• şənbə, 26 Sentyabr, 13:51
  • Baku Bakı 25°C

Türk dünyasına Şəxsiyyət vəsiqəsi ilə səyahət

26.09.26 02:31 52
Türk dünyasına Şəxsiyyət vəsiqəsi ilə səyahət

Türk Dövlətləri Təşkilatına üzv ölkələr daha bir yeniliyə hazırlaşırlar. Təşkilata üzv ölkələrin vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsi məsələsi gündəmdədir. 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsi məsələsi artıq bir müddətdir müzakirə olunur. Türkiyə tərəfi hazırda Azərbaycan və Türkiyə vətəndaşları arasında mövcud olan bu təcrübənin bütün Türk dövlətlərinə şamil edilməsinin mümkünlüyünü gündəmə gətirib. 

Bəs bu sistemin digər Türk dövlətlərinə də tətbiq olunması Azərbaycan üçün nə vəd edir və ölkəmizin turizm və iqtisadi əlaqələrinə hansı təsirləri göstərə bilər?

“Turizmin inkişafı baxımından mühüm imkanlar yarada bilər” 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyevin fikrincə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşları arasında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərin genişləndirilməsi Türk dünyasında turizmin inkişafı baxımından mühüm imkanlar yarada bilər: “Hesab edirəm ki, səfər prosedurlarının sadələşdirilməsi ilk növbədə turistlərin hərəkətliliyini artıracaq və qarşılıqlı turist axınının formalaşmasına müsbət təsir göstərəcək. Azərbaycan və Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səfər imkanının artıq mövcud olması bu modelin praktiki əhəmiyyətini göstərən mühüm nümunədir. Bu təcrübənin digər Türk dövlətlərinə də mərhələli şəkildə tətbiqi Azərbaycan üçün yeni turizm bazarlarının formalaşmasına, xüsusilə Qazaxıstan, Özbəkistan və Qırğızıstandan ölkəmizə turist axınının artmasına şərait yarada bilər. Bu prosesin turizmlə yanaşı, ticarət, investisiya, biznes, təhsil və mədəni əlaqələrə də müsbət təsir göstərə biləcəyini düşünürəm. Əslində, burada söhbət yalnız viza prosedurlarının sadələşdirilməsindən getmir. Əsas məqsəd Türk dövlətləri arasında insanların sərbəst və təhlükəsiz hərəkət imkanlarının genişləndirilməsidir”.

Ekspert hesab edir ki, Azərbaycanın Türk dünyasında turizm əlaqələrinin inkişafında fəal rol oynaması ölkəmizin regional turizm mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edə bilər: “Təbii ki, belə bir sistemin tətbiqi zamanı sərhəd təhlükəsizliyi, sənədlərin qarşılıqlı tanınması və digər hüquqi-texniki məsələlər də vahid yanaşma əsasında tənzimlənməlidir”. 

Zəngəzur dəhlizi Naxçıvan-Türkiyə marşrutunu intensivləşdirəcək 

Turizm üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, bu məsələ çoxdan müzakirə olunur: “Hazırda nəqliyyat-logistika layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması strateji əhəmiyyət daşıyır: Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan-Türkiyə marşrutu intensivləşəcək. Digər tərəfdən Xəzər dənizi ilə digər Türk dövlətlərinə səyahət imkanları da artacaq”. Ekspert bildirir ki, biz onsuz da Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedirik, ancaq digər Türk dövlətlərinə də gedilsə, bu, turistik əlaqələrlə yanaşı, siyasi əlaqələrin də genişlənməsinə böyük vüsət verər: “İpək yolu marşrutu” adlı böyük bir konsept hazırlanır. Bu konseptə görə bir paketlə münasib qiymətə müxtəlif ölkələrə səfərlər mümkün olacaq. İstənilən tur marşrut isə Azərbaycandan keçəcək. Bu da iqtisadi töhfəsini verəcək. Bu, ölkəmizin turistik zonaya çevrilməsi, turistlərin cəlbi baxımından əlavə motivasiya verəcək. Bundan əvvəl türklər daha çox Balkan ölkələrinə səfər edirdilər. Hazırda türk dünyası bir-birinə fayda verməyə çalışır”. 

Aviabiletlərin qiymətləri və alternativ nəqliyyat imkanları 

İqtisadçı-ekspert Elşən Bağırzadə də hesab edir ki, Türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə səfər imkanının genişləndirilməsi, şübhəsiz ki, müsbət addımdır və insanların qarşılıqlı hərəkətini bir qədər də asanlaşdıra bilər: “Nəzərə almaq lazımdır ki, Türk dövlətləri arasında hazırda viza rejimi yoxdur və vizasız qalma müddətləri də kifayət qədər genişdir. Buna görə şəxsiyyət vəsiqəsi ilə səfərə keçidin turizm və iqtisadi əlaqələrdə kəskin sıçrayış yaradacağını gözləmək doğru olmaz”. E.Bağırzadənin fikrincə, insanların ölkələr arasında hərəkətliliyini yalnız viza və pasport rejimləri müəyyən etmir: “Birbaşa və müntəzəm nəqliyyat əlaqələrinin mövcudluğu, xüsusilə aviabiletlərin qiymətləri və alternativ nəqliyyat imkanları daha mühüm amillərdir. Hazırda Türk respublikaları arasında bu istiqamətdə görüləsi xeyli iş var”.

Ekspertin fikrincə, şəxsiyyət vəsiqəsi ilə səfər rejiminin genişləndirilməsini iqtisadi inteqrasiyanı dəstəkləyən müsbət addım kimi qiymətləndirmək olar: “Lakin onun real iqtisadi effekti nəqliyyat bağlantılarının genişləndirilməsi və səfər xərclərinin aşağı salınması ilə tamamlanmalıdır”.

Təranə Məhərrəmova

 

 

banner

Oxşar Xəbərlər