də nəzərə alırlar. Gənc dramaturqlarımız
isə səhnədə aktyorların məşq prosesindən xəbərsizdirlər. Teatr canlı sənətdir,
burada dialoqlar səmimi qurulmalıdır. Yazarlar bu mühitdə olsalar, təcrübə
toplasalar, yazdıqları teatral şəkildə olsa, əlbəttə ki, onların əsərləri də səhnə
həllini tapar. Səhnənin öz qanunları var. Əsər normal olmayanda, rejissor onun
üzərində çox çalışmalı olur. Səhnədə obrazlar arasında dialoq quranda görürəm
ki, alınmır. Bu günün gənc dramaturqları əsərin modelini qura bilirlər, ancaq
sistemi bilmədikləri üçün təbiilik olmur. Buna görə də onların yazdıqları əsər
teatrlarda qəbul olunmur".
Gənc rejissorların yoxluğuna gəlincə isə, F.Məhərrəmov
bildirdi ki, gənclərə özlərini doğrultmaq üçün hər zaman əlindən gələn köməkliyi
etməyə çalışıb: "Mən də gənc olmuşam və o mərhələni keçmişəm deyə, onların
hansı hisslər keçirdiyini bilirəm. Çalışıram ki, gənclərə dəstək olum. Bu günün
gənc rejissorları daha çox formaya qaçırlar, sürət həvəskarıdırlar. Çalışırlar
ki, qısa bir zamanda tamaşa hazırlasınlar. Əvvəllər Mehdi Məmmədovla çalışanda,
məzmunu öyrənirdik, sonra asta-asta onu tətbiq etməyə çalışırdıq. Bunlar məzmunu
bilirlər, bir forma tapıb məzmunu o formaya yerləşdirmək istəyirlər. Nəticədə
baxırsan ki, hərəkət var, ancaq məzmun dolğun deyil, təsir qüvvəsi yoxdur. Müəllimimiz
Mehdi Məmmədov bir əsər üzərində 6 ay işləyir, ondan sonra 3 aya onu səhnəyə
qoyurdu. Əsər 9 ay bətn dövrü keçirdi. İndiki gənclər sürətli çalışmağa səy
göstərirlər. Əsəri götürən kimi deyirlər ki, tamaşa hazırdır. 5 günə tamaşa
hazırlanmaz. Bu baxımdan, gənc rejissorlarımızın nəzəriyyələri olsa da,
praktikaları azdır. Təcrübə isə ən vacib detallardandır. Gənclərimiz tamaşa
hazırlayarkən zahiri effektlərdən istifadə etməyə çalışırlar. Amma o da məzmunla
birlikdə olanda güclü olur".
Gənc yazıçı Cavid Zeynallı dramaturgiyanın ədəbiyyatın həmişə qeyri-populyar sahəsi olduğunu
deyir: "Bu məsələdə gənc rejissorları və gənc müəllifləri müqayisə etmək
doğru olmaz. Əgər ediriksə, onda deyə bilərəm ki, rejissorların bəxti daha çox
gətirib. Çünki bütün teatrlarda gənc rejissorlar tamaşa hazırlaya bilir.
Akademik Milli Dram Teatrından tutmuş, bölgə teatrları və müstəqil teatrlara qədər.
Məsələn, sonuncu dəfə Akademik Milli Dram Teatrının Şərifzadə səhnəsində müstəqil
"Şah Mat” teatrının tamaşasına baxmışam. Digər teatrları da saya bilərəm.
İkinci bir məsələ isə rejissuranın institusional tədris edilməsidir. Gənc
rejissorlar xaricdə festivallarda, master-klaslarda iştirak edə bilirlər,
görüb-götürürlər. Dramaturqların isə belə imkanları yoxdur. Əgər sualı "niyə gənc
dramaturqların əsərləri hazırlanmır” kimi qoysaq, yenə rəsmi və qeyri-rəsmi
cavab olacaq: bir neçə teatrda gənc dramaturqların tamaşaları hazırlanıb. Onlardan
bir neçəsini mən tanıyıram: Ülviyyə Heydərova, Sevinc Elsevər, Pərvin Nurəliyeva,
Təranə Vahid və başqaları. İndi Gənc Tamaşaçılar Teatrı İsmayıl İmanovun
pyesini hazırlayır. Yaxud Musiqili Teatrda Anar Sadıqov mənim səhnələşdirməmdə
Çingiz Aytmatovun "Cəmilə” əsərinə quruluş verir. Amma gəlin, bu məsələyə başqa
tərəfdən baxaq: bütün bunlar niyə böyük reaksiya doğurmur? Cavab sadədir: heç
50 ildən sonra da teatr cəmiyyətin kütləvi üz tutduğu məkan olmayacaq. Necə ki,
heç 2500 il əvvəl də olmayıb. Dramaturgiya ədəbiyyatın həmişə qeyri-populyar
sahəsi olub. Bu günün gənc dramaturqları hətta Dürremant və de Filippo səviyyəsində
də əsərlər yaratsalar, nəticə yenə indikindən fərqli olmayacaq. Amma sənət,
xüsusən teatr onsuz da azlığa məhkumdur. Bizdə dramaturgiya ilə bağlı sistemli
iş son illərdə görülüb. Məsələn, Teatr Xadimlər İttifaqı "Dramaturgiya”
laboratoriyası təşkil edib. Ondan əvvəl İttifaq azərbaycanlı dramaturqların
pyeslərini rus dilinə tərcümə etdirmişdi. Yaxud bu günlərdə Mədəniyyət
Nazirliyi və Teatr Xadimləri İttifaqı "Yeni dudman” müasir dramaturgiya müsabiqəsi
elan edib. Faydalı təşəbbüsdür. Çünki təkcə müsabiqə yox, həm də master-klaslar
təşkil olunacaq. Mənim özüm üçün maraqlıdır və iştirak üçün anket göndərmişəm.
Bilirsiniz, teatrlar dövlət müəssisələridir. Dövlətin rolu və iştirakı olan
yerdə heç nə pərakəndə olmur. Və ola da bilməz. Burada iş sistemli, ardıcıl və
gələcəyə hesablanan olmalıdır. O cümlədən də gənc dramaturqların üzə
çıxarılması, yetişdirilməsi siyasəti. Azərbaycan teatr və dramaturgiya tarixində
mən elə bir fakta rast gəlməmişəm ki, hansısa müəllif dram əsərini qoltuğuna
vursun, getsin teatra, teatrda da Qodonu gözləyən kimi onun intizarında
olsunlar. Bu heç vaxt belə olmayıb. Olmayacaq da. Hekayə yazmaqdan, şeir
yazmaqdan, rəsm çəkməkdən fərqli olaraq teatr və kino, konkret olaraq
dramaturgiya müəllifdən səbir istəyir. Məncə, dramaturgiya sahəsində daha yaxşı
işlər bundan sonra olacaq. Çünki gənclərin özləri də pyes yazmaqda
maraqlıdırlar. On-on beş il əvvəl belə deyildi".
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov deyir ki, bu gün Azərbaycan teatr məkanında əvvəlki
dövrlərlə müqayisəyə gəlməyəcək qədər gənc rejissor, aktyor, teatrşünas var:
"Söhbət hər hansı konkret teatr-konsert müəssisəsindən yox, ümumilikdə
teatr mühitindən gedir. O ki qaldı onların görünməyinə, burada məsələ bir az
mürəkkəbdir. Bu gün gənclərimiz Nüsrət Kəsəmənlinin "Hayanda durum ki, görəsən
məni” durumundadırlar. Yəni, burada məsələ gənclərə baxış bucağındadır. Mən
baxdığım yerdən baxanda, xeyli gənc görünür. Həm də bu gənclərin əksəriyyəti
çox aktiv, çox iddialıdırlar, A.Talıbzadənin təbirincə desək, "keçmişin xoşuna
gəlməyə” çalışmırlar, öz yollarını axtarırlar, özlərini təsdiq etmək istəyirlər,
öz teatrlarını yaradırlar. Nə gözəl. Ola bilər, bu gün onların bəzilərinin
intellektual, peşəkarlıq səviyyəsi, istedadının miqyası gözədiyimiz qədər
olmasın. Teatr prosesinin özünün filtri var, təmizləyəcək. Təsadüfi adamların
çoxu qalmayacaq bu sahədə. Əsas bu gənclərin mənəvi davamlılığıdır. Namuslu, əqidəli
və azad sənətçi kimi yetişmələridir. Çünki "namuslu olmaq on min nəfərdən
seçilmək deməkdir”. Dramaturgiya ilə bağlı vəziyyət daha mürəkkəbdir. Gənc qələm
sahiblərinin nəsrdə, poeziyada kifayət qədər maraqlı işləri var, ancaq
dramaturgiya barəsində eyni sözü deyə bilməyəcəyəm. Həm istedadı olan, həm də
teatrı bilən, səhnəni duyan gənc dramaturqlar bir əlin barmaq sayından da
azdır. Olanların da əsərləri ədəbi hissə müdirlərinin siyirtmələrində, ya da
elektron poçt qutularının "spam” qovluğunda çürüyür. İnanmaq istəyirəm ki,
"Yeni dudman” müsabiqəsi bu sahədəki problemlərin həlli yolunda bir addım
olacaq. Qoy, bu gün gənclər maksimalist mövqedə olsunlar, ən dəlisov, ən
çılğın, mümkünsüz işlər görmək iddiasına düşsünlər. Gənclərə səhv etmək imkanı
verilməlidir. Qoy işləsinlər, yıxılsınlar, dursunlar, lazımdırsa, başları daşa
dəysin, bərkə-boşa düşsünlər. Dağıtsınlar mifləri, qırsınlar stereotipləri.
Yaşla peşəkarlıq səviyyələri də artacaq, müdrikləşəcəklər də. Heç kəs ana bətnində
öyrənməyib sənəti. Məni narahat edən başqa cəhət var. Bu gənclərin böyüdükləri
mühitin ekologiyası. "İti bazarında atından baha” teatr mühitimizin potensial
lakey və cavan ağsaqqallar yetişdirmək həvəsi gəncləri sındırmasa, "gözəl günlər
görəcəyik, çocuqlar”.
Mədəniyyət yazarı
Gülcahan Mirməmməd bu məsələdə nə gəncləri, nə də yaşlıları
ittiham edir: "Hərdən bizə elə gəlir ki, bu gün rastlaşdığımız problemlər,
xüsusən də atalar-oğullar kimi ümumi adın altına cəmləşdirdiyimiz yaşlı-cavan nəsil
qarşıdurması daim olub, olacaq da! Həm
də bütün sahələrdə. Bəri başdan deyək ki, incəsənət aləminin özündə gənc
anlayışı bir qədər genişdir. Məsələn, gənc balet artisti üçün yaş senzi 16-25
yaş arası götürülə bilərsə, bu senzi teatr, kino rejissoru, heykəltəraş, bəstəkar
üçün 35-dək, hətta 40-dək artırmaq olar. Düzdür, istisnalar həmişə olub: istər
vətən tarixində, istərsə də dünya. Lakin nəzərə alsaq ki XXI əsrdə hətta sənət
sahəsində də böyük uğur üçün fitri istedad, həmin istedad üçün münbit şərait, üstəlik, gözümüzü
dikdiyimiz istedad sahibinin hədsiz əməksevərliyi, daim özündən narazı qalaraq
öz üzərində işləməyə hazır olması ilə yanaşı, həm də dərin elmi biliklər lazımdır, o zaman
məsələ bir qədər qəlizləşir. İlk baxışda elə görünə bilər ki, bu gün virtual məkanın
əlçatımlı olmağı da gənclərin xeyrinə olmalıdır. Yəni dünyanın harasındasa məşhur
rejissorun qoyduğu tamaşanı izləmək üçün yaradıcılıq ezamiyyətinə çıxmağa
ehtiyac yoxdur, şəxsi kompüterinin qarşısında oturub ona tamaşa edirsən və öyrənirsən...
Təəəssüf ki, çox zaman bu öyrənmə - istifadə etmə, kopyalama ilə bitir. Axı,
biz də, yəni teatrsevərlər də, teatr prosesindən az-çox başı çıxanlar da həmin
tamaşalara baxa bilirik və
etdiyimiz müqayisə heç də
öyrənənlərin xeyrinə olmur".
G.Mirməmməd qeyd edir ki, bu gün yaş anlayışı dəyişib:
"Yəni 20 il bundan əvvəl 60
yaşında bir kişi sənətçi özünü artıq ahıl insan sanırdısa, onun bugünkü yaşıdı
pensiya yaşının 65-ə qaldırılmasından nə qədər narazı olsa da, özünü cavan və hələ
də qurub-yaratmaq əzmində olan, yeni düşüncəli sənətkar hesab edir. Buna görə də
daha cavana, hətta tələbəsinə, olmayan məktəbinin (kimsə inciməsin, bu gün həyatda
olan heç bir rejissorumuzun öz məktəbi yoxdur) yetirməsinə geniş meydan açmaq
istəmir. Dildə deməsə də, əməldə bunu müxtəlif üsullarla göstərir. İkincisi, söz "məktəb"dən düşmüşkən,
müəllimindən tamaşa qurmağın sirlərini öyrənmiş gənclər də nədənsə elə müəlliminin
yolu ilə gedir, onların tamaşa qurmaq, rol bölmək, aktyorla işləmək prinsiplərini,
hətta dramaturgiya seçimini təkrarlayırlar. Və... bu seçimlə də özlərini
tapmamış... itirirlər. Bütün sənət karyeraları boyunca ən uğurlu, ən uğursuz
quruluşları ilə birlikdə ikinci Azər Paşa Nemətova, Bəhram Osmanova, Vaqif Əsədova
ehtiyac yoxdur, onlar artıq var".
Dramaturgiyaya gəlincə isə,
həmkarım qeyd edir ki, Sovet
hakimiyyəti illərində şair, yazıçı kimi tanınmaq, tərcüməçi kimi daha yaxşı
qazanmaq istəyən uzaqgörən cavanlar nəşriyyatlarla işləməyə can atırdılar ki,
çap olunmaq imkanları çox olsun: "Belə bir meyl teatrlarda da olub, sadəcə, kitab çapı ilə tamaşa müəllifi
kimi adını afişaya yazdırmaq şansı eyni deyil. Düzdür, burda da istisnalar
olub: məsələn, İlyas Əfəndiyev heç vaxt nə nəşriyyatda, nə də teatrda çalışmayıb. Teatrda sözünü deyə biləcək gənc
dramaturqların, gənc rejissorların nə zaman parlayacağı barədə proqnoz vermək çətindir:
çünki Azərbaycanda antrepriz tamaşa istiqaməti, teatr tamaşası prodüsseri
institutu hələ formalaşmayıb".
Xəyalə Rəis
