• çərşənbə axşamı, 24 sentyabr, 12:38
  • Baku Bakı 26°C

Tariximizdə ilk dəfə olaraq Silahlı Qüvvələr Gününü qalib ölkənin vətəndaşları kimi qeyd etdik

28.06.21 20:15 291
Tariximizdə ilk dəfə olaraq Silahlı Qüvvələr Gününü qalib ölkənin vətəndaşları kimi qeyd etdik
Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümünü qalib ölkənin vətəndaşları kimi tamamilə fərqli əhvali-ruhiyyədə və unudulmaz təəssüratlarla bayram etdik. Tariximizdə ilk dəfə olaraq Silahlı Qüvvələr Gününü qalib Ordunun bayramı kimi qeyd etdik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev belə bir əlamətdar gündə Vətən müharibəsində Qələbənin qazanılmasında mühüm rol oynayan hərbçilərin bir qrupu ilə görüşdü.
BunuAZƏRTAC-a müsahibəsində hərbi ekspert Ədalət Verdiyev Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Ekspert diqqətə çatdırıb ki, bu görüşdə dövlətimizin başçısı Vətən müharibəsindəki Qələbəmizdə Silahlı Qüvvələrimizin rolu, müasir ordu quruculuğu və Ermənistanla münasibətlərə dair bir neçə mühüm məqama toxundu. Tarixi Qələbənin yaxınlaşdırılması üçün qət edilmiş yol təhlil olundu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli ordu quruculuğu prosesinin uğurla davam etdirilməsindən və məntiqi nəticəyə çatdırılmasından danışdı. Əslində, Ermənistanla bağlı səsləndirilən fikirlər sülh müqaviləsinin əldə olunması üçün nəzərdə tutulur. Bunları kifayət qədər yumşaq və konstruktiv təklif kimi dəyərləndirməliyik. Çünki həmin şərtlər özündə Ermənistan üçün Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməyi, qonşuları ilə normal münasibətlər qurmağı və onlara qarşı ərazi iddialarından əl çəkməyi ehtiva edir.
"Adətən postmüharibə dövründə məğlub edilən tərəflərin daha ağır şərtlərlə razılaşmağa məcbur olmasının əvvəllər də şahidi olmuşuq. Əslində, Ermənistan faktiki olaraq bu şərtləri yerinə yetirməyə də bilməz. Belə ki, bu şərtlərin qəbul edilməməsi və ya onun həyata keçirilməməsi üçün İrəvanın hərbi potensialı da mövcud deyil. Sərhəddə baş verən hadisələr fonunda biz Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün ordusuna güvənə bilməməsinin şahidiyik. Belə vəziyyətdə Ermənistan üçün ən doğru və konstruktiv yol Azərbaycanın təkliflərini qəbul etməkdir. Azərbaycanla sərhədlərin müəyylənləşdirilməsi istiqamətində fəaliyyətlərin aktivləşdirilməsi, delimitasiya üzrə işçi qrupun yaradılması və sülh müqaviləsinə hazırlıq işlərinə başlanılması İrəvanın real vəziyyətdə ata biləcəyi addımlardır”, - deyə hərbi ekspert vurğulayıb.
Ədalət Verdiyev xatırladıb ki, Azərbaycan regionda və beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanıb. Nəhəng infrastruktur, neft-qaz, iri nəqliyyat layihələri Ermənistan təcrid olunaraq həyata keçirilib. Dolayısıyla Azərbaycan bölgədə qarşısına qoyduğu hədəflərə qonşu və işğalçı ölkənin iştirakı olmadan da çatıb. Kommunikasiyalarımız qurulub, enerji xətləri inşa edilib, dəmir yolları şaxələndirilib. Ermənistan isə hələ də Azərbaycan tərəfindən daxil edildiyi dalanda qalmaqdadır. Odur ki, Ermənistan Bakının səsləndirdiyi bu real təkliflərlə razılaşmalıdır. Əks halda təcavüzkar ölkə bu dəfə də region dövlətlərinin gerçəkləşdirəcəyi layihələrdən kənarda qalacaq.
Qeyd edilib ki, dövlətimizin başçısı çıxışında, eləcə də otuz il ərzində ermənilərin işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, o cümlədən Xocalı, Malıbəyli, Qaradağlı qətliamlarını, dağıdılan şəhər və kəndlərimizi, talan edilən mədəni irsimizi unutmamağımızı da diqqətə çatdırdı. Azərbaycan xalqının bunu öz yaddaşında daim saxlamasının vacibliyini vurğulayır. Gələcək təhlükəsizliyimiz baxımından Ermənistana edilən bu konstruktiv təkliflər o demək deyil ki, biz baş vermiş faciələri, barbarlığı yaddan çıxaracağıq. Tam əksinə, bütün bu törədilənlərə görə Ermənistan tam həcmdə məsuliyyət daşıyacaq. Bu məsuliyyətdən İrəvanı kimsə yayındıra bilməz.
"Ermənistan üçün itirilmiş otuz il və onun işğalçılıq siyasəti bu ölkənin müstəqil dövlət ola bilməməsində rol oynayır. Ermənistanın hərbi-siyasi rəhbərliyi illərlə həm öz xalqını, həm dünya ölkələrini aldatdı, onun riyakar siyasəti ağır nəticələrə səbəb oldu. Prezident İlham Əliyev isə şəhidlərin qisasının mütləq alınacağı barədə xalqa verdiyi sözünü tutdu və Vətən müharibəsinin nəticələrini əsas götürsək, bu məsələdə də dövlətimizin başçısının sözü ilə əməlinin vəhdət təşkil etdiyinin şahidi olduq. Bu, Azərbaycan cəmiyyətinə, dünya azərbaycanlılarına, xüsusilə gənc nəslə ünvanlanmış çox önəmli mesajdır”, - deyə ekspert bildirib.
banner

Oxşar Xəbərlər