Süni intellektin təbii işləri

Əsrimizin insanları robotun istənilən görkəmdə - həşəratdan tutmuş
qorxulu real androidədək olduğu dönəmin şahididir. Son vaxtlaradək süni
intellekt (Sİ) haqda söhbətlər elmi-tədqiqat laboratoriyalardan və ya fantastik
kinolardan kənar çıxmırdısa, artıq elə zəmanəyə qəlib çatmışıq ki, o sürətlə
inkişaf edir və az qala insanları əvəz eləməyə başlayıb. Sİ artıq üzdən,
səsdən, əl izlərindən tanıya bilir və sualları başa düşməyi, ətraf aləmi
qavramağı dayanmadan öyrənir. Deyilənlərə görə, yaxın zamanda rəqəmsal və
fiziki aləm arasında sərhədlər də pozulacaq... Avtonom Sİ sürücüsüz
avtomobilləri, uçan dronları idarə edəcək, intellektual robotları istehsala
buraxacaq və tədricən insan həyatının bütün sahələrini dəyişəcək.
Araşdırmalara görə, Sİ 120 il ərzində insanın gördüyü bütün işləri
avtomatlaşdırmağa kömək edəcək.
Bununla belə, Sİ inkişafının bir çox imkanlar yaratması ilə yanaşı,
faciələrə də səbəb ola biləcəyi istisna deyil. Elə bu yaxınlarda "Amazon”
şirkətinin Robinsvil şəhərindəyerləşən anbarında baş vermiş qəzanı qeyd
etmək kifayətdir. Robot içində ayıları qorxutmaq üçün istifadə olunan kimyəvi
maddənin (sprey şəklində olan maddə tənəffüslə bağlı problemlərə və müvəqqəti
korluğa səbəb olur) olduğu balonu aşırıb. "Engadget”in məlumatına görə,
hadisə nəticəsində 3000-ə yaxın insanın çalışdığı şirkətin bir neçə əməkdaşının
halı pisləşib,20 nəfərdən çoxu xəstəxanaya yerləşdirilib. Təfərrüatları
açıqlanmasa da, "Amazon”un media nümayəndəsi hadisəni içəridəki robotlardan
birinin törətdiyini təsdiqləyib.
Dünyada məşhur olan
robotlar
Dünyanın birinci robot-doktoru tibb ali təhsil ocağında imtahan verib,
keçid balı 360 olsa da 456 bal alıb və əsl həkim lisenziyası ilə öyünə bilir.
Sİ-lə Smart Doctor Assistant layihəsini ərsəyə gətirən, iFlyTek şirkətinin
yaradıcıları bildirir ki, o, həkimi əvəz etməsə də, layiqli köməkçisi olacaq.
Alma-Atı şəhərində artıq autizm xəstəsi olan uşaqlarla işləyəcək
robot-köməkçinin təqdimatı olub. "Maylo” adlı robotu CAR-da "Edit Microsystems”
şirkəti yaradıb. Robot uşaqlara insanın üzündəki emosiyasını ayırd etməyə kömək
edir, həmçinin oyun formasında uşaqlara stress vəziyyətində sakitləşməyi
öyrədir.
Robotlar idman sahəsinə də yeridilir. Belə ki, yaxın gələcəkdə Sİ
komanda oyununu lentə alaraq oyun vəziyyətlərini və strategiyasını
asanlaşdırmaq üçün məşqçiyə bu barədə məlumat və hesabatlarını təqdim edəcək.
İngiltərənin «Arsenal» komandasının sabiq baş məşqçisi Arsen
Vengerdeyib ki, gələcəkdə baş məşqçilərin yerində robotların əyləşməsi
mümkündür.
Dünyanın ən peşəkar qapıçısı – alman alimlərinin ixtirası "Robokiper”
ultra-modern və unikal texnologiyaya əsaslanır. Buna görə də "Robokiper”ə qol
vurmaq demək olar ki, mümkün deyil. Messi, Neymar, Ronaldo kimi futbol
ulduzları belə, "Robokiper”in qapısından top keçirə bilməyiblər.
Dünyada cəmi 10 nüsxədə mövcud olan "Robokiper” texnologiyası gənclər
arasında idmana, xüsusilə də futbola marağın artırılması məqsədilə ötən ilin
axırında Bakıda da nümayiş olunub.
Rəqəmsal xəbər aparıcısı
Çində dünyanda ilk rəqəmsal xəbər aparıcısı da var artıq. İki dildə
sərbəst danışan və illərlə bütün günü dayanmadan çalışmağa qadir olan rəqəmsal
aparıcını Çinin "Sinxua” Xəbər Agentliyi təqdim edib. Baş, göz və qaşlarını
tərpədə bilən "Ki Xao” adlı robot-aparıcının görkəmi və səsi "Sinxua”nın həqiqi
aparıcısının surətidir.
KİV sahəsində də Sİ bazalı robotların xidmətindən çoxdan istifadə
olunur. Misal üçün, "TheWashington Post” nəşrində bot (xüsusi proqram) -
Heliograf mövcuddur. Ona idman oyunlarının nəticələrini işıqlandırmaq, oyunun
ən maraqlı anları haqda qısaca danışmaq tapşırılıb.
BƏƏ-də isə Dubay polisi ən müasir və texniki cəhətdən dünyada
mükəmməl polis patrul avtomobillərinin yeni nəslini təqdim edib. Sİ
texnologiyaları, o cümlədən insanları üzdən tanıma vasitələri ilə təchiz
olunmuş bu avtomobillər cinayətkarlığa qarşı mübarizədə polisin işini xeyli
asanlaşdırır.
Robotlar orduda
Robotlar həmçinin bir sira qabaqcıl ölkələrin ordusunda da tətbiq
olunur. Belə ki, Böyük Britaniya ordusu müharibə şəraitində yeni
texnologiyaların kütləvi sınagını aparır.
ABŞ ordusunda isə "Qrizli” adlı robot-köməkçi sınaqdan keçirilir.
Robotlaşdırılmış platforma gələcəkdə silahdaşıma, orta təcili tibbi maşın və s.
rolda tətbiq edilə bilər.
Rusiya ordusu da bu istiqamətdə işləyir. Belə ki, Suriya "veteranı”
olan "Uran-6”
robot-sapyor tamamilə rus ordusuna daxil ediləcək. RF müdafiə naziri Sergey
Şoyqunun sözlərinə görə, ilk yerli Sİ texniki kompleks Suriyadakı əks-terror
əməliyyatında özünü doğruldub və qüvvələrə lazımlıdır.
Bizdə vəziyyət necədir?
Dünyanın müxtəlif ölkələrində Sİ-in tətbiqi ilə bir çox mürəkkəb
işlərin asanlaşdırılmasını və inkişafa doğru getmələrini görən Azərbaycan da
robot texnologiyasının rahatlığından istifadə etmək üçün addımlar ataraq
dünyanın ən son texnoloji yeniliklərinin nümayiş olunduğu məkana çevrilib.
Bütün dünyada tanınmış robot "Sofiya”da ölkəmizə gətirildi. Devid
Xensonun qocalar evində yaxşı köməkçi və ya iri tədbirlərdə insanlara yardım
üçün yaratdığı "Sofiya” Azərbaycanda ilk dəfə ötən ildə İmişli rayonunda "ASAN
Həyat” kompleksinin açılışı zamanı prezident İlham Əliyevə təqdim olunub.
Həmçinin "Sofiya” "ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib və
oraya müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib.
"ASAN xidmət”in modeli ilə tanış olan "Sofiya” onun rahat, çox müasir və
vətəndaşyönümlü olduğunu söyləyib.
Qeyd edək ki, gələcəkdə "Sofiyanın” iştirak edəcəyi beynəlxalq
tədbirlərdə "ASAN xidmət” modelinin təbliğ etməsi ilə bağlı danışıqlar
aparılır.
Həmçinin, bu ilin yanvarında Prezident İlham Əliyev Davosda səfərdə
olarkən "Microsoft” şirkətinin vitse-prezidenti Mişel Van Der Belilə
görüşüb. Ölkə başçısıgörüşdə Sİ dövrünə hazırlıq üçün Azərbaycan
hökumətinin də müvafiq tədbirlər həyata keçirdiyini bildirib.
Müasir dövrdə Sİ məsələlərinin ön plana keçdiyini, həmçinin yaxın
onilliklərdə bir çox peşələri əvəz edəcəyini qeyd edən Mişel Van Der Bel,
"Microsoft”un Azərbaycanda həyata keçirilən layihələrə dəstəyini bundan sonra
da davam etdirəcəyini deyib.
Aparılan işlər sırasında həmçinin qabaqcıl texnologiyaları
Azərbaycana gətirmək, ölkədə elm tutumlu sənayenin inkişafına xidmət
edənNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək
Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaranmasıdır.
MDB və bir çox Avropa ölkələrində analoqu olmayan bu mərkəzdə sonuncu
nəsil zəngin (Fotometrik, Bio-kimya nanotexnoloji, A-CVD karbon
nanotexnologiyalar, Optik spektrometriya və digər) laboratoriyalar qurulub.
Həmçinin Avropa standartlarına uyğun müasir "Clean room” yaradılıb ki, burada
yüksək texnoloji məhsullar alınır.
Mərkəzdə həmçinin az enerji sərf edən, ekoloji təmiz və iqtisadi
səmərəliliyə malik LED işıqlar (xüsusən küçə işıqları) istehsal olunur. LED
işıqları mərkəzin innovativ kəşfləri əsasında yaradılır və mərkəzdə qurulan
Fotometrik laboratoriyada sınaqdan keçirilir.
Nazirliyin BMT İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihəsi
çərçivəsində 23 nömrəli orta məktəbdə "Robopark” robotexnika laboratoriyası
yaradılıb. Məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək
texnologiyalar sahəsinə marağın artırılması, robot texnika üzrə prototiplərin
hazırlanması və eyni zamanda sınaqların keçirilməsinə imkan yaratmaqdır.
Burada 7-9-cu sinif şagirdləri üçün informatika, proqramlaşdırma və
robot texnikası üzrə dərnək şəkilində məşğələlər təşkil olunacaq, robotların
yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədiləcək.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir
Vəlizadənin sözlərinə görə, "Robopark”da məktəblilərə öz
texnolojiideyalarını sınaqdan keçirmək imkanı verilir, habelə orta tədris
müəssisələrində əldə edilən texniki biliklər şagirdlərin gələcəkdə ali təhsil
müəssisələrinə ixtisas seçimində texniki-texnoloji peşələrə üstünlük
vermələrinə şərait yaradılır.
Ölkəmizdə artıq torpaqların idarə edilməsində istifadə olunan Peyk
Müşahidə Sistemi (PMS) də yaradılıb. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin
yeni layihəsinin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində
çevikliyin artırılması, torpağın münbit qatının korlanmasının qarşısının
alınması, habelə torpaq tədqiqatı zamanı yeni texnologiyaların, Sİ-nin
imkanlarından istifadə edilməsidir. Layihə nəticəsində ölkə ərazisi peyk
vasitəsilə 5 gündən bir çəkilir və Sİ tətbiq olunduğu PMS-ya daxil edilir.
Azərbaycanda artıq "ağıllı robot"da var. Onu Bakıda
fəaliyyət göstərən "BNB Dynamics” şirkəti yaradıb. Bir neçə dildə
proqramlaşdırılan yerli robotun adı "Bibot"dur. Müxtəlif suallara
cavab verməyi bacaran "Bibot"un əsas funksiyalardan biri turistlərə
və yerli əhaliyə müxtəlif (təcili yardım, yanğınsöndürən və polisi də çağırmağa
proqramlaşdırılıb) xidmətlər göstərməkdir.
Təhsil Nazirliyi də Sİ sahəsinə diqqətini artırıb. Nazir Ceyhun
BayramovAzərbaycan Müəllimlərinin XV qurultayında əmək bazarında yeni
bacarıqlara, ixtisaslara ehtiyac yaranacağını qeyd edərək bildirib ki, bununla
bağlı təmayülləşmənin daha erkən yaşlardan tətbiqinin, xüsusilə riyaziyyat,
informatika, mühəndislik, o cümlədən robot texnologiyası, Sİ, nano
texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi
prioritet hesab olunmalıdır.
İT üzrə mütəxəssis Oruc
Sadıqov da Sİ sahəsində ölkəmizdə hazırda müəyyən irəliləyişin olduğunu
bildirib: "Əşyaların interneti texnologiyası imkan verir ki, insanlar hansısa
cihazları məsafədən idarə etsinlər. Evlərin məsafədən idarə olunması bu sahədə
inkişaf etmiş texnologiyalar sırasına aiddir. Belə ki, evə daxil olarkən
qapılar sizi tanıyır və səsinizlə açılır. Və ya işığın yanıb sönməsi, musiqinin
azalıb çoxalması – "ağıllı ev” sistemləri artıq Azərbaycanda bəzi şirkətlər
tərəfindən quraşdırılıb”. Ekspertin sözlərinə görə, avtomobil istehsalçıları da
artıq səslə avtomobilin idarə olunması istiqamətində bir sıra addımlar atır:
"Avtomobilin telefon vasitəsi ilə parkinqi və ya parkinqdən qapıya sürülüb
gətirilməsi halları mövcuddur. Artıq Azərbaycanda bu tip avtomobillər var”.
Ekspert hesab edir ki, Sİ-nin istifadəsi müştəri xidməti sektorunda daha
realdır. Tibb sahəsində Sİ-nin tətbiqinə gəlincə, ekspert bildirir ki,
gələcəkdə uzaqdan idarə olunan tibbi əməliyyatlar görülə bilər. Belə ki, ucqar
bir yerdə əməliyyat aparmaq lazım olsa, internet üzərindən həyata keçiriləcək:
"Fikrimcə, bu tip məsələlər müştəri
xidmətləri sektorundan başlayacaq. Təhsil sahəsində nəzarət sistemi var ki,
valideynlər evdən övladlarının məktəbdə və ya bağçada nə etdiklərini izləyə
bilir”.
Təbii ki, Sİ sahəsində biz çox uduzuruq, çox az sahələrdə yaranan
texnologiyalar isə dünyanı irəli aparan Sİ ilə müqayisədə geridədir. Lakin
ölkəmizdə texnologiyaların inkişafı, avtomatlaşdırma və s. sahələrdə atılan
addımlar bizdə də əksər vacib sahələrdə Sİ-nin gec ya tez tətbiq olunacağına
ümidlər verir.
İlhamə Rəşidova
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
