• cümə, 29 Mart, 04:27
  • Baku Bakı 7°C

Su ehtiyatlarının azalması bundan sonra da davam edəcək

04.07.20 13:45 2321
Su ehtiyatlarının azalması bundan sonra da davam edəcək
Həyat mənbəyi olan içməli su dünyada da qlobal problemə çevrilib. Su çatışmazlığı problemi müxtəlif dövlət və hökumət rəhbərlərini, eləcə də alim və mütəxəssisləri narahat edən başlıca problemlər sırasındadır. Su resursları və ekoloji idarəetmə sahəsində beynəlxalq mütəxəssis, BMT-nin İnkişaf Proqramının su məsələləri üzrə eksperti, Misirin Ətraf Mühit Agentliyinin sədrinin birinci müavini Əhməd Əlsəud su çatışmazlığı ilə bağlı beynəlxalq və regional təsirləri, o cümlədən Azərbaycandakı mövcud durumu qiymətləndirib və bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün dünyanın bir çox regionlarında quraqlıq müşahidə olunur. Sizcə, bu qlobal iqlim dəyişmələri ilə bağlıdır?
- Hazırda iqlim dəyişikliyi bir reallıqdır. Bunu biz hamımız hiss edirik, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkirlər. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar onu göstərir ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcək. Ölkələr bunun öhdəsindən gəlmək üçün adaptasiya planları hazırlamalıdır.
- Bəzi ekspertlər indiki su çatışmazlığını kənd təsərrüfatının inkişafı ilə əlaqələndirir. Doğurdanmı bu belədir?
- Azərbaycandakı mövcud su problemlərindən danışırıqsa, şübhəsiz bu, təkcə kənd təsərrüfatı və suvarma ilə bağlı deyil. Bu, sudan istifadə edən bütün sahələrə aid edilməlidir. Sudan qənaətlə istifadə vəzifəsi hamının üzərinə düşür. Təbii iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarında çatışmazlıqlar yaranır. Eyni zamanda, kənd təsərrüfatı da daxil olmaqla, bütün sahələrdə suyun idarə olunması daha yaxşı aparılmalıdır. Doğrudur, Azərbaycanda su tələbatının çox hissəsi kənd təsərrüfatının payına düşür. Əsas su istehlakçısı sektoru olan kənd təsərrüfatında müasir texnologiyalardan istifadə etməklə, səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır.
- Sizcə, su ehtiyatlarının azalması müvəqqətidir, yoxsa uzun illər davam edəcək?
- Bu, çətin sualdır. Çünki bu, təbii və mürəkkəb bir proses olduğundan heç kim gələn il nə olacağını yüz faiz əminliklə proqnozlaşdıra bilməz. Ən pis ssenarilər əsas götürülərək planlaşdırma aparılmalı və quraqlığın baş verməsini gözləmədən addımlar atılmalıdır. Quraqlığın davam edəcəyini nəzərə almalı və buna qarşı tədbirlərin həyata keçirilməsinə indidən başlanılmalıdır. Hər damla suyun faydasını dəyərləndirərək bütün sahələrdə su itkisini azaltmalıyıq.
- Problemdən çıxış yolunu nədə görürsünüz? Misir və beynəlxalq təcrübədən çıxış edərək bizə nə təklif edə bilərsiniz?
- Bu vəziyyətdən çıxış yolu su ehtiyatlarının idarə olunması ilə məşğul olan bütün maraqlı tərəflərin üzərindədir. Burada təkcə dövlət qurumlarını deyil, həm sizi, həm məni, həm də cəmiyyətin bütün üzvlərini nəzərdə tuturam. Quraqlığın qarşısının alınmasının məsuliyyətini hamımız paylaşmalıyıq. Bu vəziyyətdə hər birimizin xüsusi rolu var. Hökumətin rolu bütün sektorlarda su itkisini azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata keçirməkdir. Hökumət, həmçinin müasir suvarma, sudan təkrar istifadə və digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsini təşviq etməlidir. Suyun səmərəli istifadəsi üçün iqtisadi stimullar barədə düşünməyə başlamalıyıq ki, müasir suvarma sistemləri quraşdıran fermerlərə subsidiya verə bilək.Cəmiyyətin digər üzvlərinə gəldikdə, gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün bir məsuliyyətimiz var. Kranı açıq qoymayın, evdə bir sızma varsa, mümkün qədər tez aradan qaldırın. Küçələrdə sızma olduğunu görsəniz, aidiyyəti qurumlara bildirin. Hər damcı suyun vacib olduğunu bilməliyik.
- Siz necə bilirsiniz, sudan istifadəyə yanaşma dəyişməlidir?
- Bəli, mütləq dəyişməlidir. Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir, çünki dünya bol su dövründən su azlığı dövrünə keçir. Bu da o deməkdir ki, suya münasibətimiz tamamilə dəyişməlidir. Artıq suyu sonsuz bir mənbə kimi qəbul edə bilmərik. Bilməliyik ki, resurslar məhduddur. Buna görə hamını su ilə bağlı davranışlarını dəyişməyə dəvət edirəm. Şagirdlərdən başlamalı və suyun əhəmiyyəti barədə bütün tədris proqramlarında dərslər keçirilməlidir. Su ehtiyatları və suya qənaətin əhəmiyyəti barədə məlumatlandırma üçün bütün sosial media platformalarından istifadə etməliyik. Həmin maarifləndirmə kampaniyaları hamını hərəkətə çağırmalı, hər kəsə məsuliyyətini ciddiyə almağa və hər damcının qiymətli olduğunu bilib sudan daha da diqqətlə istifadə etməyə təşviq etməlidir.
banner

Oxşar Xəbərlər