TAP-ın tamamlanmasına çox qalmayıb
Artıq layihə üzrə aparılan
işlərin 92 faizi tamamlanıb
Cənub Qaz Dəhlizi
Azərbaycan qazını Avropaya nəql edəcək nəhəng qaz boru kəməri layihəsidir. Cənubi
Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik
Boru Kəməri (TAP) kimi hissələrdən ibarət Cənub Qaz Dəhlizi ilk dəfə olaraq
Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün
regionun enerji xəritəsini dəyişəcək. Boru xəttinin uzunluğu 3500 kilometr,
ümumi dəyəri təxminən 40 milyard ABŞ dollardır. 29 may 2018-ci il tarixində
Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində Əskişəhərdə bu dəhlizin mühüm
hissəsi olan TANAP qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk
kommersiya qazının TANAP boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb.
"Şahdəniz”
yatağının tam miqyaslı işlənməsi layihəsinin bir hissəsi olan CQBK-nin
genişləndirilməsi işlərinə 2013-cü ildə başlanılıb və boru kəməri 2018-ci ildə
istismara verilib. TAP layihəsi isə CQBK və TANAP-ın davamı olub,
"Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə,
Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da digər Avropa
ölkələrinə nəqlini nəzərdə tutur. TAP qaz boru kəmərinin təməli 2016-cı il
mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.
TAP-ın ilkin ötürücülük
qabiliyyətinin ildə 10 milyard kubmetr olacağı, bu həcmin gələcəkdə 20 milyard
kubmetrədək artırılması nəzərdə tutulub. TAP Bolqarıstanın qaza olan
tələbatının təxminən 33, Yunanıstanın 20, İtaliyanın 10,5 faizini təmin edəcək.
Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə
və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar
yaradır. Ümumilikdə prosesin 2020-ci ildə yekunlaşacağı əvvəldən proqnozlaşdırılsa
da hələlik bu, baş verməyib.
İqtisadçı
ekspert Pərviz Heydərov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
deyib ki, TAP-ın tamamlanmasına çox qalmayıb. Onun sözlərinə görə, Azərbaycan
təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə aparılan
işlərin 92 faizi tamamlanıb. Ekspert qeyd edib ki, hazırda boru kəməri tikinti
mərhələsindədir: "TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir,
borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq
örtüyü bərpa olunur. Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq
məqsədilə qaz nəqlinə də başlanılıb ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki
kompressor stansiyası arasında boru kəmərinin ikikilometrlik hissəsinə
təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin
mərhələsi hesab olunur. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun
tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır
olmasını, eləcə də, milli və beynəlxalq təhlükəsizlik, həmçinin, istismar
standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə
daxil edilməsi "Şahdəniz-2”
qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir ki, TAP-la ticari
məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan
hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir. Bu
layihə üzrə kapital xərclər 4,5 milyard avro təşkil edir. Boru kəməri Avropanın
üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir”.
P.Heydərov bildirib ki, TAP,
Cənub Qaz Dəhlizi layihəsinin dördüncü seqmenti olaraq,əslində, indiyədək
hazır ola bilərdi: "Birinci seqment "Şahdəniz-2” yatağı layihəsi olmaqla, ikinci
Cənubi Qafqaz Boru Kəməri, üçüncü TANAP və sonuncu TAP-dır. Mənbə rolunda
"Şahdəniz-2”
çıxış edirsə, "Şahdəniz-2”
olmasaydı, GQBK, TANAP və TAP da ola bilməzdi. GQBK-nın təməlinin qoyulması
TANAP üçün əsas yaratdısa, sonuncu da TAP-ı qaçılmaz etdi. Bütün bu işlərə
ümumilikdə əvvəl 45 milyard sərf olunacağı deyilirdisə, real olaraq 40 milyard
ABŞ dollarından bir az çox vəsait qoyulub. Cənub Qaz Dəhlizi çox böyük strateji
infrastruktur layihədir. Onun birinci hissəsi 2018-ci ilin mayında açılmışdı.
Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı
işə salması ilə baş verdi. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin
Əskişəhərində iki ölkə prezidentinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi
ilə bağlı rəsmi açılış olmuşdu. TANAP üzrə ilk qaz da məhz həmin ayın sonundan
ötürülməyə başlandı. Ümumiyyətlə, həmin ilin sonuna qədər sözügedən kəmər
vasitəsilə birmilyard kubmetr qaz ixrac olundu. Kəmərin keçən ilin
noyabrın 30-da Azərbaycanla Türkiyənin dövlət başçılarının iştirakı ilə
Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP - Trans-Anadolu qaz boru
xəttinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsi
iləCənub Qaz Dəhlizi layihəsinin Türkiyədən keçən hissəsinin də tikintisi
başa çatdı. Bu, layihənin ikinci və sonuncu mərhələsinin başa çatdığı demək
idi. Yənikəmərin Avropa ilə birləşən hissəsi tamamlandı. Qaldıonun
yalnız TAP-a birləşdirilməsi ki, bu da cari ilin sonuncu rübünün başlanğıcında
həllini tapacaq”.
İqtisadçı ekspertin
sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq
16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə ötürücülük qabiliyyəti iki
dəfəyədək, hətta bundan da çox artmaq imkanına malikdir: "Cənub Qaz Dəhlizi
sayca hələlik yeddi ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha üçBalkan ölkəsi -
Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları
qaçılmaz hesab edilir. YəniAzərbaycan qazı gələcəkdə daha çox sayda
ölkəyə ixrac olunacaq. O ki qaldı gəlirlərimizə, bunun 100 milyard ABŞ
dollarından çox olacağı gözlənilir”.
Rufik
İSMAYILOV