• cümə, 29 Mart, 01:35
  • Baku Bakı 7°C

Şuşaya nə üçün bilet tapılmır?

25.06.22 04:30 1743
Şuşaya nə üçün bilet tapılmır?

Biletlər bir ay öncədən “Yolumuz Qarabağa” portalında satışa çıxarılır, cəmi bir neçə saat sonra tükənir. Səyahətçilərin Şuşaya getmək planı növbəti aya qədər təxirə düşür. Avtobus az, tələbat çoxdur. Xüsusilə yay aylarında bu tələbat daha da artır. 

Yanvar ayından etibarən işğaldan azad olunmuş ərazilərə avtobus reysləri açılıb. Biletlər bir ay öncədən “Yolumuz Qarabağa” portalında satışa çıxarılır, cəmi bir neçə saat sonra tükənir. Səyahətçilərin Şuşaya getmək planı növbəti aya qədər təxirə düşür. Avtobus az, tələbat çoxdur. Xüsusilə yay aylarında bu tələbat daha da artır. Şuşaya getmək istəyən lakin məlum səbəblərdən arzusuna çata bilməyənlər arasında isə istək aqressiyaya çevrilir, narazılıqlar yaranır. Bəs nə etməli? Şuşaya marşrutların artırılması ilə bağlı hər hansı bir addım gözlənilirmi?

“Vətəndaşların istəkləri nəzərə alınır”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Pərvanə Əliyeva “Kaspi”yə açıqlamasında bildirdi ki, qurumun təşkil etdiyi müntəzəm avtobus marşrutları ilə 8857 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib: “Bu günədək 206 reys həyata keçirilib, 8857 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib. Mütəmadi olaraq marşrutlar təhlil edilir, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilir. Təhlillər nəticəsində Şuşaya reyslərin sayı artırılıb. Artıq sərnişinlər həftənin bütün günləri Şuşaya səfər edə bilirlər”.

“Nəqliyyat infrastrukturu qurulur”

Qurum rəsmisinin məlumatına görə, vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaq üçün nəqliyyat infrastrukturu qurulur: “İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə vətəndaşlar polis əməkdaşları tərəfindən müşayiət edilir. 30 illik işğal dövründə Qarabağ bölgəsində infrastruktur tamamilə məhv edilib. Hazırda regionda bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Səfərlərin gündəlik sayı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir”.

Əlində faktı olan buyursun...

Sosial şəbəkələrdə biletlərin «qara bazar»da satılması ilə bağlı iddialar səsləndirilir. Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, belə bir faktla üzləşən hər kəs hüquq-mühafizə orqanlarına müraciət edə bilər: “Kimin əlində faktı varsa, buyursun, hüquq mühafizə orqanlarına müraciət etsin, yaxud hansısa formada ictimailəşdirsin. Hər hansı neqativ meyillərin aşkarlanmasına yardımçı olan şəxslər dövlətinə xidmət etmiş olarlar”. 

Biletlər şəffaf şəkildə satılır?

Həmsöhbətimiz vurğulayır ki, Şuşaya səfərlə bağlı biletləri şəffaf şəkildə saytdan sifariş vermək olur: “28 illik işğal dönəmində bütün Azərbaycan Şuşa həsrəti ilə yaşayıb. Şuşadan olanın da, olmayanın da ürəyində Şuşanın yağı tapdağında olması bir dağ olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə il yarım öncə Şuşa azad ediləndən sonra bilirsiniz ki, təhlükəsizlik tədbirlərinə riayət etməklə Şuşaya səfərlər başlandı. Biletləri də şəffaf şəkildə saytdan sifariş etmək mümkündür”.

Əgər bilet tapılmırsa...

Deputatın sözlərinə görə, bilet tapılmırsa, səbəb tələbatın çox olmasıdır: “Mən də razıyam ki, Şuşaya avtobus bileti almaq asan deyil, amma bilet tapılmırsa, bunun əsas səbəbi odur ki, müraciətlər çoxdur, Şuşanı görmək istəyənlər çox olduğu üçün biletlər də tez alınır. Avtobusların sayını artırmaq məsələsini düşünmək olar, lakin bilirsiniz ki, Şuşaya gedən hər avtobus üçün polis patrulu ayrılır, çox yüksək təhlükəsizlik tədbirləri görülür. Üstəlik, Şuşada infrastruktur da tam qurulmayıb, şəhər hazırkı durumda məhdud sayda qonaq qəbul etmək imkanındadır. Yəni bu, sadəcə xəttə avtobus buraxmaq deyil ki, bir göstəriş verilsin və avtobusların sayı artırılsın. Təbii ki, infrastruktur yeniləndikdən sonra artıq müntəzəm gedişlər daha fərqli formada təşkil ediləcək”.

“Hamını razı salmaq mümkünsüzdür”

Nəqliyyat eksperti İlqar Hüseynli hazırkı vəziyyətdə Şuşaya səfər etmək istəyənlərin hamısını razı salmağın mümkünsüz olduğunu düşünür: “İctimai nəqliyyatlarla əhalinin istək və arzularını tənzimləmək və hamısını yerinə yetirmək mümkün olmayacaq. Çünki bu, ictimai nəqliyyatın çəkəcəyi yük deyil. Şuşa insanlarımız üçün o qədər doğma, müqəddəsdir ki, hamı ora getmək istəyir. 44 günlük müharibədən sonra biz Şuşamızı geri aldıq. Burada siyasi iradə ortaya qoyuldu və kifayət qədər sürətli şəkildə “Zəfər yolu” tikildi. Lakin “Zəfər yolu” yükgötürmə qabiliyyətinə görə, hələlik o qədər də mümkün imkanlara malik deyil ki, kütləvi şəkildə avtomobil vasitələrinin ixtiyarına buraxaq”.

“Xaos yarana bilər”

Narazı təbəqəni razı salmaq üçün alternativ variantlara gəldikdə isə, həmsöhbətimiz deyir ki, insanların az bir hissəsinə Şuşaya şəxsi avtomobillərlə getməyə imkan verməlidirlər: “Narazı təbəqənin heç olmasa, bir hissəsini razı salmaq üçün şəxsi avtomobil vasitələrinin az hissəsinə gün ərzində Şuşaya gedib qayıtmaq şərtilə icazə vermək olar. Bu da biletlə tənzimlənməlidir. İnsanlar ən azından bir dəfə həmin arzularını gerçəkləşdirsə, intensivlik aradan qalxacaq”.

“Hamımız rahatlıqla səyahət edə biləcəyik”

“Zəfər yolu”ndan danışan ekspert vurğulayır ki, Şuşa bizimdir, infrastruktur tam qurulandan sonra hamımız ora rahatlıqla səyahət edə biləcəyik: “Təhlükəsizlik məsələləri çox ciddi amildir. Nəqliyyat vasitələrinin hərəkət imkanları baxımından “Zəfər yolu” hələ ki üstün durumda deyil. Orada yalnız iki zolaqlı yol hərəkəti qurulub. Bir gediş, bir gəliş zolağı var. Əgər biz insanların kütləvi şəkildə gəlməsi üçün Şuşanın qapılarını açmış olsaq, orada kilometrlərlə tıxaclar olacaq. Ona görə də, səbirlə nəqliyyat infrastrukturunun tam qurulmasını gözləməliyik”.

Aygün ƏZİZ

 

banner

Oxşar Xəbərlər